525.Az

Görüşdük pillələrdə...- Yüz Gözəl Sevgi Şeiri


 

PƏRVİNin təqdimatında

Görüşdük pillələrdə...- <b style="color:red">Yüz Gözəl Sevgi Şeiri</b>

 

Görəsən, hansını sevmək daha çətindir? Dünyanın hər üzünü görən, hər ləzzətini dadan, tox (bəlkə də bezgin!) adamı, yoxsa hələ təzə-təzə yaşamağa başlayan yeniyetməni?! Bəlkə də burda “sevilmək” sözü, ya da “özünü sevdirmək” ifadəsi yerinə düşərdi. Çünki hissin qarşılıqlı deyilsə, yaşadıqların boş vaxt itkisidi... O qarşılığı isə hər gün qazanmalısan. Bəli... Məhz Sən! Sən qazanmalısan. Çünki heç nə öz-özünə olan deyil... Nəyisə yalnız taleyin, zamanın ixtiyarına buraxmaq acizlikdir. Əsas sirr təəccübləndirməkdədir. Nə qədər təəccübləndirə, heyrətləndirə bilirsənsə, sevdirmək qabiliyyətin də o qədərdir. Bu məqamda əvvəldəki sualın cavabı açılır. İndi-indi  yaşamağa başlayan romantik, duyğulu, kövrək, bir az da sadəlövh gənci sevmək daha rahat imiş... Onu ovsunlamağa, təəccübləndirməyə, ona özünü sevdirməyə nə var ki?! Sual yaranır... Sevginin də rahatı, narahatı olurmu? Əlbəttə... Eşqi maneələrsiz, çətinliklərsiz, rəqiblərsiz yaşamaq mümkün də deyil. Kənar təsirləri dəf eləmək, əzmək çətin olmaz. Dərd onda olur ki, o təzadlar, tərəddüdlər, qorxular sənin öz daxilində, qəlbində, ruhunda məskən salır. Bax budur narahat sevgi!  Və həmin dərddən yalnız birgə xilas ola bilərsiz. Amma onun ağrıları, qayğıları, baxışları, arzuları fərqlidirsə... Səni dinləyib anlamaq, əlindən tutub çıxışı, işığa doğru çıxışı göstərmək üçün səbri qalmayıbsa... Neyləməlisən?! Yolu, getdiyi istiqaməti başqadırsa... Neyləməlisən?

... Nəriman Həsənzadənin “Nərdivan” şeirində də əsl faciə budu. Ədəbiyyatımızda bu mövzuda kifayət qədər şeir var. Bu şeirdə şairin əsas üstünlüyü səmimiliyindədir. Çünki hər aşiq enməyi, qüruba doğru getməyi boynuna almaz. İlk baxışdan şeir yaş fərqinə görə əzab çəkən, sevgilisinə qovuşa bilməyən insanın ağrılarını ifadə edir. Amma məncə, sevgini əngəlləyən yaş fərqi deyil! Məhz istiqamətlərin başqa olmasıdı...  Elə ən böyük dərd də nərdivanda görüşməkdir. Həyatın acısını da, şirinini də dadmış, dünyanın hər tərəfini görmüş adam xatirələrinə enir, onlarla yaşayır, heç nəyə təəccüblənmir daha. Gələcəyə etinasızdı. Bu gününə üstdən, ironik yanaşır. Bəlkə bundan sonra həqiqi, ömürlük sevgi yaşayacağına inanmır da... Keçmişini səhifələməyi, illər öncə yaşadığı kiçik fraqmentləri xatırlamağı vərdiş edib özünə. Gücü bundan alır yalnız. Sənsə həmin nərdivanla arzularına doğru qalxırsan. Qarşıda uzun, həm də qəliz yol, baryerlər, tranplinlər və s. N.Həsənzadənin dediyi kimi – Pillələrdə görüşürsünüz... Təbiət öz hökmünü haqlı, ya haqsız, verib artıq. Nə sənin daha əvvəl dünyaya gəlmək, nə də onun azca gecikmək seçimi yoxdur. Amma bu, ilk baxışdan, bir toxunuşdan sevgidir. Şimşək kimi... An içində çaxıb başında. Ya şairin dediyi kimi yolunu dəyişmədən davam etməlisən, ya da ürəyinin tələbi ilə üsyan eləməlisən. Təbiətin hökmünə! Amma bir düşün! Sən də onunla bərabər dərinliklərə enmək gücündəsənmi? Onunla eyni dalğada yaşamağa səbrin, sevgin çatacaqmı? Yaxud da ürəyinə alıb özünlə üzüyuxarı aparmağa təpərin varmı?! Məncə, təbiətə qarşı çıxma! Şair düz deyir. Yolunla get... Gücü, taqəti varsa, istəyirsə, sevirsə gəlib arxadan çatacaq, özünü yetirəcək sənə..! Əmin ol! Əgər Sevirsə!

 

Nəriman Həsənzadə: “Mən enirdim xəbərsiz!”

 

Bu dünya nərdivandı –

Qalxanda mehribandı,

Enəndə nə yamandı...

Görüşdük pillələrdə,

Yolun yarısında biz.

Sən qalxırdın bu dəmdə,

Mən enirdim xəbərsiz.

Səni arzularına

Qaldırırdı nərdivan.

Məni xatirlərə

Endirirdi bu zaman.

Birimiz – günçıxana,

Birimiz – günbatana.

Qalxa bilməzdim daha,

Nə o güc, nə o taqət.

Sən də enə bilməzdin –

Haqlı, haqsız vermişdi

Öz hökmünü təbiət.

Gərək ya düşməyəydi

Bu görüş heç araya,

Ya sən əvvəl gələydin,

Ya mən sonra dünyaya.

 



 





23.06.2013    çap et  çap et