525.Az

Asif Atanın məktubu


 

Asif Atanın <b style="color:red">məktubu</b>

Görkəmli alimimiz, unudulmaz şəxsiyyət Asif Əfəndiyevin sağlığında əsərlərini mətbuat, demək olar ki, çap etmirdi. Onun yazılarını mən “Ulduz” jurnalında ürəklə çap edirdim. O mənə tez-tez müraciət edirdi, məktub yazırdı. Həmin məktublardan birini oxuculara təqdim edirəm.
Abbas Abdulla

 

Hörmətli Abbas

Salam.

Essenin nəfis şəkildə çap olunması üçün çox sağ ol.

Yadıma düşdü, iki on il bundan əvvəlki çağlar, sənin redaktənlə çıxan ilk yazılarım, doğrusu, kövrəldim.

İnsandan təkcə əsər qalmır, məqam da qalır, əsərlərə dəyən.

Yadıma düşdü “Azərbaycan Kommunisti” jurnalının müzakirəsi.

Yığılmışdı akademiklər, doktorlar.

Mən çıxış eləyəndən sonra sən dedin ki:

“Bir vəziyyətə bax, rütbəlilər, nişanlılar, imkanlılar həqiqəti demirlər, ancaq bu rütbəsiz, nişansız, imkansız Asif müəllim deyir”.

Neçə il keçib həmin vaxtdan, ancaq söz yadımdan çıxmayıb.

Yaşlaşdıqca keçmiş də durulanır, ona verilən qiymət də.

Yaman sözlər yaxşı sözləri qiymətə çatdırır.

Yamanın xeyri elə bundadır.

Jurnalınız üçün iki yazı göndərirəm.

Biri böyükdür həcmcə. Bəyənsən ya tam, ya da ixtisarla verərsən.

İkinci ədəbi düşüncələrdir. Qısa həcmli.

Onu müsahibə kimi də vermək olar, elə Düşüncələr kimi də.

Bir şərtlə ki, səni təmin eləsinlər.

Jurnalımızla bağlı, ədəbiyyatımızla bağlı, yurdumuzla, ənənəmizlə bağlı məndən nə istəsəniz əlimdən gələni eləyərəm.

Hörmətlə: Asif Əfəndiyev

22.02.1988-ci il

 





24.06.2013    çap et  çap et