525.Az

Demokratiya və layiq olanların hakimiyyəti (davamı)


 

Demokratiya və layiq olanların hakimiyyəti <b style="color:red">(davamı)</b>

Söhbət iki nəhəng çayın – Yantszı və Huanhonun vadilərindəki düzənliklərdə oturaq kəndli sivilizasiyasının təşəkkul tapması və inkişaf etməsindən gedir. Tarixin atası Heredot əgər Misiri “Nilin hədiyyəsi” adlandırırdısa, Çini də tam hüquqla bu iki çayın hədiyyəsi hesab etmək olar. Əkinçilik çinlilərin başlıca məşğuliyyətinə çevrilmiş, onları torpağa və nəticə etibarilə Vətənə bağlamışdı. İnsan əkinçiliyi icad edən vaxtdan, burada kəndlilər öz yerlərini dəyişmədən bir ərazidə əsasən düyü becərmiş, özünü qida ilə təmin etmişdir. Beləliklə, digər bütün sivilizasiyalardan fərqli olaraq Çin heç də işğallar və əhalinin miqrasiyası nəticəsində formalaşmamışdır.

Çinlilər xırda istisnalar nəzərə alınmaqla yeni ərazilər axtarmaq eşqindən uzaq olmuş, köçərilərin qüdrəti zəiflədikdən sonra da şimala doğru genişlənmək lüzumuna əhəmiyyət verməmişlər. Çin xalqı daimi öz ərazisində yaşamış, başqa xalqlar, məsələn, qonşusu Çingiz xan monqolları kimi və ya Meyci inqilabından sonrakı yaponlar kimi işğallara meyl etməmişdir. Dünyanın başqa ölkələrinə mühzacirət edən çinlilər də daim kompakt yaşamağa üstünlük vermişlər. Onlar reallığı yaxşı qiymətləndirməyi bacardıqlarından, illüziya xarakterli şans axtarmaq fikrinə düşməmişlər.

Bütün bunlar çinliləri dərk etmək üçün əlahiddə mühüm elementdir, çünki bu, mənşələr anlayışını sual altında qoyur. Xalq miqrasiya edən vaxt və ölkə işğal nəticəsində anneksiyaya məruz qaldıqda, bir qayda olaraq həmin hadisələr xalqın həyatına və düşüncə tərzinə təsir göstərməmiş qalmır, hətta güclü müvəqqəti başlanğıc situasiyası yaradır. Belə vəziyyət isə taleyinin fərqliliyinə də hörmət bəsləməli olan Çində mövcud olmamışdır.

Çin mədəniyyətinin özündə də elə cəhətlər vardır ki, onlar tarixi uzun ömürlülüyə qeyri-adi xidmət göstərmişdir. Ən vacib cəhət ondan ibarətdir ki, Çin özlüyündə yeganə sayılmalı olan yazı sistemini formalaşdırmışdır. İlk imperator Tsin Şi Xuan-dinin dövründə yazı unifikasiya edilmişdi, vahid şəklə salınmışdı. Bu yazı Avrasiya qitəsinin bütün digər yazı sistemlərində olan kimi səsləri ifadə etmir, ideyaların və situasiyaların təqdim edilməsi əsasında işləyir. Belə yazı öz növbəsində unikal bir daimilik üçün əsas olmağa xidmət edir.

Bunun ən parlaq nümunəsi odur ki, çinlilər əslində üç min il ərzində heç siyasi sistemlərini də dəyişməmişlər. Bu günə kimi ölkəyə, şəklini dəyişsə də, daim bir partiya rəhbərlik edir. Hazırkı dövrdə bu kommunist partiyasının hakimiyyətidir, əvvəllər isə ölkəyə imperiya imtahanlarından keçən adamlar rəhbərlik edirdilər və onlar qarovulçulardan tutmuş baş nazirə qədər bütün dövlət postlarını tuturdular.

Fransız Maarifçiliyinin də yüksək qiymətləndirdiyi meritokratiya sistemi istənilən çinliyə imkan verirdi ki, imtahanlarda istədiyi qədər iştirak etsin. Nəticədə, Çin Avropadakı intibah dövrünə qədər, qalan bütün dünyadan irəlidə idi. Lakin burada da hər şey Alp dağlarının qarı kimi təmiz deyildi. Başqalarına nisbətən dövlət qulluqçusunun oğlunun imtahanlarda uğur qazanması daha asan idi. Lakin müsbət misallar da az deyildi. Belə məlumatlar vardır ki, hansısa kəndin sakinləri bacarıqlı uşağın təhsilinin haqqını birlikdə ödəyirdilər. Deməli, icma istedadların yetişdirilməsində birgə iştirak edir, bu yükü ümumilikdə daşıyır, bu vaxt çinli üçün vacib sayılan ailə bağlılığı hissinə də qalib gələ bilirdi. Belə sistem daim ölkəyə xidməti, ordenlərin təklif etdiyi adamların ictima pilləkəni üzrə irəliləməsi çərçivəsini tətbiq edən fransız feodalizmindən fərqli olaraq, ən yaxşı beyinləri təklif edirdi. O vaxtlar həm də “beyinlərin axması” da yox idi. Ancaq sonralar Qərbdə də burjuaziyanın yüksəlməsi ilə təhsilin əhəmiyyətini başa düşməyə başladılar.

Yaxşıdan bəhrələnmək qaydası heç də unudulmamışdır. Bu gün Çində kimsə öz namizədliyini partiya üzvlüyünə qəbul olunmaq üçün irəli sürdükdə, əvvəlcə həmin namizəd barədə üç il ərzində təhqiqat xarakterli öyrənmə gedir. Onun ünsiyyətdə olduğu adamlardan, qohumlarından, sinif yoldaşlarından, dostlarından, müəllimlərindən sorğu ilə geniş məlumat alınır. Bu vaxt başqa iddiaçılar da mövcud olduğundan, kiminsə iradəsinin hökm etməsi deyil, namizədlər arasında əsl yarış mühiti özünü göstərir. Bu, heç də rəqabət deyildir, çünki rəqabətdə məğlub rəqib az qala məhv edilir, yarışda isə məğlub olan sıradan çıxmır, gələcəkdə də öz şansını sınamaq imkanına malik olur. Müsbət nəticə əldə edən iddiaçı isə partiya sıralarına qəbul olunur.

Çin Kommunist Partiyasının tərkibində hazırda 82 milyon, başqa sözlə, ölkə əhalisinin təqribən 6 faizinə qədər üzv vardır. İmperator epoxasında da təqribən həmin nisbətdə dövlət qulluqçusu var idi. Məhz buna görə də Qərb demokratiyasının ideyaları Çində kök sala bilmədi.

Çinlilər tarixlərinin uzunluğu qədər daimiliyə öyrəşmişlər. Çinli üçün uzun muddətlilik səmərəliliyin sinonimidir. Bunu da onlar başa düşürlər ki, sistem əgər uzun muddət yaxşı işləyirsə, onu niyə dəyişdirmək lazımdır.

Uzun ömürlülüklə muşayiət olunma, çinlilərdə heç də dəyişikliklərə neqativ münasibət bəslənməsinə gətirib çıxarmır. Nə qədər paradoksal görünsə də, Çində ona “dostcasına” münasibət bəslənilir. Bu ölkədə nə özünü xilas etmə dini, nə cənnət, nə əbədilik mövcud deyildir ki, onlar insanlara cari dövrdə baş verən hadisələrin öhdəsindən gəlməyə kömək edə bilsin. Yeganə əbədilik – ilin mövsümlərinin dəyişikliyə məruz qalmadan bir-birini əvəz etməsidir. Ona görə də təəccüblü deyildir ki, Çin fikrinin əsas kitabı “Dəyişikliklər Kitabı” adlanır.

Kitabda belə bir kəlmə vardır ki, bu, gerçəkliyin dərk edilməsinin altından xətt çəkir: yeganə dəyişilməyən şey – həmin dəyişikliklərdir.

Avropalılar, başqa xalqlar dəyişikliklərə nifrətlə yanaşırlar. Belə bir vaxtda isə çinlilərin dəyişikliklərə dostcasına münasibəti onlara imkan verdi ki, XX əsrin ən güclü sarsıntılarını yaşamaqla, onları geridə qoysunlar. Ölkədə uzun müddət vətəndaş müharibəsi getmiş, Mao Tsze-dunun həyata keçirdiyi “Böyük sıçrayış” və “Mədəni inqilab” Çin xalqına ağır həyat itkisi, ondan daha böyük miqyasdakı iqtisadi zərbə və sosial problemlərin dərinləşməsi hesabına başa gəlmişdi. Bütün bu sınaqlardan sonra Çin xalqı qamətini düzəltmiş, həyatın bütün sahələrində həqiqətən də misli görünməmiş nailiyyətlər qazanmağa başlamışdır. Onu da yaddan çıxarmaq olmaz ki, digər millətlərin uzun sırasında belə, Çin xalqı heç vaxt ayaq üstə möhkəm dayanmaq bacarığını itirməmişdir.

Son beş min il ərzində uğur və uğursuzluqlar yolu ilə irəliləyən Çin Qərb iqtisadçılarının rəyinə görə 2016-cı ildə iqtisadi cəhətdən ən güclü dünya dövlətinə çevriləcəkdir.

Çinli həyatda baş verən təsadüfləri də adi hal hesab edir. Təsadüf anlayışına çinlilərin cavabı kəndli mədəniyyətinin cavabıdır: ilin mövsüm dəyişikliyinin ritmi qətiyyən pozulmur, qışdan sonra daim yaz gəlir, ancaq heç kəs qabaqcadan deyə bilməz ki, bu yaz günəşli və ya yağışlı olacaqdır.

Təəccüb doğuran cəhətlərdən biri də budur ki, Çində mərkəzi hakimiyyət belə regional rəngarəngliyə malik olan bu dərəcədə böyük bir ölkəni qoruyub saxlaya bilmişdir. İmperiya kimi təşəkkül tapdıqdan sonra Çinin ərazi bütövlüyünə, müvəqqəti işğal illəri nəzərə alınmasa, iki min ildən artıq bir müddətdə xələl gəlməmişdir. Bu ərazini heç də nə hərbi qüdrət, nə də iqtisadi güc qoruyub saxlamamışdır, onun bütövlüyünü ölkə üçün ümumilikdə vahid olan mədəniyyət hifz edib saxlamışdır. Mədəniyyət Çinin tarixən ərazi bütövlüyünün başlıca dayağı olmuşdur.

Çinlilər XIII əsrdə monqolların, XX əsrin birinci yarısında yaponların işğallarına məruz qalsalar da, işğalçının mədəniyətini və ya həyat tərzini qəbul etməmiş, əcdadlarından qalıb, onlara çatan mədəniyyətin həyati hərarətindən güc alıb, bədbəxtlikləri dəf edərək, ölkənin milli varlığını davam etdirməyə müvəffəq olmuşlar.

Filosof Han Feyə (“Han Fey-tszı” kitabına) görə, ölkədə mərkəzi doktrina hüququn alimliyi idi. Bu Leqizm fəlsəfəsi idi, bura aristokratiyanın kənarlaşdırılması və fərdlərin öyrəndiklərindən, qabiliyyətlərindən və təşəbbüslərindən asılı olaraq irəli çəkilməsi yolu ilə çox sayda meritokratiya elementləri daxil edilmişdi. Bu dövlət qoşunlarının, idarə etməyə köhnə aristokratiya sistemini saxlayan digər ölkələrin ordularını xeyli üstələməsinə gətirib çıxardı. İki min illik tarix ərzində leqizm Çin fəlsəfəsinin əsas hissəsi olaraq qaldı, ona baxmayaraq ki, sonrakı Tsin sülaləsindən (1644-1911-ci illər) sonra o xeyli sadələşdirilmişdi.

Lakin meritokratiya idarəetməsi bürokratik elementlərlə birlikdə indiyədək Çin dövlətinin təməl daşı olaraq qalır. Bunu dövlət qulluğuna standartlaşdırılmış “dövlət imtahanlarından” istifadə edilməsində müşahidə etmək mümkündür, onun isə əsası Suy sülaləsi zamanında qoyulmuşdur.

Çində problemlərin bütünlüklə yoxluğunu güman etmək də ağılsızlıqdır, onlar ölkənin ölçüsünə uyğun olaraq həm də xeyli çoxalmış olur. Həddən kök adam öz ağırlığından əziyyət çəkdiyi kimi, Çin də əhalisinin çoxluğundan, bəzi regionlarda sakinlərin izafi sıxlığından əziyyət çəkir.

Dövlətin miqyasının böyüklüyü yerli “kiçik çarlara imkan verir ki, mərkəzi hakimiyyətin göstərişlərini, lazım gəldikdə öz xeyirlərinə təhrif etsinlər və onların təsirlərini heçə endirsinlər. Çin tarixinin bu daimiliyi ucbatından qəribə görünsə də, ölkə öz varlığının bütün ömrü ərzində çətinliklərlə üzləşmişdir. Çinlilər hesab etmirlər ki, onlar tiraniya tipli dövlətdə yaşayırlar. Lakin yerli kiçik çarların korrupsiyasının əmələ gətirdiyi ədalətsizlik bəzi hallarda özünü büruzə verir. Çində korrupsiya və rüşvətə qarşı ən ağır cəzalar tətbiq edilir, bunda cinayəti sübut olunanlar edam edilirlər. Yaddan çıxarmaq olmaz ki, Çin əyaləti öz ölçüsünə görə Avropa dövlətinə bərabərdir.

Əgər Avropada 27 dövlətin (Avropa İttifaqına daxil olan dövlətlərin) birgə işləməsinə nail oluna bilinmirsə, hər gün hansısa iqtisadi və digər problemlər üzə çıxırsa, 87 Avropa dövlətini birgə fəaliyyət göstərməyə məcbur etməyin olduqca çətin olduğu aydınca başa düşülməlidir.

Əyalətlərin sakinlərinin müxtəlif ənənələri, mətbəx, tarixi və ya hətta dili ola bilər, lakin onların hamısını Çin yazısı birləşdirir.

Çin yazısı bu xalqın mədəniyyətinin ən başlıca dayaq sütunudur. Məhz bu yazı ölkəni məkanda və zamanda birləşdirmiş və möhkəmləndirmişdir.

Belə ki, məsələn, teleefirdə və kinoteatrlarda nümayiş etdirilən filmlərin hamısı subtitrlərlə göstərilir və beləliklə, onları bütün əyalətlərdə eyni qaydada başa düşə bilirlər.

Eynilə həmin qaydada müasir çinli Konfutsi epoxasının daş lövhəsindəki yazını oxuya bilir. Baxmayaraq ki, həmin vaxtlar o sözlərin necə tələffüz olunması haqqında onun elementar anlayışı da yoxdur. Bunu orta əsrlərdə Avropada latın dilinin geniş yayılması və istifadə edilməsi ilə müqayisə etmək olar. Bu dil müəllimlərə, alimlərə qitənin istənilən şəhərində, universitetində işləməyə imkan verirdi. Buna baxmayaraq, sonralar millətçiliyin yüksəlişi ilə bu sistem dağıdıldı.

Qatı millətçilər isə təmsil etdikləri xalqı barama qılafında saxlamağı özlərinin az qala ali məqsədi hesab edir, öz çürük ideyaları naminə bəşəriyyətin onlara guya yad olan nailiyyətlərinə ağız büzmələrini də bir igidlik nişanəsi kimi qələmə verirlər. Millətçilik, təsadüfi deyil ki, hitlerçilər də özlərini naitsist adlandırırdılar, xalqları qan axıtmağa, müharibə Moloxuna çox sayda qurbanlar verməyə sürükləməklə öz sərsəm əməllərini guya millət yolundakı qəhrəmanlıq kimi qələmə verməkdən həzz alırlar.

(Ardı var)

 





24.06.2013    çap et  çap et