525.Az

“Azərbaycanda qarşılıqlı etimada əsaslanan milli və dini münasibətlər sistemi formalaşıb” (davamı)


 

“Azərbaycanda qarşılıqlı etimada əsaslanan milli və dini münasibətlər sistemi formalaşıb”<b style="color:red"> (davamı)</b>

Müsahibimiz AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun dinşünaslıq və mədəniyyətin  fəlsəfi problemləri şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Sakit Hüseynovdur. Söhbətimizin məğzini islam dininin Azərbaycanda yayılması, müstəqillik dövründə Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsində, ölkəmizdə dini tolerantlıq mədəniyyətinin yüksəldilməsində Heydər Əliyevin, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin rolu, dinlərarası və mədəniyyətlərarası dialoqun davamlı inkişafa təsiri təşkil edir.

– Müstəqillik dövründə Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsində, ölkəmizdə dini tolerantlıq mədəniyyətinin yüksəldilməsində ümummilli lider Heydər Əliyevin rolu ilə bağlı ən çox hansı məqamları önə çəkərdiniz?

– Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ökəmizdə dövlət-din münasibətlərinin yeni istiqaməti formalaşıb, respublikamızda dini tolerantlığın daha da inkişaf etdirilməsində hüquqi baza yaradılıb. Müstəqil respublikamızın ilk dövrlərində dini ənənələrimizin bərpası və möhkəmləndirilməsi, Azərbaycan dövlətinin din siyasətinin qarşısında duran əsas vəzifələrdən biri olub. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin azərbaycançılıq konsepsiyasına uyğun olaraq ölkədə dövlət-din münasibətlərinin, millətlərarası və dinlərararsı dialoqun genişlənməsi üçün əlverişli şərait yaradılıb, bu sahədə beynəlxalq hüquq normalarına uyğun qanunvericilik bazası bərqərar olub. Bu sahədə Heydər Əliyev tərəfindən yaradılmış müdrik siyasi-mənəvi xətt hazırda Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam və inkişaf etdirilir. Ulu öndər hələ 1994-cü ildə Təzəpir məscidində dindarlar qarşısında çıxış edərkən ölkəmizin müstəqilliyi bərpa olunduqdan sonra milli-dini ənənələrimizin möhkəmləndirilməsindən bəhs edərək deyib: “Azərbaycan müstəqil dövlətdir. Azərbaycan xalqı öz milli azadlığına, müstəqilliyinə nail olub. Bu milli, mədəni, dini ənənələrimizin bərpasına şərait yaradıb. Biz bu şəraitin möhkəmlənməsi üçün bundan sonra da çalışacağıq və əmin ola bilərsiniz ki, prezident kimi mən bu yolda əlimdən gələni əsirgəməyəcəm”.  Şeyxülislam Hacı Allahşükür Paşazadə müstəqil Azərbaycan dövlətinin yaranmasında, Azərbaycanda din siyasətinin və dövlət-din münasibətlərinin formalaşmasında Heydər Əliyevin rolunu şərh edərək bildirib: “Müstəqil dövlətimizin yaranmasında, möhkəmlənməsində və nüfuzunun artmasında Heydər Əliyev həzrətlərinin müstəsna xidmətləri olub. O, hakimiyyətə yenidən qayıtdıqdan sonra ölkəmizdə dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanmasında və daha yüksək səviyyədə bərqərar olunması istiqamətində böyük işlər görülüb, dini icmaların fəaliyyəti üçün hüquqi-mənəvi şərait yaradılıb. Bu məqsədəuyğun fəaliyyətin nəticəsi olaraq, Azərbaycanda mövcud dinlərin nümayəndələri öz ayinlərini sərbəst yerinə yetirir, tam hüquqlu vətəndaşlar kimi ölkənin  ictimai həyatında yaxından iştirak edirlər”.

Məlumdur ki, Azərbaycan dünyəvi dövlətdir və bu baxımdan din dövlətdən və dövlət dindən ayrıdır. Bütün bunlar Azərbaycan konstitusiyasında da öz əksini tapıb. Azərbaycanda dövlətin din siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Bu komitə ölkəmizdə mövcud olan dini strukturların fəaliyyətinin tənzimlənməsi və dövlətin din siyasəti sahəsində müxtəlif funksiyaları yerinə yetirir. Dövlətin din siyasətinə aid olan məsələlərdə dinlə bağlı qanunvericilik aktlarında dini icmaların və dini təşkilatların dövlət siyasətinə müdaxilə etməsinə yol verilmir. Bu vəziyyət bir daha onu göstərir ki, Azərbaycan respublikasında həm nəzəri, həm də əməli cəhətdən din dövlətdən, dövlət dindən ayrıdır və bu siyasətin formalaşması ulu öndər Heydər Əliyevin fəaliyyətinin nəticəsidir. Heydər Əliyev dövlət –din münasibətlərini dindarların maraqlarını gözləməklə, ölkəmizdə qüvvədə olan qanunlar əsasında qurulmasını tövsiyə edib.

Heydər Əliyev respublikamızda insan hüquq və azadlıqlarının təmin edilməsində, xalqımızın milli-mənəvi dəyərlərinin, dinlərarası dialoqun inkişafında və dini tolerantlıq ənənələrinin qorunmasında böyük rol oynayıb. Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi vaxtda respublikamızda dini etiqad azadlığı tam təmin edilib, milli-mənəvi dəyərlərə münasibət kökündən dəyişib, dini ayin və mərasimləri yerinə yetirmək üçün bütün dinlərə mənsu olan insanlara bərabər şərait yaradılıb. Uu öndər ölkəmizdə yaşayan bütün xalqlara, bütün millətlərə, dilindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq başqa dinin nümayəndələrinə qarşı olan münasibəti belə bəyan edib: “Azərbaycan Respublikası çoxmillətli bir dövlətdir. Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşlar da yaşayır. Azərbaycan müstəqil, demokratiya prinsipləri mənsub olan bir dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinidən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyət imkanları verir”. Ulu öndər başqa dinlərə qarşı dözümlülük və tolerantlıq münasibətini həmişə öz fəaliyyəti və öz əməli ilə sübut edib. Heydər Əliyev Azərbaycanda yaşayan dini icmalara həmişə hörmət və ehtiramla yanaşıb, onların dini bayramlarını təbrik edib, adət-ənənələrinə sayğı ilə yanaşıb.

Tarixən Azərbaycanda islam dini ilə yanaşı xristianlıq, yəhudilik dinlərinə mənsub olan insanlara həmişə əmin-amanlıq şəraitində yaşayıb və bir-birini dini əqidəsinə ehtiramla yanaşıblar. Azərbaycanda müxtəlif dinlərin birgə yaşayış şəraitinin nümunəvi xarakter daşıdığını vurğulayan ümummilli lider bu xüsusiyyətlərin xalqımızın dini dözümlülüyünü göstərən əsas şərt hesab edib. Heydər Əliyev iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə tolerantlıqla bağlı fikirlərini bildirib. Xüsusən indiki qloballaşma dövründə dinlərarası, mədəniyyətlərarası dialoqa həmişə üstünlük verib. Heydər Əliyev həmçinin müsəlman ölkələri arasında həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə həmişə önəm verib. Xüsusən, Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsində müsəlman ölkələrinin, o cümlədən İslam Konfransı Təşkilatının səylərinin artırmasını önə çəkirdi. Dini dözümlülüyü və tolerantlığı daim dəstəkləyən Heydər Əliyev gənclərimizin bu ruhda tərbiyə olunmasını həmişə tövsiyə edirdi. Bununla bağlı ulu öndər fikirlərini belə ifadə edib: “Məlumdur ki, yüksək tolerantlıq ilk növbədə yüksək mədəniyyətin təzahürüdür. İnsanlarda belə bir mədəniyyətin formalaşdırılmasını uşaqlıq illərindən başlamaq lazımdır. Ölkəmizdə yetişməkdə olan nəslin təhsillənməsində müasir elmi pedaqoji konfranslar daxilində biz ünsiyyət mədəniyyətini formalaşdırmağa cəhd göstəririk və ümumən desək, buna nail oluruq. Bunu demək çox asandır, lakin gerçəkləşdirmək kifayət qədər mürəkkəb bir prosesdir”. Azərbaycanda dini tolerantlıq mədəniyyəti və başqa millətlərə qarşı milli dözümlülük tarixən çox yüksək səviyyədə olub. Qeyd edək ki, müstəqillik dövründə Heydər Əliyev başqa dinə mənsub insanların öz dini mərasimlərinin keçirilməsinə qayğı ilə yanaşıb. Məsələn, xristianların Milad və Pasxa bayramının keçirilməsini ulu öndər dövlət səviyyəsində dəstəkləyib. Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparixiyasının yepiskopu Aleksandr İşein Heydər Əliyevin pravoslavlara qarşı göstərdiyi bu qayğıdan bəhs edərək deyib: “Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanda həyatın stabilləşməsinə doğru istiqamət formalaşdı. O stabilliyin möhkəmlənməsi işində tolerantlığı strateji cəhətdən mühüm istiqamətlərdən birinə çevirdi. 1994-95-ci illərdə Heydər Əliyev bizə öz mərasimlərimizi kilsələrimizdən xaricdə daha geniş şəkildə keçirməyimiz təklifi ilə müraciət etdi. O vaxt bizə çox qəribə görünürdü, çünki iqtisadi və siyasi böhran dövründə  belə mərasimlərin keçirilməsi bizim üçün çox çətin idi. Lakin Heydər Əliyevin yardımı ilə biz bu tədbirləri keçirdik. Get-gedə bu tədbirlər bizdə ənənəvi hal aldı və hər il keçirilməkdədir. Milad və Pasxa bayramları rəhbər dairələrin dəstəyi ilə artıq Azərbaycanda geniş şəkildə keçirilir”.

Azərbaycanda dövlət-din münasibətlərinin düzgün qurulmasında, respublikada dini sahədə əmin-amanlığın və sabitliyin yaranmasında Heydər Əliyevin mühüm rol oynadığını sabiq Moskva və Ümumrusiya Patriarxı mərhum II Aleksi Azərbaycanın bu sahədə nümunə olması ilə bağlı öz fikirlərini belə şərh edib: “Azərbaycan qədim dini ənənələrə və mədəniyyətə malik bir ölkədir. Bu gün Azərbaycan dini əmin-amanlığa və sabitliyə ilham verən örnəkdir. Bunun əsası Azərbaycan Prezidenti Heydər Əliyevin müdrik siyasəti sayəsində qoyulub. Dünyəvi hakimiyyət və ənənəvi dini icmaların konstruktiv fəaliyyəti və qarşılıqlı ünsiyyəti nəticəsində yaranmış dövlət-din münasibətlərinin nadir modeli Azərbaycanda öz əksini tapıb. Belə zənn edirəm ki, bu sahədə Azərbaycanda toplanmış təcrübə diqqətlə öyrənilməli və təhlil olunmalıdır”. Bu çıxışdan göründüyü kimi, dövlət-din siyasətinin formalaşmasında Azərbaycan modelini nümunə kimi göstərən II Aleksii bu siyasətin yaradılmasında Heydər Əliyevin rolunu önə çəkib və bu sahədə Azərbaycanda toplanmış təcrübənin öyrənilməsini tövsiyə edib. Xalqımızın dini cəhətdən tolerant olduğunu respublikamıza səfərə gələn tanınmış dünya dini liderləri də təsdiq edirlər. Qeyd edək ki, 2010-cu ilin 26-27 aprel tarixində Bakıda keçirilən dünya dini liderlərinin sammitində iştirak edən qonaqlar da bunun şahidi olublar. Sammitdə iştirak etmək üçün Bakıya gələn Moskva və bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan Prezidenti İlham Əliyevlə görüşərkən ona müraciət edərək Azərbaycanda dinlərarası münasibətlərin yaxşı olduğunu və bu işdə İlham Əliyevin rolunu xüsusi vurğulamışdı.

 

(Ardı var)

Sevinc MÜRVƏTQIZI

 





24.06.2013    çap et  çap et