525.Az

"Dünyada nə varsa günah adında, yarı fələyindi, yarı mənimdi" - şeirlər


 

"Dünyada nə varsa günah adında, yarı fələyindi, yarı mənimdi" - <b style="color:red">şeirlər</b>

Ballada

gecənin yaxasını,
bir bəyaz ulduz sökür;
bir səhər də açılır,
elə buna da şükür;

buludlar lələk-lələk,
göy üzündə bir mələk;
dodağında çiyələk,
məni çarmıxa çəkir;

mən nə bilim suçumu,
üzüm-gözüm acımı;
payız qara saçımı,
ağca yarpağa bükür;

bilmirəm, nədi bu səs,
içim boşca bir qəfəs;
min ildi nəfəs-nəfəs,
canımı bir dərd sökür;

göyün düz qırağında,
tanrının çırağında;
bir kağız varağında,
fələyin evi çökür;

payızın yağışları,
yuyur yor-yoxuşları;
göy üzünün quşları,
buludda bostan əkir;

yazım qışımın üstə,
üzüm daşımın üstə;
süzür başımın üstən,
ruhum hayana səkir;

hərə bir dərd hayında,
mələklər bal ayında;
tanrı öz sarayında,
ağlayır hönkür-hönkür.

Könül çox da ah eyləmə

könül çox da ah eyləmə,
o buludun qarı keçər;
ürəyimə səda düşər,
gəlib ahu-zarı  keçər;

gedər ağıl-huş adlıyar,
gözümüzdən yaş adlıyar;
payız gedər, qış adlıyar,
dolanar baharı keçər;

yaman yuxaldır  ney məni,
didərgin ruhum eymənir;
gətir, saplıyım iynəni,
ilduzundan darı keçər;

ötən günlər nə saydadı,
dərdim o tay, bu taydadı;
dünya bir gözüm boydadı,
ortasından barı keçər;

çıxdım daşın arasından,
göznən qaşın arasından;
yaynan qışın arasından,
bir dəlisov sarı keçər;

nədi dünyadan itiyim,
hansı cığırda  itdiyim;
bir ömür yoldu, getdiyim,
yarı qalar, yarı keçər.

Baxıram gündüzün qürub çağına

baxıram gündüzün qürub çağına,
Günəş aşırımda yarıcan qalıb;
qırmızıya çalır sarı buludlar,
yarı ilik qalıb, yarı qan qalıb;

ötən yaddaşımı dərib göy üzü,
ruhumu üstünə sərib göy üzü;
o uzaq göy üzü, qərib göy üzü,
yarı gecə qalıb, yarı dan qalıb;

dərdi sıxcalasan suyu da çıxmaz,
çağır, Məlikməmməd quyudan çıxmaz;
dünyanın qışı da, yayı da çıxmaz,
ömür yarı gedib, yarı can qa lıb;

nə tez payız gəldi, nə tez qış oldu,
illər qanadlanıb nə tez quş oldu;
bütün sevgilərin kökü yaşıldı,
bütün ayrılıqlar sarıdan qalıb;

yağıb sellənib də axıb getmişik,
dərdi, intizarı yığıb getmişik;
hansı cəhənnəmə çıxıb getmişik,
dağlar arxamızca pərişan qalıb.

Bulud gəldi yağmadı heç

bulud gəldi yağmadı heç
qalxım buludu əliyim;
başımda bulud papağım,
əlimdə gümüş çəliyim;

çağırma üzüm səyriyir,
külək ələyimi əyir;
qanadıma nəsə dəyir,
qopub tökülür lələyim;

and olsun axşam çağına,
bir səs gəlir qulağıma;
düşüm yolların ağına,
üzü dağlara ləliyim;

yol tuturam, duman gəlir,
ağlıma min güman gəlir;
deyirlər qış yaman gəlir,
canımda donur iliyim;

elə bumu, alın yazım,
kür ruhumu hardan asım;
göy üzünə dua yazım,
bircə ağız da məliyim;

nə var, nə var səndən doğma,
dərd çeynədim loxma-loxma;
gəl, üzümə soyuq baxma,
yenə tutar dəliliyim.
                   
Eşqin dərgahına qul olan könül  

eşqin dərgahına  qul olan könül,                
bir gün yıxılarsan qul ağrısından;                 
açılar butalar, çəkilər duman,                       
düşər çiyinlərin yol ağrısından;
                   
ruhuma bir dəli nağıl pıçılda,                        
başıma azacıq ağıl pıçılda;                           
məni səhralardan çağır, pıçılda,                     
canımı qurtarım çöl ağrısından;    
                                          
nədi bu qovğalar,  axı, nə bilim,                  
üzümə kim necə baxır, nə bilim;                
hərdən topuq çalır, karıxır dilim,                 
sözüm acı dadır dil ağrısından;                     
                                      
bu dərdi nə qədər oyum içimdə,
ölümün, itimin, toyun içində;
dünya çalxalanır suyun içində,
dağlar əyilibdi sel ağrısından;
     
daha nə qalıbdı, bu gələn yaza,
saçımda ağ duman, əlimdə əsa;
bu yol çəkib gedir üzü payıza,
atlar yorulubdu nal ağrısından;
                                                     
hanı, qul olduğum eşqin dərgahı,
 azıb itən yurdda anamın ahı;
tökmüsən üstümə min-bir günahı,   
ağla, ağrısından, gül, ağrısından                

Etüdlər

aylar nə tez ötdü, illər dəyişdi,
bir qara qalmadı telimin üstə;
elə əlləşirəm sözün içində,
söz də ki, ceyranın belinin üstə;

gün batır, buluda sarı qarışıb,
yarı ağca qalıb, yarı qarışıb;
baxıram, bir ovuc  arı darışıb,
dağların bir ağca gülünün üstə;

həsrətim, qubarım uzaq bir ada,
inanma, uzanan  yollarım çata;
məni gözlərində atmısan oda
gəlib ağlıyarsan külümün üstə;

tökülür saçımdan qara yağışıar,
axır günahımı kimsə bağışlar;
yüz ildi solmuyub incə naxışlar,
nənəm toxuduğu kilimin üstə;

payızda meşələr çənə yazılıb,
həsrəti, qubarı mənə  yazılıb;
ömrümüz beç-onca günə yazılıb,
o da ki, fələyin  felinin üstə.
                           
hara  üz tutursan, axır qəm gəlir,
göydə buluddan da yağır, qəm gəlir;
bu zalım bəşərin  ağlı kəm gəlir,
dünya sona gedir, zülümün üstə;

gözümüm qorunu sıxacam bir gün,
ağlımı başıma yığacam bir gün;
qaçıb yer üzünnən  çıxacam bir gün,
məni öldürəllər dilimin üstə;                                         
                                                            
Hər dəfə uzaq bir dəniz

hər dəfə ürəyimi,
çıxart, sinəmdən çıxart;
apar uzaq bir yerə;
bir uzaq dənizə at;

hər dəfə məni çağır,
qar yağsın, narın-narın;
mən də uzaq dənizdə,
ürəyimi axtarım;

üzüm yuxuna girsin,
hər dəfə sən yatanda;
əlini uzat mənə,
mən dənizdə batanda;

orda uzaq bir dəniz,
dalğalar mənə çatır;
daha məni çağırma
orda ürəyim batır...
 
Könül qapılarım açıq qalıbdı

könül  qapılarım açıq qalıbdı,
hara çınqı düşür, qoru mənimdi;
qapını kəsdirən qara qışın da,
çovğunu, boranı, qarı mənimdi;

necə gedim  itən yurda, bilmirəm,
dərd yükü ağırdı, darta bilmirəm;
ruhum veyillənir harda, bilmirəm,
həsrətin, qubarın barı mənimdi;

bilmirəm nədəndi dərdim, azarım,
harda tüstülənir qara məzarım;
elə hey payıza düşür güzarıım,
payız bağlarının sarı mənimdi;

bir az ərköyünəm, bir az da bədəm,
bir qaynar ürəyəm, bir cılız bədən;
hər sözün- söhbətin bilmirəm nədən
zəhirmarı mənim, çoru mənimdi;

min illər öncəki günah yadımda,
yanıb əriyirəm bir ah odunda;
dünyada nə varsa günah adında,
yarı fələyindi, yarı mənimdi.

25 yaşımın şeiri

hər gün yolum üstən bir gözəl keçər,
könlüm o gözəlin nazını tutar;
uzaqdan baxanda alışıb yanar,
yanımnan ötəndə gözünü tutar;

üzündə gözüm var, üzü şirindi,
baxışı şirindi, gözü şirindi;
canıma od qoyan közü şirindi,
həsrəti könlümün gözünü tutar;

küsüb inciməyi bircə hovursa,
bir azdan güləcək, gözün ovursa;
qara saçlarını göyə sovursa,
Ayın, Günəşin də üzünü tutar;

buludu əliyib yağış eliyim,
sözümə bal qatım, naxış eliyim;
ona dilim gəlməz qarğış eliyim,
qa rğış eləsəm də özümü tutar;

yamanca şirindi dili o qızın,
dişləsin  qurbağa, zəli o qızı;
hamıdan üzülər əli,  o qızın,
axırda qayıdıb Nazimi tutar.

Bircə xətrimə dəymə

istədim əyim buludu,
söz qoşum, öyüm buludu;
dağlara düyüm buludu,
cığırlar ilməyim olsun;
                      
dara, saçlarımın ağın,
kimdi mənə sənnən yaxın;
ağ buluddan köynək toxu,
bir bulud köynəyim olsun;

əllərimi üzünə tut,
ürəyimi sözünə tut;
göy suları gözümə tut,
göy sular eynəyim olsun;

ocaq yandırım, köz tutum,
elə söz qovum, söz tutum;
sən gələn yola üz tutum,
həsrətin göynəyim olsun;

yaşıl yarpaq düymə-düymə,
şeh üstündən düşər, əymə;
bircə, xətirimə dəymə,
göy üzü köməyin olsun.

yenə yay gedər payıza      

yenə yay gedər payıza,
yenə quşlar köç eliyər;
yenə yazın yaratdığın
payız gəlib heç eliyər;

yenə nəsə olmalıdı,
yenə ürəyim doludu;
yenə o payız buludu
göy üzündə kəkəliyər;

yenə gələr tozanağı,
süpürər dağdan aşağı;
payızın dəli sazağı
yenə məni gic eliyər;

göy üzü hərdən deyinər,
qara buludlar öyünər:
yenə ürəyim döyünər,
yenə həsrət beçəliyər;

durum hansı yana baxım,
yenə qaynıyır günahım;
heç bilmirəm dəli ruhum,
haralarda gecəliyər.

 





24.02.2018    çap et  çap et