525.Az

Vətənpərvərlik, Vətən və xalq sevgisi hissləri üçün darıxmaq


 

Vətənpərvərlik, Vətən və xalq sevgisi hissləri üçün darıxmaq<b style="color:red"></b>

Bir müddət əvvəl "Qarabağ" futbol komandasının nailiyyətlərinin və nəhayət, möhtəşəm qələbəsinin şahidi olduq. Uşaqdan böyüyə kimi bütün xalq bu qələbəyə  sevinir, həyəcanlanır, pərəstiş etdiyi komandanın uğuruna şərik çıxırdı... Hətta həyatda bir-birlərini tanımayan insanlar qucaqlaşıb-öpüşür, sevincini bölüşür,  həmrəylik göstərirdilər.

İnsanın ehtiyac duyduğu təbii hiss... Ürəkdən sevinmək, duyğulanmaq və bölüşmək... Sevinci bölüşmək, kədərə ortaq olmaq... Həmvətənlərinin uğuruna, dərdinə şərik çıxmaq. Bəs görəsən, xalqı daha hansı həqiqətlər birləşdirir? Bir neçə dəqiqəlik yaxın keçmişə səyahət edək. Keçənilki aprel döyüşlərini, hərbçilərimizin göstərdikləri şücaəti xatırlayaq. Ordumuz torpaqlarımızın, daha dəqiq desək, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad edərək, strateji yüksəklikləri öz nəzarətləri altına qaytardılar. Bu qələbə bütün xalqı sevindirdi, coşdurdu, bir araya gətirdi. Aprel döyüşləri düşmən üzərində böyük qələbənin başlanğıcı olmaqla bərabər, Azərbaycan Ordusunun gücünü göstərdi, şəxsi heyətin özünə inamını və döyüş ruhunu artırdı. Həmçinin, xalqımızın öz ordusuna inamını, vətənpərvərlik hissini daha da gücləndirdi. Aprel zəfəri ordu ilə xalq birliyinin ənənəviliyini göstərdi. Bütün qalibiyyətlər kimi bu qələbə də itkisiz ötüşmədi. Döyüşlər zamanı mərd oğullarımız şəhid oldu. Vətən uğrunda canından keçmiş övladlar son mənzilə yola salınarkən insanların gözlərində yaş, qəlblərində kədər, üzlərində qələbə sevinci vardı. Qələbə sevinci ürəkləri ağrıdan itki hissimizi xeyli yüngülləşdirdi. Hər bir şəhid azad olunmuş torpağın bir hissəsi kimi qəbul edildi və uğrunda canını qurban verdiyi torpağa tapşırıldı. "Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək, sənə verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaq deməkdir" deyərək təsəlli aldıq və bunu ümumxalq kədərinə çevirmədik. Vətən uğrunda özünü qurban verən kəs ondan nəsə istəməz, gözləməz. Bu, Vətən sevgisi, Torpaq həsrətidir. Əsl sevgi bax belə - təmənnasız olur.

İnsanın insana sevgisi fərdidir: o, bildiyi kimi sevir, sevgisini bacardığı kimi biruzə verir. Sevgi ağılın yox, ürəyin məhsuludur. Ağıl sadəcə bu hissi reallaşdırmaqda iştirak edir. Vətənpərvərlik ürəyin yox, ağılın məhsulu olsaydı, o, praqmatik bir amilə çevrilər, verəcəyinin əvəzini istəyər və bununla da öz mahiyyətini, əsl mənasını itirərdi. Vətəni sevmək hər kəsin daxili tələbatıdır, o, daxildən gəlir, ona ehtiyac var. Bəs əslində indi nələr baş verir? Vətən sevgisi haradan qaynaqlanır, yaxud qaynaqlanmalıdır? Onun kökü nə qədər dərindədir?  Biz vətənpərvərliyin oyanması, yetişməsi üçün nələr edirik və etməliyik? Ətrafımızda, dünyada baş verən haqsızlıq, ədalətsizlik, müharibələr, vəhşiliklər, 25 ildən çox bir vaxt kəsiyində sızlayan Qarabağ yarası ürəkdən sevinməyi bizə çoxdan unutdurub. Ədalət sorağında itirdiyimiz əsəblər, sağlıq süstlük, tənbəllik, laqeydlik gətirmişdir ki, ruhumuz da, cismimiz də bundan əzab çəkir. Bütün bunlar iradəmizdən asılı olmayaraq bizi ümidsizliyə yönəldib. Bu, çox ciddi haldır. İnsanı həyatda yaşadan, ona güc verən inam və ümiddir. 

Amma məncə, bu, son deyil, özünə qapılmaq üçün əsas olmamalıdır. Mən inanıram ki, əsl vətənpərvərlik hissi daxili aləmimizdə inqilab edə, bizi hərəkətə gətirə, qəflət yuxusundan oyada bilər. İnsanın əməllərində özünü biruzə verən nə varsa, bu, onun daxili aləmi, özünün kimliyi ilə münasibətlərindən, daxildə yarada biləcəyi harmoniyadan, balansdan asılıdır. Gördüyünüz, eşitdiyiniz, qavradığınız hər şey daxilimizdə süzgəcdən keçdikdən sonra əməlimizi, xarici aləmə və orada baş verən hadisələrə münasibətimizi formalaşdırır. Bunları deməkdə məqsədim odur ki, bütün hisslərin yaranması bizim özümüzdən, hadisələrə necə yanaşıb hansı münasibəti və reaksiyanı göstərəcəyimizdən asılıdır. Odur ki, vətənpərvərliyi biz heç kəsin pis əməlləri, davranışı, ədalətsizliyi ilə bağlamalı deyilik. Bu, yalnız bizim daxili aləmimiz fonunda yarana, inkişaf edə bilən bir emosiyalar toplusudur, hər kəsin öz mənəvi sərvətidir. Mən münasibətlərin bu formada anlaşılmasının tərəfdarıyam və bu heç də mənim kəşfim deyil, hər kəsin təbii halıdır. Belə olmalıdır. Əks halda biz özümüzlə başlayacaq daxili ədavətin qurbanına çevrilə bilərik... Cəmiyyətdə geniş yayılmış özünəqəsdlərin əksəriyyəti bu daxili balans pozuntusundan qaynaqlanır. Əlbəttə, biz həm də ətrafımızda cərəyan edən neqativ hadisələrin təsirini kənarlaşdıra bilmərik. Lakin bütün hallarda öz münasibətimizi özümüz formalaşdırmaq məsuliyyətimizi saxlamalıyıq. Ora başqalarının müdaxiləsinə imkan verməməliyik. Başa düşürəm, bəzi dəyərləri qoruyub saxlamaq bizə çox zaman sağlamlığımız bahasına başa gəlir. Elə təkcə qürurumuzun tapdalanmaması uğrunda mübarizə əksər hallarda psixi zərbə almamızla nəticələnir. Bəziləri deyəcək ki, hüquqları müdafiə etmək sadə vətəndaşlaramı qalıb? Bunun üçün müvafiq dövlət qurumları, ölkənin inkişafına xidmət edən, əsas vəzifəsi onun beynəlxalq nüfuzunu və vətəndaşların rifahını yüksəltmək olan  icra orqanları var... Əlbəttə, bütün bunlar doğrudur. Amma görünür, bəzi məmurların amalı özlərinin rifah halını hər gün daha da yüksəltmək olduğundan xalqın və dövlətin mənafeyi uğrunda mübarizə aparmaq yaddan çıxıb. Nəticədə bilmirsən, problemin həlli uğrunda savaşasan, yoxsa bu problemi həll etməkdə sənə süni maneələr yaradan məmurların məkrli niyyətlərinə qarşı müqavimət göstərəsən. Bir də ayılırsan ki, düşmən qalıb kənarda, sən isə bütün gücünü, potensialını və zamanını hansısa məmurun özbaşınalığına qarşı mübarizəyə sərf etmisən. Ən acınacaqlısı isə odur ki, yolun yarısında gücünün tükəndiyini hiss edib mübarizəni yarımçıq dayandırmaq, hər şeyi həyatın axarına buraxıb ədalətin öz-özünə zühurunu gözləməli olursan. Bəzən çox gözləməli olursan. Lap çox... Asan hüquqi həlli olan ən sadə məsələni həll etmək üçün uzun illər boyu cürbəcür qapılar döyürsən ki, vətənpərvərlik hissini formalaşdırmağa vaxt qalmır.

Elə adicə bir məsələni deyim... 5-10 il əvvəl qanuni yolla əldə etdiyin torpaq sahəsi, mənzil və ya bağa görə mülkiyyət hüququ haqqında şəhadətnamə almaq üçün aidiyyatı quruma müraciət edirsən. Burada səni xalqına sədaqətlə xidmət edəcəyinə and içərək vəzifəyə təyin olunmuş bir məmur qarşılayır. İlk baxışdan özünü vətənpərvər, ziyalı, qanunlara yaxşı bələd olan və əməl edən biri kimi göstərən həmin məmurun sonda riyakar və təmənnalı olduğu üzə çıxır. Uzun çək-çevirdən sonra bu mübarizənin mənasız olduğunu dərk edib üz tutursan məhkəməyə. Müasir standartlara uyğun şəkildə inşa edilmiş bu ali orqanın yeni binasına daxil olan kimi ilk gördüyün gözləri bağlı, bir əlində qılınc, digərində tərəzi tutmuş qədim yunan mifilogiyasında ədalət ilahəsi kimi tanınan Femidanın heykəli olur. Bir anlıq mənəvi rahatlıq tapırsan. Gözlərin gülür. Nəhayət, pozulmuş hüquqlarının bərpa olunacağını düşünüb dərindən nəfəs alırsan. Amma bu rahatlıq çox çəkmir. Ədalət mühakiməsini qanunla həyata keçirmək üçün seçilmiş hakim sevincini gözündə qoyur. Bir də xəbər tutursan ki, bütün dəlil-sübutlara baxmayaraq, sənin əleyhinə qərar çıxarılıb. Min bir əzab-əziyyətlə, alın təri ilə qazandığın pulu qəpik-qəpik yığıb aldığın mülkiyyətin əslində sənə aid olmadığını deyirlər.

Sanki yer ayağının altından qaçır. Gələcəklə bağlı bütün ümidlərini dəfn edib kor-peşman evə dönür və heç zaman öz halal mülkiyyətinin qanuni sahibinə çevrilə, nə özünü, nə də ailə üzvlərini həmin ünvana rəsmi qeydiyyata sala bilməyəcəyinlə barışmalı olursan. Beləcə, nə dəqiq ünvanın olur, nə də qeydiyyat üzrə müraciət edə biləcəyin tibbi xidmətin. Heç yol polisi belə yol-hərəkət qaydasını pozduğun üçün təyin etdiyi cərimə bildirişini hara göndərəcyini bilmir. Çünki avtomobilin sahibi bir ünvanda qeydiyyatda olsa da, tamam başqa ünvanda yaşayır.

Sizcə, öz şəxsi mənzilinə qeydiyyata düşə bilməyən bir insanın qəlbində vətənpərvərlik hissi yarana bilərmi?  Halal zəhməti ilə qazandığı pulu qəpik-qəpik yığıb aldığı kiçik bir torpaq sahəsi üçün mülkiyyət hüququ haqqında şəhadətnamə ala bilməyən sadə vətəndaşın ürəyində  öz həmvətənlərinə qarşı sevgi oyana bilərmi? Vətəndaşın şəxsiyyətini təsdiq edən sənəddə göstərilən qeydiyyat ünvanı vacib amillərdən biridir. Yaşayış yeri olmayan birinin hansı vətəndaşlıq hüquqularından, vəzifələrindən söhbət gedə bilər? Görünür, bu məsələnin həllində cavabdeh olan bəzi məmurlar vəziyyətin ciddiliyini dərk etmirlər. Belə olmasaydı, vətəndaşların konstitusiya ilə təsbit olunmuş hüquqlarını əllərindən almağa cəhd göstərməzdilər.

Sonda Konstitusiyada ədalət mühakiməsini həyata keçirmək üçün qanunla müəyyən edilmiş səlahiyyətlərə malik şəxs adlandırılan hakimlərə Ümummilli lider Heydər Əliyevin bir kəlamını xatırlatmaq istəyirəm: "Kiməsə qarşı ədalətsizlik edilibsə, bu ədalətsizliyin qarşısını ədalətlə almaq lazımdır. Amma ədalətsizliyə qarşı daha böyük bir cinayət törətmək, ədalətsizlikdən də betərdir".

 





27.02.2018    çap et  çap et