525.Az

Qaçqınlar “Arsenal əfsanələri”nə qarşı- Fotolar


 

Qaçqınlar  “Arsenal əfsanələri”nə qarşı- <b style="color:red">Fotolar</b>

İyunun 23-də Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı və sponsorluğu ilə “Ümumdünya Qaçqınlar Günü” nə həsr olunmuş “Dünya qaçqınları və məcburi köçkünləri” və “Arsenal əfsanələri” komandaları arasında futbol matçı keçirilib.

Avropa Azərbaycan Cəmiyyətindən 525.az-a verilən məlumata görə, yoldaşlıq oyunu 3600 tamaşaçının qatıldığı Londonun “Barnet” Futbol klubunun “Anderhil” stadionunda baş tutub. “Arsenal Əfsanələri”nə britaniyalı idmançı, ikiqat Olimpiya çempionu Mo Fərah, “Dünya Qaçqınları və Məcburi Köçkünləri”nə isə “Bolton Uonderers” klubunun keçmiş futbolçusu Fabrisiya Muamba başçılıq ediblər. Oyun nəzərə çarpacaq dərəcədə mətbuatın marağına səbəb olub.

Bu oyun sayəsində Böyük Britaniya Qaçqınlar Şurasına, o cümlədən  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində acınacaqlı vəziyyətdə olan azərbaycanlı qaçqın və məcburi köçkünlərə yardım göstərilməsi üçün xeyli vəsait toplanıb.

İdmançı karyerasını Böyük Britaniyada başlamış futbolçular, mənşəcə Somalidən olan Mo Fərahın və Konqo Demokratik Respublikasından gəlmiş Fabrisiya Muambanın sözügedən yoldaşlıq görüşünə həvəslə qatılmaları dünyadakı qaçqınların və məcburi köçkünlərin acınacaqlı vəziyyətinə ictimaiyyətin və mətbuatın diqqətini cəlb etmək məqsədi daşıyırdı. Təşkilatçılar tərəfindən yoldaşlıq oyununda iştirak etmək təklifi onların ürəyincə olmuşdu.

“Arsenal Əfsanələri” komandasının heyətinə “İngiltərə” və “Arsenal” komandalarının keçmiş kapitanı olmuş Toni Adams, İan Rayt, Pol Devis, Rey Parlor, Peri Qrovz və Maykl Tomas daxil idi. “Dünya Qaçqınları və Məcburi Köçkünləri” komandasının tərkibində isə 7 azərbaycanlı məcburi köçkün, Avropa Parlamentinin üzvü Səid Kəmal öz futbolçu məharətlərini nümayiş etdiriblər. Oyun hər iki komandanın çılğın manevrləri və gərgin rəqabət şəraitində keçib. Yoldaşlıq oyunu 1-1 hesabı ilə sona çatıb. Oyun zamanı “Dünya Qaçqınları və Məcburi Köçkünləri” komandası bir neçə əla taktiki gedişlər edib. Fürsətdən istifadə edən azərbaycanlı məcburi köçkün Vurğun Həsənzadə birinci hissənin sonuna doğru hesabı açmağa müvəffəq olub. Hər dəfə Toni Adams top qovduqda tamaşaçılar onu izdihamla, gurultulu alqışlarla səsləyiblər. “Arsenal” 4 yarımmmüdafiəçi, 4 müdafiəci və 2 hücumçu taktikasını qurmuşdu. Bunun nəticəsində Ömər Rza rəqib komandanın qapısından top keçirərək hesab bərabərləşdirmişdi.

Oyunun sonunda Böyük Britaniya Nazirlər Kabinetinin rəsmisi, ölkə parlamentinin üzvü və Şimali İrlandiyanın Dövlət Katibi xanım Hon Tereza Vilyer və Avropa Azərbaycan Cəmiyyətinin sədri və təsisçisi Tale Heydərov oyun iştirakçılarına mükafatlar təqdim ediblər.

Avropa Azərbaycan Cəmiyyətinin Direktoru Lionel Zetter bildirib ki, dünyada qaçqınlardan çox məcburi köçkünlər var. Cəmiyyətimizin bu oyunu təşkil etməkdə məqsədi dünyadakı bütün qaçqınların davam etməkdə olan acınacaqlı vəziyyətini işıqlandırmaq və onlara yardım etmək üçün vəsait  toplamaq idı.

 





24.06.2013    çap et  çap et