525.Az

“Yarat!” Müasir İncəsənət Məkanı qısametrajlı filmlər festivalının yaz mövsümünü açıb


 

“Yarat!” Müasir İncəsənət Məkanı qısametrajlı filmlər festivalının yaz mövsümünü açıb<b style="color:red"></b>

“Yarat!” Müasir İncəsənət Məkanı Bakıda “Future Shorts” qısametrajlı filmlər festivalının yaz mövsümünü açıb.

“Park Cinema”da festivalın yaz mövsümü proqramına daxil edilən qüssə və kədər, sevinc və yaşam yaddaşı, əziz xatirələrdən uzaqlaşma hisslərini təsvir edən 6 qısametrajlı film nümayiş etdirilib.

 Qreyncer Deyvidin çəkdiyi və “The south by southwest” festivalının mükafatı ilə təltif olunan “Kreslo” (qəfildən qısamüddətli hücum edən və qarşısıalınmaz düşmənlə mübarizə aparan kiçik şəhərin həyatına baxış, ABŞ, 2012), rejissor Qjeqoş Zariçnının “Fit” (futbol liqasının aşağı divizionunda hakim kimi çalışan insanın xəyalları və ümidi təsvir olunmuşdur, Polşa, 2012) filmləri, rejissor Kanmin Kimin ata və oğul arasında münasibətləri əks etdirən “38-39°C” cizgi filmi (ABŞ/ Koreya Respublikasının birgə istehsalı, 2011-ci il) böyük maraqla izlənilib.

 Həmçinin Kann festivalının mükafatı ilə təltif olunan, rejissor Frida Kempfin “Mikki Beyder” (yüz yaşlı Mikkinin gündəlik hamamda çimmək tarixçəsi, İsveç/Danimarka, 2009), rejissor Quto Parentenin “Deyirlər ki, itlər sərsəmləyir” (Braziliya, 2012) və nəhayət, 2013-cü ildə Sandens festivalında “ABŞ bədii filmlər” kateqoriyasının qalibi, rejissor Demyen Çeyzelin “Şok” ekran əsərlərini də (ABŞ, 2012) kinosevərlər maraqla qarşılayıblar.  Dünyanın ən nəhəng kino bayramında 90 ölkə, 325 şəhər, 6 qitə təmsil olunur və festival zamanı 1700 nümayiş keçirilir.

“Future Shorts” festivalı dünyanın hər guşəsindən, Finlandiyadan Meksikayadək, Monqolustandan Qazaxıstanadək müvəffəqiyyətlə tamaşaçı auditoriyasını cəlb edib. Festival 40 min qısametrajlı film həvəskarları qarşısında hər il nümayiş olunur. Festival rəhbərliyi heç də bu nailiyyətlərlə kifayətlənmək niyyətində deyildir.

Son on ilin təcrübəsi ilə bağlı fikirlərini bölüşən “Future Shorts” festivalının təsisçisi və direktoru Fabyen Riqal qeyd edib ki, biz əvvəlcə qısametrajlı film rejissorları və qısametrajlı film həvəskarları üçün vahid platforma yaratmaq niyyətində idik, lakin “Future Shorts” festivalı mövsümdən-mövsümə populyarlaşan möhtəşəm film tədbirinə çevrilib: “ Biz “Future Shorts” festivalının özəyini təşkil edən və sıraları getdikcə böyüyən, nümayişlə bağlı tərəfdaşlarımızla işləməkdən çox məmnunuq. Bu sevgi, ehtiras, iddia və mütərəqqi yaradıcı qüvvənin təsiri ilə alovlanan bənzərsiz bir hərəkatdır. Biz növbəti 10 ildə daha böyük yeniliklər gözləyirik”.

Festivalın 2012-2013-cü il qış mövsümü çərçivəsində sualtı qayıq, snoubord kurortları, rəsm qalereyaları, dondurma kafeləri, restoranlar, sərgi salonları və barlar kimi müxtəlif məkanlarda 25 mindən artıq nümayiş təşkil olunub. Qazaxıstanda keçirilən nümayiş zamanı bir cəsarətli tamaşaçı festivalda “Future Shorts-Future Love” adlı öz qısametrajlı filminin nümayiş olunmasını təklif edib.

S.ABDULLAYEVA

 





25.06.2013    çap et  çap et