525.Az

Elman Türkoğlu oğlunun intiharından danışdı


 

Elman Türkoğlu oğlunun intiharından danışdı<b style="color:red"></b>

İyunun 18-də məşhur bayraqdar, KXCP üzvü Elman Türkoğlunun ailəsində baş verən faciə müəmmalı olaraq qalır. E.Türkoğlunun kiçik oğlu Məhəmmədəmin Həsənlinin özünü asması barədə müxtəlif versiyalar səslənsə də, müfəssəl bir rəy yoxdur.

E.Türkoğlu “Gündəlik Teleqraf”ın əməkdaşına oğlunun intiharından danışıb: “Öz əllərimlə ipdən ayırdım onu. Birinci dəfə asılı vəziyyətdə ölmüş insan görürdüm. Mən ona çox azadlıq vermişdim. Böyük oğlum Elçibəyi dərslərini oxumayanda sıxışdırardım. Ancaq Məhəmmədəminlə o cür davranmamışdım. Onu azad böyütmüşdüm. Soruşurdu, ata, birdən attestat qiymətindən “iki” alsam nə deyəcəksən. Deyirdim, sən sıfır da alsan heç bir şey deməyəcəyəm”.

O, səbəb kimi bacısı oğlu Nofəl Əliyevin intiharını görür. Altı ay öncə bacısı oğlu özünü asıb və bu da Məhəmmədəminə ciddi təsir edib: “Məhəmmədəmin deyirmiş ki, onsuz yaşaya bilmirəm. Bacım oğlu ilə Məhəmmədəmin qardaş kimi idilər. Bir-birlərini həddindən artıq çox istəyirdilər. Hətta Məhəmmədəmin ölümündən 6 saat qabaq “facebook”dakı səhifəsində “Allah, özümü öldürmək istəyirəm, amma bacarmıram”, “Allah, öldür məni, canım qurtarsın” sözlərini yazıb”.

E.Türkoğlu bacısı oğlunun intiharından sonra Məhəmmədəmini heyva ağacının arxasına keçib sakit-sakit ağlayan görür: “Öz-özünə deyirdi ki, bibioğlu, məni niyə tək qoydun? Mən də gələcəm deyirdi. Tutub dedim ki, ay bala, sən nə danışırsan? Bir dəfə də anasına deyib ki, mən bibim oğlunun yanına gedəcəyəm”.

E.Türkoğlu hadisə günü oğlu ilə bir yerdə şam yeməyi yeyiblər: “Sonra çıxıb eşikdə gəzib evə gəldi. Tez-tez evə gəlib-gedirdi. Evdə oturub telefonu əlində oynadırdı. Birdən evə nəzər saldı, xəyala daldı. Sonra yenə evdən getdi. Gedəndə “sağ olun” dedi. Bir manat götürüb, onun 80 qəpiyinə ip alıb. Əvvəlcə həyətdə oturub öz-özünə danışırmış. Heç kim də başa düşməyib. Daha sonra ayaqyoluna gəlib. Kəndiri bağlayıb. Yuxarı qalxıb, boğazına keçirib ipi. Daha sonra özünü aşağı buraxıb. Mən də ayaqyoluna tez-tez gedib gələrdim. Ancaq bu dəfə 10 dəqiqə idi ki, ayaqyoluna getmirdim. Daha 10 dəqiqə də keçəndən sonra dedim ki, bu uşaq harada qaldı. Anası qışqıranda gəlib gördüm ki, özünü asıb”.

 





25.06.2013    çap et  çap et