525.Az

“Azərbaycanda qarşılıqlı etimada əsaslanan milli və dini münasibətlər sistemi formalaşıb” (davamı)


 

“Azərbaycanda qarşılıqlı etimada əsaslanan milli və dini münasibətlər sistemi formalaşıb” <b style="color:red">(davamı)</b>

Müsahibimiz AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun dinşünaslıq və mədəniyyətin  fəlsəfi problemləri şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Sakit Hüseynovdur. Söhbətimizin məğzini islam dininin Azərbaycanda yayılması, müstəqillik dövründə Azərbaycanda dövlət-din ünasibətlərinin tənzimlənməsində, ölkəmizdə dini tolerantlıq mədəniyyətinin yüksəldilməsində Heydər Əliyevin, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin rolu, dinlərarası və mədəniyyətlərarası dialoqun davamlı inkişafa təsiri təşkil edir.

– Sizcə, Azərbaycanda dini sahədə illərdən bəri mövcud olan tolerantlıq ənənələri, bu yöndəki dövlət siyasəti hazırda hansı səviyyədə davam etdirilir?

– Mən deyərdim ki, yüksək səviyyədə. Ulu öndər Heydər Əliyevin dövlətçilik prinsiplərinə sadiq qalan Prezident İlham Əliyev bu gün sabitliyə və tolerantlığa əsaslanan dövlət-din münasibətlərinin möhkəmləndirilməsi üçün əlindən gələni edir. Prezident İlham Əliyev Azərbaycan Konstitusiyasında və digər qanunvericiliklə irəli sürülən əsas müddəaları əldə rəhbər tutaraq dinlərararsı münasibətlərin inkişaf etdirilməsi, respublikamızda yaşayan bütün xalqların hüquqlarının qorunması, bütövlükdə dövlət-din siyasətinin uğurla davam etdirilməsi ilə bağlı məsələləri öz çıxışlarında həmişə vurğulayıb. 2009-cu ildə Bakıda “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda keçirilən beynəlxalq konfransda Prezident İlham Əliyev bu haqda fikirlərini belə ifadə edib: “Azərbaycanda din ilə dövlət ayrıdır. Azərbaycan dünyəvi dövlətdir. Ancaq bununla bərabər, din ilə dövlət birdir. Bu birlik bizi qarşımızda duran amallar ətrafında birləşdirir. O da Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirmək, Azərbaycanda sabitliyi daim yüksək səviyyədə saxlamaq, Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması üçün əməli tədbirlər görmək, Azərbaycanda dinlərarası münasibətlərin həmişə müsbət istiqamətdə inkişaf etməsinin təmin etmək, Azərbaycanda yaşayan bütün xalqların hüquqlarını qorumaq amallarıdır”.

– Söhbətimizdə yeri gəldikcə, Şeyxülislam Allahşükür Paşazadənin fikirlərindən sitat gətirirsiniz. Ümumiyyətlə, dini  tolerantlıq mədəniyyətinin inkişafında Qafqaz Müsəlmanları İdarəsinin rolunu necə qiymətləndirirsiniz?

– Respublikamızda dinlərararası dialoqun və dinlərarası mədəniyyətin inkişafında Qafqaz Müsəlmanları İdarəsi də tarixən özünəməxsus rol oynayıb, dini konfessiyalar arasında dözümlülüyün təbliğ edilməsində müəyyən fəaliyyət göstərib və göstərməkdədir. Qafqaz Müsəlmanları İdarəsi yarandığı gündən cəmiyyətini sosial-mənəvi həyatında müəyyən rol oynayıb, bu qurumun rəhbərləri isə dindarlar arasında yüksək hörmət və ehtiram qazanıb, bütövlükdə cəmiyyətdə müəyyən nüfuza malik olublar. Qafqaz Müsəlmanları İdarəsi islam dini və başqa dinlərin dini rəhbərləri ilə daimi müxtəlif görüşlər keçirir və beynəlxalq dini konfranslarda fəal iştirak edir. 1980-ci ildə Axund Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin sədri vəzifəsinə seçilib və ona “Şeyxülislam” ali dini rütbəsi verilib. Beynəlxalq dini qurumlarla əməkdaşlıqda Şeyxülislam Allahşükür Paşazadənin fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Dinlərarası dialoq və tolerantlığın inkişafı sahəsində Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyəti geniş və çoxcəhətlidir. Qafqaz Müsəlmanları İdarəsi həmişə islam dəyərlərinin geniş təbliğ olunması, müsəlmanların dini-mənəvi birliyinin möhkəmləndirilməsi, onların cəmiyyətdə fəallığının artırılması və başqa dinlərə qarşı dözümlülüyün genişləndirilməsi işində böyük rol oynayır.

Ümumiyyətlə, tarixən informasiya mübarizəsində din amilindən müxtəlif məqsədlər üçün istifadə edilib. Təəssüf ki, bəzi ölkələr sülh, haqq-ədalət uğrunda, bəziləri isə işğalçılıq və yeni torpaqlar zəbt etmək üçün din amilindən istifadə ediblər. Məsələn, erməni Qriqorian kilsəsinin rəhbərliyi türklərə və azərbaycanlılara qarşı həmişə düşmənçilik siyasəti apararaq informasiya müharibəsində din amilindən istifadə edib. Lakin bunun əksinə olaraq, 1988-ci ildən başlayaraq Allahşükür Paşazadə erməni kilsəsinin  rəhbərliyini Qarabağ məsələsi ilə bağlı konstruktiv dialoqa dəvət edib və bu məqsədlə dəfələrlə görüşlər keçirərək münaqişənin dini müstəviyə keçməsinə imkan verməməyə çağırıb.

Azərbaycanın Prezidenti İlham Əliyev ölkədə dini tolerantlıq mədəniyyətinin inkişafında mühüm rol oynayan Şeyxülislam Hacı Allahşükür Paşazadənin fəaliyyətini yüksək qiymətləndirib: “Şeyx həzrətlərinin Azərbaycanda dini tolerantlığın inkişafında çox böyük əməyi, çox böyük xidmətləri var. Bunu biz bilirik, başqa dinlərin nümayəndələri də bilir. Bütün dünyada Şeyx həzrətlərinə çox böyük hörmət, çox böyük inam var. Başqa dinlərin başçılarının, Qafqaz xalqlarının dini nümayəndələrinin Azərbaycana səfərləri zamanı və beynəlxalq tədbirlərdə mən şəxsən bunun şahidi olmuşam. Əlbəttə ki, bu, bütövlükdə Azərbaycana olan hörmətin böyük nümunəsidir”. Düşünürəm ki, Prezidentin mühüm bir regionun dini lideri kimi Allahşükür Paşazadənin fəaliyyətinə verdiyi yüksək qiyməti həm də Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətinə verilən qiymət kimi dəyərləndirmək olar.

– Araşdırmalarınızda dinlərarası və mədəniyətlərarası dialoqu davamlı inkişafa zəmin yaradan əsas kimi təqdim edirsiniz. Bununla bağlı fikirlərinizi bilmək istərdik.

– Bəli, dini tolerantlıq mədəniyyətinin formalaşmasında mühüm rol oynayan amillərdən biri də dinlərarası dialoqun genişlənməsidir. Qeyd edək ki, hazırki qloballaşma dövründə dinlərarası dialoqun genişlənməsi həm nəzəri, həm də praktiki cəhətdən mühüm əhəmiyyət kəsb edir. Dinlərarası dialoq prosesində əvvəlcə müxtəlif dinlər arasında qarşılıqlı anlaşma yaranır, sonra isə birgə əməkdaşlığa doğru fəaliyyət birliyinə səy göstərir. Üçüncü minilliyin başlanğıcında bəşəriyyətin qarşısında duran mühüm məsələlərdən biri sivilizasiyalar arasında yarana biləcək mümkün münaqişələrin qarşısının alınması, eyni zamanda dinlərarası və mədəniyyətlərarası dialoqun həyata keçirilməsindən ibarətdir. Qeyd etmək lazımdır ki, hazırda dinlərarası və mədəniyyətlərarası dialoq əvvəlki dövrlərlə müqayisədə daha çox aktuallıq kəsb edən qlobal problemlərdən biridir. Hazırki şəraitdə mədəniyyətlərarası dialoq zərurətinin əsas səbəblərindən biri planetdə kütləvi qırğın silahlarının həcminin çoxalması, müxtəlif regionlarda terror hadisələrinin baş verməsi, planetdə qlobal ekoloji gərginliyin artması, təbii fəlakətlərin çoxalması və sair ilə şərtlənir. Bu baxımdan qeyd etmək lazımdır ki, müasir dövrdə sivilizasiyalar arasında dialoq qlobal səviyyədə bəşəriyyətin ehtiyaclarından birinə çevrilib. Məlumdur ki, ABŞ-da baş verən 2001-ci 11 sentyabr hadisələrindən sonra dinlərarası və sivilizasiyalararası dialoq zərurəti daha da aktuallaşıb və bu istiqamətdə aparılan elmi-nəzəri tədqiqatların, əməli tədbirlərin dəyəri daha da mühüm əhəmiyyət kəsb etməyə başlayıb. Təsadüfi deyil ki, XXI əsrin ilk ili-2001-ci il BMT Baş Assambleyası tərəfindən “Sivilizasiyalararası dialoq ili” elan olunub və 2001-ci il 9 noyabr tarixində BMT Baş Assambleyasında “Sivilizasiyalararası dialoq üçün qlobal gündəlik” adlanan qətnamə qəbul edilib. Bunlar onu göstərir ki, qloballaşma dövründə sivilizasiyalararası dialoqun həyata keçirilməsi daha çox əhəmiyyət kəsb edir. Mədəniyyətlərəarası və dinlərarası dialoqla bağlı respublikamızda son illərdə xeyli tədbirlər keçirilir, beynəlxalq elmi konfranslar, genişmiqyaslı forumlar təşkil edilir. Azərbaycanda bu cür tədbirlərin keçirilməsi Avropa mədəniyyəti ilə islam ölkələrinin mədəniyyəti arasında respublikamızın körpü rolunu oynadığını göstərən faktlardır. İki sivilizasiya arasında mədəniyyətlərin və dinlərin dialoqunun təşkil edilməsində mühüm rol oynayan Azərbaycanın beynəlxalq aləmdə nüfuzu da getdikcə artmaqdadır. Son illərdə dinlərarası, mədəniyyətlərarası, sivilizasiyalarası dialoqla bağlı Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin miqyası və bu məqsədlə respublikamıza gələn tanınmış ictimai xadimlər, dini rəhbərlər və görkəmli alimlərin fikirləri Azərbaycanda dini tolerantlıq mədəniyyətinin yüksək olduğunu bir daha sübut edir.

Sevinc MÜRVƏTQIZI

 





25.06.2013    çap et  çap et