525.Az

80 il kimi keçən 8 gün: Xocalı soyqırımına yaxın baxış


 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

80 il kimi keçən 8 gün: <b style="color:red">Xocalı soyqırımına yaxın baxış </b>

Faciə haqqında arayış

Xocalı faciəsi XX əsrdə insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlərdən sayılır. Erməni silahlı dəstələri və Rusiyanın 366-cı motoatıcı alayının hərbiçiləri dinc əhaliyə divan tutub, şəhəri yerlə-yeksan ediblər.

Rəsmi statistikaya görə, nəticədə 613 nəfər həlak olub. Onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfər qocadır. 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki, 130 uşaq bir valideynini itirib. 487 nəfər yaralanıb, onlardan 76 nəfəri uşaq olub. 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb. Dövlət və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 milyard rubl ziyan vurulub. Bu rəqəmlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli, qanlı faciəsindən xəbər verir.

"Ağlımıza da gəlməzdi, Xocalı nə vaxtsa işğal olunar"

Həmin qanlı günlərin, qətliamın canlı şahidlərindən Dürdanə Ağayeva ilə həmsöhbət olduq, bizə Xocalı faciəsindən, 8 gün davam edən girovluq həyatından danışdı: "17 yaşımdan faciə gününə qədər Xocalı Rabitə Qovşağında telefonçu işləmişəm. Faciədən öncə rabitəçi kimi missiyamı yerinə yetirməyə çalışdım, qaçmadım. Şəhər 1992-ci ilin noyabrın 1-dən blokadaya alınmışdı. 4 ay birtəhər, zülmlə yaşadıq. Amma heç ağlımıza da gəlməzdi, Xocalı nə vaxtsa işğal olunar, şəhərə hücum olar. Amma bir tərəfdən də vəziyyətin çıxılmazlığını hiss edirdik. Hava yolu Xocalının əsas ümid yeriydi. Bir də rabitə qovşağı... Xocalının vəziyyətilə əlaqədar xəbər alıb, xəbər verir, hər yerdən kömək istəyir, az qala yalvarırdıq ki, kömək edin, bizi qırırlar, blokadadayıq...

Yeməyə çörəyimiz yox idi. Hər deyəndə helikopter gələ bilmirdi. Şuşada, Ağdamda helikopter vurulmuşdu.

Əvvəlcə Xocalının Meşəli kəndi dağıdıldı, əhalisi gülləbaran edildi, bir ailə evində yandırıldı. Sonra Şuşanın Malıbəyli kəndi işğal olundu. Blokadaya düşəndən sonra ümidimiz kəsildi. Ağdam, Şuşa, Bakı, Azərbaycanın digər rayonlarına məlumat verirdim ki, köməyə gəlin. Ağdamdan yalançı ümidlər verirdilər ki, bu gün, sabah Əsgəranı azad edəcəyik..."

"Xocalı rabitə qovşağının rəisi ev-ev gəzib yanacaq axtarırdı"

İlk dəfə ermənilərin 1988-ci ilin 18 sentyabrında Xocalıya hücum etdiyini deyən Dürdanə Ağayeva əlavə edir ki, Xocalıda qalmaqdan yenə qorxmur, çəkinmir, Əsgəranın azad ediləcəyinə, yollar açılacağına ümid edirdilər: "Xocalı igidləri 4 aylıq blokada zamanı dincəlmədilər. Bəzi döyüşçülər paltarlarını aylarla əyinlərindən çıxarmadılar. Milli Qəhrəman, Xocalı hava limanının komendantı Əlif Hacıyev, Xocalı özünümüdafiə batalyonunun komandiri Tofiq Hüseynov, Xocalı İcra Hakimiyyətinin başçısı Elman Məmmədovun o günlərdəki fədakarlığı danılmazdır. Bakıdan Milli Qəhrəman Aqil Quliyevin başçılığı altında gələn 21 nəfərlik dəstə də şəhərin müdafiəsində çox kömək göstərib. Faciə günü Xocalıya tanklar girmişdi, dörd tərəfi mühasirəyə alınmış şəhərə dörd tərəfdən od yağırdı. Tankın qarşısına avtomatla çıxmaq olardımı?! Blokadaya düşəndən şəhərin işıqları da kəsilmişdi. Xocalı rabitə qovşağının rəisi Cavid Əliyev ev-ev gəzib yanacaq axtarırdı".

D.Ağayeva faciə gecəsini belə xatırlayır: "Həmin gün ümid edirdik ki, atışma sakitləşəcək, yenə gizləndiyimiz zirzəmilərdən evə qayıdacağıq. Amma əksi baş verdi, qaçmağa məcbur olduq. Şəhərdən çıxan əhali Qarqarçayın sahilinə gəldi. Təsəvvür edin, camaat qardan suya girir, sudan çıxır, yenə qar... Uşaqların çoxu donub meşədə qaldı, bəzilərinin qorxudan, həyəcandan ürəyi partlayıb öldü. Şaxtaya düşənlərin əksəriyyətinin ayaqlarını don vurdu. Əhali qadınlı-uşaqlı Qarqarçayı keçib meşəyə, oradansa Ağdam istiqamətinə qaçırdı. Çoxu azıb, erməni kəndlərinə getdi, elə orada da əsir düşdülər. Bir hissəsisə Qaraqaya istiqamətində irəliləməyə başladı. Səhər, təxminən 7-8 radələrində ermənilər orada dinc əhalini atəşə tutdular. Uşaqdan tutmuş böyüyə kimsəni sağ buraxmaq fikirləri yox idi. Sağ ayağımdan yaralandım, qardaşım Elşadla birgə girov götürüldük. Qardaşım da yaralanmışdı. Bizi Əsgəran polis bölməsinin "KPZ"sinə apardılar. Elə bilirdim, təkcə biz girov düşmüşük. Ancaq 50-60 qadını, uşağı görəndə dəhşətə gəldim. O zamankı hakimiyyətin günahı üzündən bu faciə başımıza gəldi.

"Yolda tökülən patronları çantama yığmışdım ki, lazım olar"

Kişiləri qadınlardan ayırdılar. Nəyimiz vardısa, aldılar. Əlimdə çantam vardı. Yolda tökülən patronları yığmışdım ki, lazım olar. Patronları tapanda ovuclayıb üzümə çırpdılar ki, döyüşçüsən. Elə həmin andan təhqir, şiddət bir-birinə qarışdı. İnsanı nə qədər döyərlər?! Qadına, uşağa əl qaldırarlarmı?! Biz azərbaycanlılar ermənini əsir götürsək, elə etmərik, axı".

"8 gün mənimçün 80 ilə bərabər oldu"

D.Ağayevanın sözlərinə görə, düşmən benzin, yanacaq əldə etmək üçün bir gün sonra qadınları azad etməyə məcbur olub: "50-60 qadını, uşağı benzinə, çörəyə, siqaretə dəyişdilər, qaldım tək. 60-70 kişinin içində qadın bir mən qalmışdım. Orada qalmağımın səbəbi qardaşımidi. Demişdilər ki, anan, qardaşların ölüb, heç kim qalmayıb ailənizdən. 20 yaşım vardı, düşündüm, tək neyləyəcəm, kimə sığınacam. Qardaşımsız gəlməyəcəyimə qərar verdim. Ona görə 8 gün girov qaldım. Kameradakı qadınlar azad ediləndən sonra bizi hər gün döyür, təhqir edirdilər. O 8 gün mənimçün 80 ilə bərabər oldu. Hər gün dubinka, avtomat qundağı, zəncir, taxtayla döyülürdüm. Ölüb, ölümdən döndüm orada.

Karo adlı Əsgəran ermənisi vardı. Məni 4-5 saat buz kimi suda saxlayandan sonra başladı zəncirlə döyməyə. Dəfələrlə əl-ayağımı bağlayıb, dubinkayla döyüblər. Rabitəçi olduğumu öyrənmişdilər, buna görə lap ağır işgəncə verirdilər. Dözə bilmirdim, ağlayıb-qışqırırdım.

"O kişilərin qışqırtısı yadıma düşəndə az qalır, bağrım çatlaya..."

Müharibə təzə başlayanda Əsgərandan keçən maşınlarımızı daşa tuturdular. Bizim uşaqlar da onların maşınlarına daş atmışdılar. Karonun alnında çapıq vardı. Göstərirdi ki, Xocalının, Xocalı uşaqlarının yadigarıdır. Qisasını əsir döyüşçüləri döymək, incitmək, öldürməklə alırdı. İnanın, o kişilərin qışqırtısı yadıma düşəndə az qalır, bağrım çatlaya. İnsana o qədər zülm verərlərmi?! Məni o qədər döyürdülər... Əl-qolumu dişləyirdim ki, qışqırmayım, yan kameradakı kişilər səsimi eşitməsinlər.

"Məni ölmüş bilib, zibilliyə atmışdılar"

Növbəti dəfə 6-7 nəfər "rabitəçi olmusan, xəbər vermisən" deyib məni bərk döydülər. Əllərimi qapının arasına qoyub sıxandan sonra yenə döydülər, huşumu itirdim. Məni ölmüş bilib, zibilliyə atmışdılar. Saatlar sonra özümə gəldim. Gözlərimi aça bilmirdim, kirpiklərim buz bağlamışdı. Barmağımı ağzıma salıb öyüdüm, neçə saat əlləşəndən sonra ağzımın suyuyla gözlərimi birtəhər aça bildim. Donmuşdum. Qalan gücümü toplayıb səs elədim. Qoca bir kişi gəldi, saçımdan tutub, məni 10-15 metr, kameraya qədər sürüdü. Bədənimə şüşə qırıqları batmışdı. Güc-bəlayla təmizlədim. Özləri də mat qalmışdılar ki, necə oldu, dirildi bu qız?

Güc-bəla ayağa qalxmaq istəyəndə imkan vermirdilər. Heç halım da yoxdu. Ancaq sürünür, iməkləyirdim. İşgəncələrdən əlavə, hədə-qorxu da gəlirdilər. Deyirdilər, səni Ermənistana, Yerevana aparacağıq, böyrəklərini çıxaracağıq. Bəlkə də hədə-qorxu deyildi, planları bu idi. Amma biz tərəfdən Milli Qəhrəman Allahverdi Bağırov, erməni tərəfdən Vitaliy Balasanyan danışıqlar apararaq əsirləri dəyişirdilər.

"Balasanyana dedim, "qardaşımsız getməyəcəm"

Balasanyan deyəndə, səni buraxırıq, bildirdim ki, qardaşımsız getməyəcəm: "O qədər işgəncə verdiniz, həyatımı məhv etdiniz, barı qardaşımı qaytarın". Balasanyan nə fikirləşdisə, dedi, ölümdən qayıtdın, sənə çox işgəncə verdilər. Bu dözümlülüyünə görə qardaşını buraxacam. Bir gün sonra bizi azad etdilər.

8 gün ərzində mənə, yaralı qardaşıma tibbi yardım göstərilmədi. Bircə dəfə rus həkim girovları yoxlayanda yaramıza spirt tökmüşdü, vəssalam. Yəni hətta ruslar da onların vəhşiliyini görəndə dəhşətə gəlirdilər. Amma fikirləşmirdilər ki, müharibənin başlanğıcını elə özləri qoyublar, qırğında da onlara kömək etdilər. Erməninin nəyi vardı?! Yeməyə çörək tapmırdılar, qaldı ki texnikaları ola. 366-cı alayın dəstəyilə Xocalını işğal etdilər. 1988-ci ilin sentyabrında ermənilər Xankəndidən Xocalıya hücum çəkəndə xocalılılar bellə, yabayla, ov tüfəngiylə onları geri oturtmuşdular. O günlərdə məni bir neçə dəfə Xankəndiyə aparıb-gətirdilər. 366-cı alayın texnikasını onda gördüm. Tankları, BTR-ləri, topları vardı. Xankəndidə texnikadan yer yox idi. Deyirdilər ki, orda Almaniyadan, Amerikadan, Fransadan hərbçilər var. Hələ ərəblər, farslar, Suriyadan gəlmiş ermənilər..."

Həmsöhbətimiz hər vəchlə çalışır ki, Qarabağ həqiqətlərini insanlara çatdırsın, dünyaya səs salsın. Müxtəlif ölkələrə səfərlər edir, Azərbaycanın haqq səsini eşitdirməyə çalışır. "Erməni zindanında səkkiz gün" kitabı da elə Türkiyədə işıq üzü görüb.

Qızına həmin kitabı oxumağa icazə vermir: "Cəmi 15 yaşı var, bir dəfə gördüm ki, açıb oxumaq istəyir. İcazə vermədim. İzah etdim ki, hələ kiçikdi, psixologiyası pozula bilər. 18 yaşı tamam olandan sonra oxuya biləcəyini demişəm".

Dürdanə Ağayeva çəkdiyi bütün ağrı-acıya, gördüyü işgəncələrə, şahid olduğu vəhşiliklərə rəğmən sabaha ümidlə baxır. İnanır ki, tezliklə Xocalı da daxil olmaqla Azərbaycanın bütün torpaqları işğaldan azad olunacaq.

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir

 





06.03.2018    çap et  çap et