525.Az

Məhkumlar “Dolu”nun həyəcanını yaşadı- Fotolar


 

Məhkumlar “Dolu”nun həyəcanını  yaşadı-<b style="color:red"> Fotolar</b>

Mirsaleh Seyidov: “Bugünün dustağı, sabahın azad vətəndaşıdı. O, bilməlidir ki, bu torpaq hamımızındı, uğurunda canımızdan keçməyə hazırıq”

Aqil Abbas: “Heç kim bura düşməkdən sığortalanmayıb, ama düzgün yaşamaqla özünüzün azadlığınızı sığortalaya bilərsiz”

Yazıçı Aqil Abbasın “Dolu” romanının motivləri əsasında ssenarisini yazdığı və rejjissoru Elxan Cəfərov olan “Dolu” filmi bu dəfə məhkumlar üçün göstərildi.

Filmin yaradıcı heyətini Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı islah əmək müəssisəsinin rəisi ədliyyə polkovnik leytenantı Mirsaleh Seyidov qarşıladı. Çay süfrəsi arxasında səmimi fikir mübadiləsi aparıldı. Penitensiar Xidmətin mətbuat katibi, ədliyyə polkovniki Mehman Sadıqovun da iştirak etdiyi görüşdəmüəssisənin rəisi həbsxanadakı şəraitlə bağlı qonaqların suallarına ətraflı cavab verdi. Dustaqlarla belə görüşlərin vacibliyini bildirdi. “Dolu”nun ssenari müəllifi, millət vəkili Aqil Abbas isə mədəni hadisələrin insan psixologiyasına müsbət təsirindən söz açaraq qeyd etdi ki, növbəti dəfə məhkumlarla görüşə gələrkən özünün və həmkarlarının kitablarını da müəssisəyə hədiyyə edəcək.

Öz növbəsində Mehman Sadıqov da son illər Penitensiar Xidmətin sürətlə inkişaf etməsindən danışdı.  Qeyd etdi ki, məhkumların saxlanma şəraitindən tutmuş, rəis heyətinin onlarla və cəza çəkənlərin bir-biri ilə münasibtlərinə qədər hər şey köklü olaraq müsbətə doğru dəyişib. Filmin nümayişi müəssisənin səliqə-səhmanı və genişliyi ilə diqqət çəkən klubunda baş tutdu. Öncə rəis Mirsaleh Seyidov çıxış edərək filmin məzmunu barədə vacib izahatlar verdi.  O, bildirdi ki, “Dolu” erməni qəsbkarlarına qarşı Azərbaycan əsgərinin necə şücaətlə döyüşməsini özündə əks etdirir: “Bu filmə tamaşa edən hər kəs bir daha əmin olur ki, Azərbaycan ordusu mütləq torapqlarını işğaldan azad edəcək. Müharibə olacağı təqdirdə hamımız orada çiyin-çiyinə vuruşacağıq. Filmdə məhkumlarla bağlı da çox təsirli səhnələr var. Başda hörmətli millət vəkilimiz Aqil Abbas olmaqla, bu filmi yaradanlara, rejissor Elxan Cəfərova, operatorlara, aktyorlara minnətdarlıq edirəm. “Dolu”nun məhkumlar üçün göstərilməsi təşşəbbüsü ilə çıxış edənlərə də təşşəkkürümü çatdırıram. Bugünün dustağı, sabahın azad vətəndaşıdır. O, bilməlidir ki, bu torpaq hamımızındı, uğurunda canımızdan keçməyə hazırıq”.

Tədbirdə filmin sseanari müəllifi Aqil Abbasın çıxışı  isə alqışlarla qarşılandı.  Çıxışına məhkumlara xitabən “heç kim bura düşməkdən sığortalanmayıb, ama düzgün yaşamaqla özünüzün azadlığınızı sığortalaya bilərsiz” cümləsi ilə başlayan Aqil Abbas insanların bir-birini islah etməsinin mümkünlüyündən söz açdı: “Məşhur yazıçı Anton Makarenko məhkumların psixologiyasını dərindən bilən yazıçı idi. O, deyirdi ki, müxtəlif cinayətlər edən insanları bir kamerada saxlamaq lazımdı. Məsələn, adam öldürənlə oğurluq edən bir yerdə olsa, biri qətlin, o biri isə oğurluğun düzgün olmadığını izah etməyə çalışacaq, əsaslandıracaq. Nəticədə məlum olacaq ki, hər ikisi düzgün deyil. İndi baxacağınız filmdə məhkumların həyatı əks olunub. Romanda bu barədə daha geniş yazmışam. O kitabı sizlərə hədiyyə edəcəm, oxuyub görəcəksiz ki, məhkumlar vətən üçün canlarını qurban verirlər. Filmin qəhrəmanı –Komandir də məhkumluq həyatı yaşamış adamdı. Biz bütün bunlarla göstərməyə çalışmışıq ki, hər hansı əməlinizə görə cəzaya məhkum olunmağınız sizi həyat sevgisindən uzaqlaşdırmasın. Həmişə azadlığınızı düşünün, azadlığa qovuşmaq üçün islah əmək müəssisəsində sakit həyat keçirin. Daha heç vaxt rəislərin məhkumları incitməsi kimi hadisələr baş verə bilməz. İndi hər yerdə demokratiyadı. Dövlətimizə və onun prezidenti cənab İlham Əliyevin hümanistliyinə inanın. Heydər Əliyev Fondunun prezidenti, millət vəkli, hörmətli Mehriban xanım Əliyeva artıq neçənci dəfədir ki, Milli Məclisdə amnistiya təşəbbüsü ilə çıxış edir və qanun qəbul olunur. Əmin olun ki, o hümanist aktlar sizin hər birinizə şamil olunacaq”.

Aqil Abbas görüşdə iştirak edən yaradıcı heyəti – quruluşçu regissor Elxan Cəfərovu, rejissor Əliqulu Səmədovu,  quruluşçu operator Nadir Mehdiyevi, komandir rolunun ifaçısı, əməkdar artist Məmməd Səfanı, kaskadyor Əlini tamaşaçılara təqdim edəndən sonra filmin nümayişi başladı. Filmə olduqca diqqətlə tamaşa edən məhkumlar final səhnəsi – qəhrəmanların birlikdə işğal olunmuş torpaqlarımıza doğru addımlaması kadrı sona çatana qədər görüntünü alqışlarla müşayət etdilər.

Sonda Aqil Abbas onlarla tez-tez görüşə gələcəyinə  söz verdi.

 





25.06.2013    çap et  çap et