525.Az

Azərbaycan siyasi mühacirətinin ilk böyük itkisi - Xalq Cümhuriyyəti-100


 

YAXUD PARİSDƏ DƏFN

Azərbaycan siyasi mühacirətinin ilk böyük itkisi - <b style="color:red">Xalq Cümhuriyyəti-100</b>

75 il bundan əvvəl, 1934-cü il noyabrın 5-də Paris ətrafındakı ucqar Sent Klu rayonunda, özünün kasıb, sadə mənzilində XX əsr Azərbaycan tarixinin ən görkəmli şəxsiyyətlərindən biri Əlimərdan bəy Topçubaşov (1863-1934) dünyaya gözlərini yummuşdu.

Azadlığına qovuşmuş vətənində, qurucularından biri olduğu müstəqil Azərbaycan Cümhuriyyətində o, cəmisi üç aya yaxın yaşaya bilmişdi. 1918-ci il avqustun 23-də dövlətinin Fövqəladə və Səlahiyyətli naziri kimi müvəqqəti paytaxt Gəncədən İstanbula, oradan isə Parisə yollanmış, dünyanın yeni siyasi xəritəsini cızan Versal sülh konfransında Azərbaycan nümayəndə heyətinin fəaliyyətinə rəhbərlik etmişdi.  Birinci Respublikanın  sülh konfransının Ali Şurası  tərəfindən de-fakto tanınması və beynəlxalq hüququn subyektinə çevrilməsində şəxsən Ə.Topçubaşovun və rəhbərlik etdiyi nümayəndə heyətinin müstəsna xidməti vardı. Onlar Azərbaycan adlı dövlətin fiziki və siyasi mövcudluğunu fakta çevirdilər. Dünyanın həmin faktı tanıması, qəbul etməsi yolunda ilk və mühüm addım atdılar. Bu, artıq elə bir reallıq idi ki, işğalçılıq iştahalarının intəhasızlığına baxmayaraq, bolşeviklər də onunla barışmalı oldular. Cümhuriyyətin sərhədlərini qayçılasalar da, bu coğrafiyada Azərbaycan SSR yaratmaq məcburiyyətində qaldılar.

Cümhuriyyətin süqutundan sonra Fransa paytaxtında maddi və mənəvi sıxıntılarla dolu siyasi mühacir həyatı keçirdiyi sonrakı 14 il ərzində də Əlimərdan bəyin bütün qayəsi, məqsəd və məramı öz ölkəsinin tapdanmış haqlarının bərpa edilməsi, yenidən  azadlıq və müstəqilliyə qovuşması olmuşdu.

Yalnız Azərbaycanın deyil, Qafqaz regionunun, bütünlükdə türk-müsəlman dünyasının görkəmli siyasi liderlərindən biri kimi tanınan Ə.Topçubaşovun vəfatı və dəfni müxtəlif ölkələrdə, müxtəlif dillərdə çıxan mühacir mətbuatında geniş işıqlandırılmışdı. Xüsusən onun Fransa paytaxtındakı izdihamlı dəfn mərasimi mühüm ciddi manifestasiyaya, Azərbaycan xalqının siyasi iradəsinin və əyilməzliyinin  nümayişinə çevrilmişdi.  Qafqaz mühacirətinin Parisdə  fransız dilində nəşr olunan “Prometey” dərgisi ilə bir sırada Varşavada türk-Azərbaycan və rus dillərində çıxan “Şimali Kafkasya-Severnıy Kavkaz”  jurnalı da 1934-cü il noyabr sayının böyük bir hissəsini Əlimərdan bəy Topçubaşova, onun həyatına, mübarizəsinə, bir çox mühacir təşkilatları və liderlərinin iştirakı ilə keçirilən izdihamlı dəfn mərasiminə həsr etmişdi. Hər iki jurnalın noyabr sayının üz qabığında azərbaycanlı siyasi xadimin portretinin yerləşdirməsi də ayrıca qeyd olunmalıdır.

Aşağıda “Şimali Kafkasya -Severnıy Kavkaz”da dərc olunan və əsas etibarı ilə 1934-cü il noyabrın 8-də Əlimərdan bəyin Parisin Sent Klu qəbristanlığında  dəfn mərasimini, məzarı başında söylənmiş vida nitqlərini, həyat yolu ilə bağlı bioqrafik səciyyəli yazılardan ibarət materialları rus dilindən tərcümədə “525-ci qəzet”in oxucularına təqdim edirəm. Jurnalda Azərbaycan türkcəsindəki “Əli Mərdan bəy Topçubaşi” adlı nekroloq olduğu kimi verilmişdir. 

Ə.M.Topçubaşovun ölümü münasibəti ilə 

Uzun sürən əzablı xəstəlikdən sonra biz Əlimərdan bəyi itirdik. Onun ölümü ilə təkcə Azərbaycanın deyil, bütün müsəlman Yaxın Şərqinin siyasi xadimləri arasında  ən böyük şəxsiyyətlərdən biri əbədiyyətə qovuşdu.

Bu alovlu və nəcib vətənpərvərin həyatı xalqa xidmətə sərf olunmuşdu. Azərbaycanın, Rusiya müsəlman əhalisi tarixinin müxtəlif dönüş nöqtələrində, həmişə və hər yerdə Əlimərdan bəy  öncül mövqedə dayanmışdı.

O, Rusiya müsəlmanlarının bütün qurultaylarının iştirakçısı və sədri olmuş, I Dövlət Dumasına üzv seçilmişdi. Vıborq Bəyannaməsini imzaladığına görə həbs cəzasına məhkum edilmişdi.

Azərbaycan milli partiyasının rəhbəri və Versal Sülh konfransında Azərbaycan Nümayəndə heyətinin sədri kimi özünün bütün bacarıq və enerjisini Vətənin taleyinə laqeyd qalmaq istəməyənlərin səfərbər olunmasına yönəltmişdi.

Bu möhtəşəm və möhtərəm insanın adı və xatirəsi tanıyanların hamısının yaddaşında əbədi yaşayacaq, onu həmişə xoş hisslərlə yad edəcəklər. Onunla ünsiyyətdə olanlar Əlimərdan bəyin işıqlı zəkasını, xeyirxahlığını, atəşin vətənpərvərliyini, səmimiyyət və qüdrətini heç zaman unutmayacaqlar.

Azərbaycanın  böyük oğlunun fəaliyyəti, Vətən qarşısındakı zəhmətləri barədə ayrıca danışmağa ehtiyac var. Əlimərdan bəydən söz açmaq-Rusiya müsəlmanları və Azərbaycan haqda, son 50 ildə bu ölkənin digər Qafqaz xalqları ilə əməkdaşlığı haqda danışmaq deməkdir. Əlimərdan bəyin siyasi fəaliyyəti tariximizin böyük bir dövrünü əhatə edir. Həmin dövr çərçivəsində isə onun şəxsiyyəti çox mühüm yer tutur. XIX əsrin sonu Azərbaycan tarixinin ən uğursuz dövrlərindən biridir. Çarizm rejiminin doğurduğu bədbin əhvali-ruhiyyə, aramsız təqib və təzyiqlər xalqda azadlıq və xoşbəxt gələcəklə bağlı bütün ümidləri öldürmüşdü. Siyasi həyat sükunətə qərq olmuşdu. Çar Rusiyasının işğalından sonra ölkə sanki məzarlığı xatırladırdı. Gözlənilmədən bu sükuta dalmış vulkanın dərinliklərində  hərəkət başlandı. Öz çağırışı ilə yatmış aləmi oyadan, çalxalandıran, hərəkətə gətirən şəxsiyyət meydana çıxdı. Onun xalq sevgisi, enerjisi və vətənpərvərlik ruhu milli hərəkata təkan verdi. Milli ideologiya uğrunda mübarizə aparan cəmiyyətin formalaşması prosesi başlandı. Lakin bu şəxsiyyət təkcə mənsub olduğu millət haqqında düşünmürdü, digərlərinin də maraq və mənafelərini müdafiə edirdi. “Özün yaşa, başqalarına da yaşamağa imkan ver!”- Əlimərdan bəyin şüarı belə idi. O, həmişə Qafqaz xalqları arasında qarşılıqlı anlaşma mühiti yaratmağa səy göstərirdi. Bilirdi ki, Qafqazın digər xalqları ilə yaxınlıq mənsub olduğu millətə də yararlıdır. Ona görə var gücü ilə çalışır, meydana çıxan anlaşılmazlıqları aradan qaldırmaq üçün qüvvə və enerjisini sərf edirdi.

Əlimərdan bəyin dəfn günü müxtəlif Qafqaz millətlərindən olan natiqlər Qafqaz xaqları ittifaqının yaranmasında onun fəaliyyətinin əhəmiyyətini qeyd etdilər.

Mərhumun son vəsiyyətlərini xatırlayarkən vurğulamaq lazımdır ki, o, ilk növbədə Qafqazı azad və müstəqil görmək istəyirdi. Qonşularımız dəfn günü Qafqaz Konfederasiyası Paktının imzalanmasına imkan yaradan şəraiti, Əlimərdan bəyin bölgənin vəhdəti uğrunda göstərdiyi səyləri yada saldılar. Həqiqətən də onun son gördüyü iş-Qafqaz xalqlarının birliyi paktının imzalanması idi. Zamanı yalnız buna çatdı. İmzalanmadan sonra özünün ən böyük arzusuna yetişmiş insan kimi gözlərini fani dünyaya həmişəlik qapadı. Əslində isə bu  son iş millətlərin azadlıq yolundakı mübarizəsinin yeni  başlanğıcı idi. 

Əlimərdan bəy Topçubaşovun dəfni 

Azərbaycan Parlamentinin keçmiş sədri, Paris sülh konfransında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Milli Şurasının üzvü, Azərbaycanın Konstantinopoldakı keçmiş Fövqəladə və Səlahiyyətli naziri Əlimərdan bəy Topçubaşovun dəfn mərasimi noyabrın 8-də keçirilmişdir. Cənazə Paris məscidinin imamı Seyid Əli Yəhyayinin oxuduğu dualarla yerdən qaldırılmışdır. Mərhum Sent Klu qəbristanlığında, çoxsaylı yaxınlarının və dostlarının iştirakı ilə torpağa tapşırılmışdır. Cənazə mərasiminin önündə mərhumun oğulları-Ələkbər bəy və Ənvər bəy Topçubaşov, dul qadını Pəri xanım Topçubaşova (Məlik-Zərdabi), qızları Sara xanım Sultanoğlu və Sevər xanım Topçubaşova, onların ardınca isə Azərbaycan Nümayəndə heyətinin və Azərbaycan Milli Şurasının üzvləri gedirdilər. Azərbaycan ənənəsinə uyğun olaraq mərhumun nəşi qoyulmuş və güllərlə bəzədilmiş mafə oğullarının və yaxın adamlarının çiyinlərində evdən çıxarılaraq qəbristanlığa gətirilmişdi. Burada isə Əlimərdan bəyin nəşi dostları və yaxınları tərəfindən mollanın oxuduğu Quran ayələrinin sədaları altında torpağa tapşırılmışdı. Mərhumun qohumları və yaxınları təzə qəbrin üzərinə çiçək dəstələri düzmüşlər. Əlimərdan bəyin ruhuna dua oxunandan sonra nitqlər söylənmişdir. Onun doğmaları, dostları, həmvətənlər, azərbaycanlılar və Azərbaycan milli təşkilatları adından cənab Məhəmməd Əmin Rəsulzadə, gürcü xalqı, Gürcüstan dövləti və gürcü milli təşkilatları adından cənab Akaki Çxenkeli, Qafqaz Dağlılarının Xalq Partiyası adından cənab Tausultan Çakman, Ukrayna milli təşkilatları adından cənab Venseslav Prokopoviç,  Türküstan milli ittifaqı və “Gənc Türküstan” jurnalının redaksiyası adından cənab Mustafa Çokayoğlu, Ermənistan Nümayəndə heyəti adından cənab Aleksandr Xatisyan, kazak və kalmıkların milli təşkilatı adından Şamba Balinov nitq söyləmişlər.

Müxtəlif milli təşkilatların və Azərbaycan icmasının nümayəndələri dəfn mərasiminə qatılmışlar.

Ukrayna dərnəyinin sədri, nazir Qabriel Ferrand, Fransa-Şərq komitəsinin qurucusu Abdon-Besson, Beynəlxalq Antibolşevik komitəsi sədrinin müavini T.Krivez, cənab Repike və xanımı, xanım Vozen, cənab Məmməd Girey Sunç, cənab Tausultan Çakman və xanımı, cənab İbrahim Çulik, Qafqaz Dağlıları Xalq Partiyasının Mərkəzi Komitə üzvləri knyaz Bekoviç-Çerkasski, general Ediq Xandoq, doktor Çakov, cənab Çermoev və xanımı; Gürcüstanın keçmiş prezidenti cənab M.N.Jordaniya, səlahiyyətli nazir A.Çxenkeli və xanımı, keçmiş xarici işlər naziri cənab E.Gegeçkori, keçmiş maliyyə naziri cənab M.Kandelaki, general Kvintadze və xanımı, Gürcüstan Paris Ofisinin rəhbəri cənab Asatiani, knyaz Vaçnadze,  Gürcüstanın Konstantinopoldakı keçmiş səfiri cənab Q. Qvazava, Parisdəki gürcü icmasının rəhbəri cənab Abduçelli və xanımı, knyaz və knyaginya  Dadianilər, keçmiş deputatlar cənab Dobedçiya və cənab Mqeladze; Ermənistan nümayəndə heyətinin sədri cənab A.Xatisyan, Ermənistanın keçmiş naziri cənab Vratizyan, xanım Minkeviç, cənab Cançiev, cənab Avnamatov; “Gənc Türküstan” jurnalının redaktoru cənab Mustafa Çokayoğlu, Ukrayna Nazirlər Şurasının sədri cənab Prokopoviç və xanımı, Ukrayna hökumətinin naziri cənab Kuliqin və xanımı, knyaz və knyaginya Tokarilər, Fransadakı Ukrayna Federasiyasının baş katibi cənab Nikityuk və xanımı,  Keçmiş Ukrayna Döyüşçüləri İttifaqının sədri general Udovitçenko və baş katib  cənab Kovalski, Fransadakı Ukrayna missiyasının sədri cənab Kosçenko və katibi cənab Latotski, Parisdəki Ukrayna icmasının rəhbəri cənab Yeremeyev; Kalmık qəzetinin baş redaktoru və Kalmık Komitəsinin sədri cənab Balinov, “Azad kazaklar” qəzetinin baş redaktoru cənab Bilgi, Kazak Dirçəlişi Liqasının sədri cənab Karev və başqaları mərasim iştirakçıları sırasında idilər.                                

Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin nitqi 

Xanımlar və cənablar!

Bu gün millətimizin yetirdiyi ən böyük şəxsiyyətlərdən birinə “Əlvida!” deyirik. Parlamentimizin ilk sədrini, Azərbaycan Nümayəndə heyətinin möhtərəm  başçısını Fransa torpağına əmanət veririk. Təəssüf ki, biz onu ana vətənində dəfn edə bilmirik.

Yalnız Parlament sədri, Nümayəndə heyətinin rəhbəri, Milli Şura üzvü kimi vəzifələrinin sadalanması onun bütün xidmətlərini əhatə etmək anlamına gəlməməlidir. Millətin rifahı və tərəqqisi naminə Əlimərdan bəyin çəkdiyi zəhmətlərin sözlə ifadəsi imkan xaricindədir. O, başdan-başa zəhmətlə dolu 64 illik (yanlışlığa yol verilib, əslində, Ə.M.Topçubaş 71 yaşında vəfat etmişdi-V.Q.) ömür yaşadı. Və bu ömrün 50 ili millətə xidmətə, siyasi və ictimai ideyalara həsr olundu. 50 il! Həyatının tam yarısı! (mətndə belə getmişdir. Çox ehtimal ki, natiq “Tam yarım əsr!”- ifadəsini işlədib, sadəcə rus dilinə tərcümədə fikri təhrif olunub-V.Q.). Bu-bütöv bir dövrdür. Bəli! Biz Əlimərdan bəyin şəxsində bütöv bir epoxanın təcəssümünü itirdik. İctimai və siyasi həyatımızda özündə bütöv bir nəslin mübarizəsini birləşdirən şəxsiyyəti qeyb elədik.

Əlimərdan bəy siyasi və ictimai sahədə fəaliyyətə başlayanda hər şey demək olar ki, tükdən asılı vəziyyətdə idi. Lakin hətta belə təhlükəli anda da Rusiya türkləri və müsəlmanları çəkdiyi zəhmətlər sonda öz layiqli bəhrəsini verən bir şəxsiyyət tərəfindən istiqamətləndirilirdilər.

O, hüquqşünas idi. Bütün həyatını millətin hüquqlarının qorunmasına həsr etmişdi. O, Rusiya türklərinin, xüsusən də Azərbaycanın siyasi həyatında görünəndə milli inkişaf tarixində yeni dövr başlanırdı. Mirzə Fətəli Axundzadə, Həsən bəy Məlik-Zərdabi, İsmayıl bəy Qasprinski kimi şəxsiyyətlərin beşiyi başında dayandıqları milli hərəkat ciddi inkişaf yolu keçərək siyasi hüquqlar uğrunda mübarizəyə çevrilirdi. Əlimərdan bəy bütün istedad və qabiliyyətini sözləri, əməlləri və tükənməz enerjisi ilə xalqın siyasi hüquqlarının müdafiəsinə yönəltdi. O, həyatının son dəqiqəsinə qədər xalqının, millətinin maraqlarının səmimi və yorulmaz müdafiəçisi olaraq qaldı. 1905-ci ildə, müsəlmanların ilk qurultayına rəhbərlik etdiyi dövrdə Əlimərdan bəy artıq “İttifaqi-müslimin” siyasi partiyasının lideri və Dövlət Dumasındakı Müsəlman fraksiyasının sədri idi (Çıxışın mətnində belədir - V.Q.). Milli mənafe uğrunda mübarizə yolunda o, Vıborq Bəyannaməsini imzalamaqdan da çəkinmədi, bu yolda hətta məhbəsə düşdü, siyasi hüquqları əlindən alındı.

Burada biz sadəcə onun ictimai-siyasi həyatının ən vacib məqamlarına toxunuruq. Çünki mərhumun bütün xidmətlərini sadalamaq imkan xaricindədir. Onun  həyatı başdan-başa milli maraqlara xidmətdən ibarət idi. Məhz o, “Kaspi” qəzetinin redaktoru oldu,  “Həyat” qəzetinin yaradılmasında yaxından iştirak etdi.

Zaman yetişdi. Çarizm süquta uğradı. Milli hərəkat geniş vüsət aldı. Azərbaycan xalqı itirilmiş siyasi hüquqlarını özünə qaytardı. Tədricən yeni həyatın bünövrəsi qoyuldu. Milli müstəqillik elan olundu, milli hökumət yaradıldı. İndi artıq beynəlxalq güclər qarşısında bu milli müstəqilliyi müdafiə etmək lazım idi.

Kim Azərbaycanın maraqlarının müdafiəçisi ola bilərdi? Bütün nəzərlər Əlimərdan bəyə zillənmişdi. Milli maraqların müdafiəsi həqiqi vətənpərvərin əlində idi. Lakin həmin dövrdə tam müstəqilliyə nail olmaq qeyri-mümkün idi. Bunun səbəblərini hamımız yaxşı bilirik. Əgər həmin o çətin anda Qafqaz dövlətləri birləşə bilsəydilər, qələbə bizimlə olardı. Hər birimiz ayrılıqda azadlıq uğrunda bunca qurbanlar verməzdik. Sürgünlərə göndərilməzdik, Ana Vətənin çəkdiyi əzab və iztirablara baxıb ürəklərimiz şan-şan olmazdı!

Əlimərdan bəy bir-birlərini müdafiə etmədikləri təqdirdə Qafqazın Azərbaycan, Gürcüstan, Şimali Qafqaz və Ermənistan kimi ölkələrinin asanlıqla pərakəndə salınacaqlarını, milli istiqlallarını qoruya bilməyəcəklərini yaxşı başa düşən siyasətçilərindən idi. O, Qafqaz birliyi ideyasına  böyük önəm verirdi. Hələ 1914-cü ildə, gürcü şairi Akaki Seretelinin dəfn mərasimində söylədiyi nitqdə  həmin ciddi mətləbə toxunmuşdu. Gürcü şairinin məzarı başında dediyi sözlər uzun müddət Qafqaz mətbuatının gündəliyində qalmışdı. “Özün yaşa və başqalarına da yaşamağa imkan ver!” - böyük vətənpərvərin dönmədən əməl etdiyi həyat prinsipi belə idi.

Daha sonra İstanbulda, Mudros anlaşması günlərində, Azərbaycan Nümayəndə heyətinə rəhbərlik etdiyi dövrdə o, zəngin məzmuna malik kiçik broşüra hazırlamışdı. Əlimərdan bəy burada da Qafqazın problemlərindən söz açmış, xalqlar arasındakı müttəfiqliyi alqışlayan müdrik Azərbaycan siyasətçisi kimi böyük ağıl və uzaqgörənlik nümayiş etdirmişdi.

Tale ona Vətənə dönmək imkanı verməsə də, gələcək azadlığın yollarını göstərmişdi. Azərbaycanın qanuni təmsilçisi olan Əlimərdan bəy sonda  istəyinə nail oldu. O, Qafqaz Konfederasiyası Paktına imza atdı. Bu sənədin imzalanmasından və yayılmasından böyük mənəvi zövq duydu. Onun gözləri önündə gələcəyə-ittifaq münasibətlərinə doğru addımlayan Qafqaz canlandı. Mən həmin anlarda mərhumun keçirdiyi sevinc və məmnunluq hissinin şahidi olmuşam. Lakin təəssüf ki, ağır xəstəlik başlanan işi  sona çatdırmağa imkan vermədi.

O, həyatının son anına qədər hər şeylə maraqlanır və  Qafqazla bağlı bütün məsələlər haqqında ətraflı məlumat əldə etmək istəyirdi. Daim ümumi maraq və mənafelər naminə yaşayırdı. Onun simasında Qafqaz federalistləri xalq mənafeyinin ən güclü müdafiəçisini itirdilər.

Mənim əziz həmvətənlərim! Biz azərbaycanlılar Əlimərdan bəyi, zəmanəmizin böyük nümayəndəsini, böyük dövlət xadimini, hamının hörmət bəslədiyi şəxsiyyəti, müstəqil Azərbaycanın qəhrəmanını itirmişik. Əziz qonşular, Əlimərdan bəyin vəfatı ilə özünü Qafqaz birliyi ideyasına həsr etmiş fədakar siyasətçini və insanı itirmişik. Siz, onun ailə üzvləri, atanızı, başınızın böyüyünü, çox möhtərəm bir insanı itirmisiniz. Hamımıza dərin hüznlə başsağlığı verirəm. 

Gürcüstanın Parisdəki keçmiş səfiri Akaki Çxeidzenin nitqi 

Parisin köhnə ucqarlarından biri olan Sent Kludakı bu təpə üzərində, dəmir yolundan və səs-küydən uzaq tənha guşədə Əlimərdan bəyin  yer üzərindəki mövcudluğuna kədərli şəkildə son qoyuldu.

Xalqının tərəqqisi ilə bağlı arzularının həyata keçirilməsi yolunda o, nə qədər ümidlər bəsləmişdi, nə qədər qüvvə sərf etmişdi!

Azərbaycanın ən böyük siyasi xadimlərindən birinin nəsibi tənha və kədərli mühacir həyatı olmuşdu. Mərhumun qonşuları dəfn günü onun qapısında müxtəlif dillərdə danışan çoxsaylı qələbəliyi görüb təəccüblənmişdilər. Orada azərbaycanlılar, ukraynalılar, ermənilər, Türküstan və Şimali Qafqaz sakinləri vardı. Bizim gürcülər də  az deyildilər. Əlimərdan bəylə vidalaşmağa gələnlər arasında frankofonlar, fransız cəmiyyətinin nümayəndələri də yetərincə çox idi.

Hamı Əlimərdan bəyi yalnız siyasətçi kimi deyil, həm də öz ölkəsinin dirçəldilməsi, xalqının azadlığa qovuşması naminə hər əzaba, məhrumiyyətə hazır olan fədakar insan kimi tanıyırdı. Tale onu Parisə, Azərbaycan Nümayəndə heyətinin rəhbəri vəzifəsinə gətirmişdi. Sonrakı həyatı Parislə bağlanmışdı.

Çarizm zamanında Əlimərdan bəy heç nədən qorxub çəkinməmişdi. Rusiya imperiyasındakı bütün müsəlmanların ideya rəhbəri kimi o, yalnız doğma xalqının deyil, bütün Qafqaz xalqlarının haqq işi uğrunda mübarizə aparmışdı. Qafqaz Konfederasiyası təsis edilərkən o, sona qədər əzmkarlığını və dönməzliyini qoruyub saxlamışdı. Bunun bariz nümunəsi ağır xəstə olan Əlimərdan bəyin həmin Paktı imzalamaq üçün özündə güc tapması idi. O, Qafqaz Paktını bizim üçün yeni yolun başlanğıcı sayırdı. Biz bu yolla gedəcək və həmişə Əlimərdan bəyin nəcub xatirəsini sevgi və minnətdarlıq hissi ilə yad edəcəyik.                                                                           

Ukrayna Nazirlər Şurasının keçmiş sədri Venseslav Prokopoviçin nitqi 

Biz ukraynalılar heç zaman Əlimərdan bəyin ən böyük dostlarımızdan biri olduğunu unutmamalıyıq. Hələ gənclik illərindən professor Mixail Qruşevitski (Ukrayna liderlərindən biri, Ə.Topçubaşovun gimnaziya yoldaşı-V.Q.) ilə dostlaşan Əlimərdan bəy Ukrayna milli hərəkatı haqqında geniş məlumat almış, onun ideyalarını qəbul etmiş və inanmışdı. O, qəti əmin idi ki, müstəqil Ukrayna olmadan müstəqil Qafqazın da mövcudluğu mümkün deyildir. Ona görə də Ukrayna ilə Qafqaz arasında anlaşmanın zəruriliyi üzərində daim israr edirdi. Əgər uzun müddətli tərəddüdlərdən sonra indi biz Qafqazla ümumi istiqamətdə hərəkət edə biliriksə, bunun üçün həm də Əlimərdan bəyə minnətdar olmalıyıq.

Mən Topçubaşovla vəzifə borclarımın icrası ilə əlaqədar bir yerdə olmuşam. Onunla yolüstü 1919-cu ildə İstanbulda, sonra isə Parisdə, Versal konfransındakı görüşlərimiz yaxşı yadımdadır. 1920-ci ildə biz birlikdə Millətlər Liqasında Azərbaycanın və Ukraynanın namizədliyini müdafiə edirdik. Azərbaycan, Gürcüstan və Ukraynanın bu cəmiyyətə qəbul olunmasına “yox” deyiləndə yanaşı oturmuşduq. Bu “yox” cavabı bizi ürəyimizin dərinliklərinə qədər sarsıtdı. Bəzən kədər insanı sevincdən daha çox yaxınlaşdırır və həmin anda bu yaxınlığı hiss etdik. Daha sonra, Ukrayna ilə Qafqaz arasında münasibətlər səmimi xarakter alanda, bizim nümayəndələr bir yerdə toplaşanda Əlimərdan bəylə, onun xarakteri və ideyaları ilə daha yaxından tanış olmaq imkanı qazandım.  Sadəcə deyə bilərəm ki, bu insanın böyük ağlına heyran qalmamaq mümkün deyildi.

Mühacirətdə insanlar həm maddi, həm də mənəvi çətinliklərlə üzləşirlər. Xüsusən siyasi həyatın gərgin məqamlarında uzun müddətli əziyyətlərin heçə gedəndə adamın əli işdən soyuyub yanına düşür. Lakin mən Əlimərdan bəyin yaxın dostlarından belə məqamlarda da onun qətiyyən ruhdan düşmədiyini, heç zaman şikayətlənmədiyini dönə-dönə eşitmişəm. O, taleyin bütün zərbələrinə mətanətlə sinə gərir, qəribə bir dözüm nümayiş etdirirdi. Hətta məğlubiyyət anlarında da ağlı aydın və işıqlı idi. Yaşın, xəstəliklərin, çətinliklərin psixikaya sarsıdıcı təsirinə baxmayaraq, o, həmişə güclü və dönməz qalmış,  ideyalarına sədaqətini qoruyub saxlamışdı. O, tarixə Azərbaycanın müstəqilliyi uğrunda Moskvanın zülmünə qarşı mübarizə aparan  qəhrəman şəxsiyyət kimi düşmüşdür.

Əlimərdan bəyin vəfatı bizi çox sarsıtmışdır. Ukrayna öz dərin təəssüfünü izhar edir, mərhumun ailəsinə, Azərbaycan xalqına səmimi başsağlığını çatdırır.

Böyük vətənpərvər, öz millətini ürəkdən sevən, eyni zamanda, Ukraynanın da dostu olan bir şəxs  artıq aramızda yoxdur, lakin onun əsas ideyası-öz ölkəsinin müstəqilliyi, qonşu xalqlar, habelə Ukrayna ilə əməkdaşlıq qayəsi həmişə yaşayacaqdır. Ukrayna dövlətinin başçısı adından, həmkarlarım və həmvətənlərim adından, bütün Ukrayna xalqı adından mərhumun müqəddəs ruhuna öz böyük ehtiramımı bildirir, həqiqi dost itkisindən doğan təəssüf və kədərimi burada, hamınızın qarşısında dilə gətirmək istəyirəm.  

Qafqaz Dağlıları Xalq Partiyasının nümayəndəsi Tausultan Çakmanın nitqi 

Öz vətəninin fəxri, Qafqazın  vətəndaşı və vətənpərvəri, yalnız Rusiyada deyil, bütün dünyada müsəlmanların maraq və mənafelərinin müdafiəçisi Əlimərdan bəy Topçubaşov daha sıralarımızda yoxdur.

O, bütün həyatını Vətəninin maddi və mənəvi tərəqqisinə, Qafqaz xalqlarının həmrəyliyinə həsr etmişdi.

Qırx il ərzində yorulmaq bilmədən çalışmışdı. Fəaliyyətinin nəticəsi biri-birinin ardınca siyasi mübarizədə və hüquqların əldə edilməsində qazanılan qələbələrdə özünü göstərmişdir.

1894-cü ildə (mətndə belədir, əslində, 1898-ci il olmalıdır-V.Q.) o, artıq “Kaspi” qəzetini idarə edirdi, Vətəninin mədəni və iqtisadi imkanlarını artırmaq üzərində işləyirdi, siyasi və sosial maraqların müdafiəsində uğurlar qazanırdı.

O, rus imperializminin təhrikçi, qızışdırıcı siyasətindən  əziyyət çəkən Azərbaycan və Ermənistan arasında yaxşı qonşuluq münasibətlərinin bərpa olunmasına mühüm diqqət yetirirdi.

Mərhum 1905-1906-cı illər Birinci rus inqilabı dövründə Nijni-Novqorod və Peterburq şəhərlərində toplanan Rusiya Müsəlmanları İttifaqının qurucularından və ən fəal üzvlərindən biri idi.

O, Azərbaycandan I Dövlət dumasına üzv seçilmişdi. Dumanın 26 deputatdan ibarət Müsəlman fraksiyasının işinə rəhbərlik edirdi.

Hətta Vıborq Bəyannaməsini imzaladığına görə üç aylıq həbs cəzasına məhkum olunanda da fəaliyyətini dayandırmamışdı.

O, müsəlmanların ruslar tərəfindən dini və digər sahələrdə diskriminasiya edilməsinə qarşı mübarizə aparırdı.

Böyük müharibə (Birinci Dünya müharibəsi nəzərdə tutulur-V.Q.) zamanı Əlimərdan bəy xəyanətdə suçlanan arxasız, köməksiz acarları müdafiə etməyə çalışmışdı. O, Qafqazda zemstvoların təşkili ilə məşğul olan xüsusi şuranın yaradılmasında fəal iştirak etmişdi. Əlimərdan bəy həmin şurada gürcü deputatlarla tam qarşılıqlı anlaşma şəraitində işləyir, Azərbaycan, Gürcüstan və Şimali Qafqaz birliyinin ardıcıl müdafiəçisi kimi tanınırdı.

1917-ci ilin aprelində Əlimərdan bəy Bakıda Qafqaz müsəlmanlarının qurultayına rəhbərlik etmiş, burada təkcə müsəlmanların deyil, bütün Qafqaz xalqlarının birliyi təşəbbüsünü irəli sürmüşdü.

Qafqaz müsəlmanlarının qurultayından sonra o, Tiflisə qayıtmış, Transqafqaz Komitəsinin xüsusi milli şurasının sədri olmuşdu. 1917-ci ilin mayında Əlimərdan bəy Topçubaşov Moskvada Rusiya müsəlmanlarının qurultayında Transqafqaz Komitəsinin nümayəndəsi kimi iştirak və çıxış etmişdi. O zaman Türkiyə sərhəddində çoxsaylı rus əsgərlərinin olması səbəbindən vəziyyət xeyli mürəkkəbləşmiş, böyük  narahatlıq yaranmışdı. Vəziyyət elə gərgin hal almışdı ki, yerli əhali ilə rus əsgərləri  hər an üz-üzə gələ  bilərdilər. Dinc vətəndaşlarla hərbçilər arasında meydana çıxa biləcək toqquşmanın qarşısını almaq üçün Əlimərdan bəy dərhal Peterburqa qayıtmış, Rusiya hərbçilərini bölgədən çıxarmaq yollarını aramağa başlamışdı. O, I Dövlət dumasında həmkarı olan və rus ordusuna müəyyən təsir göstərə bilən knyaz Lvovla görüşmüşdü. 1918-ci ilin payızında (mətndə belədir, əslində, avqust ayında-V.Q.) Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri kimi xaricə gedənə qədər Əlimərdan bəy özünü bütünlüklə Qafqazda milli siyasətin işlənib hazırlanmasına və etibarlı müdafiə sisteminin yaradılmasına həsr etmişdi. Hətta xaricdə olduğu müddətdə də bu sahədə fəaliyyətini dayandırmamışdı. Daim Qafqazdakı siyasi hərəkatın özünəməxsusluqları və yaranmış çətinlikləri aradan qaldırmaq yolları üzərində düşünmüşdü.

Həmişə Qafqaz xalqlarına böyük hörmət hissi ilə yanaşan Əlimərdan bəy onların arasında müqəddəs bir ittifaq yaratmaq arzusu ilə yaşayırdı. O, özünün böyük məsuliyyət dolu vəzifə borclarını yüksək ləyaqətlə həyata keçirərək xalqının inam və rəğbətini qazanmışdı. Lakin təəssüf ki, Qafqazda yaranan vəziyyət ona istək və ümidlərini gerçəkləşdirməyə, Azərbaycan və digər Qafqaz xalqları üçün siyasi hüquqlar uğrundakı mübarizəsini sona çatdırmağa imkan verməmişdi.

Qırmızı işğal rejimi Qafqaz xalqlarını daha da sıx birləşdirmişdir.

Sarsılmaz ittifaq!- Əlimərdan bəyin son vəsiyyəti belə idi. Onun bu arzusu 14 iyun aktında öz əksini tapdı.

Gələcəkdə Qafqaz tarixindən yazanlar burada mənim sadaladığım məsələlərin hər birinə bütöv səhifələr həsr edəcəklər.

Burada adından danışdığım Qafqaz Dağlılarının Xalq Partiyası Azərbaycan xalqına və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Qoy, Böyük Allah Qafqaza və Azərbaycana rifah, tərəqqi göndərsin. Çünki bu, Əlimərdan bəyin ən böyük arzusu idi və onun əbədi rahatlığa qovuşan vücudu üçün də bizim ən gözəl arzumuz ola bilər.

(Ardı var)

 





18.03.2018    çap et  çap et