525.Az

Elmi idrakla poetik qavrayışın qovşağında


 

Elmi idrakla poetik qavrayışın qovşağında<b style="color:red"></b>

Akademik Məmməd Cəfər Cəfərov Azərbaycan ədəbiyyatşünaslıq elmində xüsusi elmi məktəb yaratmış görkəmli elm xadimidir.
 
O, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının elmi-nəzəri konsepsiyasının yaradılmasının  banisidir. Milli romantizm ədəbiyyatının görkəmli yaradıcılarından olan Hüseyn Cavidə həsr olunmuş sanballı monoqrafiyası Azərbaycan cavidşünaslığının möhkəm elmi bünövrəsidir. Məhəmməd Hadidən bəhs edən araşdırması bu böyük  şairin sənət dünyasının pasportuna çevrilmişdir. Əsasən realist sənətkar kimi qəbul olunan Cəfər Cabbarlı sənətindəki romantikaya dair dərin elmi mülahizələri milli romantizm nəzəriyyəsini daha da zənginləşdirmişdir. Bütün bunların əsasında Azərbaycan ədəbiyyatşünaslıq elmində romantizmşünaslıq elmi məktəbi yaranmışdır. Azərbaycanda romantizm elmi cərəyanının problemlərinə, poetika və estetikasına, habelə romantiklərin həyatı və yaradıcılğına həsr edilmiş tədqiqatlar həmin romantizmşünaslıq məktəbindən doğulmuşdur.

Böyük mütəfəkkir ədəbiyyatşünas alim kimi qəbul olunan Məmməd Cəfər Cəfərovun elmi əsərlərində nəzəri təhlil və ümumiləşdirmələr xüsusi yer tutur. “Nizaminin humanizmi” monoqrafiyası bu qüdrətli sənətkar haqqında nəzəri-fəlsəfi konsepsiyanın mükəmməl elmi ifadəsidir. Məşhur “Füzuli sevir” məqalələr silsiləsi Azərbaycan füzulişünaslıq elminin nadir hadisəsi və bu böyük qəlb şairini dərindən başa düşməyin elmi-nəzəri açarıdır. Mirzə Fətəli Axundzadədən söz açan tədqiqatlarında Məmməd Cəfər Cəfərov Azərbaycan realizminin banisinin ədəbi irsi ilə sənət fəlsəfəsini, həmçinin şəxsiyyətini vəhdətdə təqdim etmişdir. Müasirləri olan yazıçı və şairlər haqqında yazdığı oçerklərdə də o, XX əsr Azərbaycan ədəbiyyatının əsas yaradıcılarının mükəmməl elmi portretini yaratmışdır.

Məlum olduğu kimi, akademik Məmməd Cəfər Cəfərov hələ öz sağlığında bədii əsərlərini kitab halında çap etdirməklə bu sahəyə olan ciddi münasibətini bəyan etmişdir. Onun “Qəribə adamlar” kitabındakı hekayələr və novellalar XX əsr Azərbaycan satirik-yumoristik nəsrinin bənzərsiz və yaddaqalan nümunələridir. Bizim böyük mütəfəkkir alimin arxivindən əldə edib 2010-cu ildə kitab halında nəşr etdirdiyimiz “Xatirələr” memuarı akademik Məmməd Cəfər Cəfərovun sözün əsl mənasında sənədli bədii nəsrin ustad yaradıcılarından biri olduğunu əyani surətdə nümayiş etdirir. Görkəmli elm xadiminin 1965-ci ildə yazdığı və 2017-ci ildə çap etdirdiyimiz “Get dolangilən, xainsən hələ” tragikomediyası müasir Azərbaycan dramaturgiyasının nadir nümunələrindən biridir. Bundan başqa, Məmməd Cəfər Cəfərovun 1991-ci ildə tamamladığı “İnsanlar və talelər” kinodramı böyük demokrat ədib Cəlil Məmmədquluzadə və mollanəsrəddinçilik hərəkatından bəhs edən mənalı dramatik əsərdir. Bu qiymətli dram əsəri 2012-ci ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında uğurla tamaşaya qoyulmuş, ayrıca kitab kimi nəşr olunmuşdur. Elmi fəaliyyətində olduğu kimi, bədii əsərlərində də Məmməd Cəfər Cəfərov orijinal yaradıcılıq xüsusiyyətlərinə malikdir. Dərin təhlil və ümumiləşdirmə, sadəlik və obrazlı ifadə tərzi onun elmi əsərləri üçün də, bədii əsərlərindən ötrü də əsas meyardır. Akademik Məmməd Cəfər Cəfərov elmi fəaliyyətində olduğu kimi, bədii yaradıcılıq sahəsində də professionaldır. Elmi əsərlərindəki bədii-obrazlı düşüncə tərzi, bədii yaradıcılığındakı həyati-ictimai proseslərə dərin və obyektiv baxış onun fəaliyyətindəki qoşa qanadların bütövlüyünü ifadə edir. Görkəmli alimin elmi idrakla bədii düşüncənin qovşağında yaranan bədii əsərləri bir yerdə kitab halında toplanılıb nəşr edilməyə, onun bədii yaradıcılığı haqqında elmi tədqiqatların yazılmasına layiqdir.

İllərdən bəri şəxsi arxivimizdə saxladığımız “Bir mənzum məktuba cavab” adlı poeması Məmməd Cəfər Cəfərovun poeziya sahəsində də istedadlı qələm sahibi olduğunu meydana qoyur. Nizami adına Ədəbiyyat İnstitutunda çalışan elm adamlarının həyatına həsr olunmuş “Bir mənzum məktuba cavab” poemasında müəllif elmi mühitin real poetik mənzərəsini yaratmışdır. Əsərdə Məmməd Cəfər müəllim özü ilə birlikdə çalışmış alim yoldaşlarının bir-birindən fərqlənən fərdi xüsusiyyətlərini təqdim etmiş, az sözlə onların özünəməxsus portret cizgilərini canlandırmağa müvəffəq olmuşdur. Bütövlükdə “Bir mənzum məktuba cavab” poeması elmi mühitin poetik panoramını təqdim edir. Müasirlərinin obrazlarını “Get dolangilən, xainsən hələ” tragikomediyasında örtülü şəkildə göstərən  Məmməd Cəfər Cəfərov bu poetik mənzuməsində onların bir çoxunu öz adı  və soyadı, habelə səciyyəvi xarakterləri ilə birlikdə oxuculara çatdırmışdır. Əsərdəki nikbin yumoristik ruh da onun müasirləri haqqında açıq danışmasına imkan yaradır.

Poemadakı romantik ruh adları çəkilən tanınmış elm adamlarına yüksək münasibəti nəzərə çarpdırır.
“Bir mənzum məktuba cavab” poeması Məmməd Cəfər Cəfərovun poetik istedadı haqqında dolğun təsəvvür ifadə edir. Poema müəllifin şeirşünaslığa dərindən bələd olmaqla bərabər, həm də orijinal bədii təsvir və ifadə vasitələri yaratmaq qabiliyyəti ilə də yadda qalır. Bu əsər peşəkar bir şairin yetkin bir bədii əsəri təəssüratı oyadır.

Təəssüf ki, “Bir mənzum məktuba cavab”ın əlimizdə olan variantı bir qədər  natamamdır. Əsərin tam variantını axtarmaq səylərimiz hələ də ki, bir nəticə verməmişdir. Lakin poemanın bizdə olan variantı əsərin ideya-məzmunu haqqında ümumiləşmiş təəssürat yarada bilir. Bununla belə, düşünürük ki, “Bir mənzum məktuba cavab” bəlkə də həmin məktubun ünvanlandığı şəxsin, yaxud əsərdə adları çəkilən elm adamlarının ailələrində qorunub saxlanılır. Belə halda “Bir mənzum məktuba cavab”ın tam mətnini bizə təqdim edəcək şəxslərə əvvəlcədən minnətdarlığımı bildirirəm.

Məmməd Cəfər Cəfərovun 30 avqust 1960-cı ildə yazılmış “Bir mənzum məktuba cavab” poeması dövrün ədəbi mühitinə işıq salmaqla bərabər, bugünkü elm adamları, yeni elmi nəsillər üçün də düşündürücü və əhəmiyyətlidir. Bunu nəzərə alaraq, poemanın bizdə olan mətnini oxuculara təqdim edirik. Elmi idrakla poetik qavrayışın qovşağında yazılmış bu əsər Məmməd Cəfər Cəfərovun bədii yaradıcılığını tamamlayır və şeir sahəsindəki istedadını diqqətə çatdırır. Poema Məmməd Cəfər müəllimin özünün elmi mühiti və müasirləri məsələsinə də aydınlıq gətirməyə imkan verir.

Məmməd Cəfər Cəfərov

Bir mənzum məktuba cavab

Yaltadan bizim təsərrüfat müdiri,
şair ürəkli Adil Qəmərlidən aldığım
mənzum məktub və ona yazdığım cavabdır

Aldım məktubunu xeyli dəyərli,
Ey əziz dostumuz, Adil Qəmərli!
Bil ki razı qaldıq məhəbbətindən,
Qəlbə qanad verən sədaqətindən,
Şirincə, duzluca hekayətindən.

Şeirinə şeirlə cavab verməmiz -
Cəsarət olsa da, məcbur olduq biz:

Əvvəla:
Çiçəklərin nəfəsindən,
Bülbüllərin xoş səsindən,
Çeşmələrin zümzüməsi,
Çinarların kölgəsindən,
Gözəl Alim ölkəsindən,
(Qəlbin dərin güşəsindən)
Salam olsun dosta, yada,
Var olsunlar bu dünyada!

Saniyən:
Burda şad-xürrəm yaşayırıq biz
Niyyətimiz təmiz, qəlbimiz təmiz
Ancaq sizlər üçün darıxır könül,
Quş da eldən ayrı darıxır şəksiz.

Salisa:
Yazırsan ki: - Ey əziz dost, vəfadar,
Eylə bizi öz halından xəbərdar.

Nə işdəsən, nədir fikrin, xəyalın,
Haçan olur bizə qismət vüsalın?
Köçəri quşmusan, məkanın nədir?
Bu uzun səfərdən məramın nədir?

lll

Möhtərəm Qəmərli, məlumun olsun -
Ki, hələ “qandidat”, “felşerdir”  - dostun
Deyirlər: “bilmirik, nə olur-olsun
Bu yaxında gərək o “doxtur” olsun”.
Bu fikrə şərikdir Orucəli də,
Əli də, Vəli də, Məmmədəli də.
Dostlar da istəyir alim olum mən,
Yəni ki, əməli-salim olum mən.
Məgər feldşer olan sayılmaz insan?
Bunla maraqlanmır Zaloğlu zaman!
Odur ki, bu ayın on yeddisinəcən
Burda külüng vurub işləməliyəm.
Fərhad Şirin üçün yardı dağları,
Yan-yana düzürəm mən sitatları...

lll

Sonra yazırsan ki, teleqram vurum,
Mənə pul göndərib edəsən məmnun.
Xeyli minnətdaram bu qayğınıza,
Bu dostluq eşqinə, bu sayğınıza.
Ancaq yetər mənə “ikinci yarım”
 Heç o da olmasa ötüşər qarın...
İçimdə çox yoxdur bil tamahımız
Bizə kifayətdir öz maaşımız.
Yediyimiz gündə “bir xurma” fəqət
Nizami nəsliyik, bilmərik dövlət.

lll

Məndən salam yetir Əbülfəzlərə,
Yaquba, Həbibə, Əliheydərə.
Yaşara, Quluya və Nürəddinə,
Mirəliyə, (qurban olaq cəddinə).
Qazaxlı Məmmədə, nadinc Atifə,
Əylisli Yəhyayə, (o Mir Hatifə)
Rüstəmə: - dostanə əhli-imana
O fağır cənublu Şair oğlana,
Nadir (şahə), Mirzə (Cəmaləddinə),
Planı doldurub  gəlsinlər dinə.
Salam olsun bir də “sayuz” Aslana,
Beş aylıq  “dinmə ver”, borcluyam ona.
Yenə borclu düşdük, lənət şeytana.
Məsuda söylə ki gəlsin meydana!
Namə yazsın, bizi də alsın qoy sana
Kamala, Kamrana və Mir Əzizə,
(Böyük  olub, zülm etməsinlər bizə!)
Yoxsa uçurarıq təxti-tacların,
Əllərindən allıq ixtiyarların!
Hamımızın sevdiyimiz dostlara:
Undulmaz cənublu qardaşlara!
Pur Abbasa, Həmidə və Qafara
Zərafətim olmayan yoldaşlara:
Əlfağaya (Teybalıya),  Həsənə,
Və Cəlal müəllimə, dostu Əkrəmə,
Rəsula, Hüseynə və Muradxana.
Onların hirsindən biz gəldik cana.
Muzeyçi Sadığa, Şəkil çəkənə,
Dostların adları gəlmir ki sana!
Lüğətçi Rəsula və Voroşilə,
Az qala yadımdan çıxmış Dağlıya.
Özünü göstərən o ağıllıya.
Əcəb salıb qırğız dilin bəndinə.
Gərək bir gün gedək onun kəndinə,
Seyrə dalaq, gülümsəyən ənginə.
O saz çalan suyuşirin oğlana,
Yenə tənqid yazır Aşıq Qurbana?
Həsənova, Oruca və Əliyə,
Bizim idarədən gedən Vəliyə.
Söz müxtəsər ağıllıya-dəliyə...
(Qafiyə gətirdi sözü bu yerə...)
Kağıza sığmadı, al “vedemostu”
Çağır hüzuruna aşnanı, dostu.
Söz aç məhəbbətdən gələrək dilə,
Səadətlər dilə, arzular dilə.

lll

Soruşursan məskənin haradır, nədir?
Olduğum yer bir yazıçıxanədir.
Əhli-xanə görünür bəxtəvərdir,
Yüz nəfərdən doxsanı bir təhərdir
İçlərində yazıçı varmı? Güman hey?:
Yarısı arvaddır, yarısı kişi,
Çoxlarının qızıl-mızıldır dişi.
Kişilərin  bağında var bir alça,
Arvadların işi tamamən hoqqa.
Şalvar geyib tullanırlar aman, hey!
Onlara bəslənən aman-güman, hey!
Üzdən bənzəyirlər sarı dovşana,
Saçların oxşadar topa yovşana.
İşləridir tamamilə bir dahi,
Bizim qızlar qızıl güldür, vallahi.
Mənnən yetir onlara  bir salam, hey!
Onların da yaddaşında qalam, hey!

lll

Sanma işlər gedir tamam tərsinə,
Mən zərafət etdim sənin xətrinə.
Hər şey uyğun gəlir burda əsrinə,
Kərəm bizdə minər əsrin tərkinə.
Ey bixəbər! Çox dəyişmiş zaman, hey!
Daha getdi yeddi taxta güman, hey!

lll

Kağıza sığmadı, aç vedemostu,
Çağır hüzuruna aşnanı-dostu.
Söz aç məhəbbətdən, gələrək dilə.
Səadətlər dilə, arzular dilə.
Şöhrətin qoy çatsın obaya-elə,
Görüşənə qədər, qal gülə-gülə.

Hə, görürmüsünüz Adil müəllim!
Hər bir tərəfimiz bilik və elm.
Elə bilirsiniz şair tək sizsiz?
Şeirə, sənətə bələdlərik biz.
Təbiət bizləri yaratmış şair,
Sonradan olmuşuq ədibü-nasir.
Canınız həmişə sağlıqla dolsun,
Ömrünüz-gününüz işıqlı olsun!
Elmimiz ucalıb inkişaf etsin,
İşləriniz daim uğurla getsin!

30 avqust 1960-cı il

 





19.03.2018    çap et  çap et