525.Az

Dünya Azərbaycanlıları Konqresi bəyanat yayıb


 

Dünya Azərbaycanlıları Konqresi bəyanat yayıb<b style="color:red"></b>

«DÜNYADA TÜRKLƏRƏ QARŞI SANKİ ELAN OLUNMAMIŞ BİR SAVAŞ APARILIR» 

Dünya Azərbaycanlıları Konqresi (DAK) İraq türkmənlərinə qarşı həyata keçirilən terror aktları ilə bağlı bəyanat yayıb. DAK-ın mətbuat xidmətindən «525»ə verilən məlumata görə, bəyanatda son zamanlar İraqda öz tarixi torpaqlarında yaşayan türkmənlərə (Kərkük türkləri, türkmanlar) qarşı silsilə hücumların həyata keçirildiyi qeyd edilib. Bu terror aktlarının sonuncusunın iyunun 23-də Mosul, iyunun 25-də isə Tuzhurmatı səhərlərində həyata keçirildiyi qeyd edilərək nəticədə İraq Türkmən Cəbhəsinin lideri Yavuz Əfəndioğlu, onun müavini Əli Həşim Muxtaroğlu, Səlahəddin vilayətinin valisinin müavini Əhməd Qoca və başqa türkmənlər həlak olduğu vurğulanır. Bəyanatda daha sonra bunlar yer alıb: «Təəssüflər olsun ki, bu gün bütün dünyada türklərə qarşı sanki elan olunmamış bir savaş aparılır. Bölgədə türk kimliyi məhv edilməyə, onların bir böyük etnos kimi tarixdən silinməsinə çalışılır. İraqda Kərkük türklərinə qarşı həyata keçirilən terror aktları da elan olunmamış həmin savaşın bir parçasıdır. Bu yollarla öz tarixi torpaqlarında yaşayan türkmənlərin nüfuzunun azalmasına, öz yurd-yuvalarını tərk etməsinə çalışılır. Təbii ki, bu da bizləri narahat etməyə bilməz. Kərkük türk yurdudur və türk yurdu olaraq da qalacaq.

Biz Dünya Azərbaycanlıları Konqresi olaraq, bu dəhşətli hadisədən kədərləndiyimizi bildirir, terror aktı nəticəsində həlak olmuş türkmənlərin ailələrinə, yaxınlarına və onları sevənlərə dərin hüznlə başsağlığı veririk. Eyni zamanda biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı ən kəskin şəkildə mübarizəni labüd hesab edirik.

DAK olaraq, İraq hökumətindən türkmənlərin haqlarını qorumağı və bu cür dəhşətli hadisələrin baş verməməsi üçün lazımi addımları atmağı tələb edir, Türk Dünyasını isə Kərkük türklərini yalnız buraxmamağa çağırırıq».

AQİL

 





28.06.2013    çap et  çap et