525.Az

Qarabağa qayıdışın ilk cığırı: Cocuq Mərcanlı


 

Qarabağa qayıdışın ilk cığırı: Cocuq Mərcanlı <b style="color:red"></b>

Övladlarımız hər il Bahar bayramında, yaz tətilində Qəbələyə, ana yurduna səfər edirdilər.

Bu dəfə isə istiqaməti dəyişdik.

Atalarının arzusu ilə Füzuliyə yola düşdük...

Elə hey deyirdi ki, darıxmışam oralar üçün. Birdən uşaqlara oraları tanıtmamış ölüb gedərəm, işığımı sonra kim yandırar?..

"Hansı işığını..., "Kimin, nəyin qalıb ki, orda...", "Bir də axı kimin qapısını döyəcəyik...", "Kimə qonaq olarıq, bir neçə gün kimin evində qalmaq olar axı..."... beynimdə dolaşan cürət edib deyə bilmədiyim sualların cavabları əslində bəlli idi hər birimizə.

Doğulduğu və uğrunda döyüşdüyü Qərbənd kəndi 1993-cü ildən ermənilərin əsarətindədir. Günaşırı "oğlum gətir kompüteri baxaq kəndimizə, evimiz yadıma düşüb", "ay bala gecə yuxumda görmüşəm, gəl baxaq görək təzə görüntü varmı", "qaqa, ay qaqa..." o dəqiqə uşaq bilirdi ki, atası nə istəyir. Əlinə kompüter düşəndən bəri  illərlə Qərbəndi soraqlayan atasının köməyinə də ilk dəfə o çatmış, ermənilərin adını dəyişdiyi Köndələn çayının izinə düşüb kəndə gedən yolu bərabər "addımlayaraq" ata ocağını tapa bilmişdilər. Kəndin bütün evləri kimi onların da evləri dağıdılmışdı. Lakin o xarabaya çevrilmiş ocaq yerinin  ilk görüntüsü elə sevindirmişdi ki, onu. "Bax, bu, bizim evdir, görürsən..."  deyib az qala çığıracaqdı... "Ata, ev tamam dağıdılıb ki...", məyus baxışlarla dinlənən oğluna "erməni salamat ev qoyar kənddə..." - deyə cavab vermişdi.

Dağıdılan bünövrənin orasından isə nə isə yaşıl, şaxələnmiş, deyəsən, iri bir ağacın qol-budaq atdığı görsənir. Tuta oxşadır. Masştabı son həddə kimi, bəlkə yüz dəfə yaxınlaşdırıb baxır, yuxarıdan aşağıya kəndini seyr edir, uşaqlığını, gəncliyini yaşadığı kənd-kəsəyi qarış-qarış "gəzməyə çalışır". Bir dənə də olsun salamat qalmış binəyə rast gəlmirik. Yollar, cığırlar da itmək üzrədir...

Tələbə olarkən təhsilini yarımçıq qoyub kəndə qayıtmasını, könüllü Qarabağ döyüşlərində iştirakını, döyüşləri, səngər dostlarını xatırlayır, həyatından keçən illərin bütün yaşantılarını, ağrılı-acılı günlərini  dəfələrlə uşaqlarına anlatmağa çalışır. Kənddəki sonuncu gününü isə artıq hər birmiz əzbərdən bilirik. O qədər nəql edib ki, kəlmənin ardınca gətirəcəyi hər sözü artıq beynimizə həkk olunub. Kəndi əvvəlcə ordu birləşmələrinin tərk etdiyini, insanların vahiməyə düşərək təşviş içərisində tələsik evlərindən köçdüyünü deyir. Aradan bir neçə gün sonra evə tək-tənha geri dönməsini, qapının ağzında uzanmış itin sahibini görən kimi zingildəyərək üstünə tullanıb əyin-başını iyləməsini, ayaqları altına uzanmasını, süfrəsi açıq qalmış məhəllədə oturub fikrə dalmasını, samovar qaynatmasını, qəfil səslənən və get-gedə artan silah səslərindən dəmlədiyi çaydan içə bilmədiyini və naəlac qalıb, itin qabağına çoxlu ərzaq tökərək  üzü qaranlığa dönərkən moskviçə minib uzaqlaşmasını,  xəcalət hissi ilə itə dikilmiş baxışlarını  və güzgüdən gördüyü səhnəni, "küçən"in maşının dalınca qaçmasını ürək ağrısı ilə danışır...

Hazırlaşıb Füzuliyə doğru yola çıxdıq. Yolboyu gördüklərimiz təfsilatı ilə izah olunurdu. Arazı ikiyə bölən o tikanlı sərhədləri də seyr etmək olduqca ağır idi. Ataları maşına əyləyən kimi uşaqlar tikanlı məftillərin düz yanında dayanıb o taya baxmağa başladılar. Arazın o tərəfindən görünən yerləri də görmək, gəzmək, özü də sərhədləri maneəsiz adlamaq istəyi bir andaca böyük arzulardan birinə çevrildi...

Yeni salınmış rahat və geniş yolları maşın sürətlə şütüyüb Bala Bəhmənliyə çatdı. Əsgər dostunun qapısının önündə dayandı və telefonla zəng edib, evinin qarşısında olduğumuzu söylədi. Təvəkkül Aslanov kənddə diş həkimi işləyir. Eyni zamanda, iş adamıdır və elə çörək verən, tikəsini ehtiyacı olanlarla bölüşən ziyalılardandır. Dəfələrlə bizi evlərinə qonaq dəvət etsə də, onların qapısını açmaq məhz bu günə təsadüf etdi.   

Yaxın dostunun öz doğma torpağında qəribsədiyi, yolun tən yarısında dayanmaq məcburiyyətində qaldığından keçirdiyi həyəcanı başa düşür və hər vəhclə çalışırdı ki, onu dərin düşüncələrindən, fikrindən yayındırsın, qonağı özünü  evində olduğu kimi hiss etsin.

Gəlişimiz həqiqətən ailəyə sevinc gətirmişdi. İki dostun görüşü sözü-sözə calayır, bayram münasibəti ilə bişirilən şirniyyatlar süfrəyə bəzək verirdi. Təvəkkül həkim və kənddə müəllimə işləyən həyat yoldaşı Zöhrə  xanım hər ikisi qonaqpərvər idilər. Süfrəyə təbii məhsullar düzülmüşdü. Zöhrə xanım öz əli ilə hazırladığı nəhrə yağını, tut doşabını, camış qatığını, ağ üzümün tənəyindən bükdüyü yarpaq dolmasını və s. naz-neməti "təbii məhsullardır, yeyin, hamısı cana faydadır, bax şəhərdə bunlar yoxdur ha...",  deyib süfrəni bol çeşidli təamlarla bəzəyirdi. Vətənə layiqli iki övlad  böyüdən  ailənin böyük oğlu Türkiyədə, qızları Gilas isə BDU-da ali təhsil aldığından, kəndə ancaq tətillərdə gələ bilirlər. Hər ikisinin uğurları, aldıqları diplomlar isə valideynlərinə başucalığı gətirən və  evin ən sevimli guşəsini bəzəyən ən qiymətli mükafatlar hesab edilir...  Ər-arvad cani qəlbdən qonağa böyük ehtiram nümayiş etdirirdilər. Ancaq başa düşürdük ki, onlar daha çox bizim nələr yaşadığımızın fərqinə varır və torpaq nisgilli birisinin dərdini ovundurmağa can atırdılar.

Zöhrə müəllimənin müşayiəti ilə ilk gəzintimiz Beyləqandan başladı. Cərcis peyğəmbərin türbəsini ziyarət etdik. Körpəlikdən anasız qalan və nənəsinin himayəsində böyüyən yoldaşım öz doğmalarının, Qənbənddən olan kənd camaatının qəbrləri önündə dərin düşüncələrə daldı. Daş surətlərlə tanışlığımız xeyli çəkdi. 1995-ci ildə dünyasını dəyişən və bu müqəddəs məkanda uyuyan və Qərbənd kəndinə qayıdanda ora aparılacaq deyib, ziyarətgahda torpağa əmanət qoyulan  İmmi nənənin və balaca Arzunun məzarları önündə ayaq saxladıq. Uşaqların ən məyus olduğu səhnə isə şəhid qəbirləri oldu. Addımbaşı qarşılaşdığımız igid oğulların qəbirüstü  abidələri və övladı ilə bayramlaşmağa gələn, məzarları qucaqlayan anaların lal baxışları adamın ürəyininin başını oyurdu...

Halımızın pərişanlığına Təvəkkül qardaşımız son qoymağı bacardı. "İndi sizi elə bir yerə aparacam ki, çox sevinəcəksiniz və hər şeyi unudacaqsınız" deyib yoluna davam etdi. Bəli, düz 20 il əvvəl qonaq gəldiyim Horadizə çatdıq. Mən bura gələndə  yanmış və həyatın yenicə bərpa olunduğu bir kəndlə qarşılaşmışdım. Bu ötən dövr ərzində yüksək və şəhər  səviyyəsində yenidən qurulmuş və inkişaf etmiş   Horadizdə böyük bir qələbəlik idi. Başdan-başa bayram libasına bürünmüş şəhərin çıraqban görünüşü yeni həyatın, torpaqlara qayıdışın təntənəsindən xəbər verirdi. Olimpiya İdman Kompleksi, Tibb Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Muğam Mərkəzi, Gənclər Mərkəzi, Rəsm Qalereyası, müasir formada inşa olunmuş obyektlər, yenidən qurulmuş Mədəniyyət Mərkəzi, Şahmat Məktəbi, Xalça toxuculuq müəssisəsi və s. tikililər möhtəşəmliyi ilə seçilirdi. Yazın yurdumuza yenicə qədəm qoyduğu ərəfədə Horadizdə gördüyümüz qaynar həyat və yaşıl libasa bürünən təbiət insana qol-qanad bəxş edirdi.

Horadizin Bayraq Meydanı isə daha füsunkar idi.  287 pillədən ibarət olan sütunlu pilləkənləri bir göz qırpımında dəf edərək yüksəkliyə qalxdıq və məftunedici mənzərələrə şahid olduq. Vətən torpağının vüsətlə qurulmasından qürur hissi keçirə-keçirə yaz havasını ciyərimizə çəkirdik. Gəzintimizin sonunda bizi daha böyük bir sürpriz gözləyirmiş.

Təvəkkül qardaşımız şüşə kimi çəkilən magistral  xətlə yoluna davam etdi. Yol kənarında yazılmış Cocuq Mərcanlını oxuyanda ürəyimiz atlandı. Solu yaşıl çəmənliklər, düzənliklər, sağı təpəliklərlə əhatələnmiş yol düz bizi işğaldan azad olunmuş yurd yerimizə aparırdı. Lələ Təpədən dalğalanan Azərbaycan bayrağını seyr edərkən keçirdiyimiz hissləri isə sözlə ifadə etmək mümkün deyil.

Ölkə prezidentinin "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında" sərəncamından sonra qısa zamanda tikilmiş, bütün zəruri vasitələrlə təmin olunmuş və əhaliyə paylanmış evlərdəki yaşayış ümidləri daha da artırır və sakinlərlə söhbətimiz qəti əminlik yaradır  ki, bütün torpaqlarımızın qaytarılacağı günə lap az qalıb. 

Şuşadakı Cövhər ağa məscidinin bənzəri kimi inşa edilmiş kənd məscidində axund məşədi Elman Piriyevlə söhbətimiz də maraqlı məqamlarla yadda qaldı. Axund  deyir ki, hər gün kənddə çoxlu qonaqlar gəlir və bu dini ocağı ziyarət edərək digər ərazilərin də azad olunması üçün Allaha əl açırlar. Məsciddə iki az yaşlı övladı ilə dua edən Bakı sakini Təhminə xanım isə deyir ki, azad ediləndən sonra kəndə, ata yurduna dördüncü gəlişidir...

Füzulililər uşaq həkimi Mir Sabir Hüseynovu yaxşı tanıyırlar. Uzun müddətdir ki, uşaq xəstəxanasının baş həkimi işləyir. Ermənilər birinci onun Qərbənd kəndindəki evini bombalamışdı. Qaçqınçılıq başlayanda həkim öz doğma rayonunu tərk etmədi, övladları, xanımı nə qədər israr eləsə də, o, yurdundan çıxmadı. Tək tənha vaqonda məskunlaşıb öz xidmətini davam etdirdi.

Sonra Zobucuqda, qaçqınlar üçün inşa olunan evlərin birində məskən saldı...

Biz xəstəxanaya çatanda hava tamam qaralmasına baxmayaraq, tibb bacıları ilə bərabər öz xidməti otağında idi.

Xalaoğlu tanıdınız məni?.. Jurnalist gəlinlərinin övladları ilə Füzuliyə gəlişi və eşidəndə ki,  Cocuq Mərcanlıdan qayıdırıq, doğma insanın çöhrəsindəki təbəssüm qəlbinin işıqlanmasından xəbər verirdi. Sonra onun evində qonaq olduq. Özünə gözəl bağ salıb, münasib şərait yaradıb. Hətta həyətində toyuq cücəsi də yetərincədir. Artıq bar verən ağacların səliqə-sahmanlı düzülüşü, bir kişinin zövqlə yaratdığı aləm gərgin zəhmətin, torpağa məhəbbətin bəhrəsinə işarədir. 

"Tək yaşamaq sizin üçün çətin olmadı...?" sualına isə cavabı belə oldu ki, mənə ehtiyac olduğu üçün buranı tərk edə bilməzdim və əməyimin faydasını görəndə, Allahın köməyi ilə uşaqların şəfasını verəndə  ən böyük mükafatım eşitdiyim alqışlar olub. Hökumət tərəfindən əməyinə daima qiymət verildiyini bildirdi, təltifləri ilə bağlı söhbət açdı və  el arasında olduğundan özünü həmişə məmnun hesab etdiyini söylədi. İndi Həqiqət xanım da Bakının səs-küyündən usanıb, ömür-gün yoldaşının yanına qayıdıb və hər iki həkim yerli camaatın  sağlamlığının keşiyində dayanıb. Öz ibrətamiz ömür yolu, şərəfli sənəti ilə nəsilə örnək olan, el-oba sevgisi ilə ad-san qazanan Mir Sabir həkimlə  görüşümüz də beləcə  unudulmaz günlərdən birinə çevrildi...

Füzulidən üzü Bakıya, uzun illər həsrətində olduğumuz bu torpağın ətrini qoxuyub geriyə qayıdırıq. Zöhrə xanım bizə  təbii nemətlərdən xeyli pay da qoyub. Gedəndə narahat, naümid yola çıxmışdıqsa, qayıdanda sevinc, inam hissi ilə dönürük. Sabah yenidən qayıtmaq ümidilə, yarı yolda dayanmayacağımızı, birbaşa azad olunacaq Qərbəndə  kimi yol gedəcəyimizi düşünə-düşünə gəlirik.

Bakı-Füzuli, Cocuq Mərcanlı-Bakı

 





29.03.2018    çap et  çap et