525.Az

SOS


 

SOS<b style="color:red"></b>

Dərs ili başlayana qədər jurnalistlərə – məktubmu, müraciətmi deyim, mesajmı deyim - yazmaq istəyirdim. İstəyirdim yazım ki, dərs ilinin sonuna yaxın, ta yeni dərs ili başlayanacan unuduluruq. Dərs ilini necə başa vurduq, hansı probləmlərimiz, hansı uğurlarımız oldu, yayda başımıza nələr gəldi və sairə – heç jurnalistlərin yadına da düşmür. Elə ki, dərs ili başlayır, çoxlarının yadına düşürük. Onlar da nəsə tapıb bizi tənqid edirlər. İstəyirdim yazım ki, belə yaramaz, axı, dərs ilinin ilk günü bizümçün bayramdı. Siz də bizimlə bu günü bayram eləməyə çalışın. Hər zəngə, hər sözə inanmayın. Azca araşdırma aparın. Ya da bir-iki sözə görə ilk dərs gününün sevincinə qıymayın, minlərlə  müəllimin zəhmətinə xələl gətirməyə çalışmayın. Bir az gecikdim. Amma geciksəm də,  istədim mənimtək düşünən yüzlərlə müəllimin fikrini jurnalistlərlə bölüşüm. Həm də qarşıda müəllimlərin peşə bayramı var. Bizim bayram. Bilirəm ki, bu günü də səbrsizliklə  gözləyirsiniz. Amma səbirli olun.

Şükufə MƏMMƏDSALAHOVA,
məktəb  direktoru

Kiçik yazıdı, amma çox böyük həqiqətlər var. Ağrılı həqiqətlər... Müəllim  ailəsində böyümüşəm, 35 ildir müəllim işləyirəm. Peşəmi sevmişəm, uşaqları  sevmişəm, məktəbi sevmişəm. Pis müəllimlər də olduğunu bilə-bilə müəllimləri də sevmişəm, çünki hər müəllim cəmiyyətin başqa üzvlərindən çox sevgiyə layiqdi.
Müəllimə “pis” demək üçün tapdıqlarımız bəhanədi, səbəb deyil. Siz səbəbləri axtarın. Yox, axtarmayın, çünki tapa bilməyəcəksiniz. Siz  şagird olmusuz, müəllim olmamısınız. Bilmirsiniz ki, normal ailənin, yaxşı, nümunəvi  şagirdin heç vaxt orta məktəbdə müəllimlərlə rüşvət problemi olmur. Ümumiyyətlə, problemi  olmur. Belə şagirdləri müəllimlər o qədər  əzizləyirlər ki! Onlar da müəllimlərini bayramlarda təbrik edir, hədiyyə verirlər. Və  bundan həm özləri, həm də müəllimləri sevinc duyurlar. Heç vaxt da heç bir jurnalistə xoşagəlməyən nəsə deməzlər. Belə şagirdlər müəllimlər haqda yazılan haqsız sözlərdən, efirə gedən süjetlərdən narahat olurlar.
Məktəblə  problemi olan övladına paltar və yeməkdən başqa  heç nə verə bilməyən valideynlər, məsulliyyətsiz  ailələr və onların çətin tərbiyə olunan uşaqlarıdı. Bu “rüşvət, pul  istəyirlər” sözlərini dəbə salan, gündəmə gətirən də onlardı. O valideynlər övladına söz deyən kimi qayıdırlar ki, məndən rüşvət istəyirlər. Xüsusilə də indi. Bunda siz jurnalistlərin də zəhmətini danmaq  olmaz. Nə deyirik, sağ olun. Amma siz heç tam məsulliyyətsiz, yalançı, türmədə yatan, narkoman... valideynlər  barədə  düşünmüsünüzmü?
Sərt olsa da, həqiqətdi. Bircə fakt deyim: bir  ailənin dörd uşağı oxyurdu məktəbimizdə - üç  oğlan, bir  qız. Oğlanları məktəbi dağıdırdı, elə söyüşlər söyürdülər, adamın ağlamağı gəlirdi  öz halına. Müəllimlər heç nə deyə bilmirdilər. O  saat direktorun üstünə  cumurdu, ora-bura şikayət  edirdi. Sizcə nə deyirdi? Düzdü! Deyirdi ki, pul istəyirlər, vermirəm, uşaqlarımı  incidirlər. Hə, sözünüz var? Elə müəllimlər də söz tapmırdılar. Düzdü, yuxarı siniflərdə birtəhər öhdələrindən gəldik, amma canımız boğazımıza yığıldı.
Ata ali məktəblərdən birində işləyirdi. Ana da heç atadan geri qalmırdı. Axırı bilirsiz nə  oldu? Ağlınıza gəlməz. Ata pul üstündə bir ailəni - beş nəfəri evlərində güllələyib tutuldu. Eşidəndə “yaxşı qurtarmışıq” - deyib dərindən  nəfəs aldıq.
Hə, belə valideynlərimiz də olur. İndi də var. Onlar da bizə “rüşvətxor” deyirlər. Elə  valideynlər var  ki, çağırırsan ki, uşağın  problemini həll edəsən, görürsən özü daha problemlidi. Onunla danışdığı üçün adam özündən utanır. Yenə də sərt oldu. Amma yenə də həqiqətdi. Düzdü, bəzən çox gözəl ailənin də çətin, oxumayan, intizamsız uşağı olur. Amma belə ailələr bizimlə bərabər əziyyət çəkirlər, öladlarına kömək etməyə çalışırlar, onların yerinə bizdən üzr də istəyirlər.
Söhbət uzandı, deyəsən... Dediyim odu ki, müasir  dövrdə müəllimləri tənqid eləmək adiləşib. Bir az ehtiyatlı olun. Mərdi qova-qova namərd etməyin. Bir görün şikayətçi kimdi, övladını məktəbə nə üçün göndərir, ya da bilirmi məktəb nə üçündü? Bir dəfə bir valideynin TV-lərdəndə birinə zəng eləmişdi. Aparıcı sual  verdi: «Niyə məktəbin nömrəsini, müəllimin, özünüzün adını demirsiz?» Nə cavab versə yaxşıdı? - «Qorxuram”. Qulaqlarıma  inanmadım bütün müəllimlər kimi. Amma deyindim: Yalansa... Heç ömrünüzdə orta məktəb müəllimindən qorxan valideyn görmüsünüz? Mən də görməmişəm. Amma müəllimi qorxutmaq istəyən, hədələyən, üstünə hücum çəkən valideyn o qədərdi ki... Təsəvvür edin, səhəri gün məktəbdə bunu uşaqlar gülməli əhvalat kimi danışırdılar.
Hə, bir dəfə də elə oktyabrın əvvəlində, yenə TV-lərin birində bir oğlanın hazırladığı süjet efirə getdi. Götürüb mikrafonu əlinə, küçədə on-on iki yaşlı uşaqların qabağını kəsib ki, bayramda müəllimlərə nəsə verirsiniz? Bu  uşaqlar da sevinə-sevinə  deyilər: Bəli. Axı, bayramdı. Uşaqdılar da, elə bilirlər jurnalistin xoşuna gəlir. Bu da süjeti elə  fırlatdı  ki - yəni müəllimlər bayramda rüşvət alırlar… Adama deyərlər: Bayramdı, müəllimlərin bayramı. Niyə “hədiyyə” demirsən. Və niyə müəllimi təbrik eləmək lazım deyil? Əvəzində isə öz «süjetinə» «bu da müəllimlərə bizim bayram hədiyyəmiz» - deyə yekun vurdu. Müəllim olduğum üçün buna tərbiyəsizlik deyə bilərəm. İmkanım olsa, onu ekrandan çıxarıb  döyərdim. Hərçənd mən uşağa əl qaldırmıram, amma o oğlan döyülməli idi. Səhər yenə məktəbdə  uşaqlar əsəbləşmişdilər (Bu haqda da düşünməyə  dəyər). Hətta bəziləri elə bil ürəyimi oxumuşdu: adam o oğlanı nə döyərdik. Bir az onlara qulaq asdım, yəni özüm müzakirələrinə şərait yaratdım, bir az sevindim: mənim şagirdlərim  belələrindən güclüdü. Sakitcə dedim: Yəqin o oğlan pis, lap pis şagird olub, məktəbdə heç kim onu sevməyib, o da heç kimi. Düşünürəm ki, müəllimləri tənqid etməkdən ruhlananlar normal şagird olmayıblar, heç yaxşı da oxumayıblar. İndi mən demirəm, rüşvət istəyən, pul yığan müəllimlər yoxdu, var. Və onlara da haqq vermirəm. Amma ömrünü, sağlamlığını şagirdlərinə verən, öz  sənətinin fanatı olan müəllimlərimiz qat-qat  çoxdu, axı! Xəstələnəndə müalicəyə pul tapmayan, ömrü boyu məvacibindən pul qoparan Həmkarlar İttifaqından bir dənə putyovka ala bilməyən (putyovkanı imkanı olanlara verirlər), bütün  məzuniyyətini növbəti dərs ilinin başlanmasını  gözləməklə keçirən, bütün səadətini işində görən  müəllimlərimiz çoxdu. İnanın, lap  çoxdu. Bu «süpürgə pulu», «təmir pulu” yığan müəllimlərimiz onlarla müqayisədə çox azdı, lap  az. Onlara görə belə müzakirələr açmayın! Məktəb müqəddəs yerdi! Məktəbi də, müəllimi də xalq özü gözü üstündə, ovcunda saxlamalıdı. Ay kişilər  olub ha, müəllimə də baxıb, məktəbə də baxıb, kasıbın uşağını oxumağa da göndərib... Əslində,  müəllimlər də, şagirdlər də, əsl valideynlər də  eyni sözlərləri eşitməkdən yorulublar. Bir də bunun sadə həlli var: valideynlər pul  verməsin. Hələ eşitməmişəm ki, müəllim zorla valideyndən pul ala bilsin. Sonrası da qoy məktəbə süpürgə də alsınlar, lap tozsoran  da. Nə olar? Necə olur ki, müəllim dövlətə, cəmiyyətə, şagirdə, valideynə - hamıya borclu olur, amma müəllimə heç kim borclu olmur.
Məktəblə bağlı elə qlobal, elə maraqlı mövzular  var ki! Məsələn, bizim şikayətlərimizdən  yazın. Sizə valideynlərdən elə sözlər deyək  ki, heç  inanmağınız gəlməsin. Bir az da ailənin, şagirdin, cəmiyyətin müəllimə olan borcundan  yazın.
Nə  isə... Ürəyim  doludu... O  qədər söz var ki... Amma, ay jurnalistlər, əsas məqsədim, sizdən  qabağa düşüb  5 OKTYABR  MÜƏLLİMLƏR  GÜNÜ münasibəti  ilə hamını  təbrik  etməkdi. Adını unutmuşam (oxuyanlardan üzr  istəyirəm) dahilərdən biri  deyib  ki: «müəllimlər  cəmiyyətin  qurbanlarıdı. Belə də demək  olar: müəllimlər özlərini cəmiyyətə qurban verənlərdi. Əslində, fikri rus dilində oxumuşam: «Uçitelya  jertva çeloveçestvo».
İndi, ey fədailər, BAYRAMINIZ  MÜBARƏK! Heç kəsə fikir verməyin. Onsuz da bilə-bilə  özünüzü qurban eləmisiniz. SİZ ən dəyərli, ən  qiymətli hədiyyələrə layiqsiniz. Aqil Abbasın  sözü olmasın hamınıza Milli Qəhraman Adı vermək lazımdı. Mən hələ məktəbli olanda bu həqiqətləri bilirdim. İlk şerimi də müəllimlərə  yazmışdım. Bu da iki  bəndi:

Özü milyonlara qiymət versə də,
Onun əməyinin qiyməti yoxdur.
Görəsən bir insan tapmaq olarmı
Ömründə müəllim zəhməti yoxdur?

Müəllim, nə deyim sənin vəsfinə,
Necə müqəddəssən, necə əzizsən!
Bilirəm, nə desəm az olar yenə,
Odur ki, önündə baş əyirəm mən.

P.S. Hərdən müəllimlərin həyatından  yazacam. Onların hansı duyğularla yaşadığını biləsiz  deyə. Amma gələn yazıda... Gələn yazıda ciddi bir məsələ olacaq. Təbii,  məktəblə bağlı. Bu ciddi məsələdə siz jurnalistlərin köməyinə böyük ehtiyacımız var.

 





04.10.2012    çap et  çap et