525.Az

Şamaxıda tatarların milli bayramı Sabantuy qeyd edilib


 

Şamaxıda tatarların milli bayramı Sabantuy qeyd edilib<b style="color:red"></b>

Azərbaycan çoxmillətli və fərqli dinlərin nümayəndələrinin məskunlaşdığı, dünyaya örnək olan tolerant ölkə kimi burada yaşayan etnik qrupların, azsaylı xalqların milli və dini bayramlarını həyata keçirməsi üçün həmişə lazımi şərait yaradılmasıyla da seçilir. Bugünlərdə Şamaxı şəhərində keçirilən Sabantuy tatar xalq bayramının təntənəli şəkildə qeyd edilməsi bunu bir daha təsdiqləyir. Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən qəzetimizə verilən məlumata görə, bayram mərasimində “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin əməkdaşları və “Sozvezdiye” gənclərin yaradıcılıq klubunun üzvləri də iştirak ediblər. Yüzlərlə həmvətənimiz, Azərbaycanın tatar təşkilatlarının nümayəndələri ənənəvi bayramda iştirak etmək üçün Şamaxıya toplaşıb.

Mərasimdə əvvəlcə Azərbaycanın və Rusiyanın dövlət himnləri səsləndirilib.

Rusiyanın ölkəmizdəki səfirliyinin müşaviri, “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov bayrama toplaşanları salamlayıb və çıxışını milli tatar aforizmi ilə açıb: “Kazanda belə deyirlər: Sabantuyu necə bayram edərsən, o cür də məhsul götürərsən”. Rusiyalı diplomat Sabantuyun iştirakçılarına xoş bayram əhval-ruhiyyəsi arzulayıb. Sonra Azərbaycandakı bir çox xalqların – azərbaycanlı, tatar, rus, ləzgi, avar, ukraynalı və kürdlərin mədəniyyətlərini təmsil edən yaradıcı kollektivlərin iştirakı ilə böyük konsert proqramı təqdim edilib.

Bayramın yaddaqalan məqamlarından biri yaxın vaxtlarda RİMM-in nəzdində yaradılmış “Sozvezdiye” gənclərin yaradıcılıq klubu üzvlərinin debütü olub. Klubun üzvü Səid İsmayılzadə Sergey Yeseninin sözlərinə yazılmış “Mənim dostum” mahnısını və “Sarı gəlin” Azərbaycan xalq mahnısını ifa edib. Mahnılar Münəvvər Muxtarovanın ifa etdiyi rəqslərlə müşayiət olunub.

Oxucularımız üçün maraqlı olacağını nəzərə alıb tatarların və bir çox xalqların milli bayramı hesab edilən Sabantuy bayramının tarixi, ənənələri, keçirilmə yeri və qaydaları ilə bağlı yığcam araşdırma apardıq. Tatar, başqırd və çuvaşlar arasında geniş qeyd olunan Sabantuyun hərfən “kotan bayramı” kimi tərcümə olunur. Şimali Qafqaz xalqlarından balkarlar və noqaylar da buna bənzər bayramı qeyd edirlər. Sabantuy bayramının tarixi kökləri çox qədimlərə gedib çıxır və aqrar kultla bağlıdır. Əvvəllər Sabantuyu yazın ilk vaxtlarında, əsasən apreldə, indi isə iyunun sonlarında bayram edirlər.

Sabantuy çox sevilən milli bayram olduğundan onu qədim vaxtlardan indiyədək bütün qaydalarına əməl etməyə çalışaraq qeyd edirlər. Doğrudur, zamanla Sabantuyun ənənələrində müəyyən dəyişikliklər də baş verib. Mütəmadi olaraq yerli fərqlər aradan qalxaraq Sabantuy ortaq, müştərək bir bayrama çevrilib. İndi Sabantuyu yaz əkin işləri bitəndən sonra, biçindən əvvəlki fasilədə – iyunda qeyd edirlər. Əvvəllər bayramın həftənin hansı günündə keçirilməsinə fərq qoyulmayıb, sonralar isə bayram şənliklərini daha çox bazar günləri həyata keçiriblər. Müasir Sabantuy tatarların milli bayramı hesab edilir. Lakin sonralar bu bayram həm də çuvaşların, başqırdların, udmurtların, marilərin də milli bayramı səviyyəsinə yüksəlib. Hazırkı dövrdə Sabantuy Tatarıstanın həm də dövlət bayramı satusuna malikdir. Əsas Sabantuy paytaxt Kazanda bayram edilir.

Qədim ənənələr zaman keçdikcə müasirləşsə də bayramın əsas keçirilmə qaydaları qorunub saxlanılır. Bir qayda olaraq şəhərdə bayram meydanda keçirilir. Ancaq kəndlərdə isə bayram iki hissədən ibarət olur: meydan ənənələri və riutal kimi, hədiyyə yığmaq. Sabantuy kənddə doğmaların və dostların əsl qonaq qəbulu zamanıdır. Buna görə də bayramöncəsi buna ciddi hazırlıq görülür, evlərdə yır-yığış edilir, qonaqlar üçün ləziz təamlar hazırlanır.  Sabantuyda milli təamları bayram ərəfəsində, şənbə, bəzən də cümə günü hazırlamağa başlayırlar. Bayramın mərhələlərindən biri də hədiyyə toplanmasıdır. Bəzi kəndlərdə hədiyyələrin yığılması üçün 50 və daha çox ən yaxşı at səfərbər olunur: gənclər mahnı oxuya-oxuya kənddən-kəndə gəzərək hədiyyə – yaylıq, dəsmal, parça toplayırlar və bunları atların yüyəninə bağlayırlar. Gənclər çalışırlar ki, atlarını hədiyyə ilə daha çox bəzəsinlər, sonra isə onu qohum-qonşu, doğmalar və dostları ilə bölüşürlər. Əgər at olmasa, bəzən piyada da bu ritual həyata keçirilir. Tatarıstanın bəzi kəndlərində isə hədiyyə toplanması ilə ağsaqqallar məşğul olur. Bəzən ev sahibləri özləri əllərində hədiyyələr evlərinin qapısı ağzında gözləyirlər. Gənclər hədiyyə verənlərə mahnılarla təşəkkürlərini bildirirlər, sonra isə kəndin arasında gəzib yığdıqları hədiyyələri nümayiş etdirirlər.

Sabantuyda işləməli dəsmal vermək adət idi, lakin son dövrlərdə bunu daha çox kişi köynəyi ilə əvəz ediblər.

Bu bayramda yumurta yığmaq ritualı da qorunub saxlanmaqdadır. Yığılan yumurtalar satılır və Sabantuy üçün lazım olan digər əşyalar alınır. Yumurtaları həmçinin komik yarışmalar zamanı meydanda da istifadə edirlər. Bayram keçiriləcək ərazi əvvəlcədən səliqəyə salınır, meydan daşlardan, çınqıllardan təmizlənir, bəzən orada tribuna da qurulur. Bayram çox vaxt eyni meydanda keçirilir. Bayram günü meydanda qaliblərə təqdim ediləcək hədiyyələrlə dolu stol qoyulur, burada həmçinin satış yarmarkaları, bufetlər də fəaliyyət göstərir. Bayramın təntənəli açılışından sonra əyləncəli mərhələ başlayır: müğənnilər, rəqqasələr, idmançılar çıxış edir, istedadlarını nümayiş etdirirlər. Konsertin sonunda tədbirlərin keçirilməsi üçün vaxt və yer elan edilir.

İndi də milli güləş – koreş bayramın ən populyar ənənəsi olaraq qalır. Yarışlara iki gənc oğlan, bəzən də iki qoca başlayır, sonra isə növbə ilə müxtəlif yaş kateqoriyalarına mənsub digərləri qatılır. Sonra isə güləşdə finala çıxan iki nəfərin yarışı kuliminasiya anı hesab olunur. Müasir dövrdə Sabantuyun qalibinə kifayət qədər qiymətli hədiyyələr- avtomobil, bahalı məişət əşyası, xalı, paltaryuyan maşın və sair təqdim edilir. Ənənəyə görə qalibə həmçinin diri qoyun da hədiyyə edilir.

Sabantuyun meydanları bir çox tanınmış güləşçilərin idman karyerasına başladığı ilk yer kimi də tanınır. Həmçinin milli güləş növü – koreş tatarların sevimli idman növunə çevrilib.

Meydanda ağırlıqqaldırma, armrestlinq və idmanın digər çoxsaylı növləri üzrə yarışlar da keçirilir.

Meydanlarda həmçinin gülməli, komik yarışlar da təşkil olunur. Məsələn, ağızda tutulmuş qaşıq-içində də yumurta ilə qaçmaq. Bu zaman təbii ki, qaşıqdakı yumurtanı yerə salmamalısan. Yaxud kisədə qaçış, su ilə dolu vedrə ilə yüyürmək və ya birinin sol ayağı digərinin sağ ayağına bağlanmış vəziyyətdə qaçmaq meydanda toplaşanlara əyləncə və gülüş bəxş edir.

Meydan tamaşaları adətən səhər saat 10-dan başlanır. Meydanda şirniyyatlar və digər ləziz təamlar satılır, samovar ətrafında ailəvi çayiçmə mərasimləri təşkil edilir.

Meydan tamaşaları bitəndən sonra gənclər axşam oyunları üçün bir yerə yığışırlar və əyləncə saatları, yarışlar davam edir.

Sevinc MÜRVƏTQIZI

 





01.07.2013    çap et  çap et