525.Az

İlmələrdə əbədiləşən qəhrəman!- Mübariz İbrahimov


 

 İlmələrdə əbədiləşən qəhrəman!- <b style="color:red">Mübariz İbrahimov</b>

"Azər-İlmə" xalçaçılıq şirkətində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edilmiş xalça toxunub. Üçrəngli Azərbaycan bayrağı fonunda təsvir edilən portret-xalça Milli Qəhramanın doğulub, boya-başa çatdığı Biləsuvar rayonunda valideynlərinə təqdim edilib. "Azər-İlmə" şirkətinin rəhbəri Vidadi Muradovun təşəbbüsü ilə ərsəyə gələn xalça bir il yarım müddətə toxunub.   Təqdimetmə mərasimində Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev, rayon ictimaiyyəti, ziyalılar və Milli Qəhrəmanın yaxınları iştirak ediblər.

Azər-İlmə” şirkətinin əməkdaşlarının xalça üzərində yaratdıqları müasir Azərbaycan tarixinin ən görkəmli simalarından olan Mübariz İbrahimovun obrazı onun ruhuna, özünün layiqli şəkildə davam etdirdiyi qəhrəmanlıq irsinə töhfəsi, minnətdarlığıdır. O, xalça üzərində üçrəngli, ay-ulduzlu Azərbaycan bayrağının fonunda, əsgər geyimində təsvir olunub. Bu - Mübarizin əbədi obrazıdır. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov bütün dünyaya Azərbaycan ordusunun, Azərbaycan əsgərinin qadir olduğu gücü nümayiş etdirdi. Təkbaşına düşmən üzərinə hücumu ilə hər kəsin qəlbini riqqətə gətirdi.

Ölçüsü 180x120sm olan portret-xalçaya ümumən 777666 ilmə vurulub. İki toxucu tərəfindən toxunan xalçanın ilmə sıxlığı isə 1 kv. dm-də 60x60-dır.

Tədbirdə İcra hakimiyyətinin başçısı  Mahir Quliyev çıxış edərək, Mübariz İbrahimovun daim yaddaşlarımızda yaşayacaq qəhrəmanlığından söhbət açıb. Vidadi Muradov isə  çıxışında “Azər-İlmə” şirkəti adından Mübariz İbrahimov kimi mərd, cəsarətli, hər kəsə örnək olacaq bir ömür yolu yaşamış bir övlad böyüdən valideynlərə öz təşəkkürümü  bildirdi.

Yumruqları düyünlənmiş, baxışları  uzaqlara – Azərbaycan bayrağının Şuşada, Xankəndidə, bu gün işğal altında öz nicatını, əsl sahiblərini gözləyən torpaqlarımızda dalğalanacağı günə zillənmiş, məğrur duruşlu  Mübariz İbrahimovun xalça üzərinə köçürülmüş obrazı böyük sevginin, rəğbətin, minnətdarlığın, pərəstişin təcəssümü, onu xatırladığımız zaman keçirdiyimiz qürur, fəxarət hissinin əksidir.

 





01.07.2013    çap et  çap et