525.Az

Şəkidə “İpək Yolu” IV Beynəlxalq musiqi festivalının rəsmi açılışı olub


 

Şəkidə “İpək Yolu” IV Beynəlxalq musiqi festivalının rəsmi açılışı olub<b style="color:red"></b>

Şəkidəki XIX əsrə aid tarixi-memarlıq abidəsi olan “Aşağı Karvansaray” kompleksində “İpək Yolu” IV Beynəlxalq musiqi festivalının rəsmi açılış mərasimi keçirilib. Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov və festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Şəkinin yenidən qapılarını növbəti “İpək Yolu” festivalına açdığını bildiriblər: “Gözəl bir ənənəyə çevrilən möhtəşəm musiqi bayramı – “İpək Yolu” Beynəlxalq festivalının Şəkidə keçirilməsi heç də təsadüfi deyildir. Əsrlər boyu bu qədim və gözəl şəhər Böyük İpək Yolu üzərində yerləşən mühüm sənət və ticarət mərkəzi olub. Bu gün Şəki orta əsrin şəhərlərinə məxsus olan şəhərsalma mədəniyyətini özündə qoruyub saxlayan nadir bir yerdir. Şəhərin nadir tarixi memarlıq abidələri – karvansaraylar, məscidlər, minarələr, qala divarları, körpülər Şəkinin qədim memarlıq üslubundan xəbər verir. Musiqi festivalı zamanı konsertlərin tarixi memarlıq abidələri önündə keçirilməsi tədbirin əhəmiyyətini daha da artırır. Bu festivallar həm də xalqımıza xas olan zəngin tarixi mədəni irsi təbliğ etməyə imkan yaradır. Bu gözəl musiqi bayramında Azərbaycan ilə yanaşı Türkiyə, Tacikistan, Rusiya, Koreya Respublikası və ABŞ-ın musiqiləri səsləndiriləcək. “İpək Yolu” IV Beynəlxalq musiqi festivalı bu dəfə əsl yeniliklə başlanıb”. İlk dəfə olaraq burada görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baleti nümayiş olunub.

 Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppasının ifasında “Yeddi gözəl” baleti festivala dəvət olunmuş xarici ölkələrin nümayəndə heyətlərinin üzvləri, fəxri qonaqlar, şəhər ictimaiyyətinin nümayəndələri, teatrsevərlər tərəfindən böyük rəğbətlə qarşılanıb.

 Xalq artisti Cavanşir Cəfərovun rəhbərliyi altında Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə nümayiş olunmuş baletin baletmeysteri Vasili Medvedev (Rusiya), quruluşçu rəssam Dmitri Gerbadji (Rusiya), geyim üzrə rəssam Əməkdar rəssam Tahir Tahirovdur. Səhnə əsərində əsas rolları isə Xalq artistləri Kamilla Hüseynova və Gülağası Mirzəyev ifa ediblər.

Festivalın sonrakı günlərində tamaşaçılara Koreya Respublikasından olan solistlərin ifasında qədim musiqi nümunələri və rəqslərdən ibarət maraqlı konsert proqramı təqdim olunub.

Konserti Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-İn açaraq “İpək Yolu” festivalının iştirakçılarının xalq musiqisindən zövq almaq, müxtəlif xalqların mədəniyyəti haqqında geniş məlumat əldə etmək imkanlarının olduğunu bildirib. Səfir bu möhtəşəm tədbirə dəvət olunmasından qürur duyduğunu, hər dəfə Şəkiyə səfər edəndə onun gözəl incəsənəti və zəngin mədəni irsinə heyran qaldığını vurğulayıb. Koreya musiqiçilərinin “İpək Yolu” Beynəlxalq musiqi festivalında hər il iştirak etmələrindən məmnunluq duyduğunu bildirən Çoi Suk-İn, bu gün musiqiçilərdən ibarət böyük bir qrupun bu festivalın tərkib hissəsi olmaq üçün uzun yol qət edərək Şəkiyə gəldiyini diqqətə çatdırıb. Səfir bu festivalın Koreya milli musiqisi ilə yaxından tanış olmağa, eyni zamanda, ölkələrimiz arasındakı mədəni əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Festival çərçivəsində ABŞ-ın “Filligar” rok-qrupunun konserti də olub.

ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Viktoriya Sluon qrupun fəaliyyəti və ölkəmizə səfərinin məqsədi barədə məlumat verib. Festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə “İpək Yolu” IV Beynəlxalq musiqi festivalının janr baxımından da çox zəngin olduğunu, bu musiqi bayramının proqramına uzaq Amerikadan gələn rok qrupunun çıxışı və cazibədar etno-caz musiqisindən tutmuş klassik balet tamaşasınadək ən müxtəlif janrların daxil edildiyini diqqətə çatdırıb. Məlumat verilib ki, “Filligar” Amerikada son illərin ən yaxşı gənc rok qruplarından sayılır. 2000-ci ildə Çikaqo şəhərində Matias qardaşları tərəfindən yaradılan bu qrup artıq 8 albomunu və 80 orijinal mahnısını rok musiqisini sevənlərə təqdim edib.  2012-ci ildə qrupun sonuncu “The Nerve” albomu Amerikada məşhur Müstəqil Nüfuzlu Musiqi Mükafatları birliyi tərəfindən “İlin ən yaxşı albomu” nominasiyası üzrə mükafata layiq görülüb.

2013-cü ildə “Filligar” qrupu dünya ölkələri arasında mədəniyyətin və incəsənətin dialoqunu, qarşılıqlı mədəni əlaqələrin inkişafını, habelə Amerika musiqi mədəniyyətini təbliğ etmək üçün ABŞ Dövlət Departamenti tərəfindən mədəni səfir kimi bir sıra Şərqi Avropa ölkələrinə qastrol səfərləri edib.

S.ABDULLAYEVA

 





02.07.2013    çap et  çap et