525.Az

Azərbaycandakı tolerantlıq mənzərəsi dünya mətbuatında


 

Azərbaycandakı tolerantlıq mənzərəsi dünya mətbuatında<b style="color:red"></b>

Dini və etnik tolerantlıq baxımından Azərbaycanın dünya üçün bir model olması artıq heç kimdə şübhə doğurmur. Xüsusilə son dövrlərdə ölkəmizin dini baxımdan beynəlxalq tədbirlərə, simpozium və forumlara ev sahibliyi etməsi də bunu sübut edir. Beynəlxalq ictimaiyyət artıq çoxdan Azəbaycanın dini və etnik cəhətdən tolerant ölkə olmasını etiraf və qəbul edir. Bütün bunlar Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdən sonra dünya mətbuatında geniş işıqlandırılır.

Azərbaycan Prezidenti İlham Əliyev də son çıxışlarının birində bu barədə ətraflı söz açıb. Ölkə başçısı bu yaxınlarda Şamaxı Cümə Məscidinin açılışında fikirlərini belə ifadə edib: “Ölkəmizdə nə dini, nə milli zəmində heç vaxt heç bir qarşıdurma, anlaşılmazlıq olmayıb və olmayacaq. Dünyanın 33 ölkəsini təmsil edən, 200-dən artıq yüksək səviyyəli nümayəndənin iştirakı ilə Dünya dini liderlərinin sammitinin Bakıda keçirilməsi də Azərbaycanın tolerantlıq təcrübəsinin yüksək dəyərləndirilməsindən irəli gəldi. Həmin sammitdə ölkəmizin sülhsevərliyi, birgəyaşayış qaydalarına hörməti Azərbaycan xalqına məxsus humanist və xeyirxahlıq kimi dəyərləndirilib. Azərbaycanda tolerantlığın səviyyəsi yüksəkdir və məmnunluq hissi yaradır. Azərbaycanda hər kəs istədiyi dinə, etiqad edir, istədiyi kimi ibadət edir. Ölkəmizdə dini və milli dözümlülüyün çox böyük və şərəfli tarixinin olması Bakıda təşkil olunan sivilizasiyalararası dialoqun gücləndirilməsi məsələlərinə həsr olunmuş beynəlxalq konfranslarda da dəfələrlə səslənib. Sivilizasiyaları, dünya dinlərini birləşdirmək, əməkdaşlığı dərinləşdirmək üçün hesab edirəm ki, bizim ölkə kifayət qədər böyük səylər göstərir. Ən önəmlisi ondan ibarətdir ki, bu səylər öz nəticəsini verməkdədir. Çünki əgər belə olmasaydı, Azərbaycanın bu sahədəki təcrübəsi maraq doğurmazdı. Dünya ictimaiyyəti üçün aydın olan həqiqət budur ki, Azərbaycanın dinlərarası dialoqun mərkəzinə çevrilməsi prosesi bu gün də uğurla davam etdirilir. Milliyyətindən, dinindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları ölkə iqtisadiyyatının güclənməsində iştirak edir. Azərbaycanda milli dəyərlərə sadiqlik, ümumbəşəri dəyərlərə hörmət meylləri respublikanın müasirləşməsinə, modernləşməsinə xidmət göstərir”.

Azərbaycan mövcud olan dərin tolerantlıq ənənələri barəsində ən müxtəlif ölkələrin mətbuatı məlumat verib, materiallar və reportajlar dərc edib. ABŞ, Misir, İordaniya, Pakistan, Rusiya, Ukrayna, Rumıniya,  Fransa və bir çox adını çəkmədiyimiz ölkələrin mətbu orqanlarında bu mövzu ilə bağlı yazılar öz əksini tapıb. Biz sadəcə son günlərdə beynəlxalq mediada işıqlandırılmış bir-iki nümunə haqqında söhbət açacağıq. Bu yaxınlarda Fransanın nüfuzlu “Cənub-Qərb” qəzetində Azərbaycanın dünyəvi və tolerant ölkə olmasından bəhs edən “Dünyəvilik təcrübəsi” sərlövhəli məqalə dərc edilib. Məqalədə Avropa Azərbaycan Cəmiyyətinin və Bordo şəhərinin böyük məscidinin birgə təşkilatçılığı ilə Aktiven Muzeyində “İslam və dünyəvilik: Azərbaycanın təcrübəsi və onun Fransada əks-sədası” mövzusunda keçirilmiş simpoziumda dövlətlə dinin ayrılığı məsələsini müzakirə etmək üçün Azərbaycanın nümunə kimi seçilməsi barədə məscidin imamı Tareq Ubru ilə müsahibəyə geniş yer verilib. Dünyəvilik, bu məsələdə dövlətin rolu və dini məsələlərə həsr olunmuş simpoziumda müzakirə mövzusu kimi Azərbaycan nümunəsinin əsas götürülməsi, Azərbaycan və Fransa arasında dünyəvilik modelinin oxşar və fərqli cəhətlərindən bəhs edən imam ölkəmizin kommunizm rejimindən çıxaraq müstəqillik əldə etməsindən, şiələrin daha çoxluq və sünnilərin azlıq təşkil etdiyi Azərbaycanda çoxlu sayda yəhudi icmalarının yaşadığını, provaslav və katolik kilsələrinin olduğunu diqqətə çatdırıb. Məqalədə xüsusi maddə ilə dövlətin dindən ayrıldığı, insanların dini əqidə məsələsində azad olmaları, xalqların ləyaqətini alçadan və insanlıq prinsipləri ilə tamamilə ziddiyyət təşkil edən təbliğatın Konstitusiyanın xüsusi maddəsi ilə qadağan olunması, dövlət təhsil sisteminin dünyəvilik xarakter daşıdığı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dövlətlə din arasında əlaqənin yaradılmasına xidmət etdiyi, ölkə əhalisinin 93, 4 faizinin İslam dininə sitayiş etdiyi, 85 faizinin şiə, 15 faizinin isə sünni olması öz əksini tapıb.

Yazıda qeyd olunub ki, şiələrin sayına görə İrandan sonra dünyada ikinci yeri tutan Azərbaycanda sovet dövründə ateizmin on illərlə təbliğatına baxmayaraq, əhalinin əksəriyyəti özlərinin dünyəvilik ideyalarına sadiq qalıb. Azərbaycana “Müsəlman dünyasında dini tolerantlıq və dünyəvilik” mövzusunda keçirilən beynəlxalq konfransla əlaqədar ölkəmizə səfər etdiyini xatırladan T.Ubru respublikamızın iqtisadi-elmi əməkdaşlıqda maraqlı olduğunu, ölkəmizdə yaşayan dini azlıqların dilinin, dininin və mədəniyyətinin inkişafına hökumət tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini, Azərbaycandakı mövcud tolerantlığın digər ölkələrə nümunə olduğunu, əsrlər boyu tolerantlıq və dünyəvilik ənənələrinin qorunub saxlandığını diqqətə çatdırıb.

Son bununla bağlı daha bir yazını Qara dəniz – Xəzər dənizi əməkdaşlığı və tərəfdaşlığı üzrə beynəlxalq fondun eksperti rumıniyalı Valentina Albu qələmə alıb. “Nine O’clock” qəzetində Azərbaycan haqqında “Gəldim, gördüm və kəşf etdim...” adlı məqalə dərc etdirən müəllif ilk dəfə 2012-ci ilin payızında Azərbaycana səfər etməyindən və təəssüratlarından bəhs edib: “

Bu gün dünyəvi dəyərlərə bağlı, xalqların taleyini həll edə biləcək sağlam nəslin yetişməsində insan amili həlledici rol oynayır. Azərbaycan rəhbərliyi də bunu tam mənası ilə dərk edir, ölkədə etnik və dini dözümlülüyün təşviqi istiqamətində beynəlxalq əməkdaşlıqdan faydalanır. Yeri gəlmişkən sonradan mənə məlum oldu ki, rəsmi statistikaya əsasən Azərbaycanda hələ də 35 minə yaxın erməni yaşayır. Hal-hazırda Ermənistandakı azərbaycanlıların sayını da bilmək pis olmazdı. Ən azından hesab edirəm ki, hər iki ölkə üzrə bənzər göstərici Dağlıq Qarabağ münaqişəsinin həllində humanitar dialoqa töhfə verə bilər”.

Valentina Albu Azərbaycanın əsas xüsusiyyətinin tolerantlıq, düşüncə, dialoq və dini əqidə nöqteyi-nəzərindən bir unikal ölkə olduğunu deyir: “Bu ölkədə mövcud olan tolerantlıq bir çox ölkələr üçün dini və milli dözümsüzlükdən əziyyət çəkən nəinki Şərq ölkələrinə elə Avropanın özünə də nümunə ola bilər”.

Sonda Fransanın Bakıdakı səfiri Paskal Mönyenin bu yaxınlarda mətbuata verdiyi müsahibəsindən bir cümləni təqdim etmək istərdik. Bu cümləni əslində Azərbaycanın dini və etnik tolerantlığına verilən ən düzgün, ədalətli fikir hesab etmək olar: “Azərbaycanda dini tolerantlıq və müsəlman kimliyinin uca tutulması xüsusilə vurğulanmalıdır. Düşünürəm, Avropa, eləcə də dünyanın bir çox ölkələri, Azərbaycandan dünyəvilik, tolerantlıq dərsi öyrənməlidir”.

Sevinc MÜRVƏTQIZI

 





02.07.2013    çap et  çap et