525.Az

"O yol qırağında tənha bir məzar..." - Cavad Zeynalın şeirləri


 

"O yol qırağında tənha bir məzar..." - <b style="color:red">Cavad Zeynalın şeirləri </b>

ÇİLLƏ

Nə yaman bozarıb üzü çillənin,
Açıb ətəyini qırma səpir ki.
Elə bil ac qurddu gözü çillənin,
Bayıra çıxanı evə təpir ki.

Çovğunu adamın bağrını sökür,
Elə bil dünyanın axırı gəlib.
Gah dolu ələyir, gah da qar tökür,
Elə bil sağına naxırı gəlib.

Qarılar tələsmir söz bitirməyə,
Canavar iz tutur cığırda, yolda.
Gəlinlər getməyir un gətirməyə,
Gedənin əlləri donur çuvalda.

Dağ-dərə çilləyə yurda dönübdü,
Şaxtası meydanlar sulayır elə.
Küləklər acıxmış qurda dönübdü,
Süləngi it kimi ulayır elə.

Elə ağardır ki, saz dişlərini,
Sazağı adamı ütür, qurudur.
Hirsindən qıcırdır buz dişlərini,
Adamı qorxudan titrəmə tutur.

Külək dillərinin bir çağrışı var,
Görürəm yalandan sovurur, kəsir.
Vallah, bu çillənin bir ağrısı var,
Özünə bir isti yuvacıq gəzir.

Çillədi, gəlişi, gedişi belə,
Kim bilir nə qədər bulud sağacaq.
Bu çillə gələndən yaza hamilə,
Bu çillə axırda bahar doğacaq.

AYILTMA MƏNTƏQƏSİ

Cərrah dostum professor Mübariz Əliyevə

Sizi deyə bilmərəm,
Mənim gülməyim gəlir;
Vallah, belə bir addan
Gülüb, ölməyim gəlir.

Ayıltma məntəqəsi...
Bu addımı, siz deyin?
Duyğusuz yaşamaq da
Həyatdımı, siz deyin.

Bıçaqdan çıxanları
Yığıblar bir otağa.
Bura gəlmək qadağa,
Bura getmək qadağa.

Ayıltma məntəqəsi...
Qızıldandı burda an.
Həkimlər intizarda,
Qohum-qəblə nigaran.

Deyək ki, ayıltdınız
Bəxtəvər yatanları;
Pərqu yorğan-döşəkdə
Güllərə batanları

O yeriyən yatmışı
Oyadacaq kimlər bəs?
Xəcalət allarına
Boyadacaq kimlər bəs?

İkiyə bölünmüşük,
Ayılmırıq hələ də.
Ayıqlar cərgəsində
Sayılmırıq hələ də.

Hamını çəkin bura,
Yatan, oyaq seçilsin.
Görək nədən nə qədər,
Ortasayaq seçilsin.

Ayıltma məntəqəsi...
Bilməcədi, deyilmi?
Hissiz, duyğusuz olmaq
Gülməcədi, deyilmi?

Sizi deyə bilmərəm,
Mənim gülməyim gəlir;
Vallah, belə bir addan
Gülüb, ölməyim gəlir.

O YOL QIRAĞINDA TƏNHA BİR MƏZAR

Şamaxı yolunun qırağında bir türk məzarı var. Bu, 1918-ci ildə Bakını xilasa gəlmiş şanlı türk ordusu əsgərlərindən birinin məzarıdır.

O yol qırağında tənha bir məzar,
O yol qırağında qərib uyuyur.
Nə əli yetəni, nə gələni var,
Köksünü torpağa gərib uyuyur.

Baharda eşqə bax, güllərə bükür,
Ötənlər dayanır yolüstü elə.
Buludlar göylərdən göz yaşı tökür,
Küləklər qurudur əlüstü elə.

Doğulub harada, yatır harada,
Baxanlar dayanıb fikrə dalırlar.
Baharda torağay ötür burada,
Payızda durnalar lələk salırlar.

Zamandan zamana bir xitabdı o,
Əzəmət timsalı yar-yarağında.
Nəsildən nəsilə bir kitabdı o,
Yaddaşdı, oxunur yol qırağında.

Hayıma yüyürən, səsimə gələn,
Demirəm, demərəm bir olub gedir.
Qəhrəman doğulan, qəhrəman ölən
Eləcə ellərə pir olub gedir.

Qardaş harayına hay-səda verən,
O yenə əsgərdi, yaraqlı əsgər.
Qardaşlıq yolunda can fəda verən,
Qardaşa azadlıq soraqlı əsgər.

Axtarma kökündən soğulanları,
Əzəldən zamanla qoşadır tarix.
Tarixdə qəhrəman doğulanları
Çöldə də qəhrəman yaşadır tarix.

GÖY SEVGİSİ

Neçə gündü yağır hey,
Göyün bağrı sökülür.
Yağan yağış deyil ki...
Aftafadan tökülür.
Çaylar sığmır yatağa,
Gen dərələr hayqırır
Dağlar düşüb lərzəyə,
Bənd-bərələr hayqırır.
Göyün üzü qapqara,
Açılmır ki, açılmır.
Günəş elə gizlənib,
Saçılmır ki, saçılmır.
Hıçqırığı ildırım,
Bəxti qara qız kimi.
Qurumayır göz yaşı,
Ələyir payız kimi.
Göy sevgisi nə dərin,
Silkələyir Yeri də.
Eşqi daşa dəyibdi,
Kimsəsi yox kiridə.

HARDASAN, AY QARIMIŞ...

Neçə gözəl bəyəndim,
Biri qismət olmadı.
Qara, çirkin istədim,
Pərvazlandı, qalmadı.
Çilçilinə vuruldum,
Günəş doğdu baxtına.
Yoluna gül döşəndi,
Qondu şahlıq taxtına.
...Hardasan, ay qarımış,
Hardasan, çıx bir üzə.
Səni görüm
yer-yerdən
Elçilər gəlsin sizə.
 
NƏ DEYİRƏM

Öz harayım, öz hayım,
Hay verən var haylayım?
Nə yığ mışam paylayım,
Yetirirsən, yeyirəm,
Yeyirəm, ilahi, yeyirəm.

Nə əkirəm bitir ki,
Boyu dama yetir ki.
Ömür vəfa eyləyir,
Barlı budaq əyirəm,
Əyirəm, ilahi, əyirəm.

Döşdə çiçək sayrışır,
Bir-biriylə yarışır.
Diş göynədir bulaqlar,
Əl vururam, keyirəm,
Keyirəm, ilahi, keyirəm.

Qar ələyir quşbaşı,
Qış çölə yorğan sərir.
Üzümə gülə-gülə
Mənə ağı göstərir,
Bürünürəm, geyirəm,
Geyirəm, ilahi, geyirəm.

Əyilmişəm gün kimi,
Əyləmimi görən - sən.
Vaxtım haçan bitəcək-
Fərmanımı verən - sən,
Nə deyirəm, ilahi, nə deyirəm.

KÖHNƏ MAHNI

“Hələ də havada qeydiyyatdayam”
                          Kəmaləddin Qədim

Boş əllə boş qoyduq odu, ocağı,
O isti ocaqlar dağıldı getdi.
Laylaydı, nəğməydi küncü-bucağı,
O layla, o nəğmə nağıldı - getdi.

Çöllərə, düzlərə pənah gətirdik,
Düzlər bezar oldu, çöl bezar oldu.
Elə bil ellərə günah gətirdik,
Oba bezar oldu, el bezar oldu.

Axışdıq, yığışdıq şəhərlərə biz,
Şəhəri ən böyük bir arxa sandıq.
Gecədən çıxmadıq səhərlərə biz,
Ümidə tanındıq, ölüm qazandıq.

Dağıldıq, söküldük hey içimizdən,
Gələnlər bilmədik heç hara getdi.
Aşındıq, daşındıq bəy içimizdən,
Gedənlər elə hey məzara getdi.

Söydük bu gərdişi, söydükcə söydük,
Ötənə, keçənə tov olduq ancaq.
Küçələr dolandıq, qapılar döydük,
Qapıdan-qapıya qovulduq ancaq.

Çəkilmək bilmədi yurd həsrətimiz,
Bağrımız bu həsrət közündə bişdi.
Öyrəşə bilmədik şəhərlərə biz,
Qırıldıq, qəbrimiz şəhərliləşdi.

RƏQƏM DİLİ

Bir dəfə Akademik dostum Hətəm Quliyevin stolunda bir yazı gördüm. Dörd səhifəlik yazıda bir dənə də söz yox idi. Hamısı rəqəm idi. Soruşdum ki, bu nədir, dedi sənlik deyil.

Əlində rəqəm bir muncuq kimi,
Baxıram, sən demiş, heç mənlik deyil.
Əzbər deməsəydin şeirlərimi
Deyərdim şeir də heç sənlik deyil.

Girmədin kölgələr sərinliyinə,
Dost oldu səninlə “iqriklər”, “zetlər”.
Vardıqca sən elmin dərinliyinə
Açıldı önündə yad planetlər.

Diş kəsmir gözünün yediklərini,
Daşlanan tərifə davam mən olum.
Düsturlar diliylə dediklərini
Qoy başa düşməyən avam mən olum.

Səhəri açıram gözlərimdə dan,
Qismətim həyatın diki olubdu.
Neyləyim, məktəbdə riyaziyyatdan
Aldığım həmişə “iki” olubdu.

Məsələ-misallar olmayıb mənlik,
O bahar payızla, qışla görüşüb.
Başıma yığdığım bir-iki tənlik
Günbəzə atılan qoz olub düşüb.

Beyində tapıntı - şimşək çaxışı,
Qələmə gəlməsə, tovuna çıxım.
Sən yarat “Dünyaya yeni baxış”ı,
Mən də ki, təzə söz ovuna çıxım.

 





21.04.2018    çap et  çap et