525.Az

Yafəs Türksəsin poetik səsi


 

Yafəs Türksəsin poetik səsi<b style="color:red"></b>

Keçən ilin sonlarında Yafəs Türksəs "Kardioqram sətirlər", "Baycanın Simfoniyası", "Ögey Tale", "Dördüncü Məkanın Simfoniyası", "Ultra suallar" və "Canlı yayım"dan sonra yeddinci şeir kitabını - "Əllərimin sualı"nı oxuculara təqdim etdi.

O qədər də böyük həcmli olmayan, altmışdan bir az çox şeirin toplandığı bu kitabda elə bir misra tapmaq çətindir ki, arxasında Həyat, onun çoxspektrli hissləri, duyğu-düşüncə mənzərələri və bu mənzərələrin təbii relyefi dayanmasın...

Bir sevgi uydurmuşam
Uşaq evcik quran kimi.
Köçəcəyəm o evciyə
ürəyini alan kimi...
...Hazırdır sevgi məktubum da,
Təkcə nöqtəsi qoyulmayıb
...oxuyub doymaq olar
Nöqtəyə nə var
Göz yaşıyla da qoymaq olar.

Və şair uydurduğu bu sevgi - evciyini Tanrının bəxşi sayır...

Qoy dünya gülməsin
Bu yaşdakı cocuğuna.
Nə bilim, bəlkə Tanrım verib
Mənə bu əzabı
günahkarı olduğum
bir sevginin acığına.

Məsələ burasındadır ki, kitabdakı şeirlər ideya-ovqatca bir-birilə o qədər səsləşir ki, bütöv bir lirik poema təsiri bağışlayır.

Və bu "poema"nın nə başlanğıcı var, nə də sonu... Daha doğrusu, "süjet" olduqca mütəhərrikdir. Hərçənd, kitabın müxtəlif yerlərində elə şeirlərə rast gəlinir ki, başlanğıc kimi qəbul edilə bilər... Məsələn, "Hələ bu dünyanın göyçək vaxtıdır"...

Hələ yol gəlirik bir-birimizə,
Hələ sevgimizin çiçək vaxtıdır.
...Özgə ürəklərin qapılarında
Hələ qonaq kimi üşüməmişəm.
Hələ yazmamışam o son məktubu,
içi üzr dolu, göz yaşı dolu...
...Hələ köçməmişəm şeirlərimə,
Hələ sevgimizə şeir deyirsən...

Ancaq bu da Yafəs Türksəsin üslubudur ki, sevginin, ümumən poetik ovqatın əvvəli ilə sonu daim "dialoq"da, həsbi- haldadır... Gümanı, şübhəsi ilə...

Gəlişini görmək olmur,
Gülüşünü dərmək olmur.
Sevgidimi?!
Bilmək olmur,
Yoxsa, qara basır məni?!

"Hörümçək" şeirini Ramiz Rövşənin məşhur "İlan balası" ilə müqayisə etmək olar, ancaq o mənada yox ki, "Hörümçək" bilavasitə "İlan balası"nın təsiri altında yaranmışdır... Əsas fərq ondadır ki, "Hörümçək"də fəlsəfilik və ya metafizika arxa plandadır, öndə olan ideyanın sosioloji cəhətidir...

Tor qurmaq öyrətdin bütün dünyaya,
Bu dünya tor qurmaq yoluna düşdü.
Fəqət səndən başqa tor quranların
Hamısı qurduğu toruna düşdü.
Qismətinə düşən payını aldın...
...tor qurmaq səninçün Tanrı yoludur...
Amma səndən başqa tor quranların
Bax gör ki, hamısı nəfsin quludur...

"Oxu, dağ çayı" şeirində Yafəs Türksəs bədii kəşfə yaxındır... İdeya - təəssürat bundan ibarətdir ki, dağ çayı dağlarda öz nəğməsini "həyəcan"la, "təlaş"la, yəni ürəyi istədiyi kimi oxuyur, dağdan enən kimi o şövq, o həvəs yox olur...

Bir çaya qoşulsan, adın silinər,
Bir başqa havada çalarlar səni.
Bu daşlar sinəni yarsa da oxu...

Yafəsin poeziyasında tərcümeyi-hal əsasdır, ancaq şeirə "köçürmək" üçün yox, şeirlə dərk etmək, şeirin dilinə çevirmək üçün...

Qayğılar əlindən, dərdlər əlindən
Baş açıb sevgiyə boylanan zaman
Baxdım, oğlum, qızım özüm boydadır.
Gördüm dünyam budur, belə dünyadır.
Bir payız sevgimin məktub şeirini
Oğlum oğurlayıb bir qıza yazdı!..

"Duyğuların imperiyası", "Nəmli kirpiklərin biri bir nida", "Hər şeyin gözəlini seçirsən", "Atamdan xatirələr", "Ögey tale", "Ömür - gün yoldaşıma" və s. şeirlər də göstərir ki, Yafəs Türksəs poetik intonasiyanı hisslərinin, duyğularının, ovqatının poetexnologiyasından alır, ancaq bir çox hallarda bu hisslər, duyğular, ovqat pərakəndə olduğu kimi, poetik intonasiya da "dalğın" (hətta yayğın) olur. Və bunu virtuozluq da saymaq olar, üslubi hövsələsizlik də... Hərdən elə təəssürat yaranır ki, şair kifayət qədər ciddi mətləbi başlayır, ancaq o qədər şaxələndirir ki, "istinad nöqtəsi" itir... Önə isə ayrı-ayrı mətləblərdən qopan təsirli ifadə-obrazlar çıxır...

Yafəs Türksəsin şeirlərində elə misralar var ki, öz-özlüyündə bitkin (və mükəmməl) əsər təsiri bağışlayır; məsələn:

Canavar taledən quzu gizlədim...
Sən yenə qəlbimin Xiyabanında Fəxri qonaq kimi gəzəsən gərək...
Səni çox şeirə gətirməyəydim, gərək
Hal olaydım halından sənin...
Mən ta heç, bağışla şeirlərimi... Amma getmək-qalmaq bizsiz yazılıb
Bir az ön tarixin vərəqlərinə...
Bir sən uydurmuşam haçandan bəri...
Baharı, qışı görmədin,
De görüm bənövşəsənmi?..
İnsanın dilində yazılan şeir
Ürəkdə şeytanla dilləşib gəlir...

"Əllərimin sualı" da göstərir ki, Yafəs Türksəs ürəkdən gələn səsin poetik kardioqramını özünəməxsus həssaslıqla çəkir. Və elə bir şeiri yoxdur ki, bu səs eşidilməsin...

 





24.04.2018    çap et  çap et