525.Az

Prezidentdən uğurlu təyinatlar


 

Prezidentdən uğurlu təyinatlar<b style="color:red"></b>

Prezident İlham Əliyevin Novruz Məmmədovu Azərbaycan Respublikasının Baş naziri təyin etməsi, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi ilə bağlı sərəncamı cəmiyyətin ən müxtəlif təbəqələri tərəfindən böyük rəğbətlə qarşılanıb.

"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid bu təyinatlardan ikisinə - Novruz Məmmədovun Azərbaycan Respublikasının Baş naziri, Ceyhun Bayramovun isə Azərbaycan Respublikasının Təhsil naziri vəzifələrinə təyin olunmaları məsələsinə öz "Feysbuk" səhifəsində münasibət bidirib.

Gözlənilməz qərarla ictimaiyyəti təccübləndirmək bacarığının mahir siyasətçilərə, müdrik dövlət başçılarına xas olduğunu vurğulayan R.Məcid qeyd edib ki, "biz Azərbaycanda Ümummilli lider Heydər Əliyevin timsalında belə nümunələri çox görmüşük, Ulu öndərin gözlənilməz müdrik qərarlarla toplumu, cəmiyyəti necə təəccübləndirdiyinin dəfələrlə şahidi olmuşuq". O, Prezident seçkilərindən sonra Azərbaycanın yeni Baş nazirinin kim olacağı, nazirlərdən hansının öz kürsüsünü itirəcəyi barədə söz-söhbətlərin ölkə gündəmini zəbt edən əsas müzakirə mövzusu olduğunu xatırladaraq bildirib ki, Baş nazir kürsüsünə namizədlər sırasında ən müxtəlif şəxslərin adı hallanırdı. Amma cənab prezident elə fərqli bir şəxsi seçdi ki, hər kəsi, sözün müsbət mənasında, təəccübləndirdi: "Novruz Məmmədov hakimiyətdə ən iddiasız, özünü təbliğ etməyən, amma fəaliyyəti ilə dövlətə, dövlətin başçısına sədaqətlə xidmət göstərən məmurlardan biridir. Cəmiyyətdə müsbət imici var, korrupsiyada adı heç vaxt hallanmayıb, həmişə qruplaşmaların fövqündə dayanıb. Səmimidir, dürüstdür. Mən bu seçimi cənab prezidentin müdrik addımı kimi qiymətləndirir və bu uğurlu qərara görə öz təşəkkürümü bildirirəm.

Cənab prezident bu gözlənilməz qərarı ilə özünün peşəkar dövlət adamı, təcrübəli siyasi xadim olduğunu bir daha təsdiqlədi.

Mən Baş nazir vəzifəsinə təsdiq olunması münasibəti ilə Novruz müəllimi təbrik edir və inanıram ki, indiyə qədər olduğu kimi bu yeni, mötəbər kürsüdə də o, öz təmkinli, soyuqqanlı davranışı, fədakar fəaliyyəti ilə Vətənimizə, Dövlətimizə layiqincə xidmət göstərəcək".

"Ceyhun Bayramovun təhsil naziri vəzifəsini icra etdiyi bir neçə aylıq dövr sakit və ajiotajsız keçdi. Bəziləri bu sakitliyi nazir təyinatının olmaması ilə bağlayırdı. Amma mən bu sakit, iddiasız işgüzarlığı Ceyhun Bayramovun şəxsi və idarəçilik keyfiyətləri ilə izah edirdim". Bu fikirləri isə R.Məcid Ceyhun Bayramovun Təhsil naziri vəzifəsinə təyin olunması məsələsinə münasibət bildirərkən deyib. O, Təhsil Nazirliyinə son illər gələn yeni kadrlar içərisində Ceyhun Bayramovun təmkini, müzakirələrə açıq olması, eyni zamanda, işinə hədsiz məsuliyyəti və kreativ keyfiyyətləri ilə seçildiyini vurğulayıb: "Təmasda olduğum bu illər ərzində onu dəyərləri bilən, geniş dünyagörüşlü bir insan kimi tanımışam.

Təhsil nazirinin kim olacağı ilə bağlı müxtəlif səviyyəli disskusiyalarda da öz fikrimi elə bu müşahidələrimə əsasən bildirirdim. Və qənaətim hər dəfə birmənalı olurdu: Ceyhun Bayramovun həm nazir səlahiyyətlərini icra etdiyi müddətdə, həm də ona qədərki fəaliyyəti göstərir ki, nazir vəzifəsinə ən uğurlu namizəd elə odur. Mən cənab prezidentin bu uğurlu seçimini alqışlayır və təyinatı yüksək qiymətləndirirəm. İnanıram ki, Ceyhun Bayramov sadaladığım keyfiyyətləri ilə Azərbaycanın təhsil sisteminə öz töhfəsini verəcək, ölkəmizdə təhsilin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində mühüm uğurlara imza atacaq".

R.Məcid Nazirlər Kabinetinin yeni üzvlərini, eləcə də Əfv komissiyasında təmsil olunan Daxili işlər naziri Ramil Usubovu, Ədliyyə naziri Fikrət Məmmədovu, Mədəniyyət naziri Əbülfəs Qarayevi və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevi prezidentin sərəncamı ilə tutduqları vəzifəyə növbəti dəfə təsdiqlənmələri münasibəti ilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

 





24.04.2018    çap et  çap et