525.Az

Gedən yaxşılar


 

Gedən yaxşılar <b style="color:red"></b>

Prezident İlham Əliyevin "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" imzaladığı sərəncamlara əsasən, yeni hökumətdə vəzifə almayan şəxslər sırasında ölkə ictimaiyyətinin çox yaxşı tanıdığı və fəaliyyətilə rəğbət qazanmış şəxslər də oldu.

Uzun illərdən bəri baş nazirin müavini işləyən Elçin Əfəndiyev, ekologiya və təbii sərvətlər naziri olan Hüseynqulu Bağırov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəhbərlik etmiş Səlim Müslümovun yeni hökumətdən kənarda qalması bu baxımdan ictimaiyyətin mühüm  kəsimində müəyyən dərəcədə təəssüf doğurdu.

Azərbaycan və dünya mədəniyyətinin görkəmli bilicisi, böyük ədibimiz, Xalq yazıçısı Elçin Əfəndiyev baş nazirin müavini olduğu bu uzun zaman ərzində ölkəmizin mədəni tərəqqisinə layiqincə xidmət edib. Nüfuzlu ədəbiyyat və mədəniyyət adamı, geniş düşüncəli, fəal ictimai xadim Elçin Əfəndiyevin Nazirlər Kabinetində müvafiq sahə üzrə yüksək vəzifə tutması, sözsüz ki, Azərbaycanda bu sahədə inkişafa nail olunmasına müsbət təsir göstərib. Ötən müddət boyu mədəniyyət sahəsində dövlətin yürütdüyü siyasətin, hökumətin həyata keçirdiyi işlərin düzgün, çevik və səmərəli xarakter almasında bu sahənin yüksək peşəkarı olan Elçin Əfəndiyevin özünəməxsus rolu var. O, mədəniyyətimizin tarixi-mənəvi köklərinə dərindən bağlı və bələd olduğu üçün, ilk növbədə mədəni irsin qorunması və təbliğinə çalışıb. Eyni zamanda, bu istiqamətdəki müasir inkişaf meyillərindən də xəbərdar olaraq, ən uyğun və dəyərli sayılan yeni tendensiyaların ölkəmizdə tətbiqi yolunda öz zəhmətini, bacarığını əsirgəməyib.

Hüseynqulu Bağırov da nazir olduğu uzun zaman kəsiyində öz vəzifəsini uğurla icra etdi. Dərin savadı, zəngin erudisiyası, hərtərəfli dünyagörüşü onun öz vəzifəsində önəmli uğurlar qazanmasına yardımçı oldu. Müşahidələrə əsasən qeyd edə bilərik ki, H.Bağırov cəmiyyətimizdə ekoloji şüurun yüksəldilməsi, genişmiqyaslı yaşıllaşdırma işlərinin aparılması, qoruq və yasaqlıqların mühafizəsinin daha düzgün təşkili naminə, bir nazir kimi, böyük səylə çalışdı. Son illər Azərbaycanın təbii mənzərəsinin daha da canlanması, ekologiya sahəsində bir sıra lazımlı, qalıcı işlərin görülməsi, əksərən səmərəli nəticələr əldə edilməsi, təbii ki, birbaşa dövlətimizin rəhbərliyilə yanaşı, bu istiqamətə cavabdeh nazir olaraq, H.Bağırovun da fəaliyyətilə bağlıdır. Şəxsi yöndən isə, Hüseynqulu Bağırovun sadə, təvazökar insan olduğuna, ictimai yaddaşda bu cür yer tutduğuna, belə xatırlanacağına dair qənaət formalaşıb. 

Əmək və əhalinin sosial müdafiəsi naziri olmuş Səlim Müslümovun da bu dəfə vəzifəyə təyinat almaması xeyli dərəcədə təəssüflə qarşılandı. Çünki S.Müslümovun, çətin bir sahəyə cavabdeh olmasına, əhalinin həssas təbəqəsilə işləməsinə baxmayaraq, öz vəzifəsində həm yüksək bacarıq və məsuliyyət, həm də kifayət qədər mənəvi hazırlıq, təmkin, məsuliyyət nümayiş etdirdiyini inamla söyləmək mümkündür. Xüsusilə qeyd etmək yerinə düşər ki, bu vəzifəyə gələn ərəfədə sözügedən nazirliyin fəaliyyətilə bağlı hökm sürən narazılıq, hətta hiddət tonlu səs-küyü o, qısa zamanda yatıra bilmişdi. Bir alim və məmur kimi biliyi, təcrübəsi, mülayim xarakteri, insanlarla ünsiyyət bacarığı əhalidə Səlim Müslümova rəğbət yaratmışdı. Bu səbəbdən minlərlə insanın, problemləri öz həllini tapmış təqaüdçülərin, əlillərin, həmçinin onun fəaliyyətini izləyən medianın nəzərində S.Müslümov xoş bir portret cızmışdı. Elə son günlər sosial şəbəkələrdə yer alan rəylərdən də görünür ki, S.Müslümovun vəzifəsini itirməsi geniş bir təbəqədə məyusluq doğurub. Virtual müstəvidə yazılanlara görə, S.Müslümov sosial çətinliyi olan insanlara münasibətdə yetərincə diqqətli davranar, məsələn, hərdən kimsəsiz qocalara baş çəkərək pensiya kartlarını şəxsən özü yoxlayarmış. Əgər kiminsə kartı özündə olmaz, yəni qocaların kartını başqalarının mənimsəməsi faktı ortaya çıxarmışsa, həmin kartı dondurdur, müvafiq tədbirlər gördürərmiş. Bilikli, işgüzar, işinin bilicisi kimi sosial sahədə faəliyyəti yaxşı başa düşən və qiymətləndirə bilən S.Müslümov Dövlət Sosial Müdafiə Fondunun sədri, daha sonra əmək və əhalinin sosial müdafiəsi naziri vəzifələrində çalışdığı vaxtlarda sosial təminat sistemində bir çox innovativ fəaliyyətlərin effektli tətbiqinə nail oldu. Ekspertlərin fikrincə, ÜSY sahəsində VEMTAS, TSEK sahəsində TSERAS, xüsusi kateqoriyadan olan əlilliyi olan şəxslər üçün mənzil və avtomobil sisteminin elektronlaşdırılması, digər elektron xidmətlərin tətbiqi, mənzilllərin verilməsində inkluzivliyin, özünəməşğulluq proqramının tətbiq olunması məhz onun fəal təşkilatçılığı ilə həyata keçib.

Heç şübhəsiz, dövlət idarəçiliyi, kadr seçimi və hökumətin tərkibinin yenilənməsi, daha çevik və effektiv idarəetmə sisteminin formalaşdırılması kimi mühüm strateji məsələlər bilavasitə Prezident İlham Əliyevin iradəsindən asılıdır. Bütün bunlar məhz dövlət başçısının dəqiq ölçülüb-biçilmiş, sərrast qərarları ilə uğurlu həllini tapıb və tapmaqdadır. Bizim buradakı məramımız isə, üzərinə düşən vəzifənin mahiyyət və məsuliyyətini tam aydınlığı ilə anlayaraq bu yolda əzm və fədakarlıq nümayiş etdirmiş dövlət və hökumət adamlarımızın şəxsi-işgüzar keyfiyyətlərini layiqincə xatırlamaqdır. Millətə, dövlətə xidmət baxımından dəyərli davranışlar sərgiləyən məmurların tutduğu postu təhvil verdikdən sonra da unudulmaması, xalqın, cəmiyyətin nəzərində öz qiymətini alması həm onları əvəzləyən məmurlara, həm də ümumən ictimaiyyətə, xüsusən yeni nəsillərə nümunə göstərmək baxımından gərəklidir.

AZAD

 





26.04.2018    çap et  çap et