525.Az

"Kimsə bu sevgini bizdən ala bilməz"- Müsahibə


 

"Kimsə bu sevgini bizdən ala bilməz"- <b style="color:red">Müsahibə</b>

Ötən həftə “Bay İstanbul” restoranında “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi fəaliyyətinin 1 ili tamam olması və yeniufuq.org saytının təqdimatı münasibətilə geniş tədbir keçirdi.

“Yeni Üfüq” İctimai Birliyinin bir illik fəaliyyəti ilə bağlı qurumun sədri Sevinc xanım Əzimbəylinin münasibətini öyrəndik. Sevinc xanım təşkilatın fəaliyyətinin əsas məqsədinin ölkəmizdə milli dəyərlərin, mədəni irsin qorunub saxlanılması və təbliğ edilməsindən ibarət olduğunu bildirdi.
 
- Sevinc xanım, "Yeni Üfüq"ün bir illik fəaliyyəti tamam oldu. Qurumun bir illik fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?

- Bu bir il boyunca uzun bir yol qət etdik. Zaman-zaman çətinliklərlə qarşılaşmağımıza baxmayaraq, şükürlər olsun ki, vətənə, millətə, dövlətə, insanlığa xidmət sevgimiz tükənmədi. İstər ölkəmizdə, istərsə də yurdumuzdan kənarda böyük uğurlara imza ata bildik. Bu, bizlərin və sizlərin əməyi nəticəsində oldu. "Yeni Üfüq"ün bütün üzvlərinə, təşkilatın üzvü olmasalar da, hər zaman dəstəklərini əsirgəməyən dəyərli dostlarımıza, eləcə də bizə informasiya dəstəyi verən media orqanlarına minnətdarlığımı bildirirəm. Mənəvi dəstəklərini duyduğumuz dövlət qurumlarına, xüsusilə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təşəkkür edirəm. Tədbirlərimizdə iştirak edərək bizləri sevindirən ölkə ziyalılarına, yazarlara, ictimaiyyət adamlarına, millət vəkillərinə, sənətçilərə, tələbələrə, şagirdlərə, xüsusilə, 220 saylı lisey məktəbin nümunəvi şagirdlərinə "sağ olun" deyirəm. Yurdumuzun qəhrəman qazi oğulları, türkiyəli dostlarımız da təşkilatımıza mənəvi dəstək veriblər. Onlara da minnətdarlığımı bildirirəm: yaxşı ki, varsınız! Təşkilatın təsisçilərinə, idarə heyətinin üzvlərinə və digər üzvlərimizə minnətdarlığımı bildirirəm. Xüsusi olaraq bizləri heç zaman tək qoymayan Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyliyə, həmçinin dəyərli ziyalımız, filologiya üzrə fəlsəfə elmləri doktoru, "Yeni Üfüq" İctimai Birliyinin sədr müavini, əzizimiz Xanım Qasımovaya, Könül Məmmədovaya, Mehriban Kazımovaya, Gülnar Əliliyə, Nazilə İmanovaya təşəkkür edirəm. Təşkilatımızın xaricdəki təmsilçiliklərinə, xüsusi olaraq "Yeni Üfüq"ün Rusiya, Ukrayna, Türkiyə və Almaniyadakı təmsilçiliklərinə minnətdarlığımı bildirirəm. "Yeni Üfüq"ün gənclər şöbəsi bu bir il boyunca təşkilatın işlərinin qurulmasında və aparılmasında yaxından iştirak etdi. "Yeni Üfüq"ün xoş günündə - ad günündə də öz dəstəklərini əsirgəməyən gənc dostlarımıza, şəxsən Elvin Süleymanova, Elmar Sadıqova, Nicat Sükürova, Hökümə Gülmalıyevaya, Əbülfəz Eyvazova, Alvin Süleymanova, Fərid Yusubluya, Səməd Səmədzadəyə, Ramin Sabirliyə, Səbinə Əliyevaya, Banu Adilovaya, Ədilə Əliyevaya, Erhan Kemükə və adını çəkmədiyim bütün gənclərə təşəkkür edirəm! Adını unutduğum, amma Rəbbimizin şahidliyi ilə könüllərimizdə var olan, "Yeni Üfüq"ün işlərində haqqı olan əziz və dəyərli dostlarımıza da təşəkkür edirəm. Allah sizləri qorusun! İnşallah, məmləkətimizə xidmət yolunda mübarizəmiz bundan sonra da səngiməyəcək.

- Sevinc xanım, “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi hansı zərurətdən yarandı?

- Azərbaycanda əsrlərdir milli-mənəvi dəyərlərimizin xalqımız tərəfindən qorunaraq mühafizə olunması digər xalqlardan fərqli olaraq millətimizin mənəviyyatının paklaşmasına və dirçəlməsinə səbəb olub. Müstəqillik illərindən başlayaraq sərhədlərin açılması ölkəmizin iqtisadi gücünü möhkəmlətməyə səbəb olsa da, digər tərəfdən Azərbaycana yad düşüncələrin, xeyriyyəçilik və təhsil adı altında fəaliyyət göstərən zərərli qüvvələrin daxil olması prosesi baş verdi.

Çox təəssüf ki, Azərbaycanın tolerant dövlət olmasından “məharətlə” istifadə edən onlarla təriqət, məzhəb daşıyıcıları olan zərərli güc mərkəzləri ölkəmizdə müxtəlif adlar altında fəaliyyətlərini qurmağa nail oldu. Belə bir həssas dönəmdə milli mənafeləri düşünən bir inanc adamı olaraq fikirləşdim ki, ölkəmizdə həqiqi mənəviyyat adamlarının, dövlətçiliyinin bütövlüyünü istəyən ziyalı inanc adamlarının birliyini təşkil etmək üçün ictimai bir təşkilata olduqca zəruri ehtiyac var. Bu səbəbdən də yaratdığımız qurumun əsas məqsədi və prinsipi ölkədə milli-mənəvi irsimizin mühafizə və təbliğ olunması istiqamətində ardıcıl olaraq maarifləndirmə işi aparmaqdan ibarətdir.

- Sevinc xanım, rəhbərlik etdiyiniz qurum milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində hansı layihələri həyata keçirib?

- Milli-mənəvi dəyərlərin qorunması istiqamətində çoxsaylı layihələr həyata keçirmişik. “Xeyriyyəçilik - saflığa aparan yol”, “Mövlanə mənəviyyatının işığında”, “Həmrəylik günü”, “Biz sizi unutmadıq”, “Yazarlarla görüş”, “Sən də qoşul” və digər layihələrimizin adını çəkə bilərəm. Bunlardan əlavə, çoxlu sayda tədbirlər də keçirmişik. Belə ki, müqəddəs Qurban bayramı ərəfəsində sərhəd rayonlarında yüzlərlə qazi, şəhid və məcburi köçkün ailəsi ilə görüş keçirərək onlara bayram sovqatı vermişik. Eləcə də Bakıda şəhid və kimsəsiz ailələrlə ölkəmizin əlamətdar günlərində görüşlər keçirilərək, hədiyyələr təqdim etmişik. “20 Yanvar” və “Xocalı” şəhidləri adına keçirdiyimiz tədbirlər də yaddaqalan tədbirlərimizdəndir. Önəmli tədbirlərimizdən biri də Afrikada susuzluqdan əziyyət çəkən insanlara su quyusu inşa etdirməyimizdir. Qürurverici olan odur ki, həmin quyunun üzərində Azərbaycan bayrağı dalğalanır. Xəbər verildiyi kimi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü, "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyasının və "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin dəstəyi ilə "Qarabağa doğru - Haqqın və haqqımızın səsi ilə" layihəsi əsasında fevralın 22-də ziyalıların, ictimaiyyət nümayəndələrinin və din xadimlərinin iştirakı ilə Ağdam rayonunun cəbhə xəttində yerləşən Çəmənli kəndində yürüş-mitinq keçirildi.
 
Çəmənli kəndindəki “Cümşüd” məscidində keçirilən tədbirdə çıxış edən DQİDK-nın sədri Elşad İsgəndərov bildirdi ki, “Qarabağa doğru - Haqqın və haqqımızın səsi ilə” adlı tədbirin əsas hədəfi doğma Qarabağımızın azadlığı yolunda insanlarımıza mənəvi ruh verməkdən ibarətdir. Məlumdur ki, 1993-cü ilə qədər Ağdam cümə məscidindən azan səslənirdi.

O azanın sədaları altında qəhrəman Azərbaycan oğulları vətənimizin müdafiəsinə gedirdilər və şəhid olurdular. O azan həmçinin qəhrəmanlıqlarımızın şahididir. İllərdir ki, Qarabağ kimi müqəddəs bir diyardan azan səsi eşidilmir. Həmin tədbirin də məqsədi o idi ki, Ağdam Cümə məscidində səsləndirilmiş o azanı cəbhə xəttində işğal altında olan torpaqlarımıza doğru səsləndirilsin.

Qərara alındı ki, bu azan Qarabağ işğaldan azad olunana qədər hər həftənin cümə günü ölkəmizin bütün məscidlərində səsləndirilsin. Sözügedən layihəyə dəstək məqsədlə martın 12-də "Yeni Üfüq" Mənəvi İrsin Təbliği İctimai Birliyinin Moskva təmsiçiliyi Moskva şəhərində "Meçta" restoranında böyük tədbir keçirdi. Tədbir "Qazi Qarabağ azanı" səsləndirilməsi ilə başlayib. Sonra Qarabağ Seyid Ocaqlarının təmsilçisi Seyid Camal Əzimbəyli çıxış edib. Eləcə də bu yaxınlarda təşkilatımızın üzvləri Tərtərin cəbhə xəttində yerləşən Həsənqaya kəndinin sakinlərini ziyarət etdi. Düşmənlə üz-üzə dayanan Həsənqaya kəndində yerləşən 127 saylı məktəbdə tədbir keçirdik.
 
Tədbir zamanı “Yeni Üfüq” İctimai Birliyinin hədiyyə etdiyi kitablar, məktəb ləvazimatları, uşaqlar üçün geyim dəstləri və şirniyyat məmulatları məktəbli uşaqlara təqdim edildi. Sevindirici haldır ki, “Yeni Üfüq”ün sıraları günbəgün artmaqdadır. Onu da vurğulayım ki, birliyimizin rəhbərliyi ziyalılardan ibarətdir. Birliyimizdə ayrıca gənclər şöbəsi fəlaliyyət göstərir. Gənclər şöbəsinin ölkənin bütün ali təhsil müəssisələrində təmsilçiləri var. Qısa müddətdə birliyimizin Türkiyə, Almaniya, Amerika, Rusiya, Ukrayna üzrə təmsilçiləri fəaliyyət göstərir. Birliyimizin “yeniufuq.az” saytı da az bir zamanda mənəvi dəyərlərimizin təbliği istiqamətində öz səmərəli fəaliyyəti də bizi sevindirdi.

Yeri gəlmişkən, İyunun 29-da “Bay İstanbul” restoranında “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi fəaliyyətinin 1 ili tamam olması ilə bağlı düzənlənən tədbirdə «yeniufuq.org» saytımızın da təqdimatı oldu.
- Bəs Afrikada su quyusu inşa etmək ideyası hardan yarandı?
 
- Türkiyənin Ankara şəhərində metroda gedərkən diqqətimi divardakı insanların susuzluqdan əziyyət çəkdiyini əks etdirən fotoplakatlar cəlb etdi. Fotoplakatların birində bir tanzaniyalının çirkablı gölməçədən su içdiyi təsvir olunmuşdu. Bu şəkillər iç dünyamı o dərəcədə məşğul etdi ki, hətta Kəlbəlada İmam Hüseynin susuzluqdan əziyyət çəkdiyi məqamları mənə xatırlatdı. Fikirləşdim ki, susuzluqdan əziyyət çəkən bu müsəlman bacı-qardaşlarımıza nədən kömək əlimizi uzatmayaq? Axı «Qurani-Kərim»də də deyilir ki, rəngindən, irqindən asılı olmayaraq harada olursunuzsa-olun, müsəlman bacı-qardaşlarınıza kömək əlinizi uzadın. Ona görə də mənim də içimdən gəldi ki, susuzluqdan əziyyət çəkən o müsəlman bacı-qardaşlarımıza, körpələrə yardım edək. Doğrusu, biz Tanzaniyanı düşünməmişdik, kiçik araşdırma apardıq ki, Afrikanın harasında daha çox susuzluqdan əziyyət çəkirlər?

Öyrəndik ki, Tanzaniyanın bir kəndində susuzluqdan hətta hər üç dəqiqədən bir insan ölür. Dəqiq məlumat əldə etdik ki, 20 ildən artıqdır orada su yoxdur. Bizə bildirdilər ki, o kənddə ən azı ayda üç uşaq susuzluqdan ölür. Türkiyədən Bakıya qayıdandan sonra «Yeni Üfüq»çülər olaraq öz aramızda pul toplamaq qərarına gəldik. İmkanı olan da, olmayan da bu aksiyaya qoşuldu. Hətta kiçikyaşlı məktəblilər də valideynlərindən aldıqları cibxərcliyini gətirib bizə verirdilər. Biz əldə olan vəsaiti Türkiyənin Afrikadakı təmsilçiliyinə göndərdik. Qısa müddətdə su quyusu inşa edildi. Hətta bizi su quyusunun açılışına dəvət etdilər, amma fikirləşdik ki, ora getmək üçün biletə verilən məbləği daha faydalı işlərə sərf edək. Onlar özləri su quyusunun açılışını keçirdilər və bizə təşəkkürnamə göndərdilər.
 
Bu, Azərbaycan qadınlarından tanzaniyalı müsəlmanlara bir hədiyyə idi. Afrika müsəlmanlarının susuzluqdan necə əziyyət çəkdiyi, eləcə də su quyusunun açılması ilə insanların duyduğu sevinci əks etdirən videorolik bir neçə tədbirimizdə nümayiş olunub. Aldığımız məlumata görə, hətta ətraf kəndlər belə, su ilə təmin olunub, çünki təkcə quyu qazılmayıb, quyunun üstündə 5 tonluq çən qoyulub və üç su kranı insanların istifadəsinə verilib. Əslində bu, insanlığa bir xidmətdir.

Bəlkə biriləri deyə bilər ki, özümüzün də susuzluqdan əziyyət çək insanlarımız var, niyə onlara kömək edilmir? Halbuki «Yeni Üfüq» o yerlərə də gedir, o yerlərdəki imkansız, ehtiyaclı insanlarımıza da kömək əlini uzadır.

- Sirr deyil ki, hər hansı bir təşkilatın fəaliyyətində maddi dəstək önəmlidir. Amma bildiyimə görə, sizin belə bir dəstəyiniz yoxdur. Hətta qurumun mənzil qərargahı ilə bağlı müraciətinə müsbət cavab verilməyib. Bu günədək təşkilatınızın mənzil qərargahının olmaması fəaliyyətinizə təsir göstərmir ki?

- Təəssüflər olsun ki, bizim təşkilatın hələ də ofisi yoxdur. Ancaq təşkilatımızın mənzil qərargahı olmaması bizi heç də vətən və millət adına şərəfli fəaliyyətimizdən çəkindirmir. İdarə Heyətinin tədbirlərini fərqli ünvanlarda çətinliklə də olsa keçiririk. Deməyi özümə borc bilirəm ki, aidiyyəti dövlət rəsmiləri milli dövlətçilik mənafeyinə fəaliyyətimizi dəstəkləyir. Qeyd etdiyiniz kimi, bu gün birliyimizin qərargah problemi yaşaması narahatlıq doğuran məqamlardandır. Digər tərəfdən, hardansa bir maddi gəlirimiz də yoxdur. Tədbirlərimizi ətrafımızdakı dostarın köməyi ilə keçiririk. İctimai qurum olaraq sərhəd xəttində yerləşən bir kəndə gedib tədbir keçiririk, 40 uşağı sevindiririk, amma Bakıda tədbirimizə daim vətənpərvərlikdən danışan bəzi xəbər agentliklərini, televiziyaları dəvət edirik, gəlmirlər. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova ofislə əlaqədar müraciət etdik, on gündən sonra cavab gəldi ki, «bizim yerimiz yoxdur, gedin, yeri özünüz tapın». Biz tədbirlərimizin əksəriyyətini “Bay İstanbul” restoranında keçiririk. Qeyd edim ki, restoranın rəhbərliyi bizə təmənansız olaraq kömək edir. Ona görə də restoranın rəhbərliyinə və işçilərinə təşəkkür edirəm. Bildirmək istəyirəm ki, “Yeni Üfüq” İctimai Birliyi vətənə, dövlətə, bayrağa, milli heysiyyata bağlı olan, az bir müddətdə ətrafında yüzlərlə sağlam insanı birləşdirən bir quruma çevrilib. Təbii ki, belə bir qurumun mənzil qərargahı olmaması təkcə məni deyil, bütün üzvlərimizi narahat edir. Hesab edirəm ki, bütün bu məsələlər yaxın gələcəkdə öz həllini tapacaq.

- Sevinc xanım, son dövrlərdə ölkədə hicabla bağlı problemlər yaşandı. Hətta paytaxtda «Hicaba azadlıq!” tələbi ilə aksiyalar keçirildi. Doğrudanmı, Azərbaycanda hicaba basqı var?

- Sualınızı belə cavablandıra bilərəm ki, əgər bu gün hicablı bir xanımın rəhbərlik etdiyi təşkilat Ədliyyə Nazirliyində qeydiyyata alınırsa, bu, dövlətin dinə münasibətidir. Biz buna görə Ədliyyə Nazirliyinin rəhbərliyinə təşəkkür edirik. "Yeni Üfüq"ün hələ qeydiyyata alınmadan öncə də xeyriyyəçilik tədbirləri həyata keçirir, ehtiyaclı insanlarla görüşüb hər şeydən əvvəl onlara mənəvi dayaq dururdu. Eləcə də təmsil olunduğum Qarabağ Seyid Ocaqları əsrlərdir Azərbaycan xalqının mənafeyinə xidmət göstərib. Və son on ildən çoxdur ki, biz ailəcə bu xeyriyyəçilik tədbirlərini davam etdiririk. Mən bir hüquqçu və hicablı xanım olaraq Azərbaycanda heç bir təpki, təzyiq ilə rastlaşmıram. Təbii ki, mənim ofis problemim var. Mən bundan narahatam və açıq şəkildə bəyan edirəm ki, narazıyam. Çünki Əmlak Məsələləri Dövlət Komitəsi bizə ofis üçün yer verməlidir. Niyə verməlidir? Ona görə ki, ölkə prezidentinin milli-mənəvi dəyərlərə qayğısı, rəğbəti qarşısında öz sadiqliyini göstərmək istəyən komitə sədri ən azı bir illik fəaliyyətimizin əks olunduğu 15-16 dəqiqəlik videorolikə baxandani sonra müraciətimizə biganə qalmamalıdır. Amma biz yenə də dövlətimizdən incimirik. Bizdə mənəviyyatımızdan, dini heysiyyatımızdan gələn gerçək bir vətən sevgisi var. Kimsə bu sevgini bizdən ala bilməz. Amma bu gün cənab prezidentdin dinə, dini dəyərlərə xüsusi diqqət göstərirsə, Şamaxıda, Cənubi Qafqazda ən böyük cümə məscidi bərba olunursa, Əjdərbəy məscidi yenidən inşa edilirsə, Gəncədə İmamzadə yurdunun yenidən təmir işləri üçün pul ayrılırsa, əlbəttə, biz də arzu edirik ki, «Yeni Üfüq» İctimai Birliyinə dövlət tərəfindən dəstək verilsin. Təbii ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bizə dəstək olur, amma bizə ofis vermək onların işi deyil. Halbuki bu gün bəzi xarici işbazlar Bakının mərkəzində möhtəşəm ofislərlə təmin olunurlar. Mən bir qurum rəhbəri olaraq milli təhlükəsizlik naziri cənab Eldar Mahmudova müraciət edirəm ki, həmin villalarda təhlükəli, radikal dini qüvvələr yetişdirilir. Eyni zamanda Azərbaycanda təhsil, xeyriyyə təşkilatı adı altında radikal qruplar formalaşmaqdadır. Bu məsələ ilə əlaqədar aidiyyəti dövlət qurumlarına müraciət edirəm. 5-10 il sonra Azərbaycan sünni-şiə qarşıdurmalırına rəvac verə biləcək hadisədlərlə üzləşəcək. Mən «Yeni Üfüq» İctimai Birliyinin sədri olaraq çox acı bir faciənin başlanğıcını görürəm və bunun qarşısı vaxtında alınmalıdır. Və «Yeni Üfüq» İctimai Birliyi bu cür qüvvələrə qarşı sipərdir.

- Milli və mənəvi dəyərlərin təbliğ olunması istiqamətində gələcəkdə daha hansı tədbirlər nəzərdə tutulub?

- Bu gün milli dəyərlərlə mənəvi dəyər o qədər çulğalaşıb ki, bunları bir-birindən ayrı təsəvvür etmək olmur. “Yeni Üfüq” bu iki məfhumu birini digərindən ayırmadan təbliğ edir və fəaliyyət göstərir. Biz bu mövzuda təbii ki, mütəmadi müxtəlif tədbirlər keçiririk. Planımızda bu və digər mövzularla bağlı bir sıra dövlət qurumları ilə birgə layihələr keçirmək var. - Bu işlərdə gənclərin rolu nə dərəcədədir? - Gənc nəslin milli-mənəvi dəyərlərimizə sahib durması yolunda Azərbaycan dövlətinin gəclərimizin maarifləndirilməsi üçün həyata keçirdiyi sistemli dövlət proqramları ölkə gəncliyinin milli ruhda tərbiyə olunmasında ən başlıca şərtlərdəndir. Ölkə başçısı cənab İlham Əliyevin xüsusi olaraq, milli bayramlarda xalqımıza ünvanladığı çıxışlar çox sevindiricidir. “Yeni Üfüq” İctimai Birliyinə gəldikdə isə, az bir müddətdə nail olduğumuz uğurlarımızda birliyimizin gənclərinin ayrıca fədakar xidmətləri var. Qeyd etdiyim kimi, “Yeni Üfüq” İctimai Birliyinin ölkəmizin əksər ali məktəblərində tələbə təmsilçiləri fəaliyyət göstərir. Bu da onu göstərir ki, gənc nəslin milli-mənəvi dəyərlərimizə sevgi və bağlılığı əməli fəaliyyətləri ilə sübut olunur. - Sevinc xanım, maraqlı müsahibəyə görə sizə təşəkkür edirəm. - Mən də sizə təşəkkür edirəm. Uca Allah dövlətimizin bütövlüyünü, xalqımızın birlik və bərabərliyini qorusun. Amin!

ELBAR

Mənbə: yeniufuq.org

 





05.07.2013    çap et  çap et