525.Az

Prezident vədi: Azərbaycan bayrağı Şuşada dalğalanacaqdır


 

Prezident vədi: Azərbaycan bayrağı Şuşada dalğalanacaqdır<b style="color:red"></b>

“Sirr deyil ki, Azərbaycan günü-gündən güclənir, Ermənistan günü-gündən zəifləyir. Bizim iqtisadi gücümüz müqayisəedilməz dərəcədə artıb, istənilən istiqamət üzrə düşməni üstələyirik. Və bu fərq getdikcə böyüyəcək. Çünki bizim açıq-aydın gələcəyimiz, perspektivlərimiz, inkişaf yolumuz var. Güclü Azərbaycan gücsüz Ermənistanla istənilən dildə danışa bilər.  Biz sadəcə olaraq bölgədə, regionda sabitliyi qorumaq üçün hələ ki danışıqlar yoluna üstünlük veririk. Çünki Azərbaycan bölgədə sabitləşdirici, çox böyük nüfuza malik ölkədir. Ona görə sabitliyi qorumaq üçün, məsələni sülh yoluyla həll etmək üçün biz hələ ki siyasi yollara üstünlük veririk”.

Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin 26 iyun tarixində Azadlıq meydanında keçirilən növbəti-dördüncü hərbi paradda səsləndirdiyi çıxışdandır.

Ölkə başçısı çıxışlarının demək olar ki, hamısında xalqımız qarşısında inamla verdiyi vədi bir daha böyük əminliklə son paradda da bəyan etdi. Həmin tarixi vəddə qəti şəkildə vurğulanır ki, Azərbaycan bayrağı Xankəndində, Şuşada dalğalanacaqdır.

Bu, qətiyyən dünyada bəzi siyasi liderlərin istifadə etdiyi populist üsul deyil. Bu, güclü iradəyə malik Ali Baş Komandanın hakimiyyətdə olduğu illər ərzində həyata keçirdiyi məqsədyönlü, dönməz, müstəqil və səmərəli siyasətə əsaslanaraq verdiyi vəddir.  Bu vədin yerinə yetiriləcəyi şübhəsizdir. Çünki indiyədək Prezident İlham Əliyev qarşıya qoyulan məsələlərin, problemlərin həlli, verdiyi vədlərin həyata keçirilməsi istiqamətində dönməz iradə nümayiş etdirib. O, özünün də qeyd etdiyi kimi, heç vaxt nəyisə sadəcə demək xətrinə deməyib.

Azərbaycan bayrağının Xankəndində, Şuşada dalğalanacağı ilə bağlı Prezidentin vədi bir neçə önəmli tezisə və mövcud reallığa əsaslanır. Bu, sadəcə gəlişigözəl söz deyil, bu vəd çox möhkəm özüllərin üzərində bərqərar olub və buna görə də həyata keçməsi danılmaz həqiqətdir, zərurətdir. Bu tarixi vədin bünövrəsi  danılmaz həqiqətlərdən təşkil olunub:

1. Azərbaycanda son illərdə güclü, mütəşəkkil ordu quruculuğu həyata keçirilir.

2. Neft və qeyri-neft sektorunu əhatə etməklə Azərbaycanda güclü iqtisadiyyat inkişaf etdirilir.

3. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dünya ictimaiyyətinin ikili yanaşmasına artıq son qoyulur, beynəlxalq ictimaiyyət uzun illər nəticəsində dövlətimizin, şəxsən Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan həqiqətlərini dərk və etiraf etməyə başlayıb. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq, nüfuzlu tədbirlərə gələn rəsmi və qeyri-rəsmi qonaqlar, eləcə də Prezidentin xaricə səfərləri zamanı bu faktlar bir daha etiraf edilir.

4. İNSAN potensialına qoyulan sərmayə dövlətin əsas siyasi xətlərindəndir, bütün bu sadalanan əməli iş nəticəsində hazırda Azərbaycan Qafqazın, regionun lider dövlətidir.

Verdiyi tarixi vədin reallaşmasına yardımçı olacaq bu tezislər Prezidentin çıxışlarında da öz əksini tapır. Ordu quruculuğu hazırda  dövlətin prioritet məsələsidir. Növbəti –sonuncu paradda bu, bir daha özünü göstərdi. Belə ki, hərbi parada 5 mindən çox şəxsi heyət, 100-dən çox təyyarə və vertolyot çıxarıldı. Azərbaycanın öz istehsalı olan və idxal etdiyi müasir silahların nümayişi ilə yadda qalan hərbi parada 300-ə yaxın texnika və silah sistemləri, 40-a yaxın gəmi və kater cəlb olundu. Rəsmi məlumata görə, hazırda Azərbaycanın dünyanın 50-ə yaxın ölkəsi ilə hərbi sahədə əlaqələri mövcuddur. Paradın kadrlarından da göründüyü kimi İlham Əliyev fəxarətlə ordumuzu süzərək bir daha tarixi həqiqətləri dilə gətirdi: “Nəinki Dağlıq Qarabağ, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb. İrəvan xanlığı, Göyçə, Zəngəzur mahalı bizim tarixi diyarımızdır. İkinci erməni dövlətinin Azərbaycan ərazisində yaradılmasına Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt imkan verməyəcək. Biz çalışacağıq ki, məsələ tezliklə öz həllini tapsın. Məsələnin həlli əlbəttə ki, siyasi yollardan keçir və danışıqlar prosesi hələ də davam edir. Ancaq güclü ordumuz, güclü potensialımız bizim mövqeyimizi möhkəmləndirir. Bizim mövqeyimiz tarixi ədalət üzərində qurulub. Dağlıq Qarabağ Azərbaycan torpağıdır və Azərbaycan torpağı kimi də qalacaq. Ordu quruculuğu prioritet məsələdir. Büdcəmizin ən böyük xərcləri orduya sərf olunur və bu da təbiidir. Biz son illər ərzində ən müasir texnikanı almışıq. Ötən il Azərbaycanın hərbi büdcəsi 3,6 milyard idi, bu ilki büdcə 3,7 milyard dollara çatıb. Son illərdə 100-ə yaxın helikopter, onlarla döyüş təyyarəsi, ən müasir tank və artilleriya qurğuları alınıb və bu davam edir. Növbəti illərdə hərbi büdcəmizi artırmaqda davam edəcəyik. Mən göstəriş vermişəm ki, bir dənə də təmir olunmamış hərbi hissə qalmasın, vəsait ayrılıb və artıq bu sahədə işlər davam edir. Bizim güclü siyasi iradəmiz var. Həmişə deyirəm ki, güclü dövlətin güclü ordusu olmalıdır. Biz indi iri layihələri icra edirik. Azərbaycan ordusu indiyədək bölgədə, hətta dünyada ən güclü ordulardan biridir. Ordumuz istənilən vəzifəni həll etməyə hazırdır. Mən Ali Baş Komandan kimi ordu quruculuğuna dəstəyimi verəcəm”.

Prezidentin verdiyi vədin reallaşmasına xidmət edəcək növbəti amil Azərbaycanın güclü iqtisadi inkişaf yoluna qədəm qoymasıdır. Bununla bağlı Prezident deyib ki, respublikamızda neft və qeyri-neft sektorlarının yüksəlişi, çoxşaxəli iqtisadiyyatın ahəngdar inkişafı təmin olunub. Güclü sahibkarlar sinfi və orta təbəqə yaranır: “Respublikamız 20 illik müstəqillik tarixi ərzində çox ağır sınaqlardan çıxaraq bir çox inkişaf etmiş dövlətlərin onilliklər boyu qət etdiyi inkişaf mərhələlərini geridə qoyub. Ötən əsrin 90-cı illərinin əvvəllərində xaos, anarxiya, iqtisadi tənəzzül dövrünü yaşayan Azərbaycan bu gün Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, qlobal enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrilən, bütün sahələrdə sürətlə modernləşən dövlət kimi tanınır”. Ölkə başçısı respublikamızın heç bir dövlət və beynəlxalq təşkilatdan asılı olmadan müstəqil siyasət yeritməsini, milli maraq və mənafeyini qətiyyətlə müdafiə etməsini Azərbaycanın müstəqillik tarixinin ən mühüm uğuru kimi dəyərləndirib.

Vədin yerinə yetirilməsi üçün mühüm nüanslardan biri də ötən illər ərzində Azərbaycan dövlətinin tarixi gerçəkliklərini, xalqımızın iki əsr boyunca məruz qaldığı soyqırımı və etnik təmizləmənin dəhşətli miqyasını beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində xeyli iş görməsidir. Bu gün Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması,  erməni vandalizminin ifşası istiqamətində əzmkar və qətiyyətli fəaliyyət ümummilli ilder Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin aparıcı siyasi xətlərindəndir. Dövlət başçısı tədbirlərin birində soyqırımı ilə bağlı xalqa müraciətində bu məsələni xüsusilə önə çəkib: “Biz yalnız tarixi ədalətin və həqiqətin bərpa edilməsini, işğal və soyqırımı siyasəti yürüdənlərin beynəlxalq ictimaiyyət qarşısında ittiham olunmasını istəyirik. Əminəm ki, xalqımızın vətənpərvərliyi, milli birliyi və məqsədyönlü fəaliyyəti, Azərbaycan rəhbərliyinin siyasi iradəsi sayəsində biz qarşımıza qoyduğumuz bütün məqsədlərə, o cümlədən ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına, onilliklər boyu planlı olaraq əsl soyqırımı həyata keçirənlərin, insanlar və xalqlar arasında nifrət və düşmənçilik təbliğ edənlərin ifşasına nail olacağıq. Biz hücumda olmalıyıq. Erməni terrorizminə qarşı bütün cəbhələrdə mübarizə aparmağımız vacibdir, Azərbaycanın hər bir vətəndaşı bu ümummilli məsələdə fəal olmalıdır”.

Son illərdə Ermənistanın istər hüquqi, istərsə də siyasi cəhətdən ifşası istiqamətində həyata keçirilən ardıcıl və sistemli tədbirlər bu bəyanatın praktik və əməli fəaliyyətə söykəndiyini bir daha təsdiqləyir. Bu planlı fəaliyyətin nəticəsində artıq beynəlxalq ictimai fikir Azərbaycanın xeyrinə dəyişir. İndi dünya da bir neçə il əvvəlki dünya deyil, daha ermənilərin ağ yalanlarına, boş hay-küylərinə inanmırlar, Azərbaycan həqiqətləri beynəlxalq səviyyədə etiraf olunur və qəbul edilir. Artıq Azərbaycan nəinki regionda, dünyada mühüm tərəfdaşa çevrilib.

Prezidentin indiyə qədər verdiyi vədlər zamanla sistemli şəkildə həyata keçirilir; Azərbaycanda işsizlik və yoxsulluğun səviyyəsi getdikcə minimuma endirilir, vaxtaşırı maaş və təqaüdlər, ölkənin digər strateji sferalarına da qayğı artırılır. Bu da öz növbəsində, ümumilikdə insan potensialının inkişafını şərtləndirir. Bu gün insan amili şəxsən Prezidentin diqqətində saxlanılan önəmli məsələlərdəndir.

Son çıxışlarının birində Prezident bildirib ki, hazırda Dağlıq Qarabağ problemindən başqa Azərbaycanın heç bir problemi qalmayıb. Prezident yuxarıda qeyd etdiyimiz möhkəm özüllərə əsaslanmaqla  yanaşı bu problemin həlli üçün bir vacib amilin də əhəmiyyətini də dilə gətirib. Bu da dövlət-xalq birliyinin vacibliyi məsələsidir: “Gün gələcək işğalçıları Azərbaycan torpaqlarından qovacağıq. Azərbaycan bayrağı Şuşada, Xankəndində, işğal olunmuş bütün torpaqlarda dalğalanacaqdır. Mən əminəm ki, o gün gələcək. O günü yaxınlaşdırmaq üçün bütün Azərbaycan cəmiyyəti, Azərbaycan vətəndaşları bir nöqtəyə vurmalıdır. Ölkəmizi gücləndirməliyik, ölkəmizi hərtərəfli inkişaf etdirməliyik. Biz tarixi ədaləti bərpa edirik. Bu gün Azərbaycan azaddır, müstəqildir. Müstəqil Azərbaycan öz tarixi keçmişini qorumağa da və gələcəyə inamla baxmağa da qadirdir”.

Bütün bunlara əsaslanaraq sonda nəticə olaraq bir daha qeyd etmək istərdik ki, Azərbaycan bayrağının Şuşada dalğalanacağı ilə bağlı Prezidentin verdiyi bu vəd yalnız vəd olaraq qalmır, bu, yaxın gələcəkdə yerinə yetiriləcək tarixi zərurətdir. Dövlət-xalq həmrəyliyi, mütərəqqi iqtisadiyyat, güclü ordu və Prezidentin dönməz siyasəti bu tarixi zərurətin reallaşmasını mütləq və mütləq təmin edəcək.

Sevinc MÜRVƏTQIZI

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.

 





05.07.2013    çap et  çap et