525.Az

Muğamların tədqiqi və tədrisinə töhfə


 

Muğamların tədqiqi və tədrisinə töhfə<b style="color:red"></b>

Azərbaycan Milli Konsertvatoriyasının professoru, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Rafiq Musazadə musiqi ictimaiyyətində təcrübəli muğam-ixtisas müəllimi kim tanınmışdır. Uzun illərdir  “İnstrumental muğam ifaçılığı” kafedrasında gənc nəsillərə muğam ifaçılığını tədris edən professor R.Musazadənin bakalavr və magistr pillələrində yetişdirdiyi gənc peşəkar ifaçı kadrları musiqi məktəblərində, kolleclərdə dərs verir, musiqi həyatında fəal iştirak edir, muğamlarımızın təbliği ilə məşğul olurlar.

İfaçılıqla, tədrislə yanaşı, professor R.Musazadənin elmi-pedaqoji fəaliyyəti də muğam sənəti ilə bağlıdır. Belə ki, “Dügah dəstgahının tarixi mənşəyi və ifa xüsusiyyətləri” namizədlik dissertasiyasından sonra, muğam ifaçılığına dair bir sıra maraqlı elmi məqalələri, “Dügah dəstgahı” monoqrafiyası istər musiqişünaslar, istərsə də təcrübəli muğam müəllimləri və ifaçıları tərəfindən maraqla qarşılanıb.

Professor R.Musazadə muğamın tədrisi sahəsində öz zəngin pedaqoji təcrübəsi və biliyi əsasında “Muğamın tədrisi metodikası” dərs vəsaitini (B., MBM, 2012, 192 səh.) yazıb. Vəsait ali və orta ixtisas musiqi məktəblərində muğam ifaçılığını tədris edən müəllimlər, ifaçılıq təhsili alan tələbələr üçün nəzərdə tutulub.

Ötən ilin sonlarında musiqi təhsili ictimaiyyətinə təqdim edilən dərs vəsaitinin elmi redaktoru Əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi, professor Vaqif Əbdülqasımovdur. Azərbaycan Milli Konservatoriyasınını rekroru, Xalq artisti, professor Siyavuş Kərimi “Ön söz”də dərs vəsaitini belə qiymətləndirir: “Muğamların tədrisinin lazımi səviyyədə aparılması üçün müəllimlərdən yüksək peşəkarlıq tələb edilir. Onlar daim öz üzərində işləməli, muğamların tarixi haqqında bilgilərə yiyələnməli və yaddan çıxmış şöbə və guşələrin etimologiyalarıvə melodik məzmunu haqqında araşdırma aparmalıdırlar. Bu mənada müəllim və tələbə heyətinə yardım etməkdən ötrü təqdim edilmiş dərslikdə nümunə kimi iki muğam dəstgahı haqqında ətraflı tədris-metodik məlumat verilmiş, bütün şöbə və guşələrin etimologiyası açıqlanmışdır. Bu vəsaitdə muğam proqramlarına daxil olunmayan və haqqında az bilgilər olan şöbə və guşələrin də not nümunələri verilmiş və bu səbəbdən də, bəzi mübahisəli məsələlərin həllinə son qoyulmasına təşəbbüs göstərilmişdir.”

Dərs vəsaiti iki fəsildən ibarətdir. Birinçi fəsil “Muğam tədrisinin icraedici funksiyaları” adlanır. Bu fəsildə muğam tədrisinin metodologiyası və metodları, muğam müəlliminə olan tələblər, “ustad müəllim” anlayışı haqqında müəllim və tələbələrə geniş bilgi və məlumatlar verilmişdir. “Geniş tərkibli muğam dəstgahları” adlı ikinci fəsildə isə müəllif “Rast” və “Şur” muğamları üzərində müfəssəl dayanmışdır. Hər iki muğamın forma və məzmun cəhətdən yaranışı, formalaşması və inkişafı, qədim ifaçılıq məktəblərindəki ifa xüsusiyyətləri və fərqləri göstərilmiş, tərkibat cədvəlləri tərtib edilmiş, bu muğamların peşəkar ifaçıları və fərdi ifa üslubları açıqlanmışdır. Maraqlıdır ki, bu muğamların tədris metodikasına həsr edilən və maraqlı, yeni məlumatlarla zəngin olan bu fəsildə əyani vəsait kimi onların ayrı-ayrı şöbə və guşələrinin not yazısı da verilmişdir. R.Musazadənin görkəmli ustad-tarzənlərin və muğam müəllimlərinin – Mansur Mansurovun, Bəhram Mansurovun, Əhməd Bakıxanovun, Elxan Müzəffərovun  klassik ifalarından yazdığı muğam-not nümunələri muğamların daha dərindən, hərtərəfli və müqayisəli qavranılması üçün dəyərli əyani vəsaitlərdir. Dərs vəsaitində muğamların şöbə ardıcıllığındakı melodiya, lad məntiqi, şöbələrin dəstgahdakı funksiyaları, melodik mövzuların dəstgah formasındakı rolu haqqında da konkret nümunələr əsasında elmi-metodik izahlar verilmişdir.

Kitabın daha bir qiymətli cəhəti klassik, orta və yeni nəsil muğam ifaçılarının, müəllimlərinin fotoları ilə təmin olunmasıdır. Bu fotolar muğam tədrisinin keçmişi və bu günü, muğamı bilən və öyrədən ustadların kimliyi haqqında əyani bilik mənbəyidirlər.

“Muğamın tədrisi metodikası” kitabının sonunda mətnin tam olaraq, fars dilində də yazılması onun gərəkliyini, istifadə dairəsini daha da artırır. Belə ki, qonşu İran İslam Respublikasındakı musiqi məktəblərində Azərbaycan muğamlarının tədrisinə, öyrənilməsinə böyük maraq vardır və rəy yazdığımız kitab bu işdə onlara çox gərəklidir. İkincisi, muğam ifaçılığı sahəsində ali təhsil almaq məqsədilə Azərbaycan Milli Konservatoriyasında İran respublikasından tələbələr oxuyurlar. Gələcəkdə onların muğam müəllimi kimi fəaliyyətlərində bu dərs vəsaitinə istinad etmələri şübhəsizdir.

Əməkdar müəllim, professor Rafiq Musazadə bu yaxınlarda musiqi-pedaqoji ictimaiyyətə muğam tədrisi sahəsində qiymətli və maraqlı dərslik təqdim etmişdir. “Qədim muğamlar” dərsliyi (B., MBM, 2013, 124 səh.), adından da göründüyü kimi, az ifa olunan, barəsində az məlumat olan, ifaçılıq təcrübəsində özünə geniş yer tapa bilməyən, lakin tədris proqramlarına daxil edilən qədim muğamlarımıza həsr olunub. Magistr pilləsində “İnstrumental muğam ifaçılığı” ixtisasının tədrisi üçün yazılmış bu ilk dərsliyin rəyçiləri professorlar Cəmilə Həsənova, Malik Quliyev, Ağasəlim Abdullayev, ADMİU-nun dosenti Gülağa Zeynalovdur.

Dərslik girişdən, dörd fəsildən, yarımfəsillərdən, nəticədən və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.

“Müəllifdən” bölümündə yaşlı nəsil, orta və gənc nəsil ifaçıların siyahısı verilmişdir. Bu təfsilatlı siyahı tələbələrə muğam təhsilində və ifaçılığında varislik haqqında, muğam sənətinin ustaddan şagirdə ötürülmə ənənəsi haqqında əsaslı təsəvvür yaradır, muğam yolunun yeni varislərini sənətin etikasına yönəldir, unutqanlığın qarşısını alır.

Dəsrliyin girişində  muğam terminologiyasının təsnifatına yer verilməsi muğam ifaçılığı ilə terminologiyasının əlaqəli öyrənilməsi baxımdan olduqca dəyərli addımdır. Çünki ifaçıların professional tərbiyəsində peşəkar muğam sənətinin əsrlərlə formalaşmış terminlərinə bələdlilik mühüm şərtlərdən biridir. Məsələn, dərslikdə “muğam”, “şöbə”, “guşə”, “avaz”, “rədif”, “dəstgah”, “dəraməd”, “bərdaşt”, “mayə”, “ayaq”, “rəng”, “təsnif” kimi anlayış və terminlərə verilən izahlar və təriflər bu baxımdan maraq doğururlar.

Dəsrliyin dörd fəsli müvafiq olaraq, “Nəva”, “Baba Tahir” və “Dəşti” instrumental muğamları haqqındadır. Sonuncu fəsil isə altı bölmədən ibarət olmaqla  “Dügah” muğamının tarixi inkişaf mərhələləri” adlanır. Müəllif bu muğamların hər biri haqqında müfəssəl tarixi məlumat verir, onların ifaçılıq tarixi, bu muğamlara dair ədəbi və  musiqi mənbələri haqqında yazır, bu muğamlara dair elmi-nəzəri tədqiqatları, not yazılarını, orta əsrlərdə bu muğamlara dair tərtib olunan cədvəlləri, şöbə və guşələrin etimologiyasını açıqlayır.   Maraqlı faktlardan biri də, “Baba Tahir” instrumental muğamının müəllif tərəfindən aşkarlanaraq, bərpa olunması və yenidən muğam ifaçılığına və tədrisinə daxil edilməsidir. Burada muğamın adının əsaslandığı tarixi şəxsiyyət haqqında məlumat da maraq doğurur. Rafiq Musazadənin “Baha Tahir” muğamını ilk dəfə nota yazması dəyərli müəllim-tədqiqatçı əməyi kimi təqdirəlayiqdir. Digər tərəfdən, 1930-cu illərin ortasında görkəmli bəstəkar Zakir Bağırovun ustad ifaçı Mansur Mansurovun ifasından nota yazdığı “Dügah” muğamının əlyazması da ilk dəfə müəllif tərəfindən təqdim olunmuşdur.

Son illər ali musiqi və incəsənət üzrə ali təhsil müəssisələrinin magistraturasında  “Muğamşünaslıq”, “Muğam ifaçılığı” ixtisaslarının  tədris olunması sahəvi dərs vəsaitlərinə tələbatı artırmışdır. Bu baxımdan, Əməkdar müəllim, professor Rafiq Musazadənin dərs vəsaitləri və dərsliyi muğam tədrisində müəllim və tələbələr üçün olduqca dəyərli ədəbiyyat nümunələridir.

Ariz ABDULƏLİYEV
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
dosenti, böyük elmi işçi

 





05.07.2013    çap et  çap et