525.Az

Uzaq gəncliyimin yaxın dostu - Xalq yazıçısı Anar yazır


 

Uzaq gəncliyimin yaxın dostu - <b style="color:red">Xalq yazıçısı Anar yazır </b>

Rəssam Elçin Aslanovun ölüm xəbərini çox gec eşitdim. Azərbaycanın gözəl rəssamının, dərin təfəkkürə malik araşdırıcısının,  çox təvazökar ziyalısının vəfatı səssiz-soraqsız keçdi.

Elçin özəlliklə son illərdə qapalı bir həyat yaşayırdı, gəncliyimizdə tez-tez görüşdüyümüz halda axır vaxtlar nadir hallarda rastlaşırdıq.

Rəssamlar arasında yaxın dostlarım vardı və var. Elçin Aslanov onların ilki, ən qədimi idi. Atamın kitabına bədii tərtibat verməliydi, bu münasibətlə İçərişəhərdəki evlərində görüşdük və birinci təmasdan, necə deyərlər, qanımız qaynadı bir-birimizə.

Çox istedadlı fırça ustası olmaqla bərabər, Elçin həm də sənətin, xüsusilə, xalq sənətinin  kamil bilicisi və tədqiqatçısı idi. Novruz mərasimləri, Qaravəlli, Orta oyunu, Kilimarası, Şəbeh tamaşaları bir araşdırıcı kimi onun maraq dairəsindəydi  və bu sahədə geniş biliklərini, orijinal fikirlərini onlarla məqaləsində mətbuat səhifələrinə çıxarırdı. Bir çox yazılarını o vaxt redaktoru olduğum "Qobustan" toplusunda dərc edirdik.

Bəzən  çox orijinal və gözlənilməz təkliflər irəli sürürdü. Bir yazısında sübut edirdi ki, Azərbaycan dramaturgiyasının tarixini Füzulinin "Həqiqət üs-süəda" əsərindən başlamaq lazımdır.

Sonralar bəzi yazılarını "El-oba oyunu, xalq tamaşası" adlı kitabında toplayıb nəşr etdirdi. Bu kitab xalq teatrımızın  önəmli sahəsi haqqında ilk və çox dəyərli məxəzlərdən biridir. Elçin Aslanovun kitabı xalq tamaşalarımıza aid terminlərin izahlı lüğətidir, eyni zamanda, bu tamaşaların qurucuları və ifaçıları haqqında  müfəssəl ensiklopediyadır.

"Şami-qəriban" terminini Elçin belə şərh edir ki, bu tamaşa  Aşura gecəsi icra olunarkən bütün şamlar (mumlar) söndürülürdü. Duanı qaranlıqda oxuyurdular. Ona görə bu ritual "mumsöndü" də adlanırdı. Şamlar yalnız dua bitəndə yandırılırdı. Kitabda bu yeri oxuyanda çox uzaq bir anımla  Haydnın "Vida simfoniyası"nı xatırladım. Bu simfoniya  çalınarkən orkestr ifaçıları bir-bir qarşılarındakı şamları söndürərək  səhnəni tərk edirlər.

Elçin Aslanovun araşdırıcı fəaliyyəti onun əsas peşəsini - boyakar və qrafik kimi yaradıcılığını kölgədə qoymur.

Bir çox kitablara bədii tərtibat vermiş rəssamın bu sahədə ən maraqlı işlərindən biri "Kitabi-Dədəm Qorqud" motivləri əsasında çəkdiyi şəkillərdir. Dastanın obrazları  bir çox görkəmli rəssamlarımızı cəlb edib. Onların  sırasında Elçinin  bu mövzuda çəkdiyi şəkilləri də bənzərsizdir. Vaxtilə bu işləri sərgidə görərkən təəssüratımı mətbuatda paylaşmışdım. Qeyd edirdim  ki, Elçin Aslanov ədəbi mətni dəqiq duya bilir. Dədə Qorqud silsiləsində də dastanın qəhrəmanlarına (dastanda olduğu kimi) məhrəm, isti yanaşma duyulur. Personajların yozumunda  şərtilik və bu şərtiliyin özünə də ironik münasibət, yüngül zarafat ovqatı hiss olunur. Rəsmlərin cizgilərində şəbəkələrimizin,  xalçalarımızın  təsiri açıq aşkardır. 

Elçin Aslanovun teatr rəssamı, səhnəqraf kimi işləri də diqqətəlayiqdir. Üzeyir Hacıbəylinin "Leyli və Məcnun"  operasına (Mehdi Məmmədovun quruluşunda) Elçinin verdiyi tərtibat muğam operalarımızın janr orijinallığına uyğun olaraq şərti üslubda idi. Leyli-Məcnun süjetinin zirvəsi Məcnunun Kəbədə Allaha yalvarmasıdır. 

Yarəb bəlayi eşq ilə qıl aşina məni     

Rəssam da operanın quruluşunda Kəbəni səhnənin ortasında qurmuşdu. Bu sanki bir sevgi məbədi idi və bütün iştirakçılar onun başına  dolanır, ona səcdə  edirdilər.

Elçin Aslanovun Milli Dram Teatrında fəaliyyəti səhnə tariximizin əlamətdar səhifələrindəndir. Xalq yazıçısı İlyas Əfəndiyevin "Unuda bilmirəm" pyesi Tofiq Kazımovun quruluşunda  teatr estetikamızda bir dönüş nöqtəsi oldu və bu uğurda Elçin Aslanovun verdiyi tərtibatın da böyük payı var.

Dram teatrımızın ən yaddaqalan tamaşalarından biri Tofiq Kazımovun quruluşunda Mirzə Cəlil Məmmədquluzadənin "Ölülər" tragikomediyası idi. Bu tamaşanın da parlaq səhnə tərtibatı Elçin Aslanovundur.

Tamaşa yaxşı yadımdadır: rəssam səhnədə üç iri başdaşı qurmuşdu və personajlar "ölülər" aləmindən "dirilər" dünyasına məhz bu qəbir-qapılardan keçib gəlirdilər. Tamaşa atama da xoş təsir bağışlamışdı və bu, Rəsul Rzanın şeirlərinin birində  əks olunub:

Səhnə.

Elçinin evi.

Kölgələr başdaşına girir.

Kölgələr başdaşından çıxır.  

Təbii ki, "Elçinin evi" deyəndə  rəssamın səhnədə qurduğu ev-qəbiristanlıq nəzərdə tutulur.

Teatrda Elçin Aslanovun maraqlı işlərindən biri də Mehdi Məmmədovun quruluşunda Hüseyn Cavidin "Xəyyam" pyesi idi. Rəssam tərtibatda həm şəbeh tamaşalarının özəlliyindən istifadə etmiş, həm də aktyorların libaslarını, ümumi görkəmlərini  orta əsr miniatürləri üslubuna uyğunlaşdırmışdı. Personajlar sanki Təbriz, Herat miniatürlərindən çıxıb səhnəyə gəlmiş, canlanmışdılar.

Mənim teatr rejissorluğu sahəsində ilk və son təşəbbüsüm özümün "Adamın adamı" pyesimə Milli Dram Teatrında verdiyim quruluş oldu. Bu tamaşanın da bədii tərtibatı Elçin Aslanovun idi və rəssamlığından başqa, o da,  Həsən Turabov da mənə bu naşı olduğum peşədə yardımlarını əsirgəmirdilər.

Elçin Aslanov bəzi yazılarını Elçin Muxtar Elxan imzasıyla çap edirdi. Muxtar atasının, Elxan çox cavan yaşlarında dünyasını dəyişmiş istedadlı heykəltəraş qardaşının adı idi.

Gənclik illərimizdə bir tədbirimiz, bir məclisimiz Elçin Aslanovsuz keçmirdi. Tez-tez rayonlara  birgə səfərə çıxardıq. Yadımdadır, o vaxt Komsomol xəttiylə avtobusla Lənkərana getmişdik. Haradasa rəsmi görüşümüz vardı, toplantının başlanmasına az qalmış Elçin aradan çıxdı. Bəstəkar Xəyyam Mirzəzadənin sözləri də qalıb  yadımda: "Yəqin hardasa bir əgri ağac tapıb, onu çəkir".

Necə uzaqda qalıb o illər... Dostlar da bir-bir "aradan çıxır". Çox təəssüf ki, Elçin Aslanov müxtəlif sahələrdə gördüyü böyük işlərə görə həqiqi qiymətini almadı. Özü də heç bir vaxt özünü qabağa verməyə, gördüyü böyük işləri aləmə car çəkməyə, "gözə soxmağa" çalışmırdı. Həyatdan da elə beləcə - səssiz-səmirsiz getdi.

Bizim - qalanların - vicdan borcu gedənlərin xatirəsini yaşatmaqdır. Elçin Aslanovun da sərgisi təşkil olunmalı,  albomu  buraxılmalıdır. Əgər tədqiqatçılar rəssamın müxtəlif mövzularda yazılarını toplasa, onların kitab şəklində nəşrinə nail olmağı boynuma götürürəm.

29 aprel 2018

 





03.05.2018    çap et  çap et