525.Az

Cümhuriyyətin maarif və dini etiqad naziri Nurməmməd bəy Şahsuvarov


 

Cümhuriyyətin maarif və dini etiqad naziri Nurməmməd bəy Şahsuvarov <b style="color:red"></b>

Azərbaycan Xalq Cümhuriyyəti dövründə maarif və dini etiqad naziri vəzifəsini icra etmiş Nurməmməd Adilxan oğlu Şahsuvarov 1883-cü ildə Laçın rayonunun Minkənd kəndində anadan olub.
 
O, ibtidai təhsilini kənd məktəbində almış, 1889-1903-cü illərdə isə Qori Müəllimlər Seminariyasında oxumuşdu. Seminariyanı başa vurduqdan sonra N.Şahsuvarov bir müddət Gəncədə rus dili müəllimi işləyir. Sonra o, Tiflisdəki Aleksandr Müəllimlər İnstitutuna daxil olub, 1912-ci ildə oranı bitirib. Elə həmin ildə N.Şahsuvarov Kiyev Universitetinin hüquq fakultəsinə daxil olub və 1915-ci ildə universiteti ekstern yolu ilə bitirib.

Universitet təhsilini başa vurandan sonra o, Dağıstan Vilayəti Xalq Təhsili İdarəsi üzrə Teymurxanşura (indiki Buynaksk) şəhərinə təlimatçı təyin olunub.

N.Şahsuvarov Şimali Qafqazda yaşadığı dövrdə burada ciddi siyasi hadisələr başladı və o da həmin proseslərin iştirakçısına çevrildi.

1917-ci ildə Rusiyada baş verən Fevral burjua-inqilabı Şimali Qafqazda yaşayan azadlıq mübarizəsinə şərait yaratdı.

1918-ci ilin mayın 11-də Birləşmiş Dağlılar İttifaqının MK-sı Şimali Qafqaz Dağlıları Respublikasının yarandığını elan etdi. Hökumətin başında isə çeçen milyonçusu Əbdülməcid Germoyev dururdu.

Həmin Hökumətdə xalq maarifi naziri vəzifəsini Nurməmməd Şahsuvarov icra edirdi.

1919-cu ilin mayında Denikinin Dağıstanı ələ keçirib hakimiyyəti çar generalı Mustafa Xəlilova verməsindən sonra artıq N.Şahsuvarovun da orada qalıb işləməsi qeyri-mümkün oldu.

Qeyd edək ki, N.Şahsuvarov Dağlı Respublikasının daxili işlər naziri və sonradan Azərbaycan Xalq Cümhuriyyətində maarif və dini etiqad naziri olmuş Rəşid xan Kaplanovla bir müddət eyni hökumətdə çalışmışdılar.

N.Şahsuvarov 1919-cu ilin iyunun əvvəllərində Bakıya gəldi  və Nazirlər Şurasının Sədri N.Yusifbəylinin 1919-cu ilin martın 14-də təşkil etdiyi birinci hökumət kabinetində Maarif və Dini Etiqad nazirinin müavini işlədi. Həmin dövrdə nazir vəzifəsini onun Dağlı Respublikasından tanıdığı R.Kaplanov icra edirdi.

1920-ci ilin martın 5-də N.Yusifbəylinin ikinci hökumət kabinetində maarif və dini etiqad naziri  H.Şahtaxtinski istefa verdi. Onun yerinə həmin vəzifəyə N.Şahsuvarov təyin olundu.

O, Azərbaycanın şəhər və kəndlərində ana dilində məktəb və seminariyaların açılması və digər tədbirlərin həyata keçirilməsinə böyük zəhmət sərf etdi.

Azərbaycanın ilk ali məktəbi olan Bakı Dövlət Universitetinin təşkil olunmasında N.Şahsuvarovun da xidməti olmuşdur.

N.Şahsuvarov İttihad Partiyasının üzvü olaraq bu ideyanın daşıyıcısı idi.

N.Şahsuvarov maarif və dini etiqad naziri vəzifəsində 1920-ci ilin martın 30-na qədər çalışdı. Həmin dövrdə N.Yusifbəyli hökuməti istefaya çıxdığı üçün o, vəzifədən uzaqlaşdı.

1920-ci ilin aprelin 27-də Azərbaycan Rusiya bolşevikləri tərəfindən işğal edildikdən sonra N.Şahsuvarov bir müddət Azərbaycan SSR xalq maarif komissarının müavini olaraq çalışdı. Bu illərdə o, Bakıda Pedaqoji, S.Ağamalıoğlu adına Torpaq və Geodeziya texnikumlarında rus dilindən dərs dedi, sonralar isə Bakı Dövlət Universitetində rus dili kafedrasının müdiri, Azərbaycan Neft İnstitutunda isə rus dili müəllimi vəzifəsində işlədi.

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətində nazir və nazir müavini işləmiş  tanınmış bir dövlət xadiminə sovet rejimində rahat yaşamaq imkanının verilməsi də qeyri-mümkün idi.

Dövlət Təhlükəsizliyi Xidmətinin arxivində saxlanılan PR-6399 saylı istintaq işinin materiallarında N.Şahsuvarovun (və digərlərinin) həbsi səbəbi ilə bağlı məlumatlar əldə etmək mümkündür. Xalq Daxili İşlər Komissarlığı 4-cü şöbənin 4-cü bölməsinin rəisi, Dövlət Təhlükəsizliyi leytenantı Qriqoryan 1930-cu ilin iyulunda bu məzmunda arayış hazırlamışdı: "Tərəfimizdən həbs edilmiş Ümumittifaq Pantürkist Mərkəzin üzvü professor Çobanzadə Nurməmməd Şahsuvarovun Azərbaycan SSR-də əksinqilabi İttihadçı təşkilatın rəhbərlərindən biri olduğunu göstərmişdir. Tərəfimizdən həbs edilən əksinqilabi Burjua millətçi təşkilatının fəal üzvü Hənifə Zeynallı da Şahsuvarovun təhsil müəssisələrində əksinqilabi fəaliyyət göstərdiyini qeyd etmişdir.

Göstərilənlər əsasında Nurməmməd Şahsuvarovu Azərbaycan SSR Cinayət Məcəlləsinin 72, 73-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb etməklə həbs etməyi zəruri sayır və bu barədə Dövlət Təhlükəsizlik İdarəsi 8-ci şöbəsinin və XDİK işlərinə nəzarət edən prokurora xəbərdarlıq edirik. DTİ 4-cü şöbə, 4-cü  bölməsinin rəisi DT baş leytenantı Qriqoryan. Təsdiq edirəm: 4-cü şöbənin rəisi, DT kapitanı Sinman. 20 iyul, 1937-ci il".

N.Şahsuvarovun həbsi prosesi başlananda o, Moskvada yaşayır və Moskvada Qubkin adına İnstitutda dosent işləyirdi. Bu vaxt o, Feona Kuzmişina adlı bir xanımla evli idi və oğlu Cahangirin 21 yaşı var idi.

1938-ci ilin fevralın 27-də Moskva yaxınlığındakı Leninisk rayonunda, Kalujsk  şossesində Derevlevo kəndində, ev 52-də, bitərəf olan, Qubkin adına İnstitutda dosent işləyən, Q.Ş.Mixaylinovun mənzilində yaşayan N.Şahsuvarov Dövlət Təhlükəsizliyi Xidmətinin kapitanı Fedotov tərəfindən həbs edilərək Bakıya göndərildi.

N.Şahsuvarova qarşı ilk istintaq 1938-ci ilin martın 21-də aparıldı. Müstəntiqin ona ilk sualı belə oldu: "İstintaqa məlumdur ki, Siz Azərbaycanda mövcud olan əksinqilabi təşkilatın fəallarından biri kimi əhəmiyyətli rol oynamısınız. Siz bu əksinqilabi təşkilata daxilsinizmi?" Cavab: "Mən heç bir əksinqilabi təşkilatın üzvü deyiləm". Sual: "Siz elə birinci dəfədən istintaqa müqavimət göstərmək istəyirsiniz, ancaq bunu bacarmayacaqsınız".

Sovet istintaq orqanlarının insanlardan işgəncələr vasitəsi ilə ifadələr almasını təsdiq edən çox sübutlar vardır. N.Şahsuvarova qarşı da bu "üsullar"dan istifadə olunurdu.

1938-ci ilin aprelin 15-də keçirilən növbəti istintaq prosesində o, "etiraf  edərək" dedi: "Bəli, etiraf edirəm ki, əksinqilabi təşkilatın üzvü olmuşam".

N.Şahsuvarova qarşı  təzyiqlər haqqında onun 1939-cu ilin 29 noyabrında XDİK Xüsusi şöbəsinə yazdığı ərizədə görmək mümkündür. Müstəntiqin  dediyi ifadələri o, ərizəsində belə qeyd edirdi: "Şahsuvarov, Sizi də Pənah Qasımovun taleyi gözləyir. Mən onun bütün dişlərini tökdüm, ağzını qulağına qədər cırdım. Sizi, Şahsuvarov, döşəmədə sürüyəcəklər, top kimi ayaqlarının ucunda vuracaqlar, Siz gəbərəcəksiniz, həkim çağırıb akt tərtib edəcəyik".

1940-cı ilin fevralında N.Şahsuvarova "Millətçi antisovet, qiyamçı təşkilatlarda iştirakına görə 3 mart 1938-ci ildən hesablanmaqla 5 il müddətinə Kranoyarsk diyarına sürgün edilmək" hökmü kəsildi.

N.Şahsuvarov ağır sürgün həyatından sonra 1943-cü ildə Bakıya qayıtdı. O, burada bir müddət Azərbaycan Tibb İnstitutunda Rus dili kafedrasının müdiri və müəllimi işlədi.

N.Şahsuvarov 1958-ci ilin avqustun 11-də Bakıda vəfat etdi.

N.Şahsuvarovun oğlu Cahangir Moskvada yaşadı. Moskvadakı Yerin Fizikası İnstitutunda çalışdı, fizika-riyaziyyat elmləri doktoru oldu. N.Şahsuvarovun qardaşı Mürsəl bəy Azərbaycan Xalq Cümhuriyyətinin  xaricdə təhsil almağa göndərdiyi 100 tələbədən biri olub.

 





04.05.2018    çap et  çap et