525.Az

Marafon qaçışı - (sənədli hekayə)


 

Marafon qaçışı - <b style="color:red">(sənədli hekayə)</b>

İllər çox da öyünməsin. Aradan nə qədər keçsə də, qaysaqlanmış yaranın közünün qopması yenə də bir himə bənddir.

Çaraq kəndində nə vaxtdır ki, qardaş həsrətli Sündüz adında bir bacının gözləri yollarda qalıb. (Umu nənəsə dünyadan gözləri bu yollardan yığılmamış getdi. Çəkdi bu illər dərdi, çəkənlər bilər bu dərdi...) Qardaşının bir quruca adı çəkildimi, Sündüz xala o gün bütün günü dolub boşalacaq, gecə də yuxusunu qarışdıracaq... Ertəsi gün isə nə özünü biləcək, nə də sözünü. Axır ki, handan -hana qəlbini, gözünün göyərtisini, ağrısını dilində ağıya, bayatıya döndərəcək:

Araz axar lililən
Bülbül oynar gülinən
Səni necə ağlayım,
Bu qurumuş dilinən...

Kim bilir, bəlkə də Sündüz xalanın elə dünəni də beləcə ötüb. Bu gecə də yenə yuxusunda qardaşını görəcək.

Dünən...

Bu gün...

O vaxtsa - 1941-ci ilin iyun ayının axırları olsa da - ucqar dağ kəndində hələ də bahar idi. Onuncular buraxılmış imtahanlarını vermişdilər, indi də doğma məktəblə vidalaşırdılar. Bu münasibətlə Çaraq məktəbində təntənəli yığıncaq keçirilirdi. Müəllimlər bir-bir məzunları təbrik edir, onlara həyatda uğurlar arzulayırdılar. Lap axırda məktəbin direktoru Abdulməcid Cəfərov çıxış etdi. Çıxışının sonunda yenə şagirdlərinə dönə-dönə idmanla məşğul olmağı tapşırdı. Sözünü belə tamamladı ki. Vətənə həmişə fiziki cəhətdən güclü, gümrah və sağlam oğul-qız lazımdır. Sonra Abdulməcid müəllim üzünü məzunlara tutub :

- Sabah bazar günüdür, - dedi, - təklif edirəm ki, orta məktəbi bitirməyiniz münasibəti ilə Marafon qaçışına çıxasınız. Dağlarımızın, düzlərimizin onsuz da çal-çağır vaxtlarıdır.

Şagirdlər sevimli müəllimlərinin təklifinə dərhal tərəfdar çıxsalar da, çoxu intizarda qaldı: "Marafon qaçışı! Bu nə qaçışdır elə?"

Abdulməcid müəllim şagirdlərinin baxışlarından əlüstü onların sualını oxudu. Bir qədər fikirə gedib:

- Bilirsinizmi, uşaqlar, - deyə izah etdi, - qədim dünya tarixində deyilir ki, Marafon adlı düzənlikdə yunanlarla düşmən arasında amansız döyüş gedirdi. Yunanlar öz torpaqları uğrunda güclü düşmənlə cəsarətlə vuruşurdular. Vətənə məhəbbət hissi onlara yenilməz bir qüvvə verirdi. Düşmən tərəf məğlub olub qaçmağa üz tutdu. Bir afinalı döyüşçü isə bu şad qələbə xəbərini şəhər əhalisinə tez çatdırmaq üçün Marafon düzənliyi ilə Afina arasındakı 42 kilometrlik bir məsafəni qaça-qaça gedib özünü şəhərə çatdırır, ucadan qışqırır: "Afinalılar, sevinin, biz qalib gəldik!" Uzun yolu qət etməkdən nəfəsi kəsilmiş döyüşçü sonra yerə sərilərək həlak olur.

Abdulməcid müəllim susub sözünə ara verdi, sonra isə:

 - Hə, uşaqlar, - dedi, - bu igidlik şərəfinə o vaxtadan bəri 42 kilometrlik məsafəyə Marafon qaçışları keçrilir.

Sabahı gün Marafon qaçışına çıxmaq niyyəti ilə məzunlar evlərinə dağılışdılar. Ancaq...

Ertəsi gün - iyunun 22-də onlar Marafon qaçışı əvəzinə rayon mərkəzi Dəvəçiyə, Hərbi komissarlığa yollandılar; əllərində də cəbhəyə könülü getmək üçün ərizələri! Axı! Vətən artıq darda idi! Alman faşistləri qəflətən ölkəmizə soxulmuşdular. Böyük ölkə amansız düşmənlə müqəddəs müharibəyə qalxmışdı.

Avqustun son günləri idi. Məktəblərdə dərslərin başlanmasına bir neçə gün qalırdı. Yenə rayon müəllimlərinin ənənəvi avqust müşavirəsi çağırılmışdı. Ancaq iclas zalında bu dəfə qələbəlik deyildi. Vətənin əli silah tutan digər oğulları kimi müəllimlərin çoxu da cəbhəyə getmişdi.

Zalda seyrəklik idi. Çətin və ağır günlər başlamışdı. Sifətlər qüssəli, baxışlar tutqun... Abdulməcid müəllim də fikirli idi. Fikirləşirdi ki, iki-üç gündən sonra yenə də dərs jurnalı əlində sinifə girəcək. Yeni tədris ilinin ilk dərslərinə. Sentyabrın birini, ilk dərs günü toy-bayramla, qəribə bir intizarla gözləyirdi. Bu dəfəsə kim bilir, necə olacaqdı. Axı qarşısında əyləşəcək şagirdlərin bəzilərinin atalarının qara xəbərləri gəlmişdi.

Abdulməcid müəllim qorabişən avqust ayında üşürgələndi.

Müşavirə başlanmışdı. Müəllimlər bir-bir söz alıb danışırdılar. Səsləri gur deyildisə də, hamısının qəlbində qələbəyə sonsuz bir inam vardı. Axırda respublika maarif komissarlığının nümayəndəsi çıxış etdi. Arxada qalan müəllimləri qələbə naminə cəbhəyə yaxından kömək etməyə çağırdı. Onun çıxışından sonra Çaraq məktəbinin direktoru Abdulməcid Cəfərov söz istədi. Xitabət kürsüsünə qalxmamışdan əvvəl rəyasət heyətinin əyləşdiyi stola yaxınlaşdı. Əlindəki kağız pulları stolun üstünə qoydu. Abdulməcid müəllim sonra kürsüyə qalxdı.

O, keçib yerində əyləşənəcən zal alqış səslərindən guruldadı. Zalda müşavirədə iştirak edən müəllimlərin hamısı bir nəfər kimi Abdulməcid müəllimin çağırışına səs verdilər...

Bir necə gündən sonra, 3 sentyabr 1941-ci ildə "Bakinski raboçi" qəzet yazırdı: "Rayon müəllimləri müdafiə fonduna 196 min manat nəğd pul köçürmüşlər. Pedaqoq Abdulməcid Cəfərov müdafiə fonduna on beş günlük əmək haqqını, 500 manatlıq istiqraz vərəqini köçürmüş və hər ayın beş günlük əmək haqqını da müdafiə fonduna köçürməyi öhdəsinə almışdır". 

Siyəzən şəhər sakini Əhməd Əhmədovun xatirələrindən 

- Həmin ağır 1941-ci ildə mən Quba pedaqoji məktəbini bitirib Abdulməcid müəllimin direktor işlədiyi Çaraq məktəbinə təyinat almışdım. Abdulməcid müəllim şagirdlərin fiziki tərbiyəsinə xüsusi fikir verirdi. Oğlanlar arasında müxtəlif idman yarışları keçirirdi. "İndi Vətənə daha güclü, daha çevik oğlanlar lazımdır"- deyirdi.

O, məktəbdə atıcılıq dərnəyi təşkil etmişdi. Axşam tərəfi məktəbin cavan müəllimləri, yuxarı sinif şagirdləri və kəndin yeniyetmələri ilə dağı aşıb düzənliyə çıxardıq. Abdulməcid müəllim tüfəngdən hədəfə atəş açmağı öyrədərdi. Atdığımız güllələr sərrast olanda yamanca sevinərdi. "Afərin uşaqlar, - deyə hər birimizi qucaqlayıb öpərdi, - düşməni də beləcə nişan alarsınız..."

Ordumuz üçün çətin günlər idi. Kəndə dönəndə ağsaqqalların nəzərləri Abdulməcid müəllimin üzündə gəzərdi, lal baxışlar sanki xəbər almağa ürək eləmirdi: "Əsgərlərimiz düşmən qabağında dayana biləcəklərmi, müəllim?.."

Bir dəfə məşqdən kəndə dönəndə o, bizi məlul-müşkül dayanıb durmuş qocalara göstərib inamla: "Əlbəttə, biz qalib gələcəyik! - dedi. - Belə qoçaq oğulların qabağında hansı düşmən duruş gətirə bilər?!"

Bir gün, ürəyimizdə onun inamı cəbhəyə yollandıq. Bizi ötürməyə rayon mərkəzinə, Dəvəçiyəcən piyada gəlmişdi. Ayrılanda bir-bir hamımızı qucaqladı. "Ardınızca mən də gələcəyəm, - dedi, - görüşəcəyik. Əlbəttə, görüşəcəyik, özü də Berlində!"

O, arxada da qala bilərdi. Rayonda onun kimi pedaqoqlara ciddi ehtiyac vardı. Lakin Abdulməcid Cəfərov 1942-ci ilin iyununda rayon hərbi komissarlığına gəldi, Komissar onu dilə tutmaq istədi, mümkün olmadı. Abdulməcid müəllimin səsi titrədi:

- Yox, dözə bilmirəm, - dedi, - mənə elə gəlir ki, şagirdlərim orada yolumu gözləyir. Sözümə-nəsihətimə ehtiyacları var...

Düşmən Qrozniya, neft Bakısına can atırdı. Döyüşlərin birində ağır yaralanan baş leytenant Cəfərov sağaldıqdan sonra yenicə yaradılan 416-cı Taqanroq diviziyasının siyasi şöbəsində çalışmağa başladı.

Siyasi rəhbər kimi Abdulməcid müəllim üçün döyüşçülərdə Vətənə məhəbbət, mərdlik, cəsarət, düşmənə amansız nifrət hissləri aşılamaq çətin deyildi. Axı, elə onun özü əsgərlərə canlı nümunə idi. Siyasi rəhbərin nümunəsi neçə-neçə ordenə-medala döndü. "Qırmızı Ulduz", "İkinci dərəcəli Böyük Vətən Müharibəsi ordeni", "Qafqaz müdafiəsinə görə" medalı... Onun təltiflərinin tam olmayan siyahısıdır bu...

Lakin həmişə sözündə bütöv olan müəllim sevimli şagirdlərinə verdiyi vədi yerinə yetirə bilmədi. Berlində görüşəcəklərinə lap az qalmışdı. 1945-ci ilin yanvar ayında Visla çayını o taya keçərkən faşist snayperinin gülləsi mayor Abdulməcid Cəfərovun qəlbini əbədi susdurdu. Neçə-neçə şagirdi isə Berlində onu çox axtardı...

İndi də hər il mayın 9-da Çaraqkənd məktəbinin şagirdləri Abdulməcid Cəfərovun xatirəsinə həsr edilmiş Marafon qaçışına çıxırlar.

Şabran

 





04.05.2018    çap et  çap et