525.Az

“Arşın Mal Alan” Los Ancelesdə səhnəyə qoyulacaq


 

“Arşın Mal Alan” Los Ancelesdə səhnəyə qoyulacaq<b style="color:red"></b>

Sentyabrın 7-də Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və təşkilatçılığı ilə “Arşın Mal Alan” operettası bu şəhərdə nümayiş etdiriləcək.

Baş Konsulluqdan APA-ya verilən məlumata görə, tamaşa operettanın 100 illik yubileyinə həsr olunub.
 
Operetta dünyanın ən böyük və məşhur opera teatrlarından olan, Los Ancelesin Dorothy Chandler Pavilion opera teatrında səhnəyə qoyulacaq.
 
Qeyd edək ki, tanınmış opera ifaçısı Plaçido Dominqonun rəhbərlik etdiyi nüfuzlu Los Anceles Operası öz tamaşalarını sözügedən opera teatrında nümayiş etdirir. 1970-90-cı illərdə “Oskar” Mükafatının təqdimetmə mərasimləri məhz Dorothy Chandler Pavilion teatrında keçirilib.
 
Operettanın prodüseri amerikalı bəstəkar və prodüser Maykl Şnakdır (Michael Schnack). M. Şnak 2006-ci ildə “Arşın Mal Alan” operettasını Vyanada uğurla səhnələşdirib.
 
Bütün rolların ifaçıları amerikalı opera müğənniləridir. Operettanın mahnıları Azərbaycan dilində ifa ediləcək, dialoqlar isə ingilis dilində aparılacaq. Los Ancelesdə fəaliyyət göstərən tanınmış orkestr operettanın musiqisini ifa edəcək.
 
Bu, “Arşın Mal Alan” operettasının ingilisdilli məkanda, xüsusilə də ABŞ-da bu miqyasda və formada ilk səhnələşdirilməsidir.

 





09.07.2013    çap et  çap et