525.Az

KİVDF-də Doğu Akdeniz Universitetinin rektoru ilə görüş keçirildi- Foto


 

KİVDF-də Doğu Akdeniz Universitetinin rektoru ilə görüş keçirildi- <b style="color:red">Foto</b>

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli Şimali Kiprin Doğu Akdeniz Universitetinin rektoru Abdullah Öztoprakla görüşüb. Görüşdə müxtəlif media orqanlarını təmsil edən KİV nümayəndələri, həmçinin Şimali Kiprin Bakı Nümayəndiliyinin rəhbəri Sadəddin Topukçu, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da iştirak edib. Qonaqları salamlayan Vüqar Səfərli bildirib ki, Azərbaycanla Şimali Kipr arasında əlaqələr intensiv tərəqqi yolundadır: “Müxtəlif sahələri əhatə edən bu əlaqələr təhsil sferasında daha dinamik şəkildə inkişaf etməkdədir”.

Azərbaycan media nümayəndələrinin Şimali Kiprə səfərini xatırladan Vüqar Səfərli daha sonra  bildirib: “Həmin səfər zamanı Azərbaycan media nümayəndələri  Doğu Akdeniz Universitetində təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb. Məlumat üçün qeyd edim ki, Şimali Kipr universitetlərində 1000-dən artıq azərbaycanlı tələbə təhsil alır. Onların da təxminən yarısı Doğu Akdeniz Universitetinin tələbəsidir”.

Görüşdə çıxış edən Şimali Kiprin Bakı Nümayəndəliyinin rəhbəri Sadəddin Topukçu isə bildirib ki, təmsilçisi olduğu ölkə Azərbaycanla münasibətlərin inkişafına xüsusi önəm verir. Onun sözlərinə görə, Şimali Kiprdə 7 universitet fəaliyyət göstərir və onlar yüksək keyfiyyətli təhsil verirlər: “Biz daha çox sayda azərbaycanlı tələbənin bu keyfiyyətli təhsildən faydalanmasını istəyirik. Xalqlar arasındakı münasibətlərin təhsil sahəsində də, genişlənməsini daim diqqət mərkəzində saxlayırıq. Çünki xalqlararası münasibətlərin inkişafında təhsil önəmli vasitədir. Şimali Kiprə gedən azərbaycanlı tələbələr burada 5 il qalır və ölkənin mühitinə daha yaxından bələd olurlar. Bu mənada xalqlar arasındakı münasibətlərin inkişaf etməsində təhsil mühüm əhəmiyyət kəsb edir”.

Doğu Akdeniz Universiteti barədə məlumat verən Abdullah Öztoprak isə bildirib ki, rəhbəri olduğu universitet 1979-cu ildə yaranıb. Universitetin 11 fakultəsinin olduğunu qeyd edən Abdullah Öztoprak, həmin fakültələrin təyinatı ilə bağlı geniş məlumat verib. Universitetin 3 milyon kvadratmetr sahəsi olan ayrıca düşərgədə yerləşdiyini bildirən rektor, burada təhsil alan tələbələrin sayının 14 minə çatdığını  qeyd edib: “Həmin tələbələrin 4 mindən çoxu müxtəlif xarici ölkələrdəndir. Sevindirici haldır ki, bunların da, 1000-dən çoxu Azərbaycanı təmsil edir”.

Abdullah Öztoprak bildirib ki, Doğu Akdeniz Universiteti beynəlxalq əlaqələrin inkişafına xüsusi diqqət yetirir və bu istiqamətdə müvafiq addımlar atır, müqavilələr bağlayır. O, Azərbaycan ali təhsil müəssisələri ilə də münasibətlərin inkişafının xüsusi diqqət mərkəzində yer aldığını vurğulayıb. O bildirib ki, ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan abituriyentlər Doğu Akdeniz Universitetində pulsuz  təhsil alırlar, onların burada qalmasına hər cür şərait yaradılır.  Təhsil sahəsində Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsinin tərəfdarı olduğunu və bu istiqamətdə müvafiq addımlar atıldığını bildirən Abdullah Öztoprak görüş iştirakçılarını maraqlandıran sualları da cavablandırıb. Sonda görüş üçün qonağa təşəkkür edən Vüqar Səfərli Abdullah Öztopraka xatirə hədiyyəsi təqdim edib.

 





09.07.2013    çap et  çap et