525.Az

Dini dözümlülüyün Azərbaycan modeli dünyaya nümunədir


 

Dini dözümlülüyün Azərbaycan modeli dünyaya nümunədir<b style="color:red"></b>

Azərbaycanın tarix boyu tolerant ölkə kimi tanınaraq dini dözümlülük ənənələrinə həssaslıqla yanaşması danılmaz faktdır. Məhz bu məqam ölkəmizin digər sahələrdə olduğu kimi, dini tolerantlıq baxımından da dünyanın nümunəvi dövlətləri sırasında olmasına geniş üfüqlər yaradıb. Hazırda dini dözümlülük baxımından Azərbaycanın dünyaya örnək göstərilməsi dövlət tərəfindən yürüdülən düzgün, məqsədyönlü və ardıcıl siyasətin nəticəsidir. Peyğəmbərimizin belə bir kəlamı var: “Haqq sözünü demək özü bir qəhrəmanlıqdır”. Bu mənada tolerantlıq sahəsində görülən işlərin göz qabağında olduğunu çəkinmədən söyləmək olar. Ölkə rəhbərliyinin yürütdüyü siyasət nəticəsində insanlar vicdan azadlığı əldə edib. İbadət yerlərinə getmək üçün heç bir problem yaradılmır. Təkcə İslam dini deyil, ölkəmizdə ümumiyyətlə dini durumla bağlı heç bir problem mövcud deyil. Heç kimin dini əqidəsinə həbs qoyulmur, bütün vətəndaşlar dini ayinlərini aşkar şəkildə yerinə yetirir.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra dini tolerantlıq sahəsində mühüm addımlar atılaraq ölkəmizdə bütün azadlıqlar, o cümlədən vicdan azadlığı, dini azadlıqlar təmin edildi. Hazırda isə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycandakı tolerant mühitin hazırda dünya ölkələrinin əksəriyyətində mövcud olmadığını desək heç də yanılmarıq. Bu isə Azərbaycanın dini, milli və irqi ayrıseçkilik məsələlərinə nə dərəcədə həssas yanaşmasının nümunəsidir. Bunu tez-tez ölkəmizə təşrif buyuran nüfuzlu qonaqlar da təsdiqləyərək, Azərbaycandakı dini dözümlülük, dinlərarası münasibətlə bağlı xoş sözlər söyləyirlər.

Belə ki, Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill Azərbaycanda bütün dinlərin nümayəndələrinə, eləcə də provaslavlara qarşı heç vaxt ayrı-seçkilik edilmədiyini bildirir: “...Azərbaycanda pravoslav xristianlar heç vaxt təqib edilməyib. Buradakı ruslar heç vaxt həyati təhlükə ilə üzləşib, öz evlərini tərk etməyiblər...”.

Gürcüstan Patriarx Katolikosu II İlya Azərbaycandakı dini tolerantlığın digər ölkələrə də nümunə ola biləcəyini söyləyib. Vatikanın nümayəndəsi kardinal Salvatore De Corci Azərbaycanda bütün millətlərə və dinlərə eyni münasibətin Vatikanda da böyük razılıq doğurduğunu qeyd edib. İordaniya Kral Akademiyasının baş katibi Səid Əl-Hiccari ölkəmizdəki dini dözümlülüklə bağlı bunları bildirib: “Müstəqil Azərbaycanın və onun Prezidentinin dinlərarası dialoqa, eləcə də İslam həmrəyliyinə verdiyi töhfələr razılıq hissi ilə təqdir olunur”.

Rum patriarxı I Varfolomey belə deyib: “Mən buradakı tolerantlığın səviyyəsindən məmnunam. Azərbaycanda hər kəs istədiyi dinə etiqad edir, istədiyi kimi ibadət edə bilir”. Bütün bunlar müəyyən dövrlərdə Azərbaycanda səfərdə olan nüfuzlu din xadimlərinin ölkəmizdəki dini dözümlülüklə bağlı səsləndirdiyi fikirlərin bəziləri idi. Fikrimizcə, bu məqam özü Azərbaycandakı dini dözümlülk modeli barədə reallığı əks etdirir.

Dini dözümlülük ənənələrinin qorunub saxlanılmasına heç şübhə yox ki, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi öz böyük töhfələrini verir.

Qafqaz Müsəlmanları İdarəsinin Fətvalar şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə ölkəmizdə məskunlaşan müxtəlif konfessiyaların nümayəndələri arasında əlaqələrin hər zaman dostluq münasibətləri səviyyəsində mövcudluğunu bildirib. Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələrinin bir ailə kimi yaşadığını qeyd edən M.Seyidzadə bu məqamın ölkəmizin inkişafı üçün çox mühüm amil olduğunu deyib: “Bu, bir tərəfdən insanların ürəyindən gələn bir duyğu, bir tələbdirsə, digər tərəfdən din xadimlərinin fəaliyyəti, əlbəttə ki, dövlət siyasətidir. Azərbaycanın hansı istiqamətdə inkişaf edəcəyi məhz bu üç əsas amildən asılıdır. Dini dözümlülük bizim milli sərvətimizdir. Fikrimcə, tolerantlıq dövlətçiliyi möhkəmləndirən, xalqın birliyini və sıralarının sarsılmazlığını təmin edən amildir”.

O, Azərbaycanın bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsi olduğunu deyib. M.Seydizadə İslamın Azərbaycana gəlişi ilə dini dözümlülük ənənələrinin daha da möhkəmləndiyini və müsəlman tolerantlığının əsasını Qurani-Kərimin surə və ayələrinin təşkil etdiyini söyləyib. Müsahibimiz ümummilli lider Heydər Əliyevin bu sahədə atdığı addımlardan da danışıb: “Tolerantlıq bir mədəniyyətdir. Bu, bir həqiqətdir ki, dünyanın üzləşdiyi bütün problemlərin kökündə məhz mənəvi dəyərlərin böhranı durur. Unutmaq olmaz ki, Allahın yaratdığı ən böyük dəyər insan həyatıdırsa, onun xilası tolerantlıqdan – müxtəlif millət və dinlərə mənsub insanların qarşılıqlı anlaşma və ehtiramından keçir. Məhz tolerantlığın dövlət səviyyəsində dəstəklənməsinin bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Həqiqətən də Heydər Əliyev hakimiyyətə gəldikdən sonra milli və dini dəyərlərimizə sahib çıxdı. Heydər Əliyev dinin, xüsusən də İslamın inkişafına çalışan şəxsiyyət idi. Onun dini-mənəvi dəyərlərə qayğısı bu gün də hiss olunmaqdadır. Əsasını Heydər Əliyevin qoyduğu bir ənənədə mövcuddur – hər il Ramazanın iftar mərasimində Azərbaycanda mövcud ənənəvi dini icmalar bir araya gəlir və dövlət başçısı ilə eyni süfrə arxasında otururlar. Ulu öndər hələ 1992-ci ildə Təzə- pir məscidində bir tədbir zamanı bu sözləri söylədi: “...Müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşların da yaşadığı çoxmillətli Azərbaycan müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi bütün millətlərə dilindən, dinindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir...”. Bütün bunlar onun dini tolerantlığa böyük əhəmiyyət verməsinin nümunələrindən idi”.

M.Seyidzadə Azərbaycanın din sahəsində apardığı siyasətin fikir və söz azadlığı, vicdan azadlığı üzərində qurulduğunu, beynəlxalq hüquq prinsipləri və normalarına, ölkəmizin qoşulduğu beynəlxalq müqavilələrə, ölkə Konstitusiyasına və digər normativ-hüquqi aktlara əsaslandığını vurğulayıb: “Bu gün Azərbaycanda məscidlərlə yanaşı, sinaqoqlar, kilsələr fəaliyyət göstərir. Müxtəlif dini icmaların fəaliyyəti azaddır. Azərbaycanda 160 ildir “Bibliya” çap olunur. Prezidentimizin ayırdığı vəsait hesabına “İohan” kilsəsi bərpa olunub. Müstəqillik illərindən etibarən 5 gürcü, 5 rus və 1 udin pravoslav kilsəsi fəaliyyət göstərir. Azərbaycanda dini etiqad azadlığı tamamilə təmin edilir, dini durum sabitdir, dini mövzularda beynəlxalq konfranslar və görüşlər keçirilir, dini əqidəsinə görə vətəndaşlar arasında heç bir ayrı-seçkiliyə yol verilmir. Dövlət orqanları bütün vətəndaşların, o cümlədən dini icmaların üzvlərinin hüquqlarını qoruyur. Cəmiyyətdə müxtəlif dinlərin nümayəndələri arasında ümumi dostluq mühiti hökm sürür. Bütün bunlar dini dözümlülüyün nümunəvi modelidir. Ölkəmiz hazırda bütün Qafqaza işıq saçan mayakdır və onun nuru dünyanın hər tərəfinə yayılır. Azərbaycan iri sənaye müəssisələrin işə düşdüyü, dünya üçün önəm kəsb edən layihələrin həyata keçirildiyi məkan olmaqla yanaşı, həm də əzəmətli məscidlərin, məbəd və ziyarətgahların inşa və bərpa olunduğu ölkədir. Ümumiyyətlə Azərbaycan dini abidələrə dövlət səviyyəsində diqqət və qayğı göstərən nümunəvi ölkədir. Artıq Bakı mədəniyyətlərarası, dinlərarası dialoqa dair mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Prezident İlham Əliyevin dini dəyərlərin qorunub-saxlanılması ilə bağlı siyasəti də təqdirəlayiqdir. Bu, məhz Heydər Əliyev siyasətinin davamıdır. Prezident İlham Əliyev sözügedən sahəyə xüsusi diqqət və qayğı göstərir. Heç bir din və məzhəb ayrıseçkiliyinə yol verilmədən, bütün dini icmalar dövlətin maddi və mənəvi yardımından yararlanaraq, öz fəaliyyətini həyata keçirir. Dövlət tərəfindən dini müəssisələrə xeyli yardım göstərilir. Bütün bunlar dövlətin xidmətidir və bunu danmaq olmaz. Prezidentimizin bu fikirləri xüsusi diqqətəlayiqdir: “Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi rahat yaşayırlar. Bütün dinlərin nümayəndələri bizim dəyərli vətəndaşlarımızdır. Bu sahədə Azərbaycan öz təcrübəsini bölüşməyə hazırdır. Hesab edirəm ki, buna böyük ehtiyac var. Çünki heç də hər yerdə vəziyyət bizdəki kimi deyil”. İlham Əliyev mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır. Prezident müsəlmanlarla yanaşı, müntəzəm olaraq ölkənin xristian və yəhudi icmalarını da əsas dini bayramları münasibətilə təbrik edir. Hakimiyyətə gəldikdən sonra ölkə ərazisində mövcud olan dini ocaqların, pirlərin, ziyarətgahların əsaslı təmiri ilə bağlı göstərişləri, maddi-mənəvi yardımlar Prezident İlham Əliyevin dini-mənəvi dəyərlərimizə göstərdiyi qayğının təzahürüdür. İlham Əliyev dinlə bağlı problemlərin də həllinə bilavasitə yardımçı olur. Bu, bizim üstünlüyümüz, böyük sərvətimizdir. Bizim təcrübəmiz artıq başqa ölkələrdə öyrənilir, beynəlxalq təşkilatlarda diskussiyalar mövzusuna çevrilir. Biz öz milli köklərimizə, dini köklərimizə qayıtmışıq. Azərbaycan xalqını, azərbaycanlıları bütün dövrlərdə, müstəqil olmadığımız dövrlərdə belə bir millət kimi qoruyub-saxlayan məhz ənənələrimizdir. Biz bütün başqa dinlərə hörmətlə yanaşırıq və hesab edirik ki, dünyada bütün dinlərə hörmətlə yanaşılmalıdır”.

M.Seyidzadə ölkəmizdə olan tolerantlıq ənənələrinin təbliğində, irsimizin tanıdılmasında, həmçinin dünyanın müxtəlif guşələrində əyani şəkildə nümayişində Heydər Əliyev Fondunun, eləcə də aidiyyatı qurumların məxsusi xidmətlərinin olduğunu qeyd edib. O, Fondun prezidenti, millət vəkili Mehriban Əliyevanın Azərbaycanın bütün dünyada tolerantlıq ünvanı kimi tanıdılmasında müstəsna xidmətlər göstərdiyini vurğulayıb.

Şərqşünas, Seyid Camal Əzimbəyli də ölkəmizdə dini tolerantlq, dinlərarası münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Onun fikrincə, dinlərarası münasibətlərlə yanaşı, milli münasibətlər və bu sahədə dövlətin yürütdüyü siyasət, tutduğu mövqe təqdirəlayiqdir: “Dövlətimizin dinə münasibətinin dözümlü olduğunu heç kəs dana bilməz. İstər ölkəmizdə məskunlaşan etnik xalqlara, istərsə də digər məzhəblərə, təriqətlərə münasibətlərdə Azərbaycan xalqının, eləcə də Azərbaycan dövlətinin tutduğu mövqe alqışalayiqdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dövlətin sözügedən sahədə yürütdüyü siyasəti yüksək səviyyədə həyata keçirir. Fikrimcə, Azərbaycanda dini tolerantlıq, millətlərarası münasibətlərin ürəkaçan səviyyədə olması bir tərəfdən əcdadlarımızın bizə miras qoyduğu dəyərli ənənədirsə, digər tərəfdən bu, dövlətimizin uğurlu siyasətinin məntiqi nəticəsidir.

Zənnimcə, ölkəmizdə dini tolerantlıq özünü demokratiyanın beşiyi hesab edən və demokratik prinsipləri digər cəmiyyətlərə yaymağı öz missiyaları kimi qəbul edən dövlətlərlə müqayisə olunmaz dərəcədə yüksəkdir”.

Aqil LƏTİFOV

Yazı Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.

 





09.07.2013    çap et  çap et