525.Az

Sevginin poetik ovqatı - payızlaşan ədəbi düşüncələr


 

Sevginin poetik ovqatı - payızlaşan ədəbi düşüncələr<b style="color:red"></b>

Hər dəfə şeirdən yazanda onun ictimai motivlərindən öncə oxucu olaraq məndə hansı sevgi hisslərini oyadacağını düşünürəm. Və qərarım bu olur: poeziya emosiyaların tüğyanıdır ki, doğulur, ilk misralarından son sətirlərinə qədər ruhdur, şairin içindən kükrəyib çıxır, buna "bais" isə şairin sevinci və kədəridir, poetik şüur səviyyəsini aydın əks etdirir.

Özünü artıq təsdiqləmiş şair Əbülfət Mədətoğlunun ağrılarının yüngülləşməsi, daşıdığı kədərdən azca da olsa təsəlli tapması, üstəgəl, həqiqətlərin və yalanların fəlsəfi motivlərinə impulsiv reaksiyasıdır; belə yönüm işığa da can atır, ovunmaq istəyir. Mədətoğlu bu təəssüratı nostalji ovqatla oxucuları ilə bölüşür. "Hərdən özüm-özümə təsəlli üçün yapışacaq bir yer axtarıram, bir sözün qulpundan tuturam. Elə bil ki, balaca bir uşaq kimi ovunmaq eşqinə düşürəm. Və tapdığım hansısa bir oyuncaqla əylənməyə çalışıram. Bu oyuncaq yaşıma-başıma uyğun olmasa da, uşaqlığımla bağlı olduğundan onunla danışmaq mənə xoş gəlir", - yazır. Təsəllisi isə şair ürəyindən süzülən misralardır.

Döymə hədər bu qapını
Çırpdı qədər bu qapını...
Sənə qədər bu qapını -
Allah çox açıb-bağladı.

Çəkiləndən çiskin kimi
Ömrümdəki pis gün kimi.
Gözündəki nisgil kimi -
Məni də bir qız ağladı.

Mən bildiyim böyük dayaq
Keçdi qəfil külək sayaq.
Daşmı, yoxsa ürək sayaq -
Dönüb arxaya baxmadı!

Amma "günahların qatili" olan şairdə nə qədər nikbinlik var imiş. Axı Əbülfət Mədətoğlu poeziyası biz oxuculara bundan sonra da gərəyimiz olacaq - mübaliğəsiz. Bu, inamdır ki, duyğular qarşısında borclu qalmır, özü demişkən: "O misraların bir dəstəsini də bax elə indi, necə deyərlər, isti-isti sizə söyləmək istəyirəm".

Ümid budaqların çırpıb əyirsən
Tikanlı baxışla qəlbə dəyirsən...
Mən xəyal qururam, sənsə deyirsən -
Qucaqla yastığı yar əvəzinə...

Külək saçlarını eşib yolanda
Qapıya zillənmiş gözün dolanda...
Bir özün, bir də ki, dizin olanda -
Qucaqla yastığı yar əvəzinə...

Gerçək olanların üstünü basdır
Şəklimi çəkdirib tərsinə asdır...
Adımın yerinə bu sözü yazdır -
Qucaqla yastığı yar əvəzinə...

Sonuncu ümidin səssiz sönəndə
Öpüb başdaşını geri dönəndə...
Günah səndə deyil, günah öləndə -
Qucaqla yastığı yar əvəzinə!..

Belə şeirlər bir də ona görə lazımdır, ziddiyyətli dünyamızda toxdaqlıq, təskinlik tapaq, onsuz da insanlar kövrək məxluqdur, bəzən hisslərimiz bizi aldadır, özümüzə qapılırıq; son isə xatirələrdir, uzaqlardan boylanan itirilmiş sevgidir. Cəsarətlə deyərdim: ən yaxşı şeirlər məhz bu əbədi körpünün o tayından boylanır, cəsarəti itirilmiş "o tay"ına baxır, pıçıldayır. İstedadlı qələm sahibi, yaxşı tanıdığımız Yusif Günaydının gözləmədiyim "şeir dəftəri"ndən şeirlərini oxudum. Şeirin yaranması üçün "İlaxır çərşənbə" assosiativ bağlılıq yaratmışdır. Axı belə günlərdə qapını kənd uşaqları döyür ki... Bəs şairə bu yaşında (şairlərin yaşı ölçülmür) çoxmu vacibdir: Bəlkə buna ehtiyac lazım deyilmiş. Yox, belə hissləri xatırlamasa idi Yusif Günaydın bir şeirini itirməzdimi?

Yenə döyəcəyəm, nə olur-olsun,
İlaxır çərşənbə mən o qapını.
Günahım varsa da, odla yuyulsun,
Yoldan sapmışamsa, haqqa tapınım.

Heç mənə baxmadan, badam gözlü qız,
Deyər: Nə papaq at, nə də şal salla.
Yoxdu qismətində şəkər payımız,
Dayanma, geri dön gəldiyin yolla!

Doğrudanmı bilmir o şux insafsız,
Noğul, nabat deyil ondan umduğum?
Tonqalsız, xonçasız, şalsız, filansız
Bircə diləyim var - matəmdən çıxım?

Şair bu ilaxır çərşənbədə cavanlığına qayıdır, sevgisi sorağında (insan bütün yaşlarında sevməyə qadirdir, təki, daxili enerjini itirməsin), neyləsin gəlib Novruzun bu çağına düşübdür. Hələ ki, ortada həsrət və intizar dayanıb. Şairsə çox ümidlidir, sevgidə ümid qırıldısa hisslərin dəfn olunan çağıdır! Yenə şair ümidini göyərdən vüsal axtarışı və:

O elə bilir ki, özü tək gedib,
Məni naçar qoyub dönəndə üzü,
Bayramlar qoşulub ona, tərk edib,
O atandan bəri mən talesizi.

Açılardı eynim, olsam da yalnız,
Qızıl dan yerindən saf meh əsəndə.
Tonqalsız, xonçasız, şalsız, filansız,
Bayramım qayıtsa təbəssümündə.

Səni tək qutlaram bayram axşamı,
O bahar hüsnünə tək heyran kimi.
Mənə qaytardığın Novruz bayramı,
Özünə dönəcək min bayram kimi...

Yusif Günaydının poeziya aləminə qayıdışına sevindim və sevgi fenomenindən "şeirləşməsi" - başqa cür təsəvvür etməzdim. Bu hissə onun munis rəğbəti və ehtiyatlılığı gözəl bir şeirin oxuculara hədiyyəsi deyilmi?

Sınıq qəlbli ovundur,
Bir vaxt ayır sən ona.
Axı bu can sənindir,
Necə qıyırsan ona?

Səni ağrıtmır məyər,
Ona yara vuranda?
Köhnə oyuncaq kimi,
Onu yerə vuranda?

Bir az ehtiyatlı ol,
Çılğın olduğun çağda
Unutma ki, əksin var
Qırdığın "oyuncaqda".

Sevgi-məhəbbət şeiri həsrətin solmayan çiçəyidir, vaxtsız açılarsa, sevən "taylar"ın yaddaşında hər səhər açılır, ətrini saçır və. İstədim "və"dən sonra "ölür" kəlməsini yazım. Özümdən asılı olmadan barmaqlarım titrədi, qıymadım haçansa itirdiyim sevgimizi röyada axtarım. Bu son fikrimizin kökləri uzağa gedir. Arabir şeirlərinə rast gəldiyim, mühəndis olsa da, istedadla şeir yazan Cavanşir Əsgərin "Bütöv Azərbaycan" qəzetində son silsilə şeirləri məni nə az, nə çox, təxminən, ötən əsrin 70-ci illərinə apardı. Cavan, şeir dolu bir dəftər, yəni utana-utana ondan aldım, - demişdim gətirsin. - Müəllim, oxuyun, fikrinizi öyrənmək istəyirəm, - dedi və getdi. Vədimə əməl etdim, təxminən, on-on beş şeirini birnəfəsə oxudum, gözləmirdim, düzü. Şeirlər necə tutdusa məni, bir neçə vərəqlik məqalə yazdım. Təsirdən çıxmamışdım. Onu çağırdım (biz bir kənddənik, Neftçala rayonunun Qırmızıkənd kəndi, o kənd məktəbində də oxumuşuq). Kövrəlmişdim. İyirmi yaşlarında olan bu oğlanda nə qədər poetik hiss varmış, şeir onun varlığına hopmuşdu, emosiya ilə intellektini əhatə etmişdi. Həzin və güclü fikrə bələnmiş misralar doğulmuşdu... Lakin o, bir müddət görünmədi, sosial qayğıların çəpər çəkdiyi kimi: Cavanşir Əsgərin də tale yoluna çıxmışdı. Niyə bu isrardayam: uzun vaxt məsafəsində o, kökdən düşməmişdi, gözəl şeirlər yazırdı. Xatırlayıram:  "Qaçır", "Adamlar", "Bir az işıq verin" və s. poetik nümunələr qələmindən süzülmüşdü.

Və mövzuma qayıdıram; sevgi intizarı, sevgi xatirələri haçansa tənhalaşır, sənsizləşir. Cavanşirin son şeirlərindən biri "Sənsiz"dir. Peşəkar şair hissiyyatının nümunəsi, illərin, kövrək sənsizliyi:

Gün altda qurumuş palçıqdı,
Nəymə gərəkdi Yer sənsiz.
Sənsizlik bir tənha adadı,
Dərdləri oynadır yel sənsiz.

Saplağı üstündə gül əsir,
Yanağa tökülmüş tel əsir,
Göz düşür işıqdan, əl əsir,
Uzanır, uzanır yol sənsiz.

Göz gözü ovsunlar, aldadar,
Göz gözü ovsunlar, anladar,
Göz gözü ovsunlar, ağladar,
Bulanıb, durulmur göl sənsiz.

Gecələr əynimə kürk olub,
Təklənən təklənib tək olub,
Həsrətin ruhuma yük olub,
Nələr çəkirəm, gör, sənsiz.

Ədəbi düşüncələrimin leytmotivində sevgi həsrətini əbəs seçməmişəm. Şair vücudunda heç vaxt sönməyən, xatirələri dartıb gətirən bu müqəddəs hissin ölməzliyini mən də yaşayıram, baxmayaraq həyatım boyu bir beyt də yazmamışam, görünür, bacarmamışam. Məsələnin başqa bir tərəfi poetik şüurun haçansa sevgiyə qayıtması, poetik hisslərin azad ifadəsidir. Belə təkrarsız məqamlarda şair üçün sosial hazırlığa ehtiyac duyulmur, çün ruhi sarsıntı hər şeyi ödəyir. Bu düşüncələrimə rəvac verən, poeziyada səsi-ünü eşidilən Qələndər Xaçınçaylının son şeirlərilə "qarşılaşdığım" oldu, az yazan, lakin əsl poeziya nümunələridir - yanılmıram. Şair içində yığılıb qalan, toxunulmayan, müqəddəsləşən məhəbbət-sevgi çağırışının səsiydi. Bəli, "yığılıb-qalan" şeirlərdir: "Sən xoşbəxt bir qız", "Sən bağışlamazsan", "Nağıla bənzər", "Əlvida deyəcək", "İçim" və sair şeirlər. Yaradıcılıq psixologiyasından yanaşsaq, eyni motivli mövzuların toplum halında qəzetdə ("525-ci qəzet, 2018) eyni düzümdə çapı riskdir, ona görə ki, şeirlər bir-birinin "dabanını basır", bir-birini təkrarlayır, nəhayət, oxucusunu usandırar, küsdürər. Mən şair Qələndərdə bu narahatçılığımı görmədim, ən kövrəyi o idi - uzaqlara vardım, ağarmış saçlarımı, qırışlardan ötüşməyən alın cizgilərimi gördüm, "gündəliyim"də əbədiləşən sevgi həyəcanlarını yaşadım. Bu, hər şeirin taleyinə düşmür! Antik filosof Aristotel yazırdı ki, poeziya istedadın, hissiyyat adamlarına aid bir sahədir, ona görə ki, onlardan bəziləri cildə girmək, bəziləri isə vəcdə gəlmək qabiliyyətinə malikdir. Qələndər Xaçınçaylı poeziyasına ikincisi xasdır, pafosla təsdiqləməyə ehtiyac duymadım: "Sən xoşbəxt bir qız".

Sən xoşbəxt bir qız,
Mən, taleyindən küsmüş bir oğlandım.
Sən xoşbəxtliyindən zövq alırdın,
Mən isə ağrılarımı udurdum.
Sonda küsmüş taleyimə bürünüb
sənin göz qamaşdıran "xoşbəxt"liyinin
göz yaşlarına dönüb
yandırdım saf bir ürəyi!..

Qələndər bu şeirləri qələmə alanda proqnozlaşdırmaq istərdim ki, tam təhtəlşüur altında olub Z.Freydin qənaətində; yaradıcılıq "libido"su olmazsa, belə qeyri-adi, qəlbinin ağır yükündən süzülən göz yaşlarına çevrilməzdi. Şeir hıçqırıqdır, boğulan səsdir, ürək çırpıntısıdır, mübhəm maddiyyatdır - daha nələrə işarədir - bəlkə də "əlvida"ya sığınan həsrətdir? Bax, bu sonuncu şair qəlbində yoxsa, bir misra da qələmə güvənməz. Budur, Qələndərin "Əlvida"sı! Lakin şair öz suçunu anlayır, sevgisinin qarşısına gəlir və son pıçıltısına "əlvida" söyləmir, haradasa bir ümidə bel bağlayır, yoxsa?

Sən bağışlamazsan,
Ona görə ki,
ağ göyərçin kimi uçan təmiz sevgim,
 xəyallarımda qaldı.
Ürəyimdə qalan gələcək arzularımı
açmamış bir çiçək kimi qoparıb atdın
Qəlbimi qəlbimə birləşdirən
körpü bellərini sındırdın...

Oxucuya elə gəlir "sınan" sevgi bir daha göyərməz, xatirələrə gömülər. Şairsə hər şeyin hələ sonu olmadığı poetik "yalan"a inanır və sevgisi önündə özünü günahkar hesab etmir; bəzən şairlər özünü sığortalamır, bəlkə şeirin həzinliyinə aldanırlar.

... Mən istərdim payızda ölüm, çünki payızı çox sevirəm bütün fəsillərdən. Çünki ağaclar saralmış yarpaqları dəfn edir, yenicə göz açıb uçan balalar öz yuvalarına baş çəkir, tənha qoymurlar. Duydum ki, şair Qələndər də payızı sevir öz fəlsəfəsində:

Payız gəldi, soldu çiçəklər - güllər,
Töküldü yarpaqlar, xəzana döndü.
Dağlardan arana endikcə ellər
Təbiət qoynunda al günəş söndü.

...Payız gözlərimdə oyanmış çiçək,
Payız nəfəsimdə payız havası.
Payız notlarında köklənib ürək,
Bir "Payız hava"sı çalın, qadası,
Payız havasına oynayım gərək.

Uzatmaq istəməzdim: poeziya praqmatik tarixi olmuşların yalnız zahiri bağlılığı baxımından təsviri də deyil, şairin pessimizmə qapılmağına da tabe etməzdim. Poeziya canlı, misralarında - damarlarında qanı axan, durulan varlıqdır, nə qədər həyat var - nə əvvəli, nə də sonu var, onu yaradan müəllifi - insan qədərində, klassik şairimiz Şükuhu demişkən:

Gələn birdir, gedən birdir, qalan bir,
Gələn qalmaz, gedən gəlməz, əcəb sirr.
Bir əvvəl var, bir axır var deyirlər,
Bu bir sözdür, nə əvvəl var, nə axır.

27.04.2018.

 





15.05.2018    çap et  çap et