525.Az

Rusiyadan alınan metro vaqonları istismara yararsız çıxıb, geri qaytarıldı


 

Rusiyadan alınan metro vaqonları istismara yararsız çıxıb, geri qaytarıldı<b style="color:red"></b>

Bakı Metropoliteninin bu il yanvarın 21-də təntənəli mərasimlə xəttə buraxdığı Rusiya istehsalı olan yeni vaqonlar istismara dözməyib. Modern.az saytının əldə etdiyi məlumata görə, Rusiyanın Mıtişşi «Metrovaqonmaş» Səhmdər Cəmiyyətinin istehsalı olan yeni 81-760/761 tipli vaqonlar Bakı metrosunda istismar olunarkən onların kondindioner sistemi sıradan çıxıb və bu səbəbdən də 5 yeni vaqondan ibarət «Oka» adlanan qatar xətdən çıxarılıb. «İçərişəhər» xəttində 16-cı marşrutla işləməli olan qatarın 16 saat xətdə olacağı nəzərdə tutulsa da, istismar zamanı məlum olub vaqonlar günün birinci yarısınadək işləyərkən onların kondinsioner sistemi gərginliyə tap gətirə bilmir, qızır...
Modern.az saytının xəbərinə görə, bir müddət öncə qatar Rusiyanın Mıtişşi şəhərinə qaytarılıb. Mıtişşi zavodunda vaqonlardakı kondinsioner sisteminin ləğv olunması və yenidən Azərbaycana gətirilməsi nəzərdə tutulur.
Məlumatı Modern.az saytına açıqlamada Bakı Metropoliteninin rəsmiləri də təsdiqləyiblər. Lakin rəsmilər əlavə məlumat verməyiblər.

Modern.az Bakı Metropoliteninin məsələ ilə bağlı rəsmi açıqlamasını əldə edib. Orada bildirilib ki, Rusiyanın «Transmaşholdinq» şirkətinin istehsalı olan yeni vaqonlar ötən il dekabr ayının əvvəlindən yeraltı yollarda sınaqdan keçirilib. Sonra vaqonlar istehsalçı müəssisənin təşəbbüsü ilə müqavilə əsasında Bakı Metropoliteninə monitorinqə verilib. Monitorinq üçün 6 aylıq monitorinq müddəti qoyulub.

”Vaqonlar istismar baxımından çox rahat, rəvan hərəkətli, səssiz, iqlimə nəzarət qurğusu, havatəmizləmə, sərnişinləri məlumatlandırma sistemləri ilə təmin edilib. Videomüşahidə qurğuları hərəkətin təhlükəsizliyinə və ardıcıllığına nəzarət baxımından çox əlverişlidir. Vaqon qapıları əvvəlki modellərə nisbətən daha rahatdır. Qatarı idarəetmə kabinəsində maşinist üçün əlverişli şərait yaradılıb, idarəetmədə kompyuter sistemindən istifadə olunur, nasazlıqların aşkar edilməsi üçün diaqnostika sistemi tətbiq edilir.
Vaqonların yerli şəraitə uyğunsuzluğu barədə informasiya həm də ona görə həqiqətdən uzaqdır ki, metropoliten sistemində vaqonların istismar şərtləri hər yerdə eynidir. Fərq yalnız vaqonların texniki parametrlərində, təhlükəsizlik tələblərində sərnişin rahatlığının təmin olunmasında ola bilər ki, bu göstəricilər də sınağın əsas predmetidir.

Sınaq müddətinin başqa özəl tərəfi həmin vaqonları idarə edəcək kadrların yetişdirilməsidir.
Monitorinqin müddəti başa çatdıqdan sonra Bakı Metropoliteni vaqonların etibarlığı barədə texniki rəy verəcək.

Sınağın nəticəsindən asılı olmayaraq, Bakı Metropoliteni dünyanın digər aparıcı vaqon istehsalçıları ilə əməkdaşlığa hazırdır və bu istiqamətdə danışıqlar aparılır”-deyə rəsmi açıqlamada bildirlib.

Qeyd edək ki, yeni qatarın monitorinq müddəti hələ bu il mayın sonunda başa çatsa da, Bakı Metropoliteni vaqonların etibarlığı barədə texniki rəyi ictimaiyyətə açıqlamayıb.

 





09.07.2013    çap et  çap et