525.Az

Millət vəkili Elmira Axundova Masallıda seçicilərlə görüşüb- Foto


 

Millət vəkili Elmira Axundova Masallıda seçicilərlə görüşüb- <b style="color:red">Foto</b>

Millət vəkili Elmira Axundova növbəti dəfə deputat seçildiyi Masallı rayonunda vətəndaşlarla görüşüb, qəbul günü təşkil edib. İyulun 5-də deputat ilk olaraq Ərkivan qəsəbəsində şəhid ailəsini ziyarət edib, şəhidin valideynlərinin problemləri ilə maraqlanıb, maddi yardım göstərib.

Bundan sonra Elmira Axundova bir ay əvvəl şəhid olmuş digər hərbçi, çavuş Namiq Nəcəf oğlu Həmidovun ailəsinə baş çəkib, maddi və mənəvi dəstək olub. 1994-cü il martın 15-də Masallı rayonunun Lürən kəndində ziyalı bir ailədə anadan olmuş Namiq Həmidovun hələ uşaq yaşlarından ailəsi tərəfindən vətənpərvərlik ruhunda tərbiyə edildiyini bildirən deputat vurğulayıb ki, hərbi xidmətini Tərtərin hərbi hissələrinin birində çəkən Namiq xidmət zamanı ən yüksək nailiyyətlər əldə edib, zabit və komandirlərin rəğbətini qazanıb, verilən bütün tapşırıqları uğurla yerinə yetirərək çavuş rütbəsi alıb və xidmətini kəşfiyyatçı kimi davam etdirib. Öz tabeçiliyində olan əsgər yoldaşları ilə birlikdə o, dəfələrlə erməni işğalçılarının bizim hərbi məntəqələrimizə olan hücumlarının qarşısını alıb. Baş verən belə toqquşmaların birində Namiq Həmidov qəhrəmancasına döyüşərək şəhidlik mərtəbəsinə yüksəlib. Deputat E.Axundova xüsusilə vurğulayıb ki, Masallı rayonundan olan 225 nəfər döyüşçü şəhid statusu alıb ki, bunlardan da 3 nəfəri Milli Qəhrəmandır. Şəhidin ailəsi də öz növbəsində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə, xüsusilə də cənab Prezident İlham Əliyevə minnətdarlıq bildirib, eyni zamanda rayon səviyyəsində şəhidin adının əbədiləşdirilməsini xahiş ediblər. Deputat bu məsələni aidiyyəti qurumların diqqətinə çatdıracağına söz verib.

Daha sonra deputat xanım Təzəkənd ərazi nümayəndəliyində ərazi nümayəndəsi, bələdiyyə sədri və kəndin ziyalıları ilə görüşüb. Kənd əhalisi bildirib ki, bu kəndin problemləri ümumi ərazinin problemidir. Belə ki, indiki vaxta qədər kəndə qaz və içməli su verilməyib. Qaz və su boruları bu əraziyə Kalinovka-Qızılağac kəndlərindən keçməlidir. Bu işlər bir-iki il əvvəl görülməyə başlansa da, bununla bağlı ən yüksək səviyyədə tapşırıq və təlimatlar verilsə də, nədənsə sonradan dayandırıldı. Bu da əhalinin haqlı suallarına səbəb olur. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, prezidentin 2013-cü ildə Azərbaycanın bütün rayon və kəndlərində qazlaşdırmanın yekunlaşdırılması tapşırığına baxmayaraq bu işlər Masallının bəzi kəndlərində həll edilməmiş qalır və çətin ki, il ərzində bunu yekunlaşdırmaq mümkün olsun. Görüş zamanı vətəndaşlar qeyd ediblər ki, kənddə 1 kilometr yolun təmirinə və məktəbin idman zalının tikintisinə böyük ehtiyac var.

Görüşdən sonra millət vəkili digər kəndlərdə əhali ilə görüşüb, bir neçə imkansız ailəyə maddi yardım göstərib.

İyul ayının 6-da isə Elmira Axundova Bədəlan kəndindəki deputat ofisində seçiciləri qəbul edib. Masallıya səfər zamanı ümumilikdə 100-ə qədər vətəndaş deputat tərəfindən qəbul olunub. Müraciət edən seçicilərin bir sıra problemləri yerindəcə həll edilib, digər qrup vətəndaşların işləri üzrə müvafiq yerli icra orqanı rəhbərlərinə məlumat verilib, başqa qisim vətəndaşların şikayət və müraciətləri respublika səviyyəsində həll edilməsi üçün yazılı formada qəbul edilib. Qəbul zamanı ən çox qaldırılan məsələlərdən biri kəndlərə qaz çəkilişi ilə bağlı olub. Belə ki, əksər kəndlərə qaz çəkilməsinə baxmayaraq ayrı-ayrı evlərə və məhəllələrə qaz borularının çəkilişi ev sahiblərinin özlərinin öhdəsinə verilir. Belə olan halda imkansız ailələrin maddi imkanı olmadığı üçün bu cür ailələr qazdan məhrum olurlar. Bu da kəndlərdə ayrı-seçkiliyə gətirib çıxara bilir. Digər tərəfdən başqa bir məsələ də narahatlıq doğurur: necə olur ki, bu cür strateji və partlayıcılıq qabiliyyətli məhsul olan qazın çəkilişi fərdlərin öhdəsinə buraxılır. Deputat Elmira Axundova təhlükəsizlik baxımından bunu tamamilə səhv addım olduğunu bildirib. Bəlkə də bunun nəticəsidir ki, vətəndaşların özləri tərəfindən qaz çəkilən evlərdə ölümlə nəticələnən partlayışların şahidi oluruq. Bu problemin təkcə Masallı rayonu üçün səciyyəvi olmadığını bildirən deputat  məsələnin dövlət səviyyəsində müzakirəsinə ehtiyac olduğunu vurğulayıb.

Digər əsas müraciətlər kəndlərdə iş qıtlığı və vətəndaşların bir-birilərinin torpaqlarını zəbt etmək məsələsi ilə bağlı olub. E.Axundova bu şikayətlərin çoxunun əsaslı olmadığını bildirib. Çünki müraciət edən bir çox kəndlilərin payıbəlli və həyətyanı sahələri olsa da, orada əsla işləmək niyyətində deyillər. Şikayətçilərin əksəriyyəti ünvanlı sosial yardım almaq istəyir. Onlar dövlətin sosial yardımına və ya aldıqları pensiyalarla arxayınlaşır, bunlarla kifayətlənirlər, halbuki torpağı əkib becərərək öz ehtiyaclarını qarşılaya bilərlər. Masallı rayonunda torpaq qıtlığına baxmayaraq bəzi münbit torpaqlar becərilmir, ya da otlaq yerinə çevrilib. Deputat onu da vurğulayıb ki, son bir neçə ildə dövlətimiz və yerli icra strukturları kənd təsərrüfatının inkişafına diqqət yetirir, təsərrüfatla məşğul olmaq istəyənlərə subsidiyalar verilir, dəstək olunur. Amma əhalinin bir qismi yenə də torpaqda işləməyə meylli deyil. Buna görə Elmira Axundova hesab edir ki kənd əraziləri üçün yerli əhalinin torpağa qayıdış məsələsi hələ ki, problem olaraq qalmaqdadır.

Sonda deputat vurğulayıb ki, keçən bir il ərzində Masallıda böyük abadlıq işləri görülüb, yeni prospektlərin salınması və genişləndirilməsi prosesi davam etdirilir, binaların fasadlarının yenilənməsi, parkların və bir sıra mühüm dövlət əhəmiyyətli binaların yenidən qurulması sayəsində Masallı demək olar ki, böyük rayon mərkəzinə layiq görkəm almaqdadır. Buna görə deputat E.Axundova Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun fəaliyyətinin tərifəlayiq olduğunu bildirib.

 





09.07.2013    çap et  çap et