525.Az

Azərbaycan kosmik sənaye ölkələri sırasında


 

Azərbaycan kosmik sənaye ölkələri sırasında<b style="color:red"></b>

Var millətimin peyki peyklər içində...

Hər bir ölkədə kosmik sənayenin yaradılması ilk növbədə həmin ölkənin iqtisadi inkişafı və yüksək rifah səviyyəsi ilə bağlıdır. Azərbaycanın hazırkı inkişaf sürəti, yeni bazar tələblərinə cavab verməsi və ölkənin gələcəkdə dayanıqlı inkişafının təmin edilməsi baxımından iqtisadiyyatın şaxələnməsi innovasiyaya əsaslanan yeni sənaye sahələrinin yaradılmasını zəruri edir. Kosmik sənayeyə və peyk texnologiyalarına əsaslanan yenilikləri ümummilli inkişaf proqramına daxil etməklə Azərbaycan hökuməti ölkəni iqtisadi cəhətdən gücləndirməyi, eyni zamanda mövcud intellektual potensialın inkişaf etdirilməsini və informasiya təhlükəsizliyinin təmin edilməsini hədəfləyir.

Müxtəlif regional layihələr və beynəlxalq əməkdaşlıq proqramlarında fəal iştirak edən Azərbaycan XXI əsrdə dünyanın inkişaf etmiş ölkələri ilə yanaşı yerli və qlobal problemlərlə mübarizədə ən son peyk texnologiyalarına əsaslanan həll yollarının işlənib hazırlanmasında mühüm iştirakçıya çevrilmək niyyətindədir.

Texnologiyalar əsrində yaşayırıq. Bütün dünya xalqı artıq yaşamlarını buna uyğun formalaşdırır. Təbii ki, biz də bu proseslərdən geri qalmırıq. Azərbaycanda da yüksək texnologiyaların tətbiqinə və ölkədə kosmik sənayenin yaradılmasına böyük diqqət göstərilir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin prioritet elan olunması, 2013-cü ilin ölkədə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin əyani təsdiqidir.

Bu il telekommunikasiya texnologiyaları çərçivəsində görülən işlərin verdiyi nəticələr Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq dönəmdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü ili “İnformasiya kommunikasiya texnologiyaları ili” elan etməsi də təsadüfi deyil. Məhz uzun zamandır üzərində hazırlıq işləri aparıldığı və hamının səbirsizliklə gözlədiyi ilk peykimiz orbitə buraxılması ilə artıq Azərbaycan da kosmik sənaye ölkələrindən biri oldu. Beləliklə, Azərbaycan peykinin orbitə çıxarılması ilə bağlı 2008-ci ildən başlanan proses 2013-cü il fevralın 7-dən 8-nə keçən gecə nəticə verdi, ilk telekommunikasiya peykimiz “Azerspace/Africasat” orbitə buraxıldı.

Kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin, o cümlədən digər çoxməqsədli peyklərin orbitə buraxılması ilk növbədə informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması və informasiya təhlükəsizliyinin təmin edilməsində, eyni zamanda ölkədə yeni iqtisadi sahələr üzrə mövcud insan ehtiyatları və intellektual potensialın inkişaf etdirilməsi, elm tutumlu yeni layihələrin həyata keçirilməsi və nəticə etibarilə innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması istiqamətində aparılan işlər arasında öz xüsusi və strateji əhəmiyyəti ilə seçilir. Bu məqsədlə, Azərbaycan Respublikası Prezidentinin 3 may 2010-cu il tarixli sərəncamı ilə “Azərkosmos” ASC-i təsis olunub.

“Azərkosmos” ASC-nin İctimaiyyətlə əlaqələr üzrə idarəçisi Nigar Mədətli bildirilib ki, “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş məqsədlər və dünyada mövcud inkişaf meylləri nəzərə alınaraq, hazırda “Azərkosmos” ASC tərəfindən ölkənin informasiya təhlükəsizliyini təmin edəcək etibarlı peyk rabitəsinin təmin edilməsi, yerin məsafədən zondlanması imkanlarından istifadə edilərək ölkənin qüdrətinin və elmi-tədqiqat potensialının artırılması, milli kosmik sənayenin formalaşdırılması, kosmik fəaliyyət sahəsində istehsal potensialının yaradılması və inkişaf etdirilməsi, kosmik fəaliyyəti tənzimləyən hüquqi bazanın təkmilləşdirilməsi, beynəlxalq inteqrasiyanın genişləndirilməsi istiqamətində mərhələli şəkildə işlər aparılır.

“İnformasiya kommunikasiya texnologiyalarının ölkə iqtisadiyyatında neftdən sonra ikinci əsas sahə elan olunduğu, bu sahənin iqtisadiyyatda xüsusi çəkisinin yüksələn xətlə inkişaf etdiyi və bu mənada peyk rabitəsinin xüsusi əhəmiyyət kəsb etdiyi nəzərə alındıqda, həyata keçirilən peyk layihələrinin yalnız siyasi və ya kommersiyal səciyyə daşımadığını, ölkənin uzunmüddətli inkişaf strategiyasına yönəldiyini əminliklə demək olar. Bu il orbitə buraxılan telekommunikasiya peyki ilə yanaşı, yaxın üç il ərzində iki digər peykin də istifadəyə verilməsi planlaşdırılır”.

Azərbaycanın ilk telekommunikasiya peykinin buraxılması iqtisadiyyatın şaxələndirilməsi, informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayesinin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiya istiqamətində mühüm addım olmaqla yanaşı, eyni zamanda kommersiya xarakterli və gəlirli bir layihədir. Malayziyanın “Measat Satellite Systems” şirkəti tərəfindən istifadə olunan və “Azərkosmos” ASC-yə icarəyə verilən 46 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşən peykimizin resurslarının 20 faizi Azərbaycanın tələbatını ödəmək üçün istifadə olunacaq, qalan 80 faizi isə dünya bazarlarına ixrac ediləcək. Artıq bu istiqamətdə də ilkin uğurlu nəticələr əldə edilib. Əlamətdar haldır ki, peykin tutumlarının 40 %-i artıq uzunmüddətli icarə razılaşması əsasında satılıb.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılmasının iqtisadi və siyasi əhəmiyyətinin böyük olduğunu vurğulayıb. Onun sözlərinə görə, 2013-cü il Azərbaycan prezidenti tərəfindən “İnformasiya texnologiyaları ili” elan edilməsi əlamətdar hadisədir.

“Hadisənin siyasi cəhətdən əhəmiyyəti odur ki, yalnız böyük dövlətlər maliyyə vəsaiti xərcləyərək orbitə peyk buraxmağa qadir idilər. Peykimizin orbitə buraxılması Azərbaycanın təhlükəsizliyinin təmin olunmasında, müəyyən informasiyaların əldə edilməsində mühüm rol oynayacaq. İqtisadi əhəmiyyəti odur ki, Azərbaycan daha sox məlumatlı ölkələrdən birinə çevriləcək və ölkəmizə iqtisadi divident gətirəcək”.

Peyk Azərbaycanın nə qədər qüdrətli, nə qədər inkişaf etmiş və nə qədər XXI əsrin sivilizasiyasına uyğun inkişaf kursu götürmüş bir dövlət olduğunun konkret nümunəsidir.

Millət vəkili Azay Quliyev də peykin orbitə buraxılması ilə Azərbaycanın artıq kosmik ölkə olaraq bir sıra beynəlxalq məsələlərdə söz sahibi olacağını qeyd edib.

“Şübhəsiz, bu peykin Azərbaycanın beynəlxalq nüfuzuna böyük təsiri olacaq, Azərbaycanın əldə etdiyi bu uğurlarla bu və ya digər formada digər ölkələr də razılaşmalı olacaq. Öz peykinə sahib olmaq heç də hər bir dövlətə, hər bir millətə müyəssər olmur. Lakin Azərbaycan belə bir tarixi nailiyyətə imza atdı və bu, Azərbaycanın müstəqilliyinin bir daha təsdiqlənməsidir” – Quliyev deyib.

A.Quliyev vurğulayıb ki, peyk, ilk növbədə, Azərbaycanı peyk sahibi olan ölkələr sırasına çıxaracaq, yəni beynəlxalq aləmdə nüfuzunu artıracaq.

“Təsadüfi deyil ki, MDB məkanında Azərbaycan artıq 3-cü ölkədir ki, öz peykinə sahib olur. Bölgədə isə Azərbaycan yeganə ölkədir ki, belə bir uğurlu layihəyə imza atmağı bacardı”.

Qeyd olunduğu kimi peyk iqtisadiyyat sahəsində Azərbaycana xeyli gəlir gətirəcək, eyni zamanda bu gün Azərbaycan əhalisinin bütovlükdə internetə, informasiyaya çıxışına və bir çox İKT məhsullarının daha tez əldə olunmasına şərait yaradır. Artıq bu istiqamətdə ilkin nəticələrə də nail olunub. Belə ki, artıq iyulun 1-dən etibarən Azərbaycan paketinə daxil olan televiziya və radio kanalları “Azerspace 1- Africasat”la, “460 E” peykinə keçirilib.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovun sözlərinə görə, telekommunikasiya peykinin orbitə çıxarılması və istismarının ölkəmizə gətirəcəyi faydaları bir neçə qrupda birləşdirmək mümkündür.

“Peykin əsas faydası ölkədə yüksək səviyyəli peyk rabitəsinin təmin edilməsidir. Respublikanın yarıdan çox sahəsi dağlıq ərazilərdən ibarət olduğunu nəzərə alsaq, orada yerləşən ucqar yaşayış məntəqələrinin yerüstü kabel şəbəkəsi vasitəsilə rabitə əlaqəsi ilə təmin edilməsi müəyyən çətinliklər yaradır. Peyk rabitəsinin köməyi ilə ölkənin bütün ərazisi, Naxçıvan Muxtar Respublikası da daxil olmaqla yüksək keyfiyyətli rabitə ilə təmin ediləcək. Həmçinin, peyk rabitəsi mövcud yerüstü fiber-optik kabel şəbəkəsinin alternativi kimi qiymətləndirilməlidir. Belə ki, peyk rabitəsi yerüstü şəbəkənin həddən artıq yüklənməsinin qarşısını alır, təbii fəlakətlər nəticəsində yerüstü şəbəkənin zədələnmələri zamanı onun əvəz edilməsini təmin edir. Bu məqsədlərlə xarici dövlətlərin deyil, öz milli peykimizdən istifadə edilməsi informasiya təhlükəsizliyi baxımından da vacib bir məqamdır”.

İkinci bir tərəfdən, peykin istismara verilməsi bütün ölkə ərazisinin, xüsusilə ucqar yaşayış məntəqələrinin internet xidmətləri ilə təmin edilməsini, televiziya yayımının daha yüksək keyfiyyətlə təşkilini, həmçinin yaxın gələcəkdə yüksək dəqiqlikli televiziya (HD) yayımı ilə təmin edilməsini mümkün edir. Telekommunikasiya peyki ən ucqar məntəqələri belə əhatə etməklə, dövlət ilə vətəndaşlar arasında qarşılıqlı əlaqəni təmin edən müasir rabitə və idarəetmə sisteminin yaradılmasına və “Elektron hökumət”in daha üstün keyfiyyətlə təşkilinə, həmçinin məsafədən (distant) təhsil və e-səhiyyə xidmətlərinin genişləndirilməsinə əlavə dəstək verir.

Digər tərəfdən, telekommunikasiya peyki həmçinin mürəkkəb geoloji və coğrafi mövqeyə malik ölkə ərazisində təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına və fövqəladə hadisələrin daha effektiv idarə edilməsinə töhfə verəcək.

Nazir müavini bildirib ki, peyk sənayesi ən innovativ və texnoloji cəhətdən inkişaf etmiş və dünya üzrə rentabelli sənaye sahələrindən biri hesab edilir. Bu baxımdan, Azərbaycanın peyk rabitəsinə olan daxili tələbatını təmin etməklə yanaşı, peykin istismara verilməsinin digər məqsədi dünya səviyyəsində peyk rabitə xidmətlərinə artan tələbatın ödənilməsi üzrə ixtisaslaşmış gəlirli bir biznesdə iştirak edərək qazanc əldə etməkdir.

“230 milyon ABŞ dollarına başa gələn “Azərspace-1” peykinin ona yatırılmış investisiyanı öz istismarının 7-ci ilində doğruldacağı nəzərdə tutulur”.

Peyk layihələri yalnız informasiya təhlükəsizliyinin təmin edilməsi və xarici ölkələrdən informasiya asılılığın ortadan qaldırılması baxımından deyil, eyni zamanda mövcud insan ehtiyatları və intellektual potensialın inkişaf etdirilməsi, elm tutumlu və innovasiya yönümlü iqtisadiyyatın təşəkkül tapması üçün də böyük əhəmiyyət kəsb edir.

Azərikosmos” ASC-nin mətbuat xidmətinin rəhbəri Nigar Mədətli deyir ki, elmi tədqiqata köklənən innovasiyalar inkişaf etmiş iqtisadiyyatların əsas təkanverici qüvvələrindən biri hesab olunur.

“Peyk texnologiyalarının inkişaf etdirilməsi həm milli maraqlara xidmət edən strateji əhəmiyyətinə, həm institutlaşmış şəkildə dəstəklənən və maliyyələşdirilən elmi-tədqiqatlara əsaslandığına, həm də dünya kosmik sənayesinin dinamik inkişaf tempinə görə ölkə iqtisadiyyatının innovasiya yönümlü sahələrinin yaradılması üçün ən yaxşı seçimlərdən hesab oluna bilər”.

Azərbaycan artıq kosmik sənayesi olan ölkələrdən biridir, bu gün iqtisadiyyatımızdan gələn gəlirlər sahəsinə kosmik sənaye də qoşuldu. Son olaraq Milli Məclis tərəfindən qəbul edilmiş və Prezident tərəfindən təsdiqlənən Azərbaycanın BMT-nin kosmik sahə üzrə əsas beynəlxalq hüquqi sənədi hesab olunan “Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında” müqaviləyə qoşulması barədə qanun layihəsinə Azərbaycanın da qoşulması ölkəmizin kosmik sənaye üzrə beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, iqtisadi və elmi cəhətdən beynəlxalq kosmik məkana inteqrasiyanın sürətləndirilməsi baxımından əhəmiyyətlidir. Bütün bunlar ölkədə kosmik sahə üzrə intellektual potensialın və maddi-texniki bazanın yaradılmasına xidmət etməklə yanaşı, “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nda əks olunmuş məqsədlərin reallaşdırılması və peyk layihələrinin həyata keçirilməsi işinə də böyük töhfə verəcək.

Aytən ƏLİYEVA

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün verilir.

 





09.07.2013    çap et  çap et