525.Az

Rüstəm İbrahimbəyovdan Qarabağ probleminə biganəlik


 

Rüstəm İbrahimbəyovdan Qarabağ probleminə biganəlik<b style="color:red"></b>

MİLLİ ŞURA ÜZVLƏRİNDƏN QORXUDUCU YANAŞMA

Milli Şuranın prezidentliyə vahid namizədi olan Rüstəm İbrahimbəyov ətrafında cərəyan edən söz-söhbət səngimək bilmir. İstər onun vahid namizəd olması, istərsə də açıqlamaları əks-reaksiyalara səbəb olur. R.İbrahimbəyovun son açıqlamalarından biri də Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Belə ki, o, məsələnin hərbi yolla həlli ilə bağlı hələ danışmaq istəmədiyini bildirərək bunları söyləyir: “Mən hakimiyyətdə müvəqqəti adam olacam. Qoy bu məsələləri yeni seçilmiş parlament həll etsin. Ümumiyyətlə, Qarabağ probleminin həlli Azərbaycandakı daxili problemlərlə əlaqədar çətinləşir. Biz Qarabağı verməli deyilik, amma biz ermənilərə demokratiya, korrupsiyanın olmaması, azərbaycanlılarla real bərabərlik barədə zəmanət verməliyik. İş burasındadır ki, Qarabağ təkcə torpaq deyil, həm də bu bölgənin erməni əhalisidir. Buna görə də biz Qarabağın erməni əhalisini sadaladıqlarımda əmin etməliyik. Ermənilər bacarıqlı və anlayan xalqdır. Düşünürəm ki, onlar bizi başa düşəcəklər. “Azadlıq” radiosuna demişdim ki, bəziləri mənim haqqımda yalan və təxribat xarakterli materiallar yayırlar, müxalifət mətbuatı isə susur və bu təxribatçıların ağzından vurmur. Onda Xədicə İsmayılova soruşdu ki, “mətbuatın ağzından necə vurmaq olar?”. Amma mən hesab edirəm ki, hakimiyyətə qulluq edən satılmış qəzet yalançıları ağızlarından vurulmalıdır. Mən şəxsən bunu etməyə ərinməzdim – böhtançıların ağzından vurardım. Sovet dövründə “Pravda” qəzeti ABŞ prezidenti Tremenin qızını təhqir etməsinə cavab olaraq onun müəlliminə sillə vurmuşdu. “Pravda” üçün bu, Tremen haqqında neqativ göstərici idi, mənim üçünsə, əksinə, pozitiv – gör müəllim hakimiyyətdən necə qorunur ki, prezident ona sillə vurmaqdan başqa yol tapmır və bir insan və bir ata kimi bunu edir. Bax mənim nöqteyi-nəzərimdən, bu, demokratiyanın triumfudur”.

Həqiqətən də R.İbrahimbəyovun bu açıqlaması bir çox mətləblərdən xəbər verir və burada diqqətçəkici məqamlar yetərincədir.  

R.İbrahimbəyov yuxarıdakı açıqlamasında prezident olacağını aşkar şəkildə dilə gətirir. Amma buna rəğmən o, Qarabağla bağlı açıqlamasında tarixi unudur və əslində bu yanaşması ilə “prezident olsa” belə Dağlıq Qarabağ məsələsinin həllinin onun işi olmadığını çılmaqlığı ilə göstərir. Əslində R.İbrahimbəyov ən ciddi milli problemə açıq biganəlik nümayiş etdirir.

Digər bir məqam isə R.İbrahimbəyova görə, Qarabağ probleminin həllinə əsas maneə Azərbaycanın göstərilməsidir. O, bu mövqeyi ilə Azərbaycana və azərbaycanlılara necə yanaşmasını ortaya qoyur.

Onun söylədiyi başqa bir məqam isə biz “bacarıqlı və anlayan” xalq olan erməniləri nədəsə əmin etməliyik”, fikirləridir.

Əslində bu fikirləri Dağlıq Qarabağla bağlı Milli Şuranın vahid namizədinin seçki platforması kimi də qəbul etmək olar. Hər halda erməni lobbisi bir milyard da pul qoysaydı, Azərbaycanda prezidentliyə bundan yaxşı və əlverişli namizəd çıxara bilməzdi.

R.İbrahimbəyovun açıqlamasında olan başqa bir məqam jurnalistlərlə bağlıdır. O, bildirir ki, bunlar hakimiyyətə gələcəyi təqdirdə yalan yazan jurnalistlə, və ya fikri R.İbrahimbəyovun xoşuna gəlməyən yazarlara qarşı heç də xoş davranmayacaqlar. Burada isə belə bir sual ortaya çıxır. Əgər bu, onların söz azadlığına münasibətidirsə, onda ittiham hədəfinə çevirdikləri hakimiyyəti nədə və niyə günahlandırırlar?

Son açıqlaması ilə R.İbrahimbəyov bütün məsələlərin hüquqi yolla deyil, zor gücü ilə həllinin tərəfdarı olduğunu açıq şəkildə ortaya qoyur. Deməli, Qarabağ verilir ermənilərə, jurnalistlərin ağzı qapadılır, başını qaldıranın da boynunu vururlar. Görəsən xalq bu təfəkkür daşıyıcılarını necə dəstəkləyə bilər?

Cəmil Həsənlinin Rüstəm İbrahimbəyovu “millətimizin mənəvi siması”, “böyük idealların daşıyıcısı” adlandırması da diqqətçəkicidir. O, R.İbrahimbəyovun Azərbaycan dilində danışa bilməməsinə bəraət qazandırmağa çalışaraq, onu tənqid edənləri təhqir edərək “tör-töküntü”, “həşərat sürüsü” adlandırıb: “Bu tör-töküntü mənəvi simasını elə itirib ki, onları yığıb Balaxanı zavoduna aparsan təkrar istehsaldan sonra da onlardan faydalı bir şey çıxası deyil”

R.İbrahimbəyovun şəxsi məddahı olan C.Həsənli iqtidarın tör-töküntülərini emal edib onlarda özü üçün istifadəyə yararlı bir şey tapan müxalifət mətbəxi Balaxanı zavodundan daha yaxşı işləyir.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu R.İbrahimbəyov barəsində bunları söyləyir: “Rüstəm İbrahimbəyov 2003-cü ildə İqbal Ağazadəyə məktub yazaraq, onu “İsa Qəmbərin yanında yox, İlham Əliyevin yanında olmağa” çağırmışdı: “Sən çox səhv ünvandasan, nahaq yerə İsa Qəmbərin ətrafındasan. Sən İlham Əliyevin yanında olmalısan. Çünki xalqımızın xoşbəxtliyi, azadlığı İlham Əliyevin prezidentliyindədir”.

Milli Şurada yer alan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin də bu fikirləri maraqlıdır. O, müxalifət fəalları haqda qərarlar çıxaran məhkəmə hakimlərinə xəbərdarlıq edərək, onları “nə qədər ki gec deyil, öz gələcəkləri haqda fikirləşməyə” çağırıb.

Rüstəm İbrahimbəyov açıq şəkildə bəyan edir ki, onun xoşuna gəlməyən jurnalistləri “şəxsən ağzından vuracaq”, indi isə Ə.Kərimli məhkəmə sistemində çalışanlara hədə-qorxu gələrək, gələcəkdə onlarla haqq-hesab çürüdəcəklərini açıq şəkildə işarə edir. R.İbrahimbəyov “4-cü hakimiyyət” adlandırılan mətbuatı hədəf götürdüyü kimi, Ə.Kərimli də “üçüncü hakimiyyət”i hədəfə alıb. Bütün bunlar, hakimiyyətin ələ keçiriləcəyi təqdirdə kütləvi repressiyaların anonsundan başqa bir şey deyil.

AQİL

 





09.07.2013    çap et  çap et