525.Az

“Ziyalı ünsiyyəti”nin iştirakçıları “İnam”a baxıblar


 

“Ziyalı ünsiyyəti”nin iştirakçıları “İnam”a baxıblar<b style="color:red"></b>

“Aydınlığa doğru” Milli-Mənəvi Dəyərlərin Qorunması İctimai Birliyində “Ziyalı ünsiyyəti” layihəsi çərçivəsində daha bir filmin təqdimatı keçirilib. Birliyin mətbuat xidmətindən verilən məlumata görə, gənc rejissor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu Elçin Elxanlının ilk ciddi işi olan “İnam” filmini sevimli müəllimi, hazırda dünyasını dəyişmiş görkəmli rejissor Tariyel Vəliyevin əziz xatirəsinə ithaf edib.

Ssenarisi də Elçin Elxanlının özünə aid olan tammetrajlı “İnam” filminin əsas ideyasını fiziki qüsurlu insanların cəmiyyətə inteqrasiyası təşkil etsə də, filmdə müasir həyatımızdakı internet asılılığı, insanların etibarından sui-istifadə, uşaq tərbiyəsi, ailə mədəniyyəti və sair kimi ağrılı problemlər də özünəməxsus şəkildə işıqlandırılıb. Qeyd etmək lazımdır ki, filmin gənc bəstəkar Azər Əsgərov tərəfindən yazılmış musiqisi öz dərinliyi və ahəngi ilə filmə xüsusi rəng verib və onu daha da təsirli edib.

 “Aydınlığa doğru” İctimai Birliyində təşkil olunmuş təqdimat mərasimində birliyin daimi dinləyiciləri, şəhər ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər. Birliyin sədri, tanınmış telejurnalist Solmaz Əmirli tədbiri giriş sözü ilə açaraq qonaqları öncə “İnam” filminin nümayişinə dəvət edib. Nümayişdən sonra S.Əmirli bu filmin E.Elxanlının diplom işi olduğunu qeyd edib: “Diplom işi olan ilk film bu dərəcədə təsirli çəkilmişsə, deməli gələcəkdə də böyük və uğurlu işlər gözləmək olar”. Filmin ilyarım müddətdə cəmi 3000 manatlıq büdcə hesabına ərsəyə gəlməsindən danışan gənc rejissor filmin yaradıcı heyətinin, gənc aktyorlarla yanaşı tanınmış aktyorların da bu filmdə təmənnasız çəkildiklərini vurğulayıb.

Fəlsəfə elmləri doktoru, professor Rəfiqə Əzimova film barədə təəssüratlarını bölüşüb: “Düşünən insanlar düşündürən məsələləri ortaya qoyublar. Təfəkkür əgər ürəyin nuru ilə işıqlanmırsa, o təfəkkür bir şeyə qadir deyildir. Hər birimiz cəmiyyət qarşısındakı borcumuzu hiss etməliyik. Bu gənclər bu məsuliyyəti dərk etmiş və cəmiyyətin daha da gözəlləşməsi üçün bacardıqlarını ediblər”.

Telejurnalist Lalə Cəfərova, “Neftçi qadınlar” İctimai Birliyinin sədri Solmaz Hacıyeva və başqaları filmi böyük maraqla seyr etdiklərindən, çox təsirləndiklərindən, filmdə qoyulan problemlərin aktuallığından danışıblar və gənc rejissor Elçin Elxanlıya, bəstəkar Azər Əsgərova, eləcə də filmin bütün yaradıcı heyətinə uğurlar arzulayıblar.

S.ABDULLAYEVA

 





09.07.2013    çap et  çap et