525.Az

Zərifə Salahovaya “Rossotrudniçestvo”nun Şərəf nişanı təqdim edilib


 

Zərifə Salahovaya “Rossotrudniçestvo”nun Şərəf nişanı təqdim edilib<b style="color:red"></b>

Miniatür Kitab Muzeyində bu muzeyin yaradıcısı və rəhbəri, Respublika “Kitab” Cəmiyyəti idarə heyətinin sədri, əməkdar incəsənət xadimi Zərifə Salahovaya “Rossotrudniçestvo”nun “Dostluğa və əməkdaşlığa görə” (“Za drujbu i sotrudniçestvo”) Şərəf nişanı təqdim edilib.

Zərifə Salahova Rusiya Federasiyasının ölkəmizdəki səfiri Vladimir Doroxinin, “Rossotrudniçestvo”nun Bakı nümayəndəliyinin rəhbəri Valentin Denisovun və digər qonaqların mərasimdə iştirakından məmnunluğunu bildirib. Bu il aprelin 23-də muzeyin yaradılmasının 11-ci ildönümünün tamam olduğunu deyən Zərifə Salahova burada 37 vitrində dünyanın 71 ölkəsində nəşr edilmiş 5240 miniatür kitabın nümayiş etdirildiyini deyib. Onların içərisində rus klassiklərinin əsərləri, o cümlədən A.Puşkinin “Yevgeni Onegin” əsərinin müəllifin hələ sağ olduğu dövrdəki (1837) nəşri, A.Krılovun təmsilləri (1894), M.Lermontovun “Taman”, “Xəzinədar arvadı”, “Aşıq Qərib” (1892-1894) və digər kitablar xüsusi yer tutur.

“Rossotrudniçestvo”nun Bakı nümayəndəliyinin rəhbəri Valentin Denisov Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin agentliyi olan “Rossotrudniçestvo” tərəfindən böyük məmnuniyyətlə Zərifə Salahovanın yüksək mükafata – “Dostluğa və əməkdaşlığa görə” (“Za drujbu i sotrudniçestvo”) Şərəf nişanına layiq görüldüyünü deyib: “Bu nişanın adı özlüyündə hər şeyi izah edir”. Muzeyin rəhbərinin uzun illər ərzində dünya miqyaslı nəşrləri toplamasını yüksək qiymətləndirib. O, bu muzeyin Azərbaycan və rus dilləri üzrə bir məktəb olduğunu vurğulayaraq eləcə də muzeyin digər dillərdə nəşr edilmiş kitablarla zəngin ekspozisiyasının əhəmiyyətini xüsusilə diqqətə çatdırıb. Bu kitabların rus və Azərbaycan xalqlarının mədəniyyətlərinin yaxınlaşmasına, hər iki dövlət arasında dostluq və əməkdaşlığın inkişafına layiqli töhfə verdiyini deyən Valentin Denisov, şərəf nişanını Zərifə Salahovaya təqdim edib.

Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin muzeyin rəhbərini təbrik edib və  “Rossotrudniçestvo”nun bu təşəbbüsünü yüksək qiymətləndirib: “Zərifə Salahova Azərbaycanda belə bir fəxri nişana layiq olan ilk insanlardan biridir. Zərifə Salahova nadir muzey yaradıb. Bu muzey, şəhərinizin, bəlkə də ölkənizin şərəfidir. Miniatür Kitab Muzeyinin təşkili həm də bədii sözə hörmətin yüksək əlamətidir. Bir səfir kimi məni burada rus dilində çoxlu kitabların nümayiş etdirilməsi sevindirir. Əlbəttə, bu, mənə təəccüblü gəlmir. Çünki biz Azərbaycanda rus dilinə olan yüksək münasibəti çox gözəl bilirik. Həmçinin çox şadam ki, “Rossotrudniçestvo” xarici ölkələrlə mədəni əlaqələrin inkişafı və möhkəmlənməsi istiqamətində fəaliyyət göstərir. Bizim ölkələrimiz arasında münasibətlərin kökündə bir sıra ümumi dəyərlər durur. Əminəm ki, bugünkü hadisə də ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə öz töhfəsini verəcək”.

Azərbaycanda rus dilinə və ədəbiyyatına böyük maraq olduğunu deyən səfir bu muzeydə rus dilində kitabların nümayiş etdirilməsini yüksək qiymətləndirib. Diplomat bütün bunların Rusiya-Azərbaycan münasibətlərinin təbii xarakterindən qaynaqlandığını demişdir.

Zərifə Salahova ünvanına deyilən xoş sözlər üçün rusiyalı diplomata minnətdarlığını bildirib və səfiri muzeylə yaxından tanış edib. O, muzeyin yaradılmasında ümummilli lider Heydər Əliyevin böyük dəstəyini vurğulayaraq ulu öndərlə bağlı nəşr olunan miniatür kitablar haqqında geniş məlumat verib.

Miniatür kitabların ölçülərindən danışan Zərifə Salahova diqqətə çatdırıb ki, ekspozisiyada mikrokitabların üçü ən nadir nüsxədir. Yaponiyanın “Toppan” nəşriyyatının buraxdığı həmin nəşrlərin ölçüsü 2x2 millimetrdir. Muzeydə nümayiş etdirilən ən qədim ədəbiyyat isə Müqəddəs “Qurani-Kərim”in 1672-ci ilə aid nüsxəsidir.

Sonda Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin muzeyin fəxri qonaqlar üçün Xatirə kitabına ürək sözlərini yazıb. Muzeyin rəhbəri Zərifə Salahova rusiyalı diplomata miniatür kitablar hədiyyə edib.

S.ABDULLAYEVA

 





09.07.2013    çap et  çap et