525.Az

Azərbaycan bayrağını zirvələrə daşıyan gəncliyimiz


 

Azərbaycan bayrağını zirvələrə daşıyan gəncliyimiz<b style="color:red"></b>

“Söz vaxtına çəkər” deyiblər. Ötən il iyulun 3-də Prezident İlham Əliyev 2012-ci il London Yay Olimpiya və Paralimpiya Oyunlarına yollanan Azərbaycan nümayəndə heyəti ilə görüşürdü. Heydər Əliyev Mərkəzindəki tədbirdə dövlət başçısı çıxış edərək, bütün idmançılarımıza 4 illiyin ən mötəbər yarışında uğurlar arzuladı. Sonra olimpiyaçılarımız bir-bir səhnədəki üçrəngli bayrağımız önündə diz çöküb, onu öpdülər və prezidentlə xatirə şəkli çəkdirdilər. Növbə paralimpiyaçılarımıza çatdı. Bu zaman dövlət başçısı bayrağın səhnədən düşürülərək, əlil idmançılarımızın oturduğu sıranın önünə gətirilməsini istədi. Gözlənilməz istəyin əslində ön sıralarda oturan əlil idmançılar – paralimpiyaçılara bir jest olduğu tezliklə üzə çıxdı. Əlil arabası ilə gəzən, həmçinin gözdən qüsurlu olan idmançılar öz önlərindəki bayrağı elə yerlərindəcə öpdülər. Zala toplaşanlar bu mənzərəni xüsusi maraqla izlədilər və sürəkli alqışlarla qarşıladılar.

QARŞILIQSIZ QALMAYAN JESTLƏR 

Prezidentin paralimpiyaçılara jesti qarşılıqsız qalmadı. London Yay Paralimpiya Oyunlarına 6 idman növü üzrə qatılan 21 idmançımız 4 qızıl, 5 gümüş, 3 bürünc medal qazandı. Bu nəticə ilə Azərbaycan 166 ölkə arasında 27-ci yeri tutdu və ümumilikdə iştirak etdiyi 5 Yay Paralimpiya Oyunları içərisində ən yüksək nəticəyə imza atdı. 2008-ci il XIII Pekin Yay Paralimpiya Oyunları ilə müqayisədə milli komandamız həm qızıl, həm də gümüş medallar üzrə əldə olunan nəticəni 2 dəfə artırdı. Yalnız bürünc medal fərqi 2 ədəd az oldu. Beləliklə, Pekin Paralimpiya Oyunlarında 146 ölkə arasında 38-ci yer tutmuş komandamız London paralimpiadasında 11 pillə irəlilədi.

Milli Paralimpiya Komitəsinin vitse-prezidenti Şaiq Həmidov deyir ki, paralimpiyaçılarımızın get-gedə artan uğurları Prezident İlham Əliyevin xüsusən əlil idmanına olan diqqətinin göstəricisidir. Həmidovun sözlərinə görə, dövlət başçısı paralimpiyaçılara xüsusi qayğı ilə yanaşır: “Prezidentimizin idmançıları Londona yolasalma mərasimindəki o jesti hamımızın qəlbində unudulmaz izlər buraxdı. 2008-ci il Pekin Yay Paralimpiya Oyunlarına yolasalma mərasimi də əlamətdar hadisə ilə yadda qalmışdı. Prezident İlham Əliyev 5 il öncə – avqustun 28-də Sumqayıt Paralimpiya Kompleksinin açılışında iştirak etmiş, paralimpiyaçılarımıza mötəbər yarışda uğurlar arzulamışdı. Bütün bu diqqətin nəticəsidir ki, Yay Paralimpiya Oyunlarındakı medallarımızın sayı get-gedə artır”.

QƏLBƏN DUYULAN AZƏRBAYCAN BAYRAĞI 

Paralimpiyaçılarımız hər dəfə medal qazandıqda, onların şərəfinə Azərbaycan bayrağı yüksəlir. Amma əlil idmançılarımız arasında elələri var ki, üçrəngli bayrağımızın ucaldığı anları çətinliklə görür və ya heç görmürlər. Onlardan ən titullu paralimpiyaçımız İlham Zəkiyev 1999-cu il fevralın 4-də 19 yaşında ikən gözlərini itirib. Zəkiyev hərbi xidmət zamanı Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində döyüş tapşırığını yerinə yetirərkən, erməni snayperinə tuş gəlib. Güllə onun əvvəlcə sol, sonra isə sağ gözünü zədələyərək keçib. Nəticədə Zəkiyev görmə qabiliyyətindən tamamilə məhrum olub. Hərbi xidmətdən tərxis olunduqdan sonra ümidsizliyə qapılmayıb. 11 yaşından məşğul olmağa başladığı cüdoya qayıdıb. Amma bu dəfə paralimpiyaçı kimi... Zəkiyev ilk böyük uğuruna 2003-cü il dünya çempionatında imza atıb. Kanadanın Kvebek şəhərindəki mötəbər yarışda cüdoçumuz 100 kq-dan yuxarı çəki dərəcəsində bürünc medala sahib olub. Növbəti il isə o, Afina Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb. Beləliklə, elə bir il olmayıb ki, Zəkiyev mötəbər yarışlarda mükafatçılar sırasına düşməsin: 2005, 2007, 2009 və 2011-ci ilərdə Avropa çempionluğu, 2007 və 2010-cu illərdə dünya çempionluğu, 2011-ci ildə dünya çempionatının gümüş, 2006-cı ildə bürünc medala yiyələnib. 2008-ci il Pekin Yay Paralimpiya Oyunlarında da növbəti qızıl medalına qovuşan Zəkiyev 2012-ci il London paralimpiadasında bürünc medalla kifayətlənib.

Bu il isə onun üçün üçüncü övladının dünyaya gəlişi ilə əlamətdar olub. Özü də Həmzə adını verdiyi oğlu iyunun 26-da – Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümündə həyata gözlərini açıb. Zəkiyevin 2006-cı ildə oğlu İlkin, 2008-ci ildə qızı Aynur doğulub. Yeni övladının Silahlı Qüvvələr günündə dünyaya gəlişi məşhur cüdoçumuza ikiqat sevinc hissləri bəxş edib: “Çox sevinirəm ki, Vətənimiz üçün yeni bir əsgər doğuldu. Həm də Allah onu mənə ordu günündə bəxş etdi”.

Amma İlham Zəkiyevə övladlarının heç birini görmək hələ də nəsib olmayıb. Elə gözlərini itirdikdən sonra dəfələrlə ucaltdığı üçrəngli bayrağımız kimi... Amma Zəkiyev bundan heç də pərişan deyil: “Azərbaycan bayrağını vaxtilə görmüşük, rənglərini də bilirik. Ona görə hər dəfə medal qazandıqda, bayrağımızın necə ucaldığını görməsəm də, qəlbimdə hiss edirəm. 14 il öncə baş vermiş hadisədə gözümün sinir damarları qırılıb. Elə bir həkim olmayıb ki, müraciət etməyim. Belə göz xəstəliyinin müalicə üsulu hələlik tibb elminə məlum deyil. İnanıram ki, səhiyyəmizin inkişafı sayəsində gözlərimə yenidən nur gələcək və həm övladlarımı, həm də müqəddəs bayrağımızı görmək xoşbəxtliyinə nail olacağam”.

PARALİMPİYAÇILARIN OLİMPİYAÇILARDAN ARTIQ MEDAL QAZANMALARININ SİRRİ 

Ümumiyyətlə, Milli Paralimpiya Komitəsi 1996-cı il fevralın 9-dan fəaliyyətdədir. Həmin il Atlantada keçirilmiş oyunlarda paralimpiyaçılarımız medalsız qalsalar da, 2000-ci ildə Sidneydə 1 gümüş, 2004-cü ildə Afinada 2 qızıl, 1 gümüş, 1 bürünc medala yiyələniblər. Digər tərəfdən, son 2 Yay Oyunlarında paralimpiyaçılarımızın əldə etdikləri medallar olimpiyaçılarımızınkından çox olub. Əgər 2008-ci ildə olimpiyaçılarımız 1 qızıl, 2 gümüş, 4 bürünc medal qazanmışdılarsa, paralimpiyaçılarımız Vətənə 2 qızıl, 3 gümüş, 5 bürünc medalla dönmüşdülər. 2012-ci ildə isə 12 medal qazanan paralimpiyaçılarımızdan fərqli olaraq, olimpiyaçılarımız 10 medalla (2 qızıl, 2 gümüş, 6 bürünc) kifayətləniblər. Komitənin vitse-prezidenti Şaiq Həmidovun fikrincə, paralimpiyaçılarda Vətənə bağlılıq fiziki cəhətdən sağlam idmançılardan 10 dəfə artıq olur: “Əlil idmançılarımız sanki qələbəyə daha çox can atırlar. Onların arasında gözdən qüsurlular kifayət qədər olsa da, yalnız İlham Zəkiyev görmə qabiliyyətini tam itirib. Bununla belə, Zəkiyev hər bir yarışında sanki bayrağımızın dalğalandığını hiss edir. Elə bil ki, İlham qaranlıq səhnədə bayraq görür. Himn çalındığı vaxt bayrağımızın da ucaldığını duyur və bundan böyük şərəf hissi keçirir”.

Zəkiyev həm paralimpiyaçı cüdoçulardan ibarət milli komandada, həm də fərdi olaraq, məşqçi Əhməddin Rəcəblinin rəhbərliyi altında çalışıb. Onun uğurlarında Rəcəblinin xüsusi rolu var. Məşhur cüdoçu nəslinin nümayəndəsi də paralimpiyaçımızın Azərbaycan bayrağına sevgisinin misilsiz olduğunu söyləyir: “İlhamla çox yarışda birgə olmuşam. Onun xeyli uğuruna sevinmişəm. Amma özü hər dəfə bayrağımızı ucaltdığı vaxt elə hisslər keçirir ki, onları anlatmaqda çətinlik çəkirəm. Təbii ki, Zəkiyev ölkəmizin adını yüksək tutmaqdan qürur duyur, Vətənə xidməti özü üçün böyük şərəf sayır”.

 

“AZƏRBAYCAN BAYRAĞI DAİM YÜKSƏK YERLƏRDƏ OLMALIDIR”

 

Cüdoçumuzun özü isə bir paralimpiyaçı kimi ona dövlət səviyyəsində göstərilən münasibətdən razıdır. Deyir ki, indiyədək avtomobil və mənzillə təmin edilib, “Şöhrət” ordeni, “Tərəqqi” medalı ilə təltif olunub. Yeganə idmançıdır ki, Heydər Əliyev Fondunun təsis etdiyi “Qızıl Çinar” mükafatına layiq görülüb. 2008-ci il Pekin və 2012-ci il London Yay Paralimpiya Oyunlarında Azərbaycan milli komandasının bayraqdarı olub. Öz işi ilə fəxr etdiyini deyən Zəkiyevin ən böyük arzusu torpaqlarımızın erməni işğalından azad edilməsidir: “Bayrağımızın təkcə möhtəşəm arenalarda deyil, Şuşada, Xankəndidə dalğalanmasını istəyirəm”.

Dövlət tərəfindən yüksək dəstəyin olması Zəkiyevin idmana həvəsini daha da artırır və Azərbaycanı dünyada layiqli səviyyədə təmsil eləməyə sövq edir: “Prezidentimiz İlham Əliyev həm də Milli Olimpiya Komitəsinə rəhbərlik edir. İdmançıların bütün sosial və maddi problemləri dövlət tərəfindən həll olunur. Heç bir problemimiz yoxdur. Bu haqda fikirləşməyimizə ehtiyac olmadığından, bütün vaxtımız və diqqətimiz məşq prosesindədir”.

Hazırda 33 yaşının olmasına baxmayaraq, Zəkiyev yenə uğurlarını davam etdirmək əzmindədir. Ən böyük hədəfi isə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qızıl medal qazanmaqdır: “Nəticələrimiz bizi yeni uğurlar əldə etməyə ruhlandırır. Bu gün ən vacib məqsədimiz növbəti paralimpiadada ölkəmizi layiqincə təmsil etməkdir”.

Əldə etdiyi nailiyyətləri və fədakarlığı ilə o, gənc nəslə doğrudan da böyük nümunə göstərilə bilər. Zəkiyev isə gənclərə ölkəmizə layiqli vətəndaş olmağı tövsiyə edir: “Mən istərdim ki, idmançılarımız bilsinlər: Fərqi yoxdur qalib və ya məğlub oldun. Əsas odur ki, Vətənini fəxarət hissi ilə təmsil edə biləsən. Bundan əlavə, idmançılarımız heç vaxt yaddan çıxarmamalıdırlar ki, Azərbaycanın bayrağı daim yüksək yerlərdə olmalıdır. Cüdo mənim sevimli idman növümdür və onu çox sevirəm. Qalibiyyətlərimin nəticəsi olaraq, Vətənimin bayrağının ucalması və himnimizin səslənməsi mənə böyük zövq verir, bundan qürur duyuram”.

 

Elşən MƏMMƏDOV

Bu yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.

 





09.07.2013    çap et  çap et