525.Az

“Azadlıq”ın nazirliklə məhkəməsi avqustda davam edəcək


 

“Azadlıq”ın nazirliklə məhkəməsi avqustda davam edəcək<b style="color:red"></b>

İyulun 9-u Yasamal Rayon Məhkəməsində “Azadlıq” qəzetinə və qəzetin əməkdaşı Xaqani Əliyevə qarşı qaldırılan iddia üzrə məhkəmə prosesi keçirilib.

İddia bu il martın 20-də “Azadlıq”da çıxan “Ordu, yoxsa can bazarı?” sərlövhəli yazıya görə qaldırılıb. İddia ərizəsi məhkəməyə müdafiə nazirinin müavini general-leytenant Çingiz Məmmədovun imzası ilə təqdim olunub. İddiada “Azadlıq”ın təkzib verməsi, qəzetdən və “Ordu, yoxsa can bazarı?” yazısının müəllifi Xaqani Əliyevdən ümumilikdə 100 min manat məbləğində təzminat tutulması, vəsaitin Silahlı Qüvvələrə Yardım Fondunun hesabına köçürülməsi tələbləri qoyulub.

Cavabdehlərin hərəkətlərində cinayət əlamətlərinin mövcud olduğunu iddia edən şikayətçi tərəf qəzet və yazı müəllifi barəsində xüsusi qərardad çıxarılması tələbini də irəli sürüb.

Vəkil İntiqam Əliyev “Media forum” saytına bildirib ki, iyulun 9-da Yasamal Rayon Məhkəməsində hakim Zəfər Quliyevin sədrliyi keçirilən prosesdə Müdafiə Nazirliyinin nümayəndəsi iddiaçı kimi general-leytenant Çingiz Məmmədovun deyil, nazirliyin tanınması üçün vəsatət verib. Məhkəmə vəsatəti təmin edib və iddiaçı tərəfin Müdafiə Nazirliyi olması qərara alınıb.

İntiqam Əliyevin sözlərinə görə, proses zamanı nazirliyin nümayəndəsi qəzetdə getmiş məlumatların həqiqətə uyğun olmadığını deyərək məlumat mənbələrinin açıqlanmasını istəyib: “Biz bildirdik ki, lazım gəlsə, mənbələri açıqlaya bilərik. Bundan sonra Müdafiə Nazirliyinin nümayəndəsi faktiki olaraq vəsatətdən imtina etdi. Bildirdi ki, mən belə tələb irəli sürmürəm, vəsatət üzrə qərarın verilməsini məhkəmənin öhdəsinə buraxıram”.

Məhkəmə prosesi avqustun 1-də davam etdiriləcək.

 





09.07.2013    çap et  çap et