525.Az

“Heydər Əliyev və Azərbaycan mediası” mövzusunda konfrans


 

“Heydər Əliyev və Azərbaycan mediası” mövzusunda konfrans <b style="color:red"></b>

Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan mediası” mövzusunda konfrans keçirilib.

Tədbir çərçivəsində, həmçinin, birgə elan edilmiş “Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Fondun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov, Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov, habelə ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və müsabiqədə qalib olmuş jurnalistlər iştirak ediblər.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbirin ulu öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi baxımından əhəmiyyətini qeyd edib.

Fondun icraçı direktoru Vüqar Səfərli Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş konfransın keçirilməsində məqsəd dahi şəxsiyyətin Azərbaycan dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərinə, eləcə də medianın inkişafı sahəsində gördüyü böyük işlərə bir daha nəzər salmaqdır.

V.Səfərli dövlət müstəqilliyinin ilk illərində söz, fikir və məlumat azadlıqlarının təminatı sahəsində də ciddi problemlərin olduğunu, mətbuatın ciddi təzyiqlərlə üzləşdiyini xatırladıb. Bu acınacaqlı vəziyyətin yalnız ulu öndər Heydər Əliyevin xalqın istəyi ilə 1993-cü ilin iyununda hakimiyyətə gəlişindən sonra aradan qalxdığını deyən V.Səfərli 1995-ci ildə qəbul olunmuş Azərbaycan Konstitusiyasının 50-ci maddəsində hər kəsin söz, fikir, məlumat əldə etmək və yaymaq hüququnun təsbit edildiyini vurğulayıb.

Ümummilli liderin 1998-ci il 6 avqust tarixli fərmanı ilə mətbuat üzərində senzuranın ləğvini mətbuatın inkişafında keyfiyyətcə yeni mərhələ kimi dəyərləndirən icraçı direktor, sonrakı dövrdə medianın maddi-texniki bazasının möhkəmləndirilməsi, mükəmməl qanunvericilik bazasının formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb. V.Səfərli bildirib ki, 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” qanunun qəbulu, 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğv edilməsi, 2003-cü ildə Azərbaycan Mətbuat Şurasının yaradılması müasir mətbuat tariximizə ən parlaq səhifələr  kimi daxil olub.

V.Səfərli bildirib ki, ümummilli liderin mediaya qayğı siyasətini layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə söz, fikir və məlumat azadlıqlarının təmini, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. İcraçı direktor qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci ilin 31 iyulunda imzaladığı sərəncamla “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyası”nın  təsdiq edilməsi medianın inkişafına yeni təkan verib. Konsepsiyadan irəli gələn vəzifələrin gerçəşləşdirilməsi üçün 2009-cu ilin aprelində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb.

İcraçı direktor ötən illərdə Fondun mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması, mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.

Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycan dövləti xaos və anarxiyadan, vətəndaş müharibəsi təhlükəsindən xilas olaraq davamlı tərəqqi və inkişaf mərhələsinə qədəm qoyub.

Tədbirdə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədov, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış ediblər.

Çıxışlardan sonra Fondun Qaradağ Rayon İcra hakimiyyəti ilə birgə keçirdiyi “Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb.

Fondun icraçı direktoru Vüqar Səfərli bildirib ki, müsabiqənin təşkilində  məqsəd medianın Qaradağ Rayon İcra Hakimiyyəti ilə əlaqələrinin daha da genişləndirilməsi, rayonda əldə olunmuş nailiyyətlərin ictimaiyyətə dolğun və obyektiv şəkildə çatdırılması, habelə jurnalistlərin yaradıcı əməyinin stimullaşdırılmasıdır. İcraçı direktor 2018-ci il fevralın 23-dən aprelin 27-dək davam edən müsabiqəyə 27 kütləvi informasiya vasitəsindən 42 yazının təqdim edildiyini bildirib. V.Səfərli bildirib ki, müsabiqənin elanında əksini tapmış şərtlərə əsasən 6 nəfər jurnalistə əsas, 10 nəfər jurnalistə həvəsləndirici mükafatların verilməsi nəzərdə tutulmuşdu: “Lakin Qaradağ rayon rəhbərliyi ilə əldə olunmuş razılığa əsasən, sonradan həvəsləndirici mükafatların sayı 20-yə qaldırıldı. Bu gün 26 nəfər müsabiqə iştirakçısının mükafatlandırılması nəzərdə tutulur”.

Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib.

Qalibləri təbrik edən icraçı direktor Vüqar Səfərli birgə müsabiqənin təşkilinə görə Qaradağ Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürünü bildirib.

 





19.05.2018    çap et  çap et