525.Az

Avropada mədəniyyətimiz


 

Avropada mədəniyyətimiz<b style="color:red"></b>

Son bir neçə ildə Almaniya ilə Türkiyə arasındakı münasibətlərdə soyuma başladıqda hər iki ölkənin pozitiv düşünən siyasət və dövlət adamları münasibətləri normallaşdırmaq üçün çaba göstərməyə başladılar.
 
Bu məqsədlə bir neçə həftə əvvəl Kölnə səfər edən millət vəkilləri qrupu ilə bir araya gəldik. Burada yaşayan yazıçıların, dərnək rəhbərlərinin fikrini öyrənmək istəyirdilər. Onlar üçün vacib sual bu idi: “Burada Türkiyənin baxışını və tanıtımını necə daha güclü şəkildə müdafiə etmək olardı?”

Millət vəkilləri qrupunda XDP-nin xaricində hər partiyadan nümayəndə var idi. Hətta keçmiş nazir, doktor Səma Ramazanoğlu da gəlmişdi.

Onlara cəmiyyətlərin inkişafında mədəniyyətin və sənətin vacibliyindən bəhs etdim. Heç kim pianino ifaçısının, gözəl bir sənət əsərini ərsəyə gətirənin vəzifəsinə, milli kimliyinə baxmaz. Baxsa belə, ona ön mühakimə ilə yanaşmaz. Hətta o insanın sənətinə görə onun xalqına, dilinə simpatiya ilə yanaşar, maraq göstərər, araşdırar və daha çox şey öyrənmək istəyər. Orhan Pamuk Türkiyə və türklər mövzusunda fərqli görüşlər sərgiləsə də, onun romanlarından sonra xüsusi ilə Almaniyadan İstanbula marağın artdığını, minlərlə insanın ancaq bu səbəbdən İstanbula getdiyini Almaniyadakı qəzetlər yazdı.

Bəli, türklər əlli ildir ki, burada Almaniyada yaşayırlar. Evlər almış, hər şəhərdə bir məscid açmış və həyatın hər sahəsində özlərini göstərmişdirlər. Amma mədəniyyət və sənət sahəsində gözlə görünən boşluqlar mövcuddur. Sadəcə yaşadığım məhəllədə üç rus dilində musiqi və sənət məktəbi var. Təəssüf ki, türklərin belə məktəbləri olmadığı üçün onlar da uşaqlarını bu rus məktəblərinə göndərmək məcburiyyətində qalırlar.

Bütün söylədiklərimi millət vəkilləri diqqətlə dinləyib qeydlər aldılar. Sonra Türkiyəyə qayıdınca məktubla təşəkkür etdilər.

Yazıma belə uzun girişlə başlamağımın səbəbi şair Əjdər Olun almanca kitablarıdır. Hələ Almaniyada yeni tanınmağa başlayan Əjdər Olun kitabları nəşr olunduqdan sonra Kölndəki alman yazıçıları onun və Azərbaycan haqqında məndən məlumat istədilər. Yadıma millət vəkillərinə dediyim sözlər gəldi. Əjdər Olu minlərlə kilometrdən buraya gətirən, adını çəkdirən onun sənətindən başqa bir şey deyildi. Başqa cür də mümkün olmazdı.

Onun bir neçə il əvvəl almanca çıxan “Usta Yusifin kamançası” və “Günəbaxan tarlası” adlı kitablarından sonra iki kitabı da nəşr olundu. Biri Azərbaycanda nəşr olunmuş “Canlı lətifələr, əhvalatlar, deyimlər” adlı kitabından seçmələr: “Es gibt viele Dinge zum Lachen” (Gülməyə çox şey var) adıyla yayımlanarkən, digər kitabı isə daha çox ana-ata və ailə münasibətləri mövzusunda şeirlərindən seçilmiş “Komm Vater, spende meinem Herzen Torst” (Ata, mənə təsəlli ver) adıyla oxuculara təqdim olundu.

Lətifələr kitabında bəhs olunan hekayələr sovet dövründən bu günümüzə qədər Azərbaycandakı dövlət adamları, sənətçilər və adi insanların həyatını, psixologiyasını və o dönəmdəki mesajlarını yazmağı baxımından sadəcə bir lətifə kitabı deyil, adətən cəmiyyətimizə tutulmuş güzgü kimidir. Bu səbəbdən kitab çıxar-çıxmaz alman dostlarımızla Kölndəki Yazıçılar Birliyində bir araya gəldik və daha mürəkkəbi qurumamış kitabdan lətifələri bərabər oxuyub güldük. Almanların kitaba olan marağını görüncə kitabın qısa zamanda daha çox insana çatdırılacağı və bu yolla ölkəmizin, insanlarımızın saf və təmiz duyğularının buralarda tanınılacağına ümidim artdı.

Əjdər Olun almanca nəşr olunan ikinci şeir kitabı “Ata, mənə təsəlli ver” Pem nəşriyyatında çıxdı. Bu kitabdan əvvəl Winterwork nəşriyyatında yayımlanmış “Günəbaxan tarlası”ndakı ata və ana şeirlərini oxuyan keçmiş Vestfalen Yazıçılar Birliyinin sədri Yüssen xanım şeirləri çox bəyənmiş və kitabın arxa səhifəsinə təəssüratlarını yazmışdı.

Statistikaya görə, Almaniyada 16 milyona yaxın insan tənha yaşamaqdadır. Bu say Almaniyanın yüzdə iyirmisi deməkdir. Ailəsi olmayan, hətta bacı-qardaşı, əqrabası olmayan milyonlarla insan vardır bu ölkədə. Ona görə burada ailə, xüsusilə, böyük ailə sevgisi və arzusu hələ çox insanda həsrət ola dilə gətirilməkdədir. Yüssen xanıma Əjdər Olun: 

Qəfil könlümə düşdün
Qışın oğlan çağında,
Əksin durur gözümün
Qarasında, ağında.
Quc-quca qızınardıq
Sobanın qırağında
Atam, ay atam. 

Və ya:
 
Günün hər vədəsində
Yanağına gün düşən,
Gözlərinə qan daman,
Saçlarına çən düşən
Mən fərsizi sevsə də,
Balasından gen düşən
Anamı xatırladım... 

kimi şeirlərini oxuduğumda onun gözləri dolmuşdu. O, 67 yaşındaydı və on ildən çoxdur ki, tənha yaşayırdı. Bəlkə də tənhalığına bu şeirlərlə ata-anasının xəyalını quraraq təsəlli tapdı.

Əjdər Olun şeirlərini yazıçı və şair dostlarla bir araya gəldiyimizdə də oxuduq.

Oxuduqca, dinlədikcə o ailə istiliyini, insan sevgisini, itən keçmişin xatirələrini düşündük, kədərləndik və ailə olmanın insan üçün necə vacib olduğunu yenidən dərk etdik.

O şeirlərdəki duyğular, istilik daha da yayılsın deyə bu dəfə Əjdər Olun ən çox ailə və insan sevgisindən bəhs edən şeirlərinin nəşr olunmasını tövsiyə etdik.

Pem nəşriyyatı bu tövsiyəyə baxdı, amma tərcümə edilmiş şeirlərə redaktor tapmaqda çətinlik çəkdilər.

Ona görə 2017-ci ilin dekabr ayında nəşr olunası kitablar gecikdikcə gecikdi, nəhayət may ayında işıq üzü gördü.

Şeir, rəsm, musiqi eynilə yayın o qızmar günəşində ənsə və yanaqlarımızı sərinlədən keyifli bir meh kimidir.

Necə ki, rüzgarın dilini bilmir, amma hiss edirik, sənətin də dilini bilmək lazım deyil.

O, ruhumuzda əsdikcə insanlığımızı, eşqimizi, qardaşlığımızı daha çox hiss edər və daha da adam olarıq. Dahi Goethenin “Şərq və Qərb divanı”nda Hafizə səsləndiyi kimi:

Yəni Hafiz, sənin musiqin kimi,
Qutsal nümunəniz...
Bizi yönləndir, camların səsiylə,
Yaradanımızın Tapınağına...

Bizləri şeirlər, şairlər, musiqiçilər, rənglərin hakimləri olan rəssamlar doğruya, gözəl və yaxşıya yönləndirəcəkdir. Bizləri və bizim mədəniyyətimizi, insanımızı, ölkəmizi bizə yad olan insanlara onlar tanıdacaqlar. Yetər ki, onları dinləyək... Yetər ki, onları sağlığında dəyərləndirərək bu insanların mədəniyyət elçilərimiz olduğunu unutmayaq. 

 





21.05.2018    çap et  çap et