525.Az

Emin Həsənli: “Hərbi hazırlıqla bağlı dərsliklər yenidən işlənilməlidir”


 

Emin Həsənli: “Hərbi hazırlıqla bağlı dərsliklər yenidən işlənilməlidir”<b style="color:red"></b>

Təhsil Nazirliyi tərəfindən orta məktəblərə hərbi hazırlıq müəllimlərinin işə götürülməsi prosesi başlayıb. Hazırda Bakıda və regionlardakı orta məktəblərdə 80 vakant hərbi hazırlıq müəllimi yeri var. Müəllimlər iyulun 15-dək internet vasitəsilə ərizə ilə müraciət edə bilərlər.

Bu məsələni həmişə diqqət mərkəzində saxladıqlarını bildirən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin  (TOHGMİB) sədri Emin Həsənli Lent.az-a açıqlamasında deyib ki, son zamanlar orta məktəblərdə gənclərin çağırışa qədər hərbi hazırlığı dərslərinə və dərslərin keyfiyyətinə diqqətin artırılması sevindirici haldır.

Emin Həsənli bildirib ki, Təhsil Nazirliyi bu prosesdə ehtiyatda olan zabitlərə, Silahlı Qüvvələrdə xidmət edənlərə, Qarabağ müharibəsi iştirakçılarına üstünlük verir.  Ehtiyatda olan zabitləri sənəd verməyə çağıran Emin Həsənlinin sözlərinə görə, orduda xidmət edən zabitlər çox bacarıqlıdırlar, praktik bacarıqları yüksəkdir. Bu baxımdan onların gəncləri hərbi xidmətə daha yaxşı hazırlamaq imkanları var. Heydər Əliyev Fondunun bir neçə il öncə orta məktəblərdə hərbi kabinetlərin təşkili sahəsində ciddi işlər gördüyünü, 12 adda əyani vəsait hazırladığını xatırladan Emin Həsənli qeyd edib ki, gənclərin həm psixoloji, həm də fiziki hazırlıq baxımından hərbi xidmətə hazırlanması çox vacibdir. Gənclərin psixoloji və fiziki hazırlığı yüksək olmalı, bu istiqamətdə sistemli iş aparılmalıdır: “Biz təklif edirik ki, Azərbaycan Pedoqoji Universitetində “Gənclərin çağırışa qədərki hərbi hazırlığı” fənni üzrə müəllim kadrların hazırlanmasına nəzarət güclənsin. Ehtiyata buraxılan zabitlərin bu fənn üzrə kollec, texniki peşə məktəbi və orta məktəblərdə müəllim işləməsinə diqqət daha da artmalıdır. Hərbi müəllimlərlə toplanışların keçirilməsi, onların hərbi paltarlarla təmin edilməsi də vacibdir. Xüsusən hərbi müəllimlərin metedoloji hazırlığına xüsusi diqqət yetirilməlidir. Hərbi hazırlıq müəllimlərinin ən azı 3 ildən bir toplanışlara çağırılmasına ehtiyac var. Bu toplanışlar həm hərbi müəllimlərin rütbəsinin artırılması, həm də müəllimlərə yeniliklərlə bağlı məlumatların verilməsi baxımından vacibdir”.

Emin Həsənli hesab edir ki, orta məktəblərdə bu sahədəki dərsliklər də yenidən işlənilməlidir: “Dərsliklər həm kurrikulum proqramına uyğun hazırlanmalı, həm də proqram NATO standartlarına uyğun olmalıdır. Çünki Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına keçir və buna uyğun olaraq dərsliklərdə bir çox dəyişikliklər edilməlidir. Ən əsası da orta məktəblər üçün əyani vəsait Müdafiə Sənayesi Nazirliyində hazırlanmalıdır. Bu nazirlik Təhsil, Müdafiə nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidməti ilə birgə proqram tərtib etməlidir. 10-11 sinifdə oxuyan şagirdlər vaxtaşırı hərbi hissələrə aparılmalı və onlara praktik dərslər keçirilməlidir. Bunun əhəmiyyəti çox böyükdür, onlar hərbi hissələrdə xidməti şəraitlə tanış olar, silahlardan atəş açarlar”.

 





10.07.2013    çap et  çap et