525.Az

“Ermənistan rəhbərliyi Azərbaycanla dostluq əlaqələrinə üstünlük verməliydi”


 

“Ermənistan rəhbərliyi Azərbaycanla dostluq əlaqələrinə üstünlük verməliydi”<b style="color:red"></b>

Müsahibimiz Milli Məclisin sədr müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərovdur.  

– Bugünlərdə “Şahdəniz” Konsorsiumu Azərbaycan qazını Avropaya çıxaracaq layihə kimi Trans-Adriatik Qaz Kəmərini (TAP) seçdi. Bu layihənin Azərbaycan üçün iqtisadi əhəmiyyəti nədən ibarətdir?

– Ümumiyyətlə, Avropa bazarı regionda ən böyük bazardır. Bu bazarın yaxın onilliklərdə təbii qaza olan tələbatı daha da artacaq. Ona görə də, Azərbaycan qazını Avropa bazarına çatdıran layihələr önəmlidir. Əlbəttə ki, bu layihələr arasında müxtəlif variantlar ola bilər. Onların arasından iqtisadi və maliyyə cəhətdən daha mənfəətli olduğuna görə TAP layihəsi seçilib. Təbii ki, mütəxəssislər müəyyən tədqiqatlar aparandan sonra, dəyərləndirmələrin nəticəsi olaraq bu qərar verilib.

Layihənin əsas əhəmiyyəti bundan ibarətdir ki, Azərbaycan qazı ən əlverişli, təhlükəsiz və səmərəli yol ilə Avropa bazarına çatdırılacaq. Onu da nəzərə almaq lazımdır ki, TAP layihəsi Azərbaycanla Avropa bazarında olan məsafənin yalnız bir hissəsini əhatə edir. Amma bu yolda Türkiyə bazarı var, bununla bərabər Yunanıstan vasitəsilə başqa bazarlara da çıxmaq imkanı var. Çünki TAP-dan öncə TANAP layihəsi həyata keçirilməlidir. Bu da çox önəmlidir, çünki TANAP olmasa, Avropaya bizim qazımızı aparan hər hansı layihənin önəmi yoxdur. Ona görə də, ən önəmli layihə Azərbaycandan Gürcüstan vasitəsilə Türkiyə sərhəddinə çatan qaz kəməridir, ondan sonra isə Türkiyə ərazisindən keçən TANAP layihəsidir. TANAP –la bağlı artıq lazımi işlər gedir. Amma nəzərə almaq lazımdır ki, TAP-la bərabər TANAP-a birləşə biləcək başqa kəmərlər də ola bilər. Bununla da, Azərbaycan qazı yalnız Türkiyə, Yunanıstan və İtaliyaya yox, İtaliya vasitəsilə digər Avropa ölkələrinə nəql olunacaq. Bilirsiniz ki, bir neçə gün öncə İsveçrə Senatının spikeri ölkəmizdə səfərdə oldu, bu qonaq da TAP layihəsinin əhəmiyyətini vurğuladı. Çünki bu kəmərlə İsveçrə üçün də imkanlar yaranır. Ümumiyyətlə, bu layihə Avropa ölkələri üçün çox əhəmiyyətli olacaq.

– ABŞ, Avropa İttifaqı və başqa dövlətlər TAP layihəsini dəstəklədiklərini bəyan ediblər. Bu fakt Azərbaycanın beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi mövqeyini nə dərəcədə gücləndirir, nüfuzunu artırır?

– Mənim fikrimcə, müəyyən qüvvələr Azərbaycana hər zaman qısqanclıqla yanaşırlar. Səbəbi də bundan ibarətdir ki, bəzi qonşu ölkələrdən fərqli olaraq Azərbaycan doğurdan da müstəqil siyasət həyata keçirən dövlətdir. Bu müstəqillik formal şəkildə deyil, Azərbaycan qüdrətli, inkişaf edən ölkədir və maliyyə cəhətdən də heç kimdən asılı deyil. Əksinə, Azərbaycanın yetərli qədər maliyyə imkanları var və bunun əsasında da inkişaf edir. Eyni zamanda, başqa ölkələrə investisiya da yatırırıq. Bu nöqteyi-nəzərdən Azərbaycan əlbəttə ki, tam müstəqil dövlət olaraq başqalarından özünə qarşı bərabərhüquqlu tərəfdaş kimi yanaşma tələb edir. Bunu isə bəziləri qəbul edə bilmir.

Bu baxımdan, Azərbaycan kiminsə dəstəyinə, yardımına arxalanaraq öz inkişaf proqramını qurmur. Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının dahiliyi ondan ibarətdir ki, Azərbaycan öz imkanlarına, öz qüdrətinə, öz millətinə güvənərək inkişaf siyasətini qurub və uğurla həyata keçirir. Ona görə də, Azərbaycan dövləti hər hansı qərarı verəndə kiminsə dəstəyinə arxalanmır, ölkəmizin, xalqımızın firəvan gələcəyini düşünürür. Bu mənada şəxsən mənim üçün bir o qədər də önəmli deyil ki, hansısa dövlət və ya təşkilat bu layihəyə dəstək verir. Önəmlisi odur ki, bu qərarı verən Azərbaycan dövləti və onun başçısıdır. Bu qərar Azərbaycana, xalqımıza və onun gələcəyinə xidmət edir.

Layihə həyata keçiriləndən sonra yeni imkanlar yaranacaq. Azərbaycanın dünya iqtisadi həyatında, dünya siyasətində dəyəri artır. Azərbaycan beynəlxalq miqyasda daha da önəmli ölkə olacaq, regional səviyyədə yox, daha geniş səviyyədə dəyərləndiriləcək. Bu baxımdan, TAP layihəsini dəstəkləyənlər Azərbaycana vurğunluqlarından belə bəyanatlar vermirlər. Azərbaycan həmin ölkələr üçün önəmli dövlətdir. Yəni onlar Azərbaycanın önəmini nəzərə alaraq belə bəyanatlar verirlər.

– Bəs yaxın perspektivdə bu layihəyə Mərkəzi Asiya dövlətlərinin qoşulması nə dərəcə real ola bilər?

– Yadınızdadırsa, Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinə dair qərar veriləndə hər tərəfdən deyirdilər ki, bu kəmərə ehtiyac yoxdur, kəməri neftlə doldurmaq olmayacaq və s. Amma bu gün kəmər yüksək səviyyədə fəaliyyət göstərir və başqa dövlətlərin də nefti bu kəmərlə dünya bazarlarına çıxarılır.

Təhlükəsiz, səmərəli yol açılandan sonra təbii ki, bu yoldan hamı istifadə etmək istəyəcək. Bu layihə uğurla inkişaf edəndən sonra əlbəttə ki, genişlənəcək, kəmərlərin keçiriciliyi artırılacaq. Dediyim kimi, bu kəmər təhlükəsiz, səmərəli və mənfəətli olacaqsa, həmin ölkələr də ona qoşula bilər. Yəqin ki, belə də olacaq.

– Bundan sonra da ölkəmiz tərəfindən neft və qazın ixracatı ilə bağlı yeni istiqamətlər və bazarlar açıla bilərmi?

– Vaxtilə arzu edirdik ki, bir kəmər olsaydı, neftimizi dünya bazarına ixrac edərdik. Amma bir gün Azərbaycan prezidenti bəyan edəndə ki, Azərbaycanın 7 istiqamətdə neft və qazını ixrac etməyə imkanı var, hamımız bundan qürur duyduq.

Vaxtilə bir kəmər arzusunda olan ölkə qısa zamanda bu qədər kəmər ilə özünün neft və qazını ixrac edir. Bu da Heydər Əliyevin neft starategiyasının dahiliyindən irəli gəlir. Bütün bunlar isə siyasətdə də, iqtisadiyyatda da bizim sözümüzün dəyərini artırır. Azərbaycan tək bir bazardan asılı deyil. Diversifikasiyanın həm iqtisadi, həm siyasi əhəmiyyəti var, həm də müstəqil qərar vermək baxımından çox önəmli məsələdir. Yəni burada kimdənsə asılı olmuruq, bütün məsələlərdə qərar verən Azərbaycandır. Məhz buna görə də, indi bir sıra dövlətlər TAP layihəsini alqışlayır. Əsas məsələ odur ki, kəmərlər iqtisadi cəhətdən səmərəli olsun. Bu baxımdan, gələcəkdə də yeni kəmərlərlə bağlı qərarlar verilə bilər.

– Valeh müəllim, Azərbaycan Ermənistanı işğalçı siyasətini davam etdirdiyi üçün bu nəhəng layihələrdən kənarda qoyur. Bu dövlət layihələrdən kənarda qalmaqla nələri itirir?

– Ermənistanın rəhbərliyi erməni xalqının taleyini düşünsəydi, Azərbaycanla dostluq əlaqələrinə üstünlük verməli idi. Çünki Azərbaycanla dostluq əlaqələri qurulsaydı və Ermənistan bu layihələrdə iştirak etsəydi, bundan bəhrələnə bilərdi. Bununla da, sosial-iqtisadi cəhətdən Ermənistan inkişaf edərdi. İnsanlar üçün önəmli məqam ilk növbədə sosial rifahdır, yüksək həyat şəraitidir. Əgər bu şərait yoxdursa, boş-boş sözlərlə insanları doyurmaq, çörək vermək olmaz. Ermənistanda isə vəziyyət hazırda bu cürdür.

Ermənistan dövləti əgər işğalçılıq siyasətinə son qoysa, Azərbaycan torpaqlarını azad etsə və bir milyondan çox azərbaycanlı öz yurdlarına qayıtsa vəziyyət başqa cür olacaq. Yəni, bundan sonra Ermənistan enerji və başqa layihələrdə iştirak edə bilər. Nə qədər gülünc olsa da, bu gün işğalçı dövlət münaqişənin həll edilməməsinə görə Azərbaycanı ittiham edir. Ermənistanın rəhbər şəxsləri ölkəmizi güc tətbiq etmək cəhdlərində, qarşılıqlı etimadın yaradılmamasında və s. ittiham etməyə çalışır. Sual olunur: hərbi gücü hansı tərəf- Azərbaycan, yoxsa Ermənistan tətbiq edib? Bütün dünyaya məlumdur ki, Ermənistan Azərbaycan torpaqlarını hərbi yolla işğal edib, 20 faiz torpağımızda bütün nə varsa dağıdılıb, insanlar öz torpaqlarından didərgin düşüb. Bu gün həmin ərazilərdə erməni hərbi qüvvələri mövcuddur. Azərbaycan da məhz bu güc tətbiqinin aradan qaldırılmasını, işğala son qoyulmasını istəyir.

Bu başqa məsələdir ki, Ermənistan tərəfi indiyə qədər mövcud olan işğalçılıq siyasətini arxa plana keçirib, olanları unutdurub, bundan sonra sülh danışıqları adı altında sonsuza qədər problemin uzanmasına çalışır. Əlbəttə ki, bu hərəkətləri ilə onlar heç kimi aldada bilməzlər. Münaqişənin həllinin sadə formulu var: Azərbaycan torpaqları işğaldan azad olunmalı, insanlar öz torpaqlarına qayıtmalıdır. Erməni tərəfi isə bu faktorları kənara qoyub, kiçik detallar ətrafında müzakirələr açmaqla heç nəyə nail ola bilməyəcək. Ermənistan işğalçılıq siyasətinə son qoyduqdan sonra Azərbaycanla əməkdaşlıq və enerji, nəqliyyat, eləcə də digər layihələrdə iştirak edə bilər. Əgər bu reallığı anlasalar, erməni xalqı ağır sosial-iqtisadi böhrandan xilas olacaq.

VAHAB

 





10.07.2013    çap et  çap et