525.Az

Jurnalist Ülviyyə Həsənqızına dəstək aksiyası keçirildi


 

Jurnalist Ülviyyə Həsənqızına dəstək aksiyası keçirildi <b style="color:red"></b>

Onkoloji xəstəlikdən əziyyət çəkən jurnalist Ülviyyə Həsənqızına dəstək məqsədilə mətbuat nümayəndələrinin iştirakı ilə xeyriyyə aksiyası keçirilib.

Tanınmış aparıcı, Əməkdar jurnalist Mətanət Ağamirlinin təşəbbüsü ilə baş tutan tədbirin təşkilatçıları, tanınmış jurnalist, teleaparıcı Fəxriyyə Lilpar və Mətanət Ağamirli olub. Xeyriyyə aksiyasına Teleqraf.com media qrupunun rəhbəri Aynur Camalqızı, Asiya Fakt İnformasiya Agentliyinin redaktoru Vüsalə Qələndərli, "Mədəniyyət.az" jurnalının baş redaktoru Zöhrə Əliyeva, "525-ci qəzet"in əməkdaşı Şahanə Müşfiq, Jalə Mütəllimova, Nigar Isfəndiyar, Aygün Muradxanlı, "Sport time" jurnalının baş redaktoru Jalə Rzabəyli, Ülviyyə Heydərova və bir çox jurnalistlər qatılıblar.

İctimai-siyasi sferada tanınmış simalar, millət vəkilləri Sona Əliyeva, Qənirə Paşayeva, "Qadın Sahibkarlar" Assosiasiyasının rəhbəri Səkinə Babayeva, Etika Akademiyasının rəhbəri Günel İbrahim, tanınmış ziyalı xanım Zərifə Əliyeva, Səbail rayon İcra başçısının müavini Xalidə Babayeva, Musiqili Komediya teatrının direktoru Əliqismət Lalayev, cərrah, professor Vaqif Qələndərli və digər sahibkarlar, ziyalı alimlər, bir sıra qeyri hökumət təşkilatlarının nümayəndələri jurnalistə maddi və mənəvi dəstək üçün aksiyada iştirak ediblər.

Mətanət Ağamirli çıxışında bildirib ki, xalqımızın humanistlik ənənələri milli-mənəvi dəyərləri dövlətimizin siyasətinə transfer edib. Birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdiyi xeyriyyətçilik addımları buna bariz nümunədir. "Əgər dövlətimiz xalqın, millətin milli mənəvi dəyərlərini davam etdirirsə, ən yüksək səviyyədə humanistlik prinsipləri qorunursa biz niyə bu yardımsevərlikdən humansitlikdən uzaq olmalıyıq" - deyə Mətanət Ağamirli bildirib.

Hər zaman Ülviyyə Həsənqızı da daxil olmaqla ehtiyacı olan insanların maddi-mənəvi yanında olduğunu deyən millət vəkili Sona Əliyeva ona tez bir zamanda sağlamlığını bərpa etməyi diləyib.

Bir insanın xilas edilməsinin dünyanın xilas edilməsi olduğunu bildirərək, bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğulayan millət vəkili Qənirə Paşayeva tezliklə Ülviyyə Həsənqızının sağlamlığına qovuşacağına inandığını söyləyib.

"Hər birimiz Allahın verdiyi ömür payını yaşayırıq.  Təəssüf ki, bəzən həyatımızda arzu etmədiyimiz səhnələri də yaşamalı oluruq" - deyə tədbirin aparıcısı Fəxriyyə Lilpar müqəddəs Ramazan ayında maddi və mənəvi dəstək göstərmək  üçün gələn hər kəsə təşəkkürünü bildirib.

Tədbir musiqi nömrələri ilə davam edib.  Xalq artisti Aftandil İsrafilov, istedadlı ifaçı Elvin Fəridli,  Əməkdar artistlər İlqar Muradov, Almaz Ələsgərli, faytonçu Nazim öz gözəl ifaları ilə tədbirə rəng qatıblar.

Sonda ona göstərilən diqqətə görə Ülviyyə Həsənqızı gələn qonaqlara və tədbirin təşəbbüskarlarına öz minnətdarlığını bildirib.

MEHRİ

 





22.05.2018    çap et  çap et