525.Az

Böyük sənətə verilən daha bir layiqli qiymət


 

Böyük sənətə verilən daha bir layiqli qiymət<b style="color:red"></b>

GÖRKƏMLİ AKTYOR ƏLƏDDİN ABBASOV MİLLİ KİNO MÜKAFATI İLƏ TƏLTİF OLUNUB 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə Heyəti 2 Avqust – Milli Kino Günü ilə bağlı iclas keçirib. İclasda Kino Günü ilə bağlı gedən hazırlıq işləri müzakirə olunub. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı milli kino sənətimizin inkişafındakı xidmətlərinə görə Xalq artisti Ələddin Abbasovun Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən təsis edilmiş Milli Kino Mükafatı ilə təltif edilməsi və mükafatın aktyora Milli Kino Günündə təqdim edilməsi barədə qərar qəbul edib. Bu mükafat 2012-ci ildə təsis olunub. İlk laureat mərhum sənətkar, Xalq artisti Yaşar Nuri seçilib.

Ələddin Abbasov 1922-ci ildə Gəncə şəhərində dünyaya gəlib. O, hələ gənc yaşlarından kino sənətinə böyük maraq göstərib. Ələddin Abbasov 15 yaşında Gəncə Dövlət Dram Teatrının nəzdində fəaliyyət göstərən aktyor studiyasına gəlir. Bir müddət köməkçi heyətdə çalışır, daha sonra isə onu aktyor qrupuna daxil edirlər. Teatr yaradıcılığı boyu ən çox Cəfər Cabbarlının əsərlərinin baş qəhrəmanlarını oynayıb. Övladlarına Oqtay və Aydın adını verməsi onun Cəfər Cabbarlıya olan sevgisinin ən gözəl nümunəsidir. Aktyorun ilk addımları da Cəfər Cabbarlı ilə bağlıdır. İlk dəfə Gəncə Teatrında Cəfər Cabbarlının “1905-ci ildə” pyesində erməni Haykaz Ağamyan obrazını canlandırıb. O, bu rolun kefli olduğu epizodu elə canlandırıb ki, tamaşaçılar sırasında əyləşən, Haykaz Ağamyan rolunun mahir ifaçılarında biri olan aktyor Miribrahim Həmzəyev teatrın direktoruna aktyorun səhnəyə sərxoş vəziyyətdə çıxması ilə bağlı şikayət edib. Daha sonra Ələddin Abbasovun həmin gün qətiyyən içki içmədiyini bildikdə onu qucaqlayıb öpüb.

O, həm drammatik, həm də komik rollar ifa edib, yüzdən çox müxtəlif obrazları canlandırıb. Aktyorluq təhsili olmasa belə, Ələddin Abbasov  özünəməxsus səs tembiri, cazibəli səhnə görünüşü ilə tamaşaçıların qəlbində dərin iz buraxıb. Ömrünü teatra bağlayan aktyor 85 yaşında İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” tamaşasında Böyük bəy obrazına görə “Qızıl dərviş ” mükafatına layiq görülüb. 1958-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1971-ci ildə isə Xalq artisti fəxri adları ilə təltif olunub, prezident təqaüdçüsüdür.

Ələddin Abbasov “Mən ki gözəl deyildim” filmində İmran, “Qatır Məmməd”də Göyüş, “Od içində” Mirzə, “Gözlə məni”də Həsənəli, “Nizami”də Xaqani, “Qətl günü”ndə Zülfüqar, “Qisas”da Xaliq, “Məkanın melodiyası”nda Murad və digər filmlərdə müxtəlif rolları uğurla ifa edib.

Çəkildiyi bütün filmlərdə bir-birindən orijinal obrazlar yaradan aktyor tamaşaçıların yaddaşında daha çox “Dəli Kür” filmindəki Cahandar ağa obrazı ilə yadda qalıb.

Rejissor Məhəmməd Nərimanoğlunun fikrincə, Ələddin Abbasovun tərcümeyi-halı onun yaratdığı obrazlarınkı ilə mənəvi baxımdan eyniyyət təşkil edir: “Özfəaliyyətdən peşəkar sənətkarlıq zirvəsinə qədər keçdiyi yol o qədər uzun və çətin, əzablı və dolama olub ki, onu yığcam halda çatdırmaq asan deyil. Obrazdan-obraza dəyişmək sənətkardan təkcə nəzəri bilik deyil, fitri istedad və qabiliyyət də tələb edir. Bunu bacaran aktyorlar lirik-psixoloji tamaşalarda məhəbbət qəhrəmanlarını necə yaradıblarsa, satira, gülüş doğuran tipləri də eyni dərəcədə sevib, ona qarşı “nifrət oyadıblar”. Ələddin Abbasov təkcə səhnədə deyil, həyatda da Cahandar ağa kimi tanındı və sevildi. Sənət uğurlarına görə Ələddin Abbasovu xoşbəxt insanlardan saymaq olar”.

Yaradıcılığına verilən növbəti layiqli qiymət münasibətilə görkəmli sənətkarımızı ürəkdən təbrik edir, ona cansağlığı arzulayırıq.

Ramil ƏHMƏD

 





10.07.2013    çap et  çap et