525.Az

Ajda Pekkan Türkiyə mətbuatında “Bambaşqa Bakı”dan bəhs edib


 

Ajda Pekkan Türkiyə mətbuatında “Bambaşqa Bakı”dan bəhs edib <b style="color:red"></b>

Bu yaxınlarda Azərbaycanda olan məşhur türk müğənnisi Ajda Pekkan səfər təəssüratlarını Türkiyənin “Hürriyyət” qəzeti ilə bölüşüb. Məşhur müğənni “Bambaşqa Bakı” adlı yazıda sonuncu dəfə Bakıya doqquz il əvvəl konsert vermək üçün gəldiyini, bu dəfə tamamilə başqa bir Azərbaycan gördüyünü bildirib: “Məni Azərbaycana Türkiyədə incəsənət və mədəniyyətə verdiyim töhfələrə görə mükafatlandırmaq üçün dəvət etmişdilər. Şəhərdəki dəyişikliklərə inana bilmədim. Bakı müasir Avropa şəhərlərinə bənzəyəcək dərəcədə dəyişib. Mehmanxanaları, yamyaşıl parkları, gecələri gündüzündən fərqlənməyən işıqlı meydanları, ən dəbdəbəli mağazaları gördükdə Bakıya heyran qaldım. Azərbaycanın sadəcə görünüşü deyil, insanları da çox dəyişib. Hər kəs bir-birinə hörmət edir. Bakının küçələri isə təmizdir.

Səfər çərçivəsində Qafqaz Universitetini və “Çağ Öyrətim” İşlətmələri Şirkətini ziyarət etdim. Burada gənclərin imkanlarının şahidi oldum. Bizim dövrümüzdə qara, indi isə ağ lövhələrin yerinə kompüterlər vardır. Bu universitetin məzunu olan gənclərin gözlərindəki parıltı gələcəkdə onların dünyada sülhə töhfələrindən xəbər verirdi. O gələcəyin çox parlaq olacağını qeyd etməliyəm.

 Universitetin mənə hədiyyə etdiyi plaketdə ulu öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin müdrik kəlamları yazılmışdı. Qardaş xalqlarımızın birliyi ilə bağlı böyük öndər Atatürk “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev isə “Biz bir millət, iki dövlətik” demişlər. Bu qədər təəssüratlandığım Azərbaycan üçün mən də rahat şəkildə “ikinci vətənim” deyə bilərəm.

Bakıdakı türk şəhidliyini də ziyarət etmək imkanım oldu. O qədər təmiz və hər şey qaydasında idi ki, bir türk olaraq qürur hissi keçirdim və buna görə Azərbaycan rəsmilərinə öz minnətdarlığımı çatdırıram”.

Bakıdakı Fəxri Xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və onun həyat yoldaşı Zərifə Əliyevanın məzarlarını ziyarət etdiyini diqqətə çatdıran xanım müğənni burada yalnız dövlət rəsmilərinin deyil, sənətkarların da məzarlarına eyni qayğının göstərildiyinin vurğulayıb. Milli Məclisin deputatı Qənirə Paşayeva ilə də yaxın dostluq münasibətlərinin yarandığını qeyd edən Ajda Pekkan qonaqpərvərliyinə görə ona bir daha təşəkkür edib.

Bakıda “Eurovision-2012” mahnı müsabiqəsinin keçirildiyi “Baku Crystal Hall”u gəzmək imkanı əldə etdiyini deyən məşhur sənətkar bəstəkar Aygün Səmədzadə və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ilə tanışlıq imkanından məmnunluğunu dilə gətirib: “Bakının bir çox məkanları kimi, “Baku Crystal Hall” da məftunedicidir. Binanın qarşısındakı Dövlət Bayrağı Meydanındakı bayraq dirəyi isə xüsusiyyətlərinə görə “Ginnesin rekordlar kitabı”na daxil edilib.  Payızda böyük bir konsert proqramı ilə çıxış etmək üçün məni yenidən Bakıya dəvət etdilər. Hələlik tam tarixini bilmirəm, amma onu bilirəm ki, Bakıya tez-tez səfər edəcəyəm”.

S.ABDULLAYEVA

 





10.07.2013    çap et  çap et